Xüsusi
“Uçurum” serialının Kamranı bunları İLK DƏFƏ AÇIQLADI: "Sevgini fəlsəfəyə çevirmək lazım deyil" - - FOTOLAR
Həftəiçi hər gün ARB kanalında yayımlanan “Uçurum” serialında Kamran obrazını canlandıran məşhur və istedadlı aktyor Murad İsmayıl Publika.az-a müsahibə verib.
“Yaşıdlarımdan fərqlənirdim”
- Sizi teatr və ya kinoya gətirən təsadüf idi, ya zərurət? İlk dəfə istedadınızı nə zaman kəşf etmisiniz və niyə aktyor olmağa qərar verdiniz?
- Rus bölməsində oxumuşam. Məktəbdə dördüncü sinfi başa vuran şagirdlər üçün son zəng tədbirləri təşkil olunurdu, konsert şəklində tamaşalar və kiçik səhnəciklər hazırlanırdı. Uşaq vaxtı bir neçə səhnəcikdə oynamışam, şeir söyləmişəm. Yaşım az olsa da, istər müəllimlərim, istərsə də valideynlərim fərqində idi ki, məndə aktyor istedadı var. Bu mənada yaşıdlarımdan fərqlənirdim. Lakin düşünmürdüm ki, gələcəkdə bu işlə ciddi məşğul olaram.
Əslində incəsənətə sonsuz məhəbbətim musiqi ilə başlayıb. 2005-dən 2009-cu ilə qədər sinifdə arxada oturub başımı partaya qoyub özümçün mahnı oxuyardım. Əlbəttə ki, müəllimlər bu zərərsiz şıltaqlığımı gündəlikdə 2 ilə mükafatlandırmağı unutmurdu. Beş illik musiqi məktəbini bitirmişəm. Daha sonra 9-cu sinifdən çıxıb incəsənətlə heç bir əlaqəsi olmayan dənizçilik ixtisası üzrə təhsil almışam. Oranı bitirdikdən sonra Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru ixtisasına daxil olmuşam. O ixtisası seçmişdim ki, həm teatr, həm də vokalla məşğul ola bilim. Opera və Balet Teatrının solisti Əli Əhməd İbrahimov səsim üzərində çox çalışıb.
- Sənətdəki ilk addımlarınızdan bəhs edə bilərsiniz?
- Tələbəlik illərində Akademik Milli Dram Teatrının studiyasının üzvü olmuşam. Orada iki il Əməkdar artist Vidadi Həsənov, Xalq artistlər Pərviz Məmmədrzayevin və Məmmədsəfa Qasımovdan dərs almışam. Daha sonra Xalq artisti Bəsti Cəfərovanın “Nağıllar aləminə səyahət” adlı ilk uşaq tamaşasında oynamışam. Ərşad Ələkbərovun rejissorluğu ilə Fuad Poladov, Mehriban Zəki, Sabir Məmmədov kimi sənətkarlarla “Müsyo İbrahim və Quran Çiçəyi” tamaşasında rol almışam. Həmin tamaşada oynamaq mənim üçün bir şans idi. Yeri gəlmişkən, bu roluma görə Gənclər və İdman Nazirliyi tərəfindən 2015-ci ilin ən yaxşı gənc aktyoru mükafatına layiq görülmüşəm. Daha sonra üç il “Vicdan haqqı” serialına çəkildim, hazırda isə “Uçurum” serialında Kamran obrazını canlandırıram. Eyni zamanda, Rus Dram Teatrında çalışıram.
“Bir milyondan çox izlənilib”
- “Uçurum” serialı haqqında danışaq. Sizcə, “Vicdan haqqı”nın reytinqlərini üstələyə biləcəksiniz?
- Hələ təzə başlamışıq. Reytinqi üstələmək barədə bir söz deyə bilmərəm. Çünki “Vicdan haqqı” yutubda artıq bir milyondan çox izlənilib. Düşünürəm ki, “Uçurum” ən çox izlənən seriallardan biri olacaq.
- Serialın baxımlı olmasına təsir edən amillər hansılardır: ssenari, aktyor seçimi və ya aktyor oyunu?
- Ən əsası ssenaridir, rejissor və aktyorlar sonra gəlir. Ssenari yaxşı olmalı, aktyor yaxşı seçilməli, rejissor öz işinin ustası olmalıdır ki, tamaşaçı baxıb zövq alsın. Düşünürəm ki, bizdə hər şey öz yerindədir.
- Murad bəy, özünüzü nə zamansa vahiməli uçurum kənarında hiss etdiyiniz anlar olub və oradan necə geri dönmüsünüz?
- Heç vaxt olmayıb.
- Xoşbəxt insansınız ki, həyat üzünüzə hər zaman gülüb...
- Mən şanslı adlandırardım. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün çox çalışan iddialı gəncəm. Bəlkə də Azərbaycanda 20 yaşında “İlin ən yaxşı gənc aktyoru” seçilən ilk mən olmuşam.
Akademik Milli Dram Teatrında Fuad Poladovla eyni tamaşada neçə il çiyin-çiyinə baş rolu ifa etmək və rejissor Ərşad Ələkbərovla çalışmaq kimi qazanca sahib olmuşam. Sıfırdan başlayaraq yuxarı qalxdım və Fuad bəylə baş rolda oynadım.
“Vicdan haqqı” serialının sevilməsi, Rövşən İsaxla çalışmaq imkanı uğurlu insan olduğumu göstərir. Nə qədər istedadlı aktyor olsam da, peşəkar rejissorun əlinə düşməsəydim, indi məndən müsahibə almazdınız.
“İçimdəki qığılcımı görə bilirdi”
- Fuad Poladovun aktyorluğuna, ustalığına, yoxsa sarsılmaz xarakterinə və şəxsiyyətinə pərəstiş edirdiniz?
- Fərqi yoxdur ki, müğənni, aktyor və digər peşə sahibisən, əgər bu sənətdə öz sözünü yaxşı mənada deyirsənsə, gərək həyatda da insan olasan. Əfsuslar olsun ki, nəinki yaşıdlarımızın, böyüklərin də sevgi, hörmət, diqqət və dəstəyinə həsrət qalmışıq... Yaradıcı insanlar bəzən lazım olduğundan artıq paxıl və eqoist davranır. Fürsət güdürlər ki, təki pislik etsinlər.
F.Poladovu Azərbaycan xalqının gözündə uca edən böyük şəxsiyyət olması idi. O, həm zəhmli idi, həm də ustad idi. Bir sözü bir dəfə deyərdi, eşitməsəniz, təkrar etməzdi. Sizi yox sayardı, silərdi və bunu çox gözəl bacarardı. O, içimdəki qığılcımı görə bilirdi, yol göstərirdi, özümə qarşı ancaq dərin sevgi görmüşəm. Onun izi ilə gedərək bacardığım qədər hər kəsə dəstək olmağa çalışıram. İnsanı həyata bağlayan onun nümunəvi əməlləri və gözəl cəhətləridir...
- Özünüzü aktyor kimi təsdiq etmisiniz, yoxsa qət etməli yolunuz hələ çoxdur?
- Bu, tamaşaçının müəyyənləşdirə biləcəyi sualdır. Hər halda olduğum yerdən razıyam, sözsüz ki, qarşıda daha böyük işlər gözləyir. Arzu edirəm ki, Fuad Poladov səviyyəsinə yüksələ bilim.
“Azərbaycan tamaşaçısı hər adamı sevib qəbul edə bilmir”
- Məşhurluğun dadını ilk dəfə nə zaman hiss etmisiniz? O, deyildiyi kimi şirindir, yoxsa acı tərəfləri də var?
- Bir dəfə metroya minəndə anladım ki, artıq tanınıram, insanlar yaxınlaşıb salam verirdi. Kim deyirsə, populyarlıq ona mane olur, səmimiliyinə inanmayın. Düzdür, bəzən maneçilik yaradır, lakin bu, dözülməz dərəcədə deyil, əksinə xoş narahatçılıqdır. Adi bir fəhlənin gəlib səni qucaqlamaq istəməsi, şəkil çəkdirməsi, bir-iki cümlə xoş söz deməsi ovqatı xoş edir. Sənətinlə fəxr edirsən ki, boşuna yaşayıb-yaratmırsan. Burada gileylənməli nə var ki? Azərbaycan tamaşaçısı hər adamı sevib qəbul edə bilmir. Bilirik ki, xalqımız aktyora yaxınlaşıb söz deməyə ehtiyat edir. Tanısalar da, özlərini tanımazlığa qoyurlar, eqosu yüksək millətik. Tamaşaçı bəzən sərt sözləriylə aktyoru həvəsdən sala və ya sındıra bilir. Şükür ki, camaat Murad İsmayılı qəbul edib: özümü də, sənətimi də sevirlər. Heç kəs demir ki, səni yaraşıqlı aktyor kimi bəyənirəm. Görəndə deyirlər ki, “Çox təsirli oynayırsınız”. Məsələn, Fuad Poladov heç vaxt razı olmazdı ki, təkcə fakturası olan aktyorla baş rolda oynasın. Əgər bəyənməsəydi, ümumiyyətlə, o aktyorla oynamaqdan imtina edərdi.
- Hər sözünüzdən Fuad bəy üçün darıxdığınız hiss olunur.
- Darıxıram, çox... “Hansı rolu canlandırmaq istərdiniz?” soruşsanız, keçmişə qayıdıb Fuad bəylə “Müsyo İbrahim və Quran çiçəyi”ni yenidən oynamağı seçərdim. Rövşən İsax da hər adamı seriala çəkmir. Odur ki, onun layihələri baxımlı alınır. Deyəsən, çox özümü təriflədim.
- Mümkündür (gülürük).
- Fuad bəy, sənət fədaisi idi, özünü bu yolda qurban verdiyini deyə bilərik. Bəs siz bütün həyatınızı karyera arxasınca qaçaraq xərcləməyə, sənət yolunda qurban verməyə razısınız? Və bu, sizi xoşbəxt edəcək?
- Özümü başqa sahədə təsəvvür edə bilmirəm. Türkiyədə müğənnilər də pul naminə sənətin atıb filmlərdə çəkilir. Bəllidir ki, bizdə aktyorlar böyük pullar qazanmır. Əgər bu gün Azərbaycanda hər hansı şəxs bu sənəti seçirsə, deməli, sənətinin vurğunudur. Sənət eşqi olmasa, heç bir qüvvə məcbur edə bilməz ki, aktyor olasan.
- Dəyər?
- Bu cavabları kimlərsə oxuyursa, dəyər. Demək ki, kimlərəsə maraqlıyıq.
- Həyatdakı nişanlınız Ülviyyə Xəlilbəyli ilə “Uçurum”da tərəf müqabilisiniz. Üstün tərəfləri var?
- Pas...
“Bir-birimizə sevgi dolu baxdığımız səhnə olmayıb”
- Bilirəm ki, şəxsi məsələlərin müzakirə olunmasına qarşısınız. Əslində sual seriala, birbaşa yaradıcı prosesə aiddir. Niyə yayındınız?
- Bəli, danışmağı sevmirəm. Amma bu sualı cavabsız qoymayacam. Üstün tərəfi odur ki, Ülviyyə ilə uzun müddətdir tanışıq, bir-birimizə yaxşı bələdik. “Vicdan haqqı”nda Ülviyyə ilə bacı-qardaşı oynayırdıq, bir-birimizə sevgi dolu baxdığımız səhnə olmayıb. Ülviyyə bu serialda özünü daha yaxşı ifadə edir, sevgi səhnələrini daha yaxşı oynayır. Hiss edirəm ki, ona rahatdır, mənə də.
- İradlar olur?
- İrad yox, təkliflər olur, ən çox da mənim. Dostuna, sevdiyinə də haqlı irad və təkliflərini demək insanlıq borcudur.
- Şairlər sevgini uçurum ətrafında gözübağlı dolaşmağa bənzədir. Sevginin tərifi sizin dilinizdə necə səslənir?
- Sevgini fəlsəfəyə çevirmək lazım deyil. Uçurum kənarı çox pafosludur. Sevməyi bacarırsansa, dünyanın ən xoşbəxt adamısan. Uçurum bilirsiniz nədir? Ömrün tükənib, kiminsə məsləhəti ilə evlənmisən, uşaqların da var, amma sən sevginin nə odluğunu bilmirsən. Əsl uçurum bax, budur. Sevən insan ayrılsa belə, şükür etməlidir ki, gerçək sevginin həzzini duyub.
“Uşaq dünyaya gəldikdən sonra sevginin həcmi, çəkisi və miqyası daha da genişlənməlidir”
- Şəxsi həyatınızın gündəmdə olması sizi niyə narahat edir?
- Şəxsi həyatı nə qədər gizli saxlasan, bir o qədər maraqlı, bir o qədər özəl və bir o qədər müqəddəs olar. Danışılası mövzu da yoxdur, artıq hamı bilir ki, biz Ülviyyə ilə nişanlıyıq. Nə romantikəm, nə çox odun... Aktyoram deyə hər şeyi açıb danışmaq məcburiyyətim yoxdur.
- Psixoloqlar deyir ki, evlilik həyatı sevgini öldürür. Siz bu barədə nə düşünürsünüz?
- Hələ evlənməmişəm. Evli insanlar bu barədə daha doğru fikir yürüdə bilər. Məncə, uşaq dünyaya gəldikdən sonra sevginin həcmi, çəkisi və miqyası daha da genişlənməlidir.
- Ailə qurduqdan sonra Ülviyyə xanımın aktyorluq fəaliyyətini davam etdirməsinə icazə verəcəksiniz?
- Bu, özəl sual oldu. Danışmaq istəmirəm.
- Serialda Kamranın anası oğlunun sevdiyi xanımla ailə qurmasına qarşı çıxır. Bu hadisə həyatda başınıza gəlsəydi, qərarınız nə olardı?
- Elə gözəl anam var ki... Bilir ki, ağıllı oğlanam, seçimimdən arxayındır. Anam sevib ailə qurub, odur ki, övladına, ümumiyyətlə, hər kəsə ailəsini sevgi üzərində qurmağı məsləhət görür. Sevgi varsa, iki insan xırda qüsurlara göz yuma biləcək, hər şeyi mübahisəyə çevirməyəcək. Sevməsəm, o adamla nəinki eyni damın altında yaşaya, hətta yol gedə bilmərəm.
Kamran əsl sevən insan kimi, nəyin bahasına olursa-olsun, sevdiyinə sahib çıxmağa çalışır. Başqa çıxış yolu qalmayıb, odur ki, sevən insan kimi hərəkət edərək sevdiyini qaçırdır.
- Çətin insansınız?
- Xarakterli insanam, açıq sözlüyəm. Yəqin ki, müsahibə boyu hiss olundu. Heç kimə belə geniş müsahibə verməmişəm.
- Səbəb?
- Səviyyəsiz suallar verirlər. Maraqlı suallar verdiyiniz üçün əlimdən gəldiyi qədər bütün səmimiyyətimlə cavab verirəm.
- Sizi uçuruma itələmək istəyən dostlarınız olub?
- Elə pis adama rast gəlməmişəm. Lakin torbamı tikmək istəyənlər çox olub.
- Rolları nəyə əsasən seçirsiniz?
- AZDRAMA-da bir yol keçmişdim, artıq baş rol verilmişdi, ondan sonra üzüyuxarı getməliydim, Amma... Mükafatı aldıqdan sonra Akademik Milli Dram Teatrında "torbamı elə tikib bükdülər ki", uzaqlaşmağa məcbur qaldım. Təəssüf ki, teatrın öz qanunları var.
Rus dram tetrında fəaliyyətə yeni başladığımı nəzərə alsaq, seçim edəcək durumda deyiləm. Teatrda nə verirlərsə, oynayıram, sıfırdan başlamışam. Lazım gəlsə, kütləvi səhnələrdə də oynayıram. “Müsyo İbrahim və Quran Çiçəyi”ndəki rolumdan sonra bu enişdir... Şadam ki, Ədalət Hacıyev, həm də baş rejissor Aleksandr Şarovski kastinq olmadan məni işə götürdü. Göstərdikləri qayğıya görə onlara minnətdaram. Teatr mövsümünün bağlanış mərasimindən sonra dəhşətli dərəcədə darıxıram, ürəyim partlayır, səhnəyə çıxmaq istəyirəm.
- Həm də mahnı oxuyursunuz.
- Nə musiqisiz, nə də teatrsız yaşaya bilirəm. Uşaqlıdan özüm üçün oxuyuram, ola bilsin ki, müğənni kimi qəbul edilməyəcəm. Buna baxmayaraq, bu, mane olmur ki, mahnı ifa edim, ən azı karaokedə özüm üçün oxumağa davam edəcəyəm.
“Bəli, bir-birimizə çox bağlıyıq”
- Sizcə, hisslərimizin ən yaxşı ifadə vasitəsi sözlərdir, ya musiqi?
- Musiqi! Musiqi birbaşa hisslərin hayqırtısıdır. O, bədənlə ruh arasındakı harmoniyanı tapmağa kömək edir. Bəzən sözlərin tərcüməsini bilməsək də, xarici mahnılara qulaq asırıq. Bu, melodiyanın gücü və cazibəsi sayəsində baş verir. Sözsüz ki, mahnı mətni ilə melodiyanın xarakteri arasında uyğunluq olmalıdır. Sözlər melodiyaya uyğun olduğu zaman əsər dinləyicini fərqli duyğular aləminə kökləyir.
Musiqinin teatr, serial və ya kinoda da effekti çoxdur. “Vicdan haqqı”nın uğur qazanmasında 20-30 faiz Vasif Adıgözəlovun yazdığı musiqilərin payı var.
- Müsahibəyə gəlməzdən əvvəl feysbuk səhifənizə nəzər saldım. Əminizlə çoxlu şəkilləriniz var. Bəlkə də ilk dəfədir ki, əmisinə bu qədər bağlı insan görürəm.
- Həyatda tanıdığım ideal insan varsa, o da əmim Zəkəriyyə İsmayılovdur. Nəslimizdə incəsənətlə məşğul olan tək adamdır. İstedadlı rəssam olması ilə bərabər, xarratdır. Taxtadan qeyri-adi, antik əşyalar düzəldir və onları satmağa əli gəlmir. 69 yaşı olsa da, aramızda yaş fərqi hiss olunmur, ən əziz dostum və sirdaşımdır. Rusiyada Soçi şəhərində yaşasa da, tez-tez Bakıya gəlir, millətini, vətənini çox sevir. Bəli, bir-birimizə çox bağlıyıq.
- Müsahibə üçün minnətdaram. Zirvəyə doğru sürətlə addımlamağı arzu edirəm.
- Təşəkkür edirəm, söhbətimiz həqiqətən səmimi və isti alındı.
Aytən,
Foto: Səfiyar Məcnun
-
Nida Xəbər 11:52
Heydər Əliyev və xanımı film təqdimatında - FOTO
-
MDB11:30
Ukrayna ŞOKDA: Görün vurulan Rusiya PUA-sında nə tapıldı - FOTO
-
MDB11:00
Deputatdan təklif: Bu uşaqların valideynləri cəzalandırılsın
-
Region10:30
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi...
-
Dünya08:55
Nəsrullah dəfn edildi: gizli yerdə...
-
İdman06:46
Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR