Xüsusi
Əvvəl maşın biznesi ilə məşğul olan azərbaycanlı məşhur: “Bir gün içində hər şeyi atdım...”
İllər əvvəl müharibə mövzusunda çəkilən "Xoca" filmindəki Yuri rolu ilə özünü aktyor kimi sübut edən, hazırda isə "Dağıntılar altında" serialında Teymur obrazı ilə tamaşaçıların məhəbbətini qazanan Azər Aydəmir Publika.az-a müsahibə verib.
Tanınmış aktyor bir vaxtlar maşın biznesi ilə məşğul olduğunu, yaxşı pullar qazandığını, lakin bütün bunların ona xoşbəxtlik gətirməməsindən danışıb.
- Azər bəy, aktyor sənətinə olan məhəbbətiniz nədən başladı?
- Gənc yaşlarında incəsənətlə heç bir doğmalığı olmayan sahə üzrə çalışırdım. Maşın, hotelçilik və restoran biznesi ilə məşğul idim. Hansı ki, o iş mənə çoxlu pul qazandırsa da, xoşbəxtlik gətirmirdi. Həyati deyimlərlə bağlı kitaba rast gəldim, müdrik insanlarla söhbət etdim və başa düşdüm ki, əsl xoşbəxtlik sevdiyin işlə məşğul olanda gəlir. Əvvəlcə tərəddüdüm var idi, “Sevdiyim iş mənə yetərli maliyyəni qazandıracaqmı” sualları məni narahat edirdi. Özünə və fikirlərinə hörmət etdiyim bir dostum izah etdi ki, ilk vaxtlarda çətinliklərin olması qaçılmazdır. Lakin sevdiyin işi ürəkdən və layiqli şəkildə yerinə yetirsən, əvvəlki işindən daha çox maliyyə əldə edəcəksən.
Növbəti mərhələdə “Hansı iş məni xoşbəxt edər?” sualına cavab axtarmağa başladım. Qərara gəldim ki, özümü aktyor kimi sınayım. Bu potensialı özümdə görürdüm, həm də incəsənətə uşaqlıqdan sevgim var idi. Bir gün içində hər şeyi atdım, ərizəmi yazıb işdən çıxdım və sözün əsl mənasında yeni bir səhifə açdım. Kastinqlərə getməyə, kliplərdə, reklamlarda, xırda rollarda və epizodlara çəkilməyə başladım. Beləliklə arzularım reallaşdı.
- Sən demə, xoşbəxtliyin resepti belə sadə imiş...
- Bəli, həyatı şüurlu seçimlərin üzərində qurmaq özü ilə birlikdə sevinc və fərəh gətirir. Təəssüf ki, çox insan qaranlıqda yaşamağı seçir.
- Ailə üvzləriniz sizi bu yoldan çəkindirmək istəmədi?
- Əksinə. Artıq kifayət qədər məşhur olanda ailə həyatı qurdum. Fikrimi 180 dərəcə dəyişmək istəyəndə istər ailəm, istərsə də həyat yoldaşım məni məndən çox dəstəkləyib ürək-dirək verir.
- Pulu xoşbəxtliyə dəyişməyə peşman deyilsiniz?
- Həyatı tam qavramadığım zamanlarda dəfələrlə peşman olmuşam. Bəzi dostlarım deyir ki, aktyorun, ümumiyyətlə, sənət adamının ona qazanc gətirən əlavə işi olmalıdır. Bu fikirlə razı deyiləm, çünki yaradıcı insanın beyni yalnız yaradıcı istiqamətə yönəlməlidir.
İndi peşman deyiləm, peşmançılıq məni yolumdan döndərməyə çalışan özünəməxsus parazitlərdir və yaxşı ki, onlara uymadım.
- Bildiyim qədəri ilə aktyorluq təhsiliniz yoxdur. Özünüzü bu yolda necə püxtələşdirdiniz? Dayağınız kim oldu?
- Karyeranın başlanğıcında dəstək əlbəttə ki, dostlardan gəldi. Məktəb illərindən bəri məni tanıyan hər üçüncü adam deyirdi ki, aktyor olmalısan. Bu işığı məndən əvvəl onlar sezmişdi. Kənar fikirlərə müəyyən mənada diqqət yetirmək və analiz etmək zəruridir, buna kainatın sənə göndərdiyi işarələr deyilir. Ətrafın dəstəyi insanı daha ruhlandırır və irəli aparır.
- Bəs, aktyor təhsilinin əskikliyini hiss edirsiniz?
- Nəzəri biliklər inkişafın ayrılmaz tərkib hissəsi və sənə bu yolda bələdçilik edən vasitədir. Bu nəzəriyyəni öz bildiyim yollarla: kitabların, məqalələrin və filmlərin sayəsində öz statusuma və öz yaşıma uyğun şəkildə mənimsəmişəm. Hələ də öyrənməyə davam edirəm. Eyni zamanda hesab edirəm ki, aktyorun istedadını və potensialını onun malik olduğu dünyagörüşü müəyyənləşdirir. Məsələn, elə aktyor ola bilər ki, universiteti bitirməsin, amma dünyagörüşü 4 rektordan, 5 dekandan artıq olsun.
- Məşhurluğun dadını hansı rolunuzdan sonra hiss etdiniz?
- Sənət camiyəsi məni “Xoca” filmindəki Yura rolu ilə tanıdı. Bu film karyeramda əvəzsiz rol oynayır. Xalq arasında serialların gücünə və hesabına tanınmağa başlamışam.
- "Dağıntılar altında" serialından danışaq. Reytinq toplaya biləcəksiniz?
- Serial İctimai televiziya çərçivəsində artıq reytinq qazanıb, kanalın ən baxımlı məhsuldur. Sosial şəbəkədə yazılan şərhlərdən hiss olunur ki, tədricən öz auditoriyasını genişləndirir və sevilməyə başlayır. Əsas odur ki, İctimai televiziya reytinqdə birinci olsun. Çünki bu, zəncirvari bir-birindən asılı olan prosesdir. Yeri gəlmişkən, kanal yeni ildən etibarən strategiyasını dəyişib, insanlara daha yaxın və ictimai olmağa başlayıb.
- Serialda Teymur müsbət qəhrəman olsa da, gizli tərəfləri olan qəhrəmandır.
- Ümumilikdə, ssenari dram-məişət mövzusundan bəhs edir, digər seriallardan bir o qədər fərqlənmir. Bəs bizi fərqli edən xüsusiyyət hansıdır? Bizi maraqlı edən cəhət rejissor heyətidir. Quruluşçu rejissor aktyor Tural Baxışdır. Aktyor rejissorluq edirsə, bu, fərqli iş olmalıdır. Mən, Tural Baxış və bir neçə sənət yoldaşım qərara gəldik ki, birləşib daha keyfiyyətli iş ortaya qoyaq. Serialın yaranmasında aktyorlarla iş üzrə rejissor Cavid Təvəkkülün də rolu az deyil.
Layihədə standart və protaqonist, el arasında yaxşı oğlan adlanan obrazdayam. Hamımız birləşib çalışırıq ki, onu digər qəhrəmanlardan fərqləndirək. Teymur haqqın-ədalətin tərəfində olan, küsülüləri barışdırmağa çalışan və ailəsini bir yerə toplayıb onları bütün problemlərdən kənarlaşdırmaq istəyən cavan atadır. Nəinki bu obrazı, bütün qəhrəmanların dialoqlarını təbiiləşdirmək və dərinləşdirmək istəyirik.
- Teymurla Azər Aydəmirin ortaq xüsusiyyətləri var?
- Ortaq heç nə yoxdur, odur ki, hərdən Teymuru və belə obrazları oynamaqda çətinlik çəkirəm. Həyatda deyib-gülən və hər cümləsində zarafat edən insanam. Teymur isə qapalı, problemlərdən çıxış yolu tapmaq istəyən təmkinli və həddən ziyadə müdrikdir. Təəssüf ki, həyatda nə müdrikəm, nə də təmkinli.
- Xarizmatik aktyorun özü haqqında bu fikirdə olması sərt səslənir.
- Bu, həyatda buraxdığım və heç cür özümü bağışlaya bilməyəcəyim səhvlərdən irəli gəlir. İtirilmiş illərə və aylara heyfim gəlir.
- Keçmişin təəssüf hissi ilə yaşamaq həm də enerjinin boşa xərclənməsidir.
- Əvvəllər belə idi. 30 yaşı haqlayandan sonra enerji mövzusu ilə dərindən maraqlanmağa başladım. Anladım ki, sən demə, həyatı sadələşdirmək mümkündür. O da həqiqətdir ki, itirilmiş illər və peşmançılıq olmasaydı, indi gəldiyiniz nəticəyə vara bilməzdiniz. Yaxşı ki, həqiqəti vaxtında görə bilmişəm, yoxsa bütüm ömrüm hədər gedərdi. Yaşlı insanın bütün ömrünü boşa xərclədiyini və ya düzgün yaşamadığını düşünməsi daha dəhşətlidir.
- Serialda söyüşlərdən istifadə edilməsinə münasibətiniz necədir?
- Azərbaycanda serial sahəsi son 10 ildə inkişaf etməyə başlayıb. Söyüş də olmasa, şivə leksikasından istifadə etmək lazımdır. Tamaşaçılar aktyorları sünilikdə qınayırdı ki, dialoqlar çox bədiidir. Odur ki, həmin tənqidlərə cavab olaraq bədiiliyi saxlamaqla real danışıq dilinə keçdik. Bu, aktyorun oyununu daha da təbii edir. Amma indi də irad bildirirlər ki, söyüş var, onu yığışdırın. Tamaşaçının 100 faiz istədiyini vermək mümkünsüzdür...
- “Dağıntılar altında” serialı ilk bölümlərdən zorlanma səhnələri ilə gündəmə gəldi. Ümumiyyətlə, son illərdə zorlanma hadisələri tez-tez qarşımıza çıxır. Sizcə, tamaşaçı üçün zorlanma səhnəsi ilə zorlanma xəbərləri arasında fərq nədir?
- Fərd olaraq istənilən növ şiddətə və zorakılığa qarşıyam. Məsələ burasındadır ki, hər ikisi tənqid edilməsinə baxmayaraq, ona maraq olduğundan və reytinq gətirdiyindən dolayı prodüserlər, kanal rəhbərləri və xəbər departamentləri bu mövzuya daha çox yer ayırır. Biz də incəsənətin sıravi fəhlələri kimi, "ağa deyir sür dərəyə" prinsipi əsasında bu səhnələrdə iştirak edirik.
Əgər zorlanma xəbəri və səhnəsi tamaşaçının xoşuna gəlmirsə, ona baxmasın və oxumasın. Nəticə etibarı ilə reytinq aşağı düşəcək və biz də başa düşəcəyik ki, tamaşaçı üçün dünyəvi və günəşli məlumatlar və ekran işləri daha qiymətlidir.
- Layihənin altında yatan sosial mesajlar haqqında nə deyə bilərsiniz?
- Hər serial və ya ekran işinin başlıca mesajı odan ibarətdir ki, mənfi qəhrəmanlar kimi olmayın. “Dağıntılar altında” təsvir edilən narkoman obrazından dolayı çox tənqid edilir və onu təbliğ etməkdə ittiham olunuruq. Əgər narkomaniyanın təbliği ilə məşğul olsaydıq, onun müəyyən dozadan sonra yaşadığı emosiyaları təqdim edərdik, bütün sirləri açıb ortaya qoyardıq. Halbuki, biz zərərli vərdişlərin insanı uçuruma sürükləməsindən danışırıq. Göstərməyə çalışırıq ki, belə etsəniz, həyatınız belə olacaq.
- Tamaşaçı ekranda öz qüsurlarını görməyə hazırdır?
- Maraqlısı odur ki, hazır deyil. İzləyərkən mənfi qəhrəmanın əməllərini pisləyirlər, amma serial bitən kimi yenə əvvəlki həyatlarına qayıdırlar, pislik etməyə tələsirlər. Bəzən real qəhrəmanlar mənfi obrazlardan daha dözülməzdir.
- Sizcə, serialların əsas funksiyası nədir? Onlar tamaşaçını əyləndirməyə istiqamətləndirilməli, düşündürməli, ya müəyyən mesajlar ötürməlidir?
- Amerikada əzəldən bəri janrından asılı olmayaraq seriala TV şou deyirlər. Bəlkə də ən doğrusunu onlar edir. Tamaşaçı seriala baxdı, televizoru söndürdü və öz həyatına qaldığı yerdən davam etdi.
- Bu gün türk serialları dünyada Amerikadan sonra ikinci yeri tutur. O da sirr deyil ki, türk seriallarında qadın kişi münasibətləri realda olduğundan daha çox romantik təsvir edilir. İfa etdiyiniz layihələrin real həyatla uzlaşması nə dərəcədə əhəmiyyətlidir?
- Bəzən təklif olunan ssenarilərdə o qədər absurd səhnələrlə rastlaşıram ki, imtina etmək məcburiyyətində qalmıram. Ümumilikdə həyati olmayan seriallar bizdə demək olar ki, yoxdur. Əksəriyyəti gəlin qayınana, qohumlarla mübahisə və s. bu kimi məişət mövzusundadır.
Türk seriallarının baxımlılığı qadın-kişi münasibətlərinin həddindən artıq romantik təsvir olunmasından asılı deyil. Məsələ orasındadır ki, onlar serial sənayesinə bizim neft sektoruna yanaşdığımız kimi baxır. Serial onlarda çox ciddi, nüfuzlu, dövlət əhəmiyyətli sənayedir. Serial həqiqətən də böyük enerji toplumudur. Bütün əhval-ruhiyyə kadra hopur. Əgər biz bu sahəni yola verməsək, nəinki aktyor, avtobus sürücüsündən tutmuş, həkim, müəllim və digər peşə sahibləri də öz işini layiqli şəkildə etsə, biz çox inkişaf edərik. Çünki biz daşdan pul çıxardan millətik, türklərin hər şeyi var, sadəcə kreativ beyinləri yoxdur. Yola vermək xüsusiyyətini üzərimizdən atsaq, Türkiyədən geri qalmarıq.
- Bu vərdişi tərgitməyə nə mane olur?
-İnsanların ruh vəziyyəti, cəmiyyətin xüsusilə yaşlı təbəqəsi neqativə meyllidir. İnsan dərdini hər kəsə, daşa-divara və hər yerə danışır, özündən başqa. Hər kəsdə günah görür, özündən başqa. Əgər sakitləşib özü-özünü dinləyə bilsə, düzələr. Bədən xəstələnən kimi hər kəs həkimlərə üz tutur, amma ruhun yaralarını sağaltmağa çalışan azdır.
- Özünüzü başqa ölkənin kino sənayesində sınamaq istərdinizmi?
- Sözsüz ki, Rusiya, Türkiyə və İran filmlərdə rol almaq istərdim. İrandan dəfələrlə təklif olub, hətta bir dəfə hazırlıq mərhələsinə başlamışdıq. Lakin razılığa gələ bilmədik və layihə reallaşmadı. Bütün bunlar təkliflərdən asılıdır. Biz işimizi elə keyfiyyətli qurmalıyıq ki, heç olmasa qardaş Türkiyədə tanına bilək.
- İstedadınızı layiqincə nümayiş etdirə bildiyiniz film olub?
- Rejissor və prodüser qrupları həyat tərzimə uyğun və ya ona maksimum dərəcədə oxşar rollar təklif edir, riskə getmirlər. Daxili potensialımı tamamilə açan və məni Nirvanaya çatdıra bilən rejissorun təklifini böyük səbirsizlik və ümidlə gözləyirəm...
- Bahalı aktyorsunuz?
- Azərbaycan çərçivəsində bahalı aktyor adlandırıla bilərəm. Türkiyə və ya xarici ölkələrlə müqayisə etsək, sözsüz ki, heç kütləvi səhnə fiquru da deyiləm. Bu, maliyyə durumu və biznes dövriyyəsindən asılı olan vəziyyətdir.
- Kaprizli insansınız?
- Qətiyyən.
- Bəs aktyor kimi?
- Əgər iş prosesində müəyyən gedişatla məntiqi olaraq razı deyiləmsə, təklif və iradlarımı bildirirəm. Lakin aktyor və məişət məsələlərində eqomu nümayiş etdirmirəm. Sənət yoldaşlarım var ki, belə kaprizlər müqabilində daha bahalı, daha tələb edilən və daha hörmətli olub. Burda qılınc müsəlman məsəli yerinə düşər. Görünür ki, ara-sıra etmək lazımdır.
- Baş rolda oynadığınız “Əlvida Şmidt” filmi nə vaxt təqdim olunacaq?
- “Əlvida Şmidt” filminin təqdimatı aprel ayına planlaşdırılıb. Bədii film Göygöl rayonunun 220 illiyinə həsr olunub. Filmin baş qəhrəmanı - Emil Şmidt Göygöldə qalmış sonuncu almandır. Hadisələr onun Almaniyaya köçmək istəməsi və bu yoldan onu vaz keçməyə məcbur edən səbəblər üzərində cərəyan edir. Mozalan studiyasının istehsalı ilə çəkilən komediya filminin rejissoru Əlisəttar Quliyevdir.
- Film üçün 21 kq arıqlamısınız. Köklüyünüz işinizə mane olurdu?
- Çox mane olurdu, köksənsə, bir qayda olaraq arxa planda qalırsan, birinci plan aktyoru ola bilmirsən. Bu, dünyanın yazılmamış qanunudur. Komediyada kök aktyorlar baş rolları ifa edə bilər. Profilim dram aktyorudur, odur ki, arıqlamağa məcbur idim. Artıq çəkidən xilas olmaq əlavə xal qazandırdı, təkliflər və imkanlar çoxaldı. Bir az da arıqlamaq və o formanı saxlamaq niyyətindəyəm.
- Maraqlıdır ki, əvvəllər arıqlamağa çalışmamısınız?
- Tənbəllikdən irəli gəlir. Aktyor gücünü tamaşaçı alqışı və dəstəyindən alır. Stimul isə perspektivlərə inam və məqsədyönlülük üçün zəmin yardır. Bu zaman aktyor asanlıqla arıqlaya da, kökələ də bilər.
- Teatrda çalışmaq arzularınız var?
- Artıq özümü sınamışam. Əvvəl teatr səhnəsindən çox qorxurdum, məsuliyyətdən irəli gəlirdi. Rus Dram Teatrının rejissoru İlqar Safatın dəvəti ilə məşhur İsrail dramaturqu İddo Netanyahunun "Məna axtarışında" əsərinin motivləri əsasında qoyulan tamaşada oynadım. Əsər rus dilində ilk dəfə Azərbaycanda səhnəyə qoyulmuşdu. Dekabrın 22-də Muğam Mərkəzində nümayiş olunan tamaşada İddo Netanyahunun özü də iştirak edirdi. Həmin gün aktyor kimi yenidən doğuldum. Baş rollardan birini ifa edirdim, aldığım reaksiyalardan və baxışlardan gördüm ki, öhdəsindən gələ bilmişəm.
Azərbaycanın Xalq artistləri Lyudmila Duxovnaya, Məbut Məhərrəmov kimi mogikanlarla eyni səhnədə birlikdə çıxış etdim, əvəzsiz duyğular yaşadım. Yeri gəlmişkən, bu tamaşa mart ayında Azərbaycanda keçirilən 10 günlük Teatr Festivalı çərçivəsində yenidən göstəriləcək. Aprel ayında isə Sankt-Peterburq Teatr Festivalında bu tamaşa ilə çıxış edəcəyik.
- Qanınızda bir neçə millətin qanı axır: Atanız yüz il bundan qabaq Altıağaca köçən molokanlardandır, ata nənəniz rus olub, ananız isə dağlıdır. Maraqlıdır ki, özünüzü haralı hesab edirsiniz?
- Azərbaycanlı! Ruhum, qanım, dərimə qədər bu ölkənin vətəndaşıyam. Bəzən özümü həmvətənlərimdən daha çox azərbaycanlı hiss edir və bunu əməllərimdə isbat etməyə çalışıram.
- İcazənizlə şəxsi həyatınızdan sual verim. Həyat yoldaşınız sizi məşhurluğun gətirdiyi pərəstişkar sevgisinin selinə qısqanmır ki?
- Evliyəm, bir övladım var. Qətiyyən qısqanmır. Həyat yoldaşımla münasibətimiz elə səmimilikdədir ki, qısqanclıq üçün zəmin yaratmıram. Ən ali pərəstişkarımı belə həyat yoldaşım şəxsən tanıyır. Odur ki, bu baxımdan problemimiz olmayıb.
AYTƏN MƏFTUN
FOTO: PƏRVİZ HƏŞİMİ
-
Ekologiya18:24
DYP küləkli hava ilə əlaqədar XƏBƏRDARLIQ
-
Sosial17:57
Əhaliyə xəbərdarlıq: dekabrın 8-də...
-
Hadisə17:20
Tovuzda sexdə partlayış: Xəsarət alanlar var - Video/Yeniləndi
-
Sağlamlıq16:45
Qəhvə ömrü uzadırmış: gündə neçə fincan içmək lazımdır?
-
Sosial16:15
Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq
-
Dünya15:35
Rəsmən təsdiqləndi: Putin “Oreşnik”i bu ölkəyə yerləşdirəcək
-
Nida Xəbər 14:50
Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək
-
Dünya14:10
Dəməşq mühasirəyə alındı: bu kritik bölgə isə ələ keçirilir