Xüsusi
Türkiyəni GÜLDÜRƏN məşhur karikaturaçı: “Kişilər qorxaqdır, qadınları isə...” - MÜSAHİBƏ
Türkiyədə ən çox satılan "Fırat" cizgi romanı kitablarının müəllifi , "Uykusuz" karikatura dərgisinin rəhbəri, yaratdığı karikatura qəhrəmanları, cizgi romanları və incə yumoru ilə Türkiyəni güldürən tanınmış karikaturaçı Uğur Gürsoy Publika.az-a müsahibə verib.
Uğur Gürsoyun müsahibəsini təqdim edirik.
- Karikaturaya adətən əyləncə ünsürü olaraq baxırıq. Bəs sizin karikaturaya yanaşmanız necədir?
- Karikaturanın başlıca məqsədi, əlbəttə ki, əyləndirməkdir. Romantik, qara yumor və olduqca təsirli işlər də ola bilər. Əslində karikaturanın keyfiyyəti və cizgiləri mənim üçün daha çox önəmlidir.
- Zarafatları necə tapırsınız?
- Karikatura üçün zarafat tapmaq asan deyil, davamlı olaraq axtarış halındayam. Hər zaman daha dərin süjetli, ikimənalı olan hekayələr çəkə bilmirsən, çünki hər həftə yeni karikaturlar çəkmək və diqqət cəlb etmək məcburiyyətindəsiniz. Köhnəlməyən karikaturalar tapmaq daha çətindir. Yetişdirmək üçün daha gündəm mövzular çəkirsən, daha populyar mədəniyyətə xitab edirsən, bunun da on il sonra bir mənası qalmır.
- Siyasi, ictimai və ya həyata dair mövzuları karikatura ilə izah etmək qıvraq bir zəkaya malik olmağı tələb edir. Siz yaşadıqlarınıza hansı baxış bucağından yanaşırsınız?
- Gündəlik həyatımda özəlliklə karikaturaya mövzu olsun deyə bir davranış sərgiləmirəm. O anda komik bir hadisə baş verirsə, onu yadda saxlayır və qeyd edirəm. Karikatura çəkirsinizsə, seçici olursunuz, ətrafda baş verənlərə daha diqqətlə baxırsınız. Zarafat mövzusu ola biləcək hadisələri digər insanlara nəzərən daha cəld ayıra bilirsiniz.
- Türkiyə gündəminin sürətli və intensiv olması yumor tapmaq məsələsində işinizi asanlaşdırar.
- Bir tərəfdən elədir, digər tərəfdən bezdirici. Çünki eyni insanlar həmişə eyni işləri görür. Bir müddət sonra onlar haqqında zarafat tapmaq istəmirsiniz, vəziyyət komiklikdən daha çox dramatik hal alır. Bir yandan da əlverişli deyil.
- Uşaq karikaturasının dili ilə siyasi mesajlar vermisiniz? Və bu, sizcə, nə qədər təsirlidir?
- Yəqin ki, "Fırat"ı nəzərdə tutursunuz. Uşaq qəhrəmanlarını böyüklərin dünyasına alət etmədim, onları qarışdırmadım. Amma dərgidə bol-bol siyasi karikaturalar çəkmişik.
- Siyasət ilə karikatura arasındakı əlaqəni necə şərh edərdiniz?
- Karikatura siyasət dünyasına təsir edən güclü qüvvə deyil. Sizin müxalif olduğunuz kütlə sizi zatən oxumur. Dərginizi oxuyanlar sizinlə eyni düşüncə tərzinə yaxın olan həmfikir insanlardır. Bir mənfi tərəfi odur ki, siyasətçilərin və məmurların karikatura rəsmlərini çox çəkməklə onların sevimli olmasına yol açırsınız. Beləliklə siyasi xadimlərin cizgi film qəhrəmanlarına çevirdiyinə inanıram. Bu baxımdan onların çox çəkilməsini faydalı bir iş hesab etmirəm.
- İxtisasca stomatoloqsunuz, 7 il diş həkimi işləmisiniz. Peşənizi niyə dəyişdirməyə qərar verdiniz?
- Karikatura çəkmək uşaqlığımdan bəri xəyalım idi. İş elə gətirdi ki, diş həkimi oldum və 7 il çalışdım. İstədiyim bir həyatı yaşamaq üçün sonradan peşəmi dəyişməyə qərar verdim.
- Diş həkimliyinin karikaturaya hansısa təsiri olub?
- Diş həkimliyindən bezmişdim, karikatura məni daha çox cəlb edirdi. Bu yöndən o təsiri oldu ki, karikaturaya daha böyük həvəslə, dörd əllə sarıldım.
- Fırat və Bahattin bu gün həm Türkiyədə, həm də Azərbaycanda çox sevilən karikatura və cizgi qəhrəmanlarıdır.
- Bilmirdim, buna sevindim.
- Bu qəhrəmanlar necə doğuldu? Onlar real həyatda tanıdığınız obrazlardır?
- Onlar gerçək həyatda tanıdığım bir çox uşağın birləşməsidir. Məsələn, Fırat uşaqlıq dostumdur, Bahattin atamın adıdır, Fıratın anasına (Gülsüm) isə öz anamın adını qoymuşam. Uşaqların ünsiyyəti hər zaman diqqətimi çəkərdi. Bütün bunların birləşməsi nəticəsində ortaya sevilən tipajlar çıxdı.
- Fıratın çox xoşbəxt uşaqlıq yaşadığını söyləmək çətindir. Bu uşağın dərdi nədir? Niyə xoşbəxt deyil?
- Fıratın ilk karikaturları Amerika filmlərindəki travma yaşayan, otağında atası ilə uzun-uzadı söhbət edən xarakterlərin əksi olaraq çıxmışdı. Bundan başqa o dönəmlərdə Türkiyədə “Çoçuklar duymayın” serialı yeni bitmişdi. Adını çəkdiyim layihədə uşaqların qayğıkeş və sevgi dolu ailədə böyüdüyü təqdim edilirdi. Bu obrazları çox itiləyici hesab edirəm. Heç kimin uşaqlığı bu səviyyədə deyil. Ən yaxşı ailələrdə belə uşaqlar tez-tez darıxır, sıxılırlar. Telefon və iPad-lər uşaqların əlindən yerə düşməsə də, yenə də darıxırlar. Uşaqlar üçün zaman çox gec axır. Darıxan və həmişə narazı bir uşağı çəkmək istədim. Nəticədə belə bir personaj yarandı. Onu xoşbəxt serial qəhrəmanlarından uzaqlaşdırdım.
Fırat Amerika filmlərindəki kimi ağır travmalar da almır, anasından sillə yesə də, bir neçə dəqiqə sonra sakitləşir, həyatına davam edir, hətta gülərək dondurma da yeyə bilir. Bundan başqa, atası və anası ona bir sillə vurdu deyə 20 il sonra dəli olan birini tanımıram.
- Çəkdiyiniz karikatura qəhrəmanı bir müddət sonra təkcə sizə aid olmur. Bu, o karikaturayla aranızdakı bağı soyudurmu?
- Bəzən çəkdiyiniz tipaj sosial şəbəkələrdə geniş yayıldıqda aranızda soyuqluq ola bilir, duyğusal bağ bitir. O, tipin macəralarını və yazılarını yazarkən əvvəlki qədər rahat ola bilmirsiniz. Qəhrəman populyarlaşdıqca onun dili ilə söyüş yaza bilmirsiniz, özünüzə müəyyən məhdudiyyətlər qoyursunuz. Bu da işlə aranızda olan həvəsi azaldır. Bir müddət Fıratı da çəkmədim, sonra darıxdım yenidən çəkməyə başladım.
- Uğur bəy, Bahattin karikaturası Firatın əks xarakteri olsa da, sosial mediada "Bahoo" ilə bağlı zarafatlar populyardır. Bu, sizi sevindirir?
- Əlbəttə ki, xoşuma gəlmədi. Sosial mediada bu qədər sürətlə yüksələn qəhrəmanın sürətli enişinin də olacağını təxmin edirdim. Bu, tipaja zərər verəcəkdi və verdi. Onu artıq daha çox çəkirəm, bəzən heç çəkmirəm.
- Sizin uşaqlığınız necə keçib? Fırat obrazına özünüzdən qatdığınız təamlar olub?
- Kənddə böyümüşəm, atam ibtidai sinif müəllimi idi. Fıratla oxşarlıq var. Evin içində ora-bura qaçır, həyətdən əlimə keçən hər şeyi evə yığıb daşıyırdım. Daha çox karikatura ilə həşir-nəşir idim. Saatla cizgi romanları səhifələrinə baxa bilərdim. Öz-özümlə vaxt keçirməyi sevirdim, təklikdən darıxmayan bir uşaq idim.
- Fırat nə zamansa böyüyəcək?
- Karikatura və cizgi romanlarında heç bir süjet xarakterinin böyüdüyünü görmürük. Fırat da böyümür. Bir də Fıratın hansı zamanda olduğunu bilmirik. 80-cı illərdə də ola bilər, indi də. Bəzən onu kompüterlə də çəkirəm.
- Fırat kimi bir uşağınızın olmasını istərdinizmi?
- Yox, çünki çətin uşaqdır.
- Karikatura rəsmləri dedikdə əvvəllər cinsəl ritorikalar üzərində qurulan işləri görürdük. Siz öz işlərinizlə bu vəziyyətə buna sanki bir növ "dayan" deyirsiniz. Ssenariləriniz həm uşaqlara, həm də böyüklərə eyni dərəcədə xitab edir. Buna necə qərar verdiniz?
- Karikaturada belə zarafatlarda balans pozğunluğu yüksək idi, bir zamanlar təcavüz komik görünürdü. Özəlliklə türk karikaturalarında qadın düşməni həddən artıqdır. Yavaş-yavaş azalır, karikaturaçılar da mədəniləşir.
İnsanları çox asanlıqla təbəqələrə və qruplara bölüb zarafat istehsal etmək olar. Bu, keçmişdə də olub. Məsələn, yəhudilər və ya kənddən şəhərə köçən kəndlilər üzərində edilib. Çəkdiyim rəsmlərdə qadın, kişi, yaxşı və ya pis geyinən, varlı və zəngin kimi təbəqələşmələri göstərmək istəmədim. Karikaturada başqasına nifrəti çox asanlıqla təcəssüm etdirmək olar. Amma bu, karikaturada ən asan zarafat yoldur, mən buna üstünlük vermədim.
- Karikatura üçün mövzuların miqyası kifayət qədər genişdir: İctimai, siyasi və fəlsəfi karikaturalar. Hansı sizə daha yaxındır? Yəni, işlərinizlə insanları güldürməyi, ya duyğusul nələrsə çəkməyə daha çox önəm verirsiniz?
- Mövzular inanılmaz dərəcədə sonsuzdur. Gündəlik məişət qayğıları diqqətimi daha çox çəkir. Məsələn, liftdə iki qonşunun söhbəti, mağazada satıcı ilə hansısa səhnələr və s. Qələmi əlimə alanda ağlıma bu kimi qəhrəmanlar gəlir.
- Üslubunuz illər ərzində necə dəyişdi?
- Əlbəttə ki, bu da əzələ məşqi kimidir. Məşğul olduqca qələmin güclənir. Əvvəlki işlərimə baxanda utanıram.
- Karikaturalarda hansı mövzuları tənqid edirsiniz?
- Tənqidlərdən ziyadə karikaturalarda mövcud vəziyyət göstərilir. Ən güclü karikaturalar hər gün yaşadığımız klişeləri onlara göstərməklə çıxar. Məsələn, bir zamanlar uşaq səsi ilə danışan yetkin qadınlar var idi. Qadının uşaq kimi danışması kişilərdə ürək bulandırır. Komik hərəkət deyil. Bunu karikaturada ustalıqla komik şəkildə təqdim etsən, bu vəziyyətin qarşısını almaq şansın yaranacaq.
- İnsanları güldürən peşənin sahib olmaq necə bir hissdir?
- Formulu yoxdur, məsələn, diş həkimi təxminən bilir ki, işə gələndə həmin gün nə ilə məşğul olacaq. Hansı diaqnozu necə müalicə edəcəyi bəllidir. Güldürmək çox sürətlə dəyişən sənətdir. “Ya bu dəfə alınmazsa” qorxusu bu işin həm kabusu, həm də həyəcanıdır. Bu, səni işdən darıxmağa qoymur.
- Karikatura, sərhədsiz bir sənətdir, çünki karikaturaların dili hamı tərəfindən başa düşülə bilər. Türk karikaturası digərlərindən nə ilə seçilir?
- Yazısı olmayan karikaturalar daha ümumbəşəri ola bilir. Yazılı karikaturalar da bəzən bəşəri olur. Tərcümə edildiyi zaman dünyanın bütün dilləri üçün onların anlaşıla bilən olma şansı yüksəkdir. Bəziləri də var ki, tamamilə yerli zarafatlardır. Bu zarafatları anlamaq üçün mədəniyyətlər və dəyərlər yaxın olmalıdır. Məsələn, ananın nadinc övladına başmaq tullaması Türkiyədə təbii hal olduğu halda, Avropa ölkələrində bu, uşağa şiddət kimi qəbul olunur. Əslində ananın uşağın dalınca başmaq tullaması yüngül cəzalandırma formasıdır, onun mahiyyətində şiddət yoxdur.
Zarafatların yerli kodları var, bunlar anlaşılmaya bilər. Karikaturaların bəşəri olması üçün kodlar bitişik olmalıdır.
- Karikaturalarınız nə dərəcədə azad və rahat nəfəs ala bilir?
- Cəmiyyətin mühafizəkarlığından asılı olaraq insan özünə senzura tətbiq etmək məcburiyyətində qalır. Sərt məqamları yumşaldırsan. Hekayənin ən ləzzətli yerləri müəyyən qaydaların pozulduğu yerlərdir, bir anda heyrətlənməlisən, amma artıq elə şeylər tapmaq çətindir.
- Karikaturaların sözdən çox, daha təhlükəli bir silah olduğu deyilir. Karikaturaların cəmiyyətdəki aqressivlik səviyyəsini aşağı salması haqqında nə deyə bilərsiniz?
- Bu, ikisinin də nə dərəcədə effektli olmasından asıldır. Bəzən çox gözəl söz və ya mətn də qılınc kəsərinə malikdir. İnsanların özünə belə söyləmədiyi duyğuları, toplumda ayıb saydığı və ya dəhşətə düşdüyü hadisələri karikaturada dilə gətirsən, o düşüncələrə qarşı dözümlülük artar. Bu düşüncə daha normallaşar. Odur ki, ən ekstremal hadisələr çəkilə bilər və bunun topluma yararı böyükdür.
- “Uykusuz” dərgisinin gözlənilməz uğurunu nəyə borclusunuz?
- 11 ildir ki, fəaliyyət göstərir. Heç kim bir-birinin rəsm və cizgi romanlarına qarışmır, redaktor senzurasından keçmirlər. İstədiklərini sərbəst şəkildə yazıb çəkidikləri üçün ortaya belə baməzə işlər çıxır.
- Bəs siz özünüzə nəyi məhdudlaşdırırsınız? Məsələn, "bu əsla məzhəkə və zarafat ola bilməz" dediyiniz mövzu varmı?
- Sosial təbəqənin aşağılanması karikatura mövzusu ola bilməz. Yoxsulun, hətta zənginin belə alçaldılmasına qarşıyam. Bundan xaric istənilən mövzu karikaturaya çevrilə bilər.
- Qadın söhbətlərini daha çox çəkməyi daha çox sevirsiniz. Səbəb?
- Kişilərin dünyası daha xam və aromasızdır, qadın dünyası daha komik və şəndir. Məsələn, ata evdə olmayanda uşaqlar daha rahatlıqla yaramazlıq edə bilir, ev də şənləşir. Təbii ki, bunun istisnaları da var, amma gördüklərim bu yöndədir. Qadın məclisləri daha şən və rəngarəngdir. Kişilərdə bir-birini məğlub etmək istəyi daha güclüdür. Bu baxımdan qadınlar daha əyləncəli və rahatdır.
Yeri gəlmişkən, Türkiyədə müşahidə etdim ki, zənn edildiyinin əksinə olaraq kişilər qadınlardan daha qorxaqdır. Qadınlar siyasi görüşlərində və çıxışlarında daha cəsurdur. Kişilər isə daha hesabcıldır.
- Türklər demişkən doyum olmayan söhbətiniz üçün təşəkkürlər, sizi Bakıda görmək diləyi ilə.
- Təşəkkür edirəm, Bakını görməyi çox istərdim. Qismət olsa, bir gün mütləq.
Aytən Məftun
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?