Xüsusi
Baba Vəziroğludan maraqlı etiraflar: "Bilin ki, ondan bir daha olmayacaq" - MÜSAHİBƏ
Xəbər verdiyimiz kimi, İlham Əliyev Baba Məsimovun (Baba Vəziroğlu) doğum günü münasibətilə “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dünən 66 yaşını qeyd edən tanınmış şair iki əlamətdar hadisə haqqında təəssüratlarını və yaşam fəlsəfəsini Publika.az-la bölüşüb.
- Baba bəy, ilk növbədə 66 yaşınız tamam olduğu əlamətdar bir gündə “Şöhrət ordeni” almağınız münasibətilə sizi təbrik edirəm.
- Təşəkkür edirəm. Bu yüksək diqqətə görə, mənə verdiyi dəyər üçün hörmətli Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm ki, bu məmləkət üçün etdiyimiz kiçik xidmətləri görür, nəzərə alır və yüksək qiymətləndirir. Oxucuların, tamaşaçıların böyük sevgisi və diqqəti məni yüksək mərtəbəyə çatdırıb ki, cənab Prezident məni bu ordenlə təltif edir.
- Avstraliyalı yazıçı Kolin Makkalou deyir ki, qocalıq tanrının ən böyük qisasıdır. Allahın bu “qisası” sizi qorxutmur ki? Ümumiyyətlə, qocalıq qorxusuna qalib gələ bilmisiniz?
- Qorxmaq qəti ola bilməz, onda gərək həyatda hər şeydən qorxasan. Həyat səni uşaqlıqdan, yeniyetməlikdən, cavanlıqdan sındırmağa və ömür boyu əyməyə çalışır. Gərək zəiflik göstərməyəsən. Qocalıq da, ölüm də bizimlə əbədi olaraq mücadilədədir. Mübariz olmalısan ki, basılmayasan və əyilməyəsən. Həmişə bu fikirdəyəm ki, dünyadan küsməyə, inciməyə, çəkinməyə dəyməz. Dünyaya bel bağlamaq da lazım deyil, dostun da, düşmənin də özünsən. Bizim bir damcı göz yaşımız belə qat-qat qiymətlidir.
- Geriyə dönüb baxanda “Zəngin ömür yaşamışam” deyə bilirsiniz?
- Həyatımı qiymətləndirmək öz iqtidarımda deyil. Görünür ki, belə yazılıb və kodlaşdırılıb. “Niyə belə alındı” və ya “Niyə elə etmədim” deyə fikirləşmək və sonradan peşmançılıq çəkmək insanın ruhunu yorar. Ümumiyyətlə, peşmançılıq hissi insan energetikasının tükənməsinə yol açır. Bu, həyatdan bezməyə gətirib çıxara bilər. Məşhur “Moşu Göyəzənli”kimi optimist şairəm. Heç vaxt keçmişin səhvlərini çiynimdə yük etmirəm. İnamsız yaşaya bilmərəm, gələcəyə də inamlı baxıram ki, hər şey daha yaxşı olacaq. Yəqin ki, mənə güc-qüvvət verən də müsbət düşüncələrdir.
- Dünyaya gəldiyiniz üçün heç peşman olmusunuz?
- Allaha qarşı asilik olar ki! Bütün müqəddəs kitablarda yazılır ki, nəinki özünə, başqasına qıymaq böyük günahdır. İnsan bu xoşbəxt həyatı ona bəxş edən Tanrıya qarşı necə çıxa bilər? Bizim ömrümüz böyük zamanın fövqündə bir an belə deyil. İnsan gecə-gündüz Allahına onun üçün şükranlı olur ki, həyata pəncərədən baxmaq anını ona qismət edib. Bu gözəllik ona bəxş olunmaya da bilərdi. Mən də bu şükranlıq içində yaşayan insanlardanam.
- Şairlərin əsas missiyalarından biri də həyatda nələrəsə etiraz səsini yüksəltməkdir. Bəs siz həyatda bir şair kimi nələrə üsyan edirsiniz?
- Şair ümumiyyətlə, üsyankar doğulur. Bəzən deyirlər ki, şair hər məsələdə üsyankar olmalıdır. Razılaşmıram, ona görə ki, şair məmurlara, JEK müdirinə qarşı və ya küçədə zibil yaxşı təmizlənmədiyi üçün şeir yazmaz. Şair dünyəvi məsələlərə, müharibələrə qarşı üsyandadır, qlobal arenanın döyüşçüsüdür.
- Həyatınız haqqında film çəkilməsini istərdiniz?
- Qibtə olunası zənginlik içində yaşamamışam, amma keçmişimə nəzər salanda görürəm ki, mənəvi baxımdan çətinliklərlə dolu, çox maraqlı, rəngarəng və zəngin ömür yaşamışam. Bunun üçün xoşbəxtəm. Haqqımda çox filmlər çəkilsə də, hələ heç birində özümü görməmişəm. Rejissorlar ömrümün ancaq parlaq və işıqlı tərəflərini göstəriblər, görünür ki, qəhrəmanın kölgəli tərəflərini heç kim göstərmək istəmir. İstərdim ki, filmdə həyatımın bütün rəng spektoru əks olunsun. Axı yaxşı ilə yaman həmişə paraleldir.
- Həyatınızın qaranlıq səhifələrində bizim görmədiyimiz nələr gizlənib?
- Bu barədə çox uzun danışmaq olar, amma bu gün yox.
- Təvəllüdünüzü bilməsəydiniz, özünüzə neçə yaş verərdiniz?
- Şairlərin yaşı olmur, onların ömrü illərlə hesablanmır... Şairlərin yalnız doğum tarixi var. Nizaminin və ya Füzulinin neçə yaşının olması maraqlı məlumat deyil. Şairlər əlinə qələm alıb ilk şeirini yazan andan artıq adını min illik poeziya tarixinə yazdırır. Onların hamısı həmyaşıddır. Özümü həm Nizami, Füzuli, Əliağa Vahid, Səməd Vurğun, Rəsul Rza ilə, həm də yaradıcılığa yeni başlayan biri ilə yaşıd hesab edirəm. Məncə, hamısı cavandır, çünki poeziya qocalar üçün deyil.
- Doğum gününüzdə keçmiş, ya gələcək üçün daha çox darıxırsınız?
- Nə keçmişin xiffətini çəkirəm, nə də gələcəyə tələsirəm. Bu günümü yaşayıram ki, xoş xatirələrlə dolu bir keçmişə çevrilə bilsin və o dünyaya alnıaçıq gedim. Gələcək haqqında çox düşünməyə qorxuram, məşhur filmdə deyildiyi kimi, Allahı güldürmək istəyirsənsə, gələcək planlarından danış. Keçmişin xiffətini çəkmək bədniyyət adamların peşəsidir. Gələcək haqqında çox düşünmək də xəyalpərəstlik əlamətidir. Praqmatik və realist adamam.
- Tanrı niyə vücudumuzla birlikdə ruhumuzu da qocaltmır? Bunun sirri nədir?
- Sirri odur ki, qocalda bilmir. Bəlkə də ruhumuzu cismimizdən daha tez qocaldıb bizdən qopara bilərdi. Bayaq qeyd etdiyim kimi, əsas missiyamız həyatda qalmaqdır. Hamımız həyatın zərbələri ilə daim mücadilədəyik. Həyat bizi qocaldıb gücdən salmağa çalışır, amma biz öz sərhədlərinin keşiyini çəkən sayıq əsgər kimi formada olmalıyıq. Mübarizə silahını əlimizdən yerə qoymamalıyıq! Bu mənada görünür ki, həyat bizdən güclü deyil ki, böyük məmnuniyyətlə məğlub olur.
- Sevilən qadın həm zahirən, həm də daxilən həmişə gənc görünür. Bəs kişiləri gənc saxlayan nədir?
- Gəlin bunu cinslərə ayırmayaq. Qadın və kişi sevgisi ayrı deyil ki. Bütövlükdə dünyanı saxlayan sevgidir. Sonsuz kainat bir-birinə necə bağlanır? Heç bir planet bir-birinə gözəgörünən iplərlə bağlanmayıb. Heç biri öz orbitindən bir sm də kənara çıxmır. Onları saxlayan təbii ki, sevgidir. İnsanları da həyatda gənc saxlayan eşq-məhəbbətdir...
- Həyat sizə yaxşı ilə yamanı bir-birindən ayırmağı öyrədə bilib? Ya sizi hələ də təəccübləndirməyə davam edir?
- Pisniyyətli adamın bircə yaxşı sözünə də bəzən aldana bilirəm, xeyirə, yaxşılığa xidmət edən şairəm. Odur ki, gözümdə hamını yaxşı görmək istəyi bəzən uğursuzluqla nəticələnir. Həyat məni öyrədə bilməyib, yəqin ki, hələ kifayət qədər böyüməmişəm. Nə yaxşı ki, böyüməmişəm, içimdəki uşaqlıq saflığının kiçik bir ərazisini də olsa, qoruyub saxlaya bilmişəm. Aldana-aldana yaşayırıq və deyəsən insan oğlu aldanmağı sevir ki, ondan hasil olan nəticə sayəsində müdrikləşə bilsin. İnsan ömür boyu özündən nağıllar uydurur və özünü həmin nağıllara inandırmağa çalışır. Bilir və dərk edir ki, hardasa bunların hamısı yalandır, amma həyat bunsuz maraqsız, bəlkə də yaşamaq mümkünsüz olar.
- Həyatda yerini doldura bilmədiyiniz boşluq varmı?
- Şeirlərimdə bu mövzü “qırmızı xətt” kimi keçir. “Məndən bir də olmayacaq” şeirini bəzən eqoistlik kimi qiymətləndirirlər. Bu misraları tək mənə aid etmək olmaz, çünki hər kəsin təfəkküründə olan bir düşüncədir. Tanrı Yer üzündə 7 milyard insanı eyni cür yaratmayıb. Odur ki, hər bir insanın qədrini bilin. Bilin ki, ondan bir daha təkrar olmayacaq, bənzəri dünyaya gəlməyəcək. “Məndən bir də olmayacaq” bir çağırışdır, hər hansı bir dostu itirəndə düşünməyin ki, yenisi onun yerini tutacaq. Yaxud da sevdiyiniz insandan ayrılanda düşünməyin ki, yeni bir sevda sizi ovunduracaq.
- Həyat fəlsəfənizi dinləmək maraqlıdır, lakin sizi daha çox yormaq istəmirəm. Odur ki, söhbəti pozitiv notlarla yekunlaşdıraq. Doğum gününüzü adətən necə qeyd edirsiniz? Xüsusi ənənə varmı?
- Ənənənin ən gözəl hissi yeyib-içməkdir. Bu ənənə min illərdir yaşayır. İllər dəyişir, yeni-yeni ənənələr yaranır, amma yeyib-içmək ənənəsi əbədidir. Doğum günü ləziz təamların düzüldüyü süfrə arxasında tamamlanır. Hər an öz oxucularımla ünsiyyətdəyəm. Əlavə məclis düzəldib 200 qonaq çağırmağa ehtiyac görmürəm. Ad günümü evimdə ailəmlə oturub gözəl masa ətrafında qeyd etməyə üstünlük verirəm. Təbrik etmək istəyən də gəlib qapını döyür, masada olan nemətlərdən dadır və məni öpüb gedir. Bundan gözəl ad günü ola bilər?
- Müsahibə üçün təşəkkür edirəm, zəngin və mənalı ömür yaşamağı arzu edirəm.
- Maraqlı suallar üçün çox sağ olun. Böyük məmnuniyyətlə danışdım.
Aytən Məftun
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...