Azərbaycanlı xanımdan Fransada böyük layihə: Ermənilərə qarşı... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Azərbaycanlı xanımdan Fransada böyük layihə: Ermənilərə qarşı... - MÜSAHİBƏ

2020-ci ilin astanasında Azərbaycan diasporu növbəti uğura imza atdı. Belə ki, tarixdə ilk dəfə olaraq elmi diaspor fəaliyyətə başlayıb. Xüsusən də ermənilərin sıx yaşadığı Fransada bu əlamətdar hadisənin baş verməsi ölkəmizin böyük uğurudur.

Publika.az-ın müsahibi Fransada yaşayıb fəaliyyət göstərən gənc alim, Azərbaycan elmi diasporunun təşəbbüskarı Günel Səfərovadır.

Günel xanım deyir ki, bu layihə ölkəmizin nəinki Fransada, eləcə də bütün dünyada ciddi şəkildə təbliğinə təkan verəcək.

- Elmi diaspor ideyası məndə çoxdan vardı. Sadəcə elmi işimin ağırlığına görə gerçəkləşdirməyə zaman tapa bilmirdim. Sonra Fransa-Azərbaycan Dialoqu Assosiasiyasını yaratdıq. Əsas məqsəd Azərbaycan mədəniyyətini, daha dəqiq desəm, mövcudluğunu Fransanın xüsusən Overn-Ron-Alp regionunda təbliğ etmək idi. Bir çox elmi konfranslarda iştirak edirdim, magistr tələbələrə dərs deyirdim. Ümumiyyətlə, Fransa xalqının elmə olan dəyərini görəndən sonra düşündüm ki, hər bir təşkilat gözəl iş görür, lakin elm adamı olaraq sənin sözünün çəkisi daha dəyərli ola bilər. Qələmin yazdığını heç bir qılınc poza bilməz. Düşündüm ki, elmi fəaliyyət göstərən soydaşlarımızı bir yerə toplayaraq gözəl işlər görə bilərik. Başlıca amallarımızdan biri də diaspor imicimizi mükəmməlləşdirmək, həmçinin ölkəmizdəki diasporun yüksək dərəcəli fəaliyyətini Fransada nümayiş etdirmək, görəcəyimiz işlərin spektorunu genişləndirmək idi.

Ermənilərə baxanda nə görürsən? Diaspor yaradan insanların böyük əksəriyyəti elm xadimləri, tanınmış alimlər, vəkillər, həkimlərdir. Buna görə də sözlərinin kəsəri daha itidir. Ən qısa zamanda elmi jurnalları fransız dilində çap etdirmək niyyətimiz də var. İstənilən sahədə Fransanın hər yerinə səpələnmiş elmi fəaliyyətlə məşğul olan azərbaycanlılar var. Təbii ki, onların gördüyü işlərin çəkisi də ağırdır. Eyni zamanda, Azərbaycan həqiqətlərini dünyaya düşünülmüş, müdrik şəkildə yaymağımıza da zəmin yaranacaq.

- Azərbaycan diaspor tarixində bu, ilk təcrübədir. Bəs dünya xalqlarında belə bir təşkilat fəaliyyət göstərirmi?

- Düzü bu haqda araşdırma aparmamışam. Mənə elə gəlir ki, biz bu sahədə ilk təşəbbüskar sayıla bilərik. Məsələn, Almaniyada buna bənzər təşkilat fəaliyyət göstərir, lakin spektoru genişdir. Mədəni tədbirlər də təşkil edirlər. Bizim fəaliyyətimizsə sırf elmi yöndə qurulub. Təşkilatımıza üzvlük haqqı qazanacaqinsanlar mütləq Azərbaycan kökənli olmalı və Fransada elmi fəaliyyət göstərməlidirlər. Gələcəkdə əhatəmizi genişləndirmək və gənclərimizi həvəsləndirmək üçün magistraturanın ikinci kursunda oxuyan tələbələri də cəlb etməyi düşünürük. Bizə bir neçə təklif gəldi ki, elmi diaspor söz birləşməsini gələcəkdə digər daha əhəmiyyətli ifadə ilə əvəzləyək. Odur ki, bu adı araşdırıb daha doğru adlandırmağı da düşünürəm.

- Mənsə hesab edirəm ki, əsas şərt sizin bu cür sanballı fəaliyyətinizdir. Təşkilatınız Fransada yaşayan azərbaycanlı elm xadimlərinə nə kimi töhfə verəcək?

- Elmi diaspora üzv olacaq bütün elmi işçilər istənilən məlumat və layihələri, öz sahələrinə aid yenilikləri bölüşəcəklər. Bilirsiniz ki, dünyada hər sahə üzrə mötəbər elmi jurnallar var. Həmin jurnallarda məqalə dərc etmək isə olduqca çətindir. Bəzən bir məqalənin qəbul edilməsi üçün 2-3 il tələb oluna bilər. Yaxud alimlərin araşdırmalarına görə, yüksək məbləğdə qrant verilir. Müntəzəm olaraq bu haqda məlumat mübadiləsi aparılacaq. Azərbaycanlı alimlərin araşdırmaları da bu jurnallara təqdim olunacaq. Məqalələrimizi bir-birimizə təqdim edib, müzakirəyə qoya biləcəyik. İlk görüşümüzdə belə bir təklif gəldi ki, gələn ay 20 yanvar hadisələri ilə bağlı elmi konfrans təşkil olunsun, siyasətçilər və tarixçilər dəvət edilsin ki, fransızlara bu haqda məlumat verək. Gələcək üzvlərimiz də bu fikri alqışladılar və iştirak edəcəklərini bildirdilər. Yaxud ikinci kurs magistr tələbələr doktorantura təhsillərini davam etdirmək istəsələr, onlar üçün elmi rəhbər axtarışına çıxa biləcəyik. Şəxsən mənim ən çox çalışdığım məqamlardan biri də azərbaycanlı müəllimlərin Fransa təhsil ocaqlarına qonaq pedaqoq kimi dəvət edilməsinə nail olmaqdır. Yaxud elə elmi məqalələrimizi sosial hesablarımızda paylaşaq, ictimaiyyətə çatdıraq. Həmçinin Fransa kitabxanalarında Azərbaycanla bağlı kitabların sayını artırmağı düşünürük.

İlk görüşümüz tanışlıq xarakteri daşıyırdı və qərar verdik ki, elmi diaspor üçün əlimizdən gələni edək. Fransanın 6-7 regionundan iştirakçılar vardı. Tədbirimiz Fransadakı etiraz aksiyaları, nümayişlərin keçirilidiyi günə təsadüf etdiyi üçün bir çox üzvümüz gələ bilmədi. Amma yenə də bir yerə toplaşmağa nail olduq. Hər kəs öz sahəsi haqda məlumat verdi. Ən qısa müddətdə nizamnamə üzərində çalışıb əsas məqsəd və vəzifələrimizi qeyd edəcəyik. İdarə heyətinin üzvləri də açıqlanacaq. Mart ayınadək bu işləri tamamlamağı planlaşdırmışıq.

- Bu işdə sizə dəstək olan qurumlar oldumu?

- İdeyanı ilkin olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin elmi katibi Zərifə xanım Əliyeva ilə müzakirə etmişdik. Zərifə xanım bu məsələlərdə bizə çox dəstək olacağını demişdi. Dəstəyi görürük. Maliyyə dəstəyi isə Diasporla İş üzrə Dövlət Komitəsinin Dəstək Fondundan və ölkəmizin Fransadakı səfirliyindən oldu. Sevinirəm ki, ideyamı hamı əhəmiyyətli hesab etdi.

- Fransada yaşayıb çalışan ziyalı təbəqəmizin fəaliyyəti əsasən hansı sahəyə yönəlib? Ümumiyyətlə, Avropa elm sferasına yetərincə inteqrasiya edə bilirlər?

- Bizim təşkilatın gələcək üzvlərinin əksəriyyəti doktorant alimlərdir. Onların çoxu Fransanın ali məktəblərində müəllimdirlər. Fransada doktoratura təhsili alanlar isə tədqiqat və təhsillə yanaşı, həm də sahələrini mükəmməlləşdirmək üçün laboratoriyada çalışırlar. Düşünürəm ki, bundan gözəl inteqrasiya ola bilməz. Özü də ziyalı təbəqənin əksəriyyəti gənclərdən ibarətdir. Bu həm entuziazm, fəallıq baxımından əlverişlidir. Həm də o deməkdir ki, artıq güclü bünövrəmiz qurulub. Hətta Fransada doktorantlar arasında rəqabət güclü olduğu üçün bir sıra çətin mərhələlərdən keçmək lazımdır. Fransız universitetlərində tam ştatlı müəllim kimi çalışmaq istəyənləri ağır rəqabət gözləyir. Bunun üçün çətin imtahanlar vermək məcburiyyətindəsən ki, bu da çox ağır prosesdir. Fransızların özü belə əksər vaxtlarda bu çətinliyə tab gətirə bilmirlər və əgər bizim kiçik ölkəmizdən Fransada bu qədər elmlər doktoru çalışırsa, bu, vətənimizin uğurudur.

- Özünüz də bu yaxınlarda elmi işinizi müdafiə edib, alim dərəcəsinə yüksəldiniz.

- Bəli. 13 ildir ki, Fransada yaşayıram. Bu müddətin 7 ilini elmi fəaliyyətə həsr etmişəm. Fransanın “Evian” şirkətinin Azərbaycan üzrə brend meneceri idim. 2008-ci ildə Fransaya köçdüm. Təhsilimi artırmaq üçün menecment sahəsində idarəetmə ixtisasına daxil oldum. Çünki Fransada belə bir qanun var ki, vəzifəni artırdıqca, həmin sahəyə uyğun diplomun olmalıdır. Fransada iki magistr təhsilim var. Paralel olaraq dünyanın ən mötəbət təhsil ocağı sayılan ABŞ-ın Corctaun Universitetində təlim keçdim. Corctaun Universiteti rəhbərliyi məni "Université de Versailles" Versal Universiteti ilə müştərək tədqiqat və təhsil layihələrinin rəhbəri vəzifəsinə təyin etdi. 7 il ərzində bu layihəyə rəhbərlik etdim. Deyə bilərəm ki, bu post mənim üçün açılmışdı. Bununla yanaşı elmi işə başladım. Amerika və Fransa arasında həm çalışıb, həm də elmi iş yazmaq olduqca ağır idi. Bu ilin sentyabr ayında elmi işimin müdafiəsi baş tutdu. Jüridə iki amerikalı və eyni sayda fransız çox nüfuzlu professorlar vardı. Hamısından əla qiymət aldım. Bundan əlavə həm yerli, həm də digər ölkələrin jurnallarında məqalələrim dərc olunur.

- Azərbaycanın tanınmış şəxsiyyətlərinin Fransada fəaliyyət göstərən xələfləri ilə sıx münasibətinizin olduğunu bilirəm.

- İlk görüşümüzdə Hacı Zeynalabdin Tağıyevin nəvəsi Alban Klod iştirak etdi. Alban doktorantdır. Hazırda özünün də mənsub olduğu Qacarlar sülaləsi və ulu babası haqda Fransa arxivlərində araşdırma aparır. Bu fakt diqqətimi çəkmişdi. Odur ki, görüşə Albanı da dəvət etdim. Çox təvazökar insandır, sevə-sevə bizə qatıldı. Onu da nəzərinizə çatdırım ki, Alban iki azərbaycanlı magistr tələbə ilə birgə “Kaspian Araşdırma Mərkəzi” yaradıb. Üzeyir bəyin nəslindən olan Benjamin Hacıbəyli, Reza Deqatinin oğlu isə etiraz aksiyalarına görə yollar bağlandığından gələ bilmədilər. Azərbaycanın Fransada tanıdılmasında əməyi olan böyük insanlarımızın nəvə-nəticələrini görüşlərimizə gələcəkdə də cəlb edəcəyik. Çünki mühacirlərimizin soyundan olan soydaşlarımızın ailələri haqda verdikləri ən xırda məlumat da bizim üçün xəzinədir. Ümumiyyətlə araşdırma ilə məşğul olan bütün soydaşlarımızın üzünə qapılarımız açıqdır.

- Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yaxınlaşır. Fransada yaşayan həmvətənlərimiz adətən bu günü necə qeyd edirlər?

- Fransadakı səfirliyimiz adətən bütün bayramlarda Azərbaycan icmasının üzvlərini bir araya toplayıb, tədbirlər keçirir. YUNESKO-dakı nümayəndəliyimizin rəhbərliyi də bizə qoşulur. Ümumiyyətlə bütün əhəmiyyətli bayramlarda, matəm tarixlərində bir araya toplaşırıq.

- Bəs fransızlar necə qeyd edir bu bayramı?

- Fransızlar üçün əsas bayram günü Miladdır. Onların Miladı bizim Novruza bənzəyir. Süfrələr bəzənir, çeşidli yeməklər hazırlanır. Nənə-baba sağdırsa, bayram onların evində qeyd olunur. Dünyadan köçüblərsə, ata-ananın ocağına toplaşırlar. Bununla da ailə dəyərlərinə olan hörmət və sevgilərini nümayiş etdirirlər. Kənardan elə görünə bilər ki, fransızlarda ailə dəyərləri bizə nisbətən zəifdir, yaxud inkişaf etməyib. Əslində isə gündəlik həyatları çox gərgin keçdiyi üçün bəzən valideynləri ilə danışmağa zaman tapmırlar. Amma fransızların bir sözü var - "sacre". Yəni, ailə onlar üçün toxunulmaz, vazkeçilməz və müqəddəsdir. Hər Miladda bir-birinə müxtəlif hədiyyələr alırlar. Bayram gecəsi o hədiyyələr açılmalıdır. Bizim süfrələrimiz kimi zəngin yeməklər hazırlanır. Bəzən hətta 5-6 saat süfrə başında oluruq. Yeni ili dostları ilə qeyd edə bilirlər, lakin bu bizdəki kimi atəşfəşanlıq etmədən sakit mühitdə baş tutur. Milad, yəni Noel isə bayramın özüdür. Noel Novruza yaxın olduğu üçün bu bayramı çox sevirəm. Fürsətdən yararlanıb xalqımızın qarşıdan gələn Yeni ili və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təbrik edirəm!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm