Xüsusi
Məşhur yazıçı o namizədləri TOPA TUTDU: "Utanmırlar, hamısı palatka müğənnilərinin..." - MÜSAHİBƏ
"Biz dünyanın inkişafındakı payımızdan danışmalıyıq. Biz bu bazarın aktyoruna necə çevrilə bilərik? Ölkəmizin hədəflərindən, qanunverici aktlarından, ideallarından, sabahından danışmalıyıq. Qaxın deputatı isə bu gün fəxr edir ki, filmlərdə, tamaşalarda siqaret çəkilməsinə qadağa qoyulmasını parlamentə təklif kimi verib. Birincisi, bunun Qaxa nə kimi aidiyyəti var? Qaxda heç teatr yoxdur. Sən bunu gedib öz seçicinə necə deyirsən? İkincisi, bu cür sənətə, mədəniyyətə zidd olan adam necə deputat ola bilir. “Yeddi oğul istərəm” filminin sonunda hamı ölür, aktyor Həsən Məmmədov üzündə heç bir qələmin ifadə edə bilmədiyi iztirabla oturub siqaret çəkir. Bu səhnəni necə çıxarmaq olar? Bunu ona görə deyirəm ki, ölkənin həyati problemləri dura-dura bizim millət vəkillərimiz belə mənasız işlərə baş aldadır. İşıq da, yol da, qaz da bu qəbildən məsələlərdir. Biz çox daha yüksək mərhələlərdən keçməliydik. Amma bizim namizədlərimiz küçədə asfalt vurulması üstündə mübahisə edir. Camaata qənd-çay paylayanı var. Yuxa salıb halva paylayanı var".
Bu fikirləri Publika.az-a müsahibəsində yazıçı Qan Turalı qeyd edib.
O, 9 fevral növbədənkənar parlament seçkiləri və namizədlərin seçki kampaniyası ilə bağlı sualları cavablandırıb.
“Siyasi proseslər komediya formasındadır”
- Öncəliklə, parlament seçkiləri ilə bağlı ümumi təəssüratınızı öyrənmək istərdik.
- Bu gün ölkədə seçki fəallığı görmürəm. Misal üçün, 2005-ci il seçkiləri ilə müqayisədə indi seçki gərginliyi, polemikaları, mühiti yoxdur. Karl Marks deyir ki, tarixdə hadisələr əvvəl tragediya, sonra isə komediya formasında təkrarlanır. Ağrı ilə deyirəm. Biz komediya mərhələsindəyik. Siyasi rəqabət yoxdur. Ölkədə siyasi əhval-ruhiyyə hiss olunmur. Yayda Türkiyədəki bələdiyyə seçkiləri zamanı orada idim. Bütün şəhər seçki ilə nəfəs alırdı.
“Həyatda özlərini tapmamış insanlar bunu parlamentdə axtarırlar”
- Sizcə, 10 milyonluq əhali üçün 1400-ə yaxın namizədin seçkilərə qatılması kifayət qədərdir?
- Əslində namizədin çoxluğu məsələyə heç bir təsir göstərmir. İki güclü namizəd kifayət edir. Azərbaycana xas olan formada mübarizə bircə Rauf Arifoğlu ilə İqbal Ağazadənin namizəd olduğu dairədə hiss olunur. O da dediyim kimi, bizə xas olan formada. Başqa mübarizə formalarını hələ ki, görmürük. Amma həm iqtidar, həm də müxalifət tərəfindən qəbul olunan intellektual insanlar var ki, bunların seçki prosesinə qoşulmağı ölkəmiz üçün müsbət haldır. Məsələn, Erkin Qədirli, Vasif İsmayıl, Bəxtiyar Hacıyev, Azər Qasımlı, Etibar Əliyev, Nurlana Cəlil kimi yoldaşların adını çəkə bilərəm. Eləcə də təcrübəli deputatlar, Sabir Rüstəmxanlı, Aqil Abbas, Fazil Mustafa, Qənirə xanım... Neçə ildir jurnalistikadayam. Əflatun bəyin seçkiyə qoşulmadığını dünən öyrənmişəm. Dediyim kimi, çox sönük bir proses gedir. Bütün bunlar faciə deyil. Lakin mən burda xüsusi bir məqamı qeyd etmək istəyirəm.
Dünya artıq elə bir dövrdədir ki, başqa şeylər haqqında danışmalıyıq. Seçki prosesində müzakirə olunmamalı mövzular üzərində baş sındırırıq. Namizədlərin platformalarına baxıram. 2005-2010-cu illərdə bu adamların əksəriyyəti namizəd ola bilməzdi. Amma indi olublar. Hazırkı namizədlərin 90 faizi hansı mənəvi, əxlaqi, intellektual potensialı ilə gəlib namizəd olub? “Məscidin qapısı açıqdır, itin insafına nə gəlib” məsəli. Həyatda özlərini tapmamış insanlar, nəyinsə hesabına uğur qazanmaq istəyənlər gəlib namizəd olur. Eqoizm altruizmi üstələyib. Gəlin, bu altruizm sözünün mənasını bir açaq, əminəm ki, namizədlərin çoxu bu sözün mənasın bilmir. Söhbət ondan gedir ki, şəxsi mənafe ictimai mənafeyi üstələyib. Deyir ki, xalqa xidmət etmək istəyirəm. Axı kim inanar sənə? Bu yaxınlarda yazar dostum Seyran İsmayılov Aqşin Yeniseyin 100 kitabını alıb mağazaya qoymuşdu ki, tələbələr ordan kitabı pulsuz əldə edə bilsin. Vallah, bu əməl bu namizədlərin 90 faizinin bütün həyat və yaradıcılığının cəmindən beş dəfə artıq dərəcədə xalqa xidmətdir. Yol üstdəki daşı qırağa atmaq da xalq xidmətdir. Supermarketdə öz növbəni yaşlı qadına vermək də. Bir məlumatı öyrənib insanlarla paylaşmaq da. Bunun üçün mandat lazım deyil axı.
"Ya en iyisi, ya çok kötüsü..."
- Bəs bu namizədlər nə ilə yadda qalır?
- Nazim Hikmətin Mikayıl Rəfiliyə yazdığı məşhur bir şeiri var:
yapılan işin ya çok iyisi yaşıyor bizden sonra,
ya çok kötüsü.
seninki orta halliydi sanırım,
benimki de öyle.
yani, sesimiz bu kubbede kalacak diye
tesellimiz yok.
İndi bizdə də vəziyyət belədir: ya ən yaxşılar yadda qalır, ya da ən pisləri. Ən pisləri isə həddən artıq çoxdur. Bu dəqiqə sosial mediada ancaq pislərdən danışırlar. Biri yazır ki, səs verin, diyarı çiçəkləndirim. Ondansa Yaşıllaşdırma idarəsinə get də, qardaş.
Nəticələri təhlil etmək aldadıcıdır. Gəlin, mahiyyətə nəzər salmağa çalışaq. Parlament nədir? Fransız filosofu Monteskyö hakimiyyətin bölünməsi prinsipini siyasi fəlsəfəyə gətirib. Deyir üç hakimiyyət forması var: Qanunverici, icraedici və məhkəmə hakimiyyəti. Bundan sonra bütün dünya demokratiyaları bu prinsipə əsaslanıb. Daha sonra jurnalistika dördüncü hakimiyyət kimi əlavə olunub.
Parlament qanunverici orqandır. Qanunverici hakimiyyətin missiyası bəllidir. Konstutusiyada çox açıq şəkildə yazılıb. Amma bizim namizədlərə baxırsan ki, bundan xəbərləri yoxdur. Danışdıqları şey isə “burada su yoxdur”, “burada yol yoxdur”, “burada çala var, “burda filankəs sosial yardım almır” janrındadır. Axı bu parlamentin vəzifəsi deyil. İlk növbədə, yerli idarəetmə orqanlarının məsələsidir. Daha böyük problemlər isə mərkəzi icra orqanlarının nazirliklərin səlahiyyətində. Bizdə isə yerli icraedici hakimiyyət öz funksiyalarını həyata keçirə bilmir. Deputat xalqın, ölkənin taleyi ilə bağlı məsələlərlə məşğul olmalıdır. Biri durub misal üçün demir ki, biz Avroatlantika blokuna inteqrasiya etməyək, bizim yolumuz Avrasiya yoludur. Elmə ayrılan vəsaiti heç kim müzakirə etmir. Demirlər ki, bunu artıraq. Ölkədə kitab mağazaları qeybə çəkilib, incəsənət böhran içindədir. Bundan danışan yoxdur. Biri demir ki, alimlərin maaşını yüksəldək. Təhsil məsələsi ilə bağlı problemlər var. Biri demir ki, gəlin, təhsili pulsuz edək. Nə zamansa namizəd olsam, vədlərimin ilk bəndində təhsilin pulsuz olması dayanacaq. Azərbaycan zəngin ölkədir və bunun üçün elə də böyük vəsait tələb olunmur. Hər bir Azərbaycan vətəndaşının sosial mənşəyindən asılı olmayaraq pulsuz ali təhsil almaq hüququ var. Ölkəmizin buna potensialı var. Ölkəmiz bir milyon adama belə pulsuz və keyfiyyətli ali təhsil verməyə qadirdir. Biz bunları müzakirə etməliyik.
“Seçki şüarlarından utanmırlar?”
- Seçki kampaniyasını qapı-qapı gəzmək, hədiyyə paylamaq, “sənin toyuğuna yem atacam”, “sənin odununu doğrayacam” tipində vədlər vermək kimi başa düşən namizədlərin gələcək fəaliyyətini necə təxmin edirsiniz?
- Bu gün “Mersedes” dünyanın ən böyük avtomobil şirkətlərindən biridir. Bildiyiniz kimi, Almaniya şirkətidir, amma Almaniyada olduğu kimi, Avstriyada, ABŞ-da, Türkiyədə də zavodları var. Mersedesdir də, hamı bilir. Amma “Vatsap”ın bazar dəyəri onunkundan çoxdur. Dünya artıq belə bir mərhələyə gəlib çıxıb. Bu gün ABŞ-da ən böyük, ən güclü şirkətlər informasiya kommunikasiya texnologiyaları şirkətləridir: “Mikrosoft”, “Apple”, “Google” və sair. Trilyon dollardan artıq dəyərləri var. Əksəriyyəti əl ilə toxunulan bir nəsnə istehsal etmir. Biz dünyanın bu inkişafındakı payımızdan danışmalıyıq. Biz bu bazarına aktyoruna necə çevrilə bilərik? Ölkəmizin hədəflərindən, qanunverici aktlarından, ideallarından, sabahından danışmalıyıq. Qaxın deputatı isə bu gün fəxr edir ki, filmlərdə, tamaşalarda siqaret çəkilməsinə qadağa qoyulmasını parlamentə təklif kimi verib. Birincisi, bunun Qaxa nə kimi aidiyyəti var? Qaxda heç teatr yoxdur. Sən bunu gedib öz seçicinə necə deyirsən? İkincisi, bu cür sənətə, mədəniyyətə zidd olan adam necə deputat ola bilir. “Yeddi oğul istərəm” filminin sonunda hamı ölür, aktyor Həsən Məmmədov üzündə heç bir qələmin ifadə edə bilmədiyi iztirabla oturub siqaret çəkir. Bu səhnəni necə çıxarmaq olar? Bunu ona görə deyirəm ki, ölkənin həyati problemləri dura-dura bizim millət vəkillərimiz belə mənasız işlərə baş aldadır. İşıq da, yol da, qaz da bu qəbildən məsələlərdir. Biz çox daha yüksək mərhələlərdən keçməliydik. Amma bizim namizədlərimiz küçədə asfalt vurulması üstündə mübahisə edir. Camaata qənd-çay paylayanı var. Yuxa salıb halva paylayanı var.
Əlbəttə, mən başa düşürəm ki, hər insanın namuslu və ləyaqətli yaşamaq hüququ var. O hüquqlardan biri də dizə qədər palçığa batmadan işə gedə bilməkdir. Amma bu, parlamentin məşğul olacağı məsələ deyil. Bu işlərlə müvafiq qurumlar məşğul olmalıdır. Bizim bu seçki kampaniyası prosesinə kənardan baxanda çox arxaik görünür. Bunu bütün namizədlərə aid etmirəm, aralarında həqiqətən səmimi olanları var. Amma mənzərəyi-ümumiyyə faciəvidir.
Dünyanın ən bahalı şirkətlərindən biri olan “Uber”in çox sadə mexanizmi var. Mobil applikasiya vasitəsilə sürücülər və sərnişinlər qeydiyyatdan keçərək taksi xidmətindən istifadə edirlər. Bu şirkət yüz milyardlarla pul qazanır. Olmaz ki, Azərbaycan bu şirkətin xidmətini lap elə inzibati yolla bazardan çıxarsın, özümüzə məxsus yeni sistem yaratsın? Özümüz bu pulu qazanaq. Bu məsələlərin müzakirə olunması əvəzinə üçüncü dünya ölkələri səviyyəsində söhbətlər gedir.
Hər şeyi bir kənara qoyaq, bir ədəbiyyat adamı kimi deyirəm, seçki şüarlarından, posterlərindəki sözlərdən utanmırlar? O nə sözlərdir? Haradan tapırlar o sözləri? Hamısı palatka müğənnilərinin oxuduğu mahnı sözlərinə oxşayır: “Səs verin, səsiniz olum”. Yox, bir “sevgi yoxdur inanmıram, yalandır abi”. Bu ağılla hara gedirik? Heç olmasa, belə elementar şeylərə fikir versinlər.
“Bizdə təməl düzgün qurulmayıb, ona görə də deputatın fəaliyyəti məişət problemlərini həll etməklə məhdudlaşır”
- Ən bəyəndiyiniz seçki şüarı varmı bəs?
- Yeni Azərbaycan Partiyasının şüarı yaxşıdır: “Daha güclü Azərbaycan naminə”. Bir az Donald Trampın şüarını xatırladır. “Amerikanı yenidən güclü edək” idi onun şüarı. Azər Qasımlının video-roliki çox xoşuma gəldi. Sadə, və təsirli idi. Videodan insana bir enerji, səmimiyyət ötürülürdü. O biri namizədlər məhləarası fəaliyyət göstərən çap xidmətlərində poster düzəltdirib çıxarırlar. Azərbaycan yüksək faizdə gənc əhalisi olan ölkələrdən biridir. Amma seçki kampaniyasındakı şəkillərdən belə görünür ki, bu ölkədə ancaq qocalar yaşayır. Cavan adam yoxdur. Harada qoca bir arvad görürlər, qaçıb öpürlər, şəkil çəkdirirlər.
Bizdə təməl düzgün qurulmayıb. Ona görə də deputatın fəaliyyəti məişət problemlərini həll etməklə məhdudlaşır. 1995-ci ildə qəbul olunan konstitusiyamızda proporsional seçki sistemi keçirilməsi nəzərdə tutulmuşdu. 2000-ci illərdə referendumla bunu ləğv edildi. Mojaritar seçki sistemi parlamenti lokal problemlərin həllinə istiqamətləndirir. Amma proporsional sistemdə partiyalar ölkənin taleyi, gələcəyi ilə bağlı düşünməyə və danışmağa, bu barədə ortaya tezislər qoymağa çalışırlar. Bu ölkədəki partiya sistemini də gücləndirir. Qısası, vəziyyətin bu həddə gəlməsində seçki sisteminin də təsiri böyükdür.
“70 yaşlı deputata başa salmaq qeyri-mümkündür ki...”
- Gənclərin parlament seçkilərində iştirakını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, gənclərin seçkilərə qatılması hər bir cəmiyyət üçün vacib faktordur. Çünki elə bayaq söhbət açdığımız İKT yeniliklərini, dövrün tələbatlarını 70 yaşlı deputata başa salmaq mümkün deyil. Ona başa sala bilməzsiniz ki, “Uber” necə işləyir, “Google” necə pul qazanır və sair. Çünki dövr həddən artıq sürətlə dəyişdi. 1300-cü illə 1700-cü il arasında çox-çox az fərq var idi. Amma 1990-cı illərlə 2000-ci illər arasında ondan yüz dəfə çox fərq var. Son islahat siyasətində də gəncləşməyə böyük üstünlük verilir. Bu baxımdan, gənclərin prosesə qoşulması yaxşı addımdır. Amma gənclik məsələsi sırf yaşa baxmamalıdır. Burada potensiala, ləyaqətə və qabiliyyətə üstünlük verilməlidir.
Burada ağrılı bir nüans var: bu gənclər harada yetişəcək? Əlbəttə, ünuversitetlərdə təhsil ala bilərlər. Amma siyasət üçün universitet kifayət deyil. Bunun üçün ictimai təşkilatlar, partiya fəaliyyəti olmalıdır. Axı bizim güclü ictimai təşkilatlarımız, güclü partiyalarımız da yoxdur. İndi baxırsan ki, ömrü boyu heç bir ictimai fəaliyyətlə məşğul olmayan insanlar seçkilərə qoşulur.
“1 manata çay alıb ölkənin xilas yollarından danışırlar, rayon camaatı isə...”
- Elə bu məqama toxunacaqdım ki, namizədlər arasında təqaüdçülərin və işsizlərin sayı heç də az deyil...
- Yəqin bu məntiqlə addım atırlar ki, işsizəm, gedib parlamentdə işə düzəlim (gülüş). Bekarlıqdan irəli gələ bilər. O gün namizədlərdən biri çox alovlu sözlər paylaşıb. Seçicilərini fəal iştiraka səsləyir, sona qədər mübarizə aparacağını deyir. Baxıram ki, statusu 22 saata yaxındır ki, paylaşıb. Cəmi 12 bəyənmə gəlib. Bəyənənlərin də hərəsi bir rayondandır. Bu sosial elektoratla heç qonaqlıq təşkil eləmək olmaz. Nəinki seçki kampaniyası.
Bir məqamı da qeyd etmək istəyirəm. Biz şəhərdə yaşayırıq. Müəyyən bir intellektual-siyasi mühitə düşmüşük. Məsələn, işə gedirik, müəyyən savada, intellektual çəkiyə sahib insanları görürük. Dost mühitimiz də həmçinin. Amma bir də X rayonunun bir kəndinə gedin. Görəcəksiniz ki, oradakı əhalinin dünyadan xəbəri yoxdur. Şəxsi, məişət həyatlarından başqa nəsə düşünmürlər. Burada 3 nəfər kafedə oturub 1 manata çay alıb ölkəni necə xilas etmək haqqında danışırlar. Amma real vəziyyət tamam başqadır. Seçkinin də bir şeyi yaxşıdır ki, gedib yerlərdəki real vəziyyətlə tanış olmaq şansı tapırlar. Qoy ölkənin əsl vəziyyətini görsünlər.
“Y-nin ucqar bir kəndinin məişətində sən yoxsan”
- Parlament formalaşdıqdan sonra şövqlə mübarizəyə qoşulan gənclərdə ruh düşkünlüyü yarana bilərmi?
- Bəxtiyar Vahabzadənin belə misraları var:
...Xəyalla reallıq toqquşan zaman
Faciə yaranır – dəhşət bundadır...
İnsanlar reallıqla üzləşməlidir. Bu ölkədə cəmiyyətin, həyatın reallıqları var. Tarqovıda bir kafedə oturub ölkənin gələcəyi barədə düşünə bilərsən. Amma "X" rayonunun ucqar bir kəndinin məişətində sən yoxsan. Sənin ölkəni xilas planlarının onlara heç bir aidiyyəti yoxdur. Onlar tamam başqa bir aləmdədirlər.
Yerli icra hakimiyyəti strukturlarına niyə bu qədər hüdudsuz səlahiyyət verilir? Niyə bələdiyyələr həddən artıq səlahiyyətsizdir? Qanunların ruhu tələb edir ki, seçilmiş təyin olunandan daha çox səlahiyyətə sahibdir. Prezident nazirdən daha səlahiyyətlidir. Çünki o, xalq tərəfindən seçilir. Amma naziri prezident təyin edir. Bələdiyyə də həmçinin, xalq tərəfindən seçilir. Məntiqi baxımdan da təyin ediləm onu təyin edənə, seçilən də seçənə hesabat verir. Bu mənada icra hakimiyyəti strukturlarının da səlahiyyətlərinin əsas hissəsi bələdiyyələrə verilməlidir.
Düşünürəm ki, parlament idarəetmə üsuluna keçmək bizim üçün daha məqbuldur. Çünki bizim kimi yeni demokratiyaya qovuşmuş ölkələrdə bu üsul daha effektivdir. Türkiyə uzun illərdir parlamentar sistemlə idarə olunurdu və bunun meyvələrini də toplayırdılar.
“Sonra nefti kimə satacağıq?”
- Ümid varmı?
- Nəyə?
- Gələcəyə.
- Yaxşı ki, bunu soruşdun. Mən ölkənin bütün problemləri ilə yanaşı, özümü həqiqi mənada nikbin və ümidli hesab edirəm.
Hər ölkənin ən əsas sərvəti onun xalqıdır. Xalqın mənəvi ruhudur. Almaniyanın iqtisadiyyatı İkinci Dünya Müharibəsindən sonra tamamilə dağılmışdı. Müharibədə 8 milyondan çox vətəndaşını, əsas işçi qüvvəsini itirmişdi. Amma 1960-cı ildə “Alman möcüzəsi”ndən sonra Almaniya dünyanın ən güclü ölkələrindən birinə çevrildi. Almaniya indi Avropanın ən güclü iqtisadiyyatına malikdir. Dünya sıralamasında ABŞ, Çin, Yaponiyadan sonra dördüncü yerdədir. Çünki alman xalqının milli ruhu imkan verdi ki, ölkə yenidən dirçəlsin, ağır borclardan xilas olsun. Buna görə də Almaniyanın əsas sərvəti kömür mədənləri və ya Mersedes yox alman insanıdır. Bu nəhəng iqtisadiyyatı onun zəkası və ruhu yaratmışdır.
Konstitusiyamızın birinci maddəsində deyir ki, hakimiyyət xalqa məxsusdur. Azərbaycan xalqının da mənəvi-intellektual səviyyəsi sağlamdır. Dini fundamentalizmə meyilli deyil. Dövlət özü rəsmi şəkildə multikulturalizm siyasəti yürüdür. Amma bu həm də xalqın seçimidir. Xalqımız elmə meyillidir. Universitetlərdə astronomik təhsil haqları var. Amma insanlar övladlarını oxutmaq üçün əziyyət çəkirlər. İnsanlar anlayır ki, nicat elmdə, maarifdədir.
Amma biz dünyanın aparıcı trendinə çevrilmiş mövzulardan uzaq düşmüşük. Dünya ölkələri startaplara milyonlarla vəsait ayırır. Bizim də dövlətimiz startaplara əhəmiyyət verməlidir. Tanrı bizi çox sevir deyə təbii sərvətlərimizi Azərbaycana bəxş edib. Amma bir müddət sonra onların da dövrü başa çatacaq. Dünya 2050-ci ildə neftdən, 2060-cı ildə təbii qazdan, 2090-cı ildə daş kömürdən imtina edəcək. O zaman biz bunları kimə satacağıq? Bəs onda biz nə edəcəyik? 30 il dövlət üçün sadəcə bir göz qırpımıdır. Dövrün tələbləri ilə ayaqlaşmalıyıq. Uzaqgörənliyimiz yoxdur. Biz dövlət olaraq, cəmiyyət olaraq, bunları müzakirə etməliyik. Bu da deyir ki, səs ver, səsin olum...
Zümrüd Kərimova
Foto: Ceyhun Rəhimov
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI