Xüsusi
Azərbaycanlı qız haqda kitab yazan məşhur fransız yazıçısı SİRRİNİ AÇDI: Üç qadınla birgə... - MÜSAHİBƏ
Adətən feminizmin sadiq qoruyucuları qadınlardır. Amma bugünkü qəhrəmanım Jerar Kardonn biz qadınları ən az özümüz, özü qədər sevir. O, həm feminist, həm fransız, ən əsası isə yazıçıdır.
Bu gün Jerar Kardonn dünyada qadın haqlarını qoruyan humanist yazıçı kimi tanınır. Gənclik dövründə hərbçi kimi çalışan Jerar uzun müddət islam ölkələrində xidmətdə olur. Buradakı qadınların ağrılı həyatı ona bütün savaşlardan ağır gəlir. Qadınların qəlbinin səsini dünyaya çatdırmağa qərar verir.
Jerar Kardonnun əsərləri müxtəlif dillərə tərcümə olunur. 2010-cu ildə Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran dünya şöhrətli yazıçıya İncəsənət Ordeni verib.
Publika.az-ın özəl qonağı fransız yazıçı Jerar Kardonndur.
- Feminist yazıçı Jerar Kardonn...
- Çox vaxt jurnalistlər məndən soruşur ki, siz kişisiniz axı, qadınların haqlarına niyə bu qədər həssas yanaşırsınız? Bilirsiniz, atam hərbçi idi. Zamanının çoxunu evdən uzaqda, xidmətdə keçirərdi. Mən də evdə anam və iki bacımla birgə qalırdım. Düşünürəm ki, üç qadınla birgə böyümək, şəxsiyyət kimi formalaşmağıma təsirsiz ötüşmədi. Əks cinsin istəklərini, fikirlərini, problemlərimi öz qəlbimdə duymağa başladım. Dünyanı gəzirəm, qadınların dünya sivilizasiyasında, tarixində, mədəniyyətinə göstərdikləri böyük təsiri təbliğ edirəm. Bununla da qürur duyuram.
- Bəs feminizm sözü deyiləndə nə hiss edirsiniz?
- Rahatlıq hissinə çox bənzərdir. Ümumiyyətlə, feminizm sözünü də çox dilə gətirməyi doğru saymıram. Bu sözün çox hallanmasını cəmiyyətdə kişi və qadın bərabərsizliyinin sübutu hesab edirəm. Baxın, mən feministəm, amma 8 Mart Beynəlxalq Qadınlar Gününün qeyd olunmasına gərək duymuram. Bu bayram Fransada artıq adi tarixə çevrilib. Çünki qadın ilin hər günü cəmiyyətə faydalıdır. Ona ildə bir gün rahatlıq vermək, dünyanı ayaqlarına sərmək artıq haqlarının pozulmasıdır.
- Hərflərlə danışmağa nə vaxt qərar verdiniz?
- Tələbəliyimdən bəri elmin yox, ədəbiyyatın vurğunu olmuşam. Həmişə fərqində olmuşam ki, ədəbiyyat elmdən daha güclü vasitədir. Elə bu həftə təşkil etdiyim "Puşkin gecəsi"ndə də bu mövzuda mühazirə ilə çıxış etdim.
- Demək, Puşkini sevirsiniz...
- Əsərlərini maraqla oxuyuram. Çünki bir çox yazıçı kimi mən də müasir ədəbiyyatdan çox qədim dünya ədəbiyyatına meyil edirəm. Şekspir, Şelli, Höte ruhuma yaxındırlar. İtaliya ədəbiyyatından isə Dante və Elza Morantenin əsərləri düşüncələrimi oxşayır.
- Yeni əsərlərininizin bünövrəsi necə qurulur? İdeyalarınızın qaynağı haradan gəlir?
- Çoxşaxəli sualdır...İndi sizinlə söhbətləşirəm, bəzən gecələr ayla danışıram. Getdiyim ölkələrdə, gördüyüm insanlardan ruhlanıram. Üç il öncə isti yay günlərində Azərbaycana səfər etmişdim. Siyasi mövzuda təşkil olunmuş konfransa dəvətli idim. Bakı ilə ilk görüşüm idi. "Fəvvarələr meydanı"na gəzintiyə çıxdım. Bilirdim ki, Azərbaycan müsəlman ölkəsidir. Qarşılaşdığım qadınların hamısı zövqlə və rahat geyinmişdilər. Qara örtüyə bürünməmişdilər. Onların azad ruhu məndə yeni ideyalar doğurdu. Düşündüm ki, mütləq Azərbaycan qadını haqda yazacam. İstər Əfqanıstan olsun, istərsə də Fransa... İstənilən əsərimin qəhrəmanı həyatındakı bütün çətinliklərə rəğmən azadlığını heç kimə qurban etməyən qadınlardır. Kişidən heç də zəif olmayan, kişi qarşısında əyilməyən azad qadınlar...
- Əfqan, əlcəzairli, tunisli qadınların zülmətinə çıraq tutursunuz. Mənə görə bu, çox müqəddəs işdir...
- İstər Bosniya, istərsə də Əlcəzair, yaxud Əfqanıstan olsun, qəhrəmanlarım müharibə şəraitində şərəfi, azadlığı uğrunda mübarizə aparan qadınlardır. Onlar dünyanın müxtəlif qaynar nöqtələrində yaşasalar da hamısını birləşdirən bir amal var - kişilərin din libası geyindirdiyi divanəliyə və əsarətə qarşı mübarizə.
- Bugün bizi anlamaq istəməyən kişilərin saxta teoremi var: “Qadın nə istədiyini bimir”. Sizcə də belədir?
- Dünyanın hər yerində qadın eynidir. Onun istəkləri də, arzuları da daha gözəl, daha həssas dünyaya köklənib. Qadınları qəlibə salaraq, onların qanadlarını qırırsınız, sonra isə nə istədiklərini özləri də bilmir deyirsiniz. Siz qadının zəncirlərini qırın, onu azadlığa alışdırın, öz həyatına hakim olmaq haqqı verin, nə istədiklərini də anlayacaqsınız. Əlcəzair qadınlarının zülmətlə mübarizəsi olan “Daimi sultan”, tunisli qadınların rəmzi “Azad qadın Selma”, dəhşət doğuran parancanı bədənlərinə bürümüş əfqan xanımlarının qara bəxtindən bəhs edən “Əfqan gecəsi” əsərlərimi böyük qəlb ağrısı ilə yazmışam. Təəssüflə, göz yaşı ilə qeyd edirəm, hələ də dəyişən bir şey yoxdur.
- Sizi ilk ağladan əsəri xatırlayırsınız?
- Ekoloji mövzuda yazılmış novellalar kitabı idi. Elə təsirlənmişdim ki, ilk romanıma başlamağa qərar verdim.
- Əsərlərinizdəki qəhrəmanların adlarını necə seçirsiniz?
- Bu haqda sizinlə danışmaqdan məmnunam, çünki mövzu çox həssasdır, ehtiyatlı davranmaq lazımdır. Mən indi Azərbaycanla bağlı kitab yazıram. Ölkənizə ilk səfərimdə istər nazirliyin əməkdaşları, istərsə də ziyalılarla çox söhbət etdim. Siyasi və dini xarakter daşımayan sadə və sevilən qadın adları ilə maraqlandım. Sonda Sevil adı üzərində dayandım. Çünki Sevil adı Amazon qadınları qədər müstəqil ruhlu deməkdir. Ümid edirəm, bu ad sizin də ürəyinizcədir.
- Amma Bosniyaya həsr etdiyiniz romanın qəhrəmanı Leyla olmasaydı, sizə öz adımı təklif edərdim...
(gülürük)
- Görürəm ki, əsərlərinizin qəhrəmanlarına ad seçərkən belə, çox ehtiyatlı davranırsınız. Bəs tənqidə münasibətiniz necədir?
- Çox yaxşı. Dostyana, yumşaq şəkildə bildirilən tənqidi hər zaman böyük hörmətlə qarşılayıram. Amma tənqid sərt şəkil alanda hiddətlənə bilərəm. Çünki dünyada heç kim bir-birinin düşüncələrinə şərik çıxmaq məcburiyyətində deyil. Həmçinin qarşınızdakı heç vaxt bacara bilməyəcəyiniz işin öhdəsindən gəlibsə, tənqidi paxıllığa qurban etməyin. İstəmirsinizsə, fikir bildirməyin, amma həddinizi də aşmayın.
- Yazmaq sizin enerjinizinizi azaldır, yoxsa artırır?
- Yatmağa zamanım yoxdur. Ancaq təyyarədə rahat yata bilərəm. Çünki yazdıqca enerji seli bədənimi və şüurumu sarır. Sanki dincəlirəm. Amma tam normal insanam, başqa şey düşünməyin (gülürük).
- Anladım... Bəs günün hansı zaman kəsiyində daha məhsuldar olursunuz?
- Təbii ki, gecələr... Klassik musiqini çox sevirəm. Zəif səsdə musiqi dinləyərək, yalnız və tam azad şəkildə yazmağı sevirəm. Gecənin çox güclü enerji axını var. Yaradıcı insanlar bu məqamda özlərini çox məhsuldar hiss edirlər. Bir də gecənin sükutundan doğan qəribə səs var. O səs mənə yeni ideyalar pıçıldayır.
- O pıçıltı nə vaxt susur?
- Bəzən iki-üç saat davam edir, bəzənsə bütün gecə danışır.
- Şeirlərinizin də qəribə sehri var...
- Sizinlə bir sirrimi paylaşacam. Etiraf edirəm ki, mən Nizami deyiləm və onun yazdığı qədər zəngin şeirlər yazmıram. Amma qəlbimdən bir səs bəzən şeir dilində danışmaq istəyir. Mən bunu edirəm və sırf şeir kitablarımı anamın imzası ilə yayımlayıram.
- Əminəm ki, bu, izaholumaz xoşbəxtlikdir.
- Çox doğma ehtirasdır. Kitab mağazasına girirəm və görürəm ki, mənə iki doğma varlığa tələbat var. Mənə həyat bəxş edən qadının mənim həyat verdiyim şeirlərlə vəhdətini alıb zövqlə oxuyurlar.
- Hər dəqiqə feminist kişi ilə ünsiyyətdə olmuram. Ona görə sizinlə bağlı hər şeylə maraqlanıram. Məsələn, sevdiyiniz qadın varmı?
(həyəcanlanır)
- Biz birgə yaşayırıq, hər şeydən öncə yaxın dostuq. Dünyaya eyni nöqtədən baxırıq. Sanki bir orqanizmik. Məsələn, mən rəsmləri çox sevirəm. Bakıda, Kabildə, Elzasda, elə Bosniyanın bir neçə şəhərində dəfələrlə sərgilərə qatılmışam. Düzdür, bacarmıram, amma dərin sevgi bəsləyirəm. Çünki rəsm əsərləri dünyanın müxtəlif hallarının təsviridir. Sevdiyim xanım da rəssamdır. Ona görə bir-birimizin düşünən beynini, azad qəlbini çox sevirik.
- İlk məhəbbətinizi xatırlaya bilərsiniz?
- O, dünyasını dəyişib. Bizim oğlumuz var. O, bizim fiziki vəhdətimizdir. Nə qədər ki, oğlum sağdır, biz də yaşayacağıq. Bir gün səmada ilk məhəbbətimlə yenidən görüşəcəyimə inanıram.
- Səmanı yaradana inanırsınız?
- İnanıram. Hətta bir kitabımı Tanrı ilə söhbətə həsr etmişəm.
- Bəs dinlərə?
- Düşünürəm ki, Tanrı bütün dinlərdən üstündür və özünü öldürməyə heç kimə izn verməzdi. İnsan övladının başına gələn müsibətlərin kökündə din ayrılıqları durur. Hətta Azərbaycanda olanda Şəkinin Kiş kəndindəki kilsəyə getdim. Bəli, Tanrının şəninə tikilən evlər memarlıq baxımından gözəldir. Amma onu qəlbimizdə tapsaq, daha gözəl olar. Sadəcə Tanrı, sevgi və biz.
- Yazıçı olmasaydınız, hansı peşə ilə məşğul olardınız?
- Mən 4 il böyük bir fabrikdə çalışmışam. Tez-tez meşələrə gedirdik. O müddətdə ağaclarla dostlaşdım. Bitkilərin öz dünyası var. Mən də özümü o dünyanın bir hissəsi sayıram. Kimsə ağac kəsəndə çox məyus oluram. Sanki ömrümdən kəsirlər.
- Demək, heyvanları da sevirsiniz. Qəlbinizdə hansı heyvanın ruhu yaşayır?
- Maraqlı sualdır. Ruhuma ən doğma heyvan itdir. Mənim bir itim vardı. Onunla keçirdiyim 15 il müddətində özümü qayğısız uşaq kimi hiss edirdim. Ölümü həyatımı çox dəyişdi (kövrəlir).
- Gəlin, gender bərabərliyini pozmadan, insanlara mesaj yollayaq...
- Yaşa dolduqca anlayıram ki, həyat çox qısadır, hər anı qızıl kimi dəyərləndirmək lazımdır. Həyata gülümsəyin ki, o da sizi sevsin.
Leyla Sarabi
-
Sosial17:31
Laçına müntəzəm avtobus reysi istifadəyə veriləcək
-
Dünya16:16
Ərdoğan bu ölkələrə gedir: məscid açacaq
-
Nida Təhlil 15:50
Azərbaycan-Ermənistan razılaşması: Bu bəndlər olmadan...
-
Region15:02
Türkiyədən tarixi qərar: Rusiyanın tətbiq etdiyi bu ifadə dəyişdirilir
-
İqtisadi gündəm14:22
İsrail İrana hücum edərsə, neft bu qiymətə olacaq
-
Sosial14:05
Əhməd Əhmədov haqqında qərar verildi - Video
-
Magazin113:50
Sevil-Sevinc bacılarının evində ŞADLIQ VAR - VİDEO
-
Magazin213:25
Monika Belluççinin qızı açdı sinəsini, göstərdi... - FOTOLAR