“Azərişıq” Mingəçevirə mediatur təşkil etdi - FOTOLAR
Bizi izləyin

Xüsusi

“Azərişıq” Mingəçevirə mediatur təşkil etdi - FOTOLAR

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) bir qrup media nümayəndələrinin Mingəçevir, Gəncə, Goranboy, Göygöl rayonları istiqamətinə mediaturunu təşkil edib.

Publika.az-ın əməkdaşının da iştirak etdiyi və 27-29 iyul tarixlərini əhatə edən mediaturun ilk dayancağı Mingəçevir şəhəri olub. Jurnalistlər burada yerləşən yarımstansiyalarla tanış olub. Stansiyaların işləmə prinsipləri və digər məsələlər haqqında jurnalistlərə bildirilib ki, Mingeçevir su anbarında 11 milyard kub metrə yaxın su var:

“Uzunluğu 75 kilometr, ən ensiz hissəsi isə 6-14 kilometr, dərinliyi 25-40 metr arası dəyişir. Bu su anbarı 75 metr hündürdə yerlşdiyi üçün heç bir təhlükəsi yoxdur. Bəndlərin əhatəsində SES tikilib. Burada mexaniki enerji elektrik enerjisinə çevrilir. Zaqafqaziyada ən böyük İES də burada yeləşir. Ümumiyyətlə, ölkə üzrə istehsal edilən enerjinin 65 faizini Mingəçevir ödəyir və 11 rayonu əhatə edir”.

Daha sonra jurnalistlər Goranboy rayonunda yeləşən 110/35/10 kilovoltluq "Dəliməmmədli" yarımstansiyasında olublar. Yarımsatnasiya haqqında jurnalistlərə məlumat verilən zaman bildirilib ki, burada əsaslı şəkildə yenidənqurma işləri aparılaraq genişləndirilib, rayonun keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə tam təchizatı üçün hər bir şərait yaradılıb. "Dəliməmmədli" yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, eyni zamanda 35 kilovoltluq “Azad” hava xətti üzərində olan 35/10 kilovoltluq Azad və 35/10 kilovoltluq "Alıuşağı" yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiyadakı 110 kilovoltluq açıq paylayıcı qurğu müasir tipli 7 eleqaz açarla təchiz edilib. Bununla yanaşı, yarımstansiyada 8 çıxış fideri olan 35 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu, 33 çıxış fideri olan 4 giriş, 2 bölmədən ibarət 10 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu quraşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatıka sistemləri ilə təchiz edilib və SCADA dispetçer sisteminə qoşulub. "Dəliməmmədli" yarımstansiyasında qısa qapanmaları məhdudlaşdırmaq üçün hər iki 40 MVA transformatorun 10 kilovoltluq tərəfində hər biri 2500 amperlik 6 reaktor qurğusu əlavə olunub. Yarımstansiya 110 kilovoltluq ikidövrəli “Gəncə-1” və 110 kilovoltluq “Gəncə-2” hava xətlərindən ikidövrəli budaqlanma yolu ilə qidalanaraq 35 kilovoltluq 2 hava xəttini enerji ilə təmin edir. Bundan başqa, 35 kilovoltluq “Kürəkçay” və “Azad”, 10 kilovoltluq “Ağamalıoğlu”, “Nizami”, “Fəxralı”, “Göynüyən”, “Ferma”, “Səmədabad”, “Xoylu”, “Baxçakürd”, “Pambıq zavod”, “IV Subartezian” və “Qazaxlar” hava xətləri də məhz "Dəliməmmədli" yarımstansiyasından çıxır. Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə 8 min abonentin elektrik enerjisi təchizatı təmin olunur.

Bundan başqa, yarımstansiyalarda transformatorlarda yarana biləcək hər hansı səbəbdən açılmaların qarşısını alan qurğular yerləşdirilib.

Jurnalistlərin növbəti dayanacağı isə Gəncə istiqamətində olub. Gəncədə yerləşən ümumi sahəsi 1700 kvadratmetr 35/6 kV-luq "Nizami" yarımstansiyasının fəaliyyəti ilə tanış olan jurnalistlərə Almaniya istehsalı olan qurğular haqqında məlumat verilib. Bildirilib ki, ərazini dayanıqlı elektrik təchizatı ilə təmin etmək üçün yarımstansiyada 35/6 kilovoltluq 10 MVA gücündə iki transformator və 35/6 kilovoltluq Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb. Bir sıra başqa elektrik avadanlıqları, elektron tipli mühafizə cihazları və avtomatikası, sistemlərə nəzarət etmək üçün onlayn nəzarət kabinləri, açılma və qoşulmaların avtomatik idarəedilməsini asanlaşdıran qurğular quraşdırılıb. Məlumat verilib ki, yeni stansiya 6 mindən artıq abunəçinin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq. Bunların da 2300-dən çoxu əhali qrupuna aid abunəçilərdir.

Səfər çərçivəsində jurnalistlər həm də 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) "Yeni Gəncə" yarımstansiyasına da baş çəkib. Məlumata görə, Gəncə şəhərinin mərkəzi hissəsinin 30%-dən çoxunun elektrik enerjisi ilə təminatın 110/35/10 kV-luq "Yeni Gəncə" yarımstansiyasının payına düşür. Adıçəkilən yarımstansiyasından çıxan 10 kV-luq “Yeni Gəncə” və 10 kV-luq IV “Yeni-Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur.

Qərb RETSİ-nin Göygöl Elektrik Şəbəkəsinin rəisi Samir Rəsulzadə və Göygöl Elektrik Şəbəkəsinin Balans şöbəsinin rəisi Ramin Əfəndiyev jurnalistləri qarşılayaraq, stansiyaların son vəziyyəti, əhaliyə dayanıqlı elektrik enerjisinin verilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, qurğuların təhlükəsizliyi və istifadəsi haqqında maarifləndirici işlərin görülməsi nəticəsində, şəbəkələrin fəaliyyətində problem yaşanmır.

Mediatur şərçivəsində jurnalistlərin istirahəti üçün də zaman ayrılıb. Belə ki, səfər çərçivəsində Göygöl Milli Parkına gedən media mənsubları üçün nəzarət-keçid məntəqəsində xoşagəlməz hallarla rastlaşsalar da, Milli Parka ilk dəfə gələnlər üçün maraqlı istirahət olub. Səfərin son günü Çaykənd ərazisində maraqlı vaxt keçirən jurnalistlər onlara göstərilən xüsusi diqqətə görə "Azərişıq" ASC-nin rəhbərliyinə təşəkkür ediblər.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev jurnalistlərlə birlikdə istirahət edib və daha sonra mediator haqqında ümumi açıqlama verib. O bildirib ki, bu kimi mediaturların məqsədi jurnalistləri, eləcə də onların vasitəsilə ictimaiyyəti “Azərişıq”ın fəaliyyəti ilə tanış etməkdir:

“Bizim məqsədimiz “Azərişıq” ASC-nin regionlarda aparıdığı yenidənqurma işləri ilə sizləri tanış etməkdir. Bizim mediaturlarımız mütəmadi olaraq davam edəcək".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm