Xüsusi
Elşad Rəhimov: Bu, ehtiraslı qidadır, ondan yedikdə 6 saat ərzində... - MÜSAHİBƏ
Yuxu aclığınız susmur? Həyat bumbuz soyuq, bomboş puçdur? Bəlkə də bu burulğan kainatın sizə ötürdüyü dirçəliş siqnalıdır. Tanınmış yoq Elşad Rəhimovla söhbətimizi oxuyun, dəyişin, gücünüzə güc, enerjinizə sevgi qatın.
Publika.az Elşad Rəhimovla müsahibəni təqdim edir.
- Elşad, deyim var ki, yoqa özünü mükəmməlləşdirmək deyil, olduğun kimi qəbul etmək sənətidir. Özünüzə nə vaxt əl uzatdınız?
- 2012-ci ildə bədənimdə güclü ağrılar hiss etdim, həm də daxili harmoniyamı itirmişdim. Həmin dövrdə şəxsi biznesim vardı. Mağazalar zənciri işlədirdim, amma özümü bütöv hiss etmirdim. Bir gün qərar verdim ki, yoqayla məşğul olmalıyam. Tədricən ağrılarım azaldı. Daha pozitiv düşünməyə başladım. Dərmanları zibil qabına atdım. Anladım ki, artıq özümlə ünsiyyətim asanlaşıb, bu işlə ciddi məşğul olmaq istəyirəm Müəllimə yaxınlaşıb qərarımı bildirdim.
- Cəmi bir il ərzində bu mümkündür?
- Müəllimim dedi ki, bu addımı atmaq istəyirsənsə, demək keçdiyin həyat yolu, qazandığın təcrübə qərarına imkan verir. Minimal dərs saatlarından başladım. Günbəgün, həftəbəhəftə dərslərin sayını artırdım. Artıq 8 ildir ki, sevimli işimlə məşğulam. Düzü buna iş deməyə də dilim gəlmir. Yoqa mənim həyat tərzimdir.
- Kənardan elə görünür ki, hər dəfə eyni hərəkətlər təkrarlanır.
- Əslində isə hər məşqdən sonra bədən əzələləri bir az da rahatlaşır, açılır. Yüngülləşirsən. Hər şey yenidən başlayır, yeni pozalar, nəfəs texnikaları formalaşır. Hər gün daha dərinə baş vurursan. Məsələn şpaqat pozasına gedən yol heç də asan deyil. Unutmayın ki, bu halda eyni proses, özünüdərk şüurunuzda da baş verir. Zehnin ən dərin qaranlıqları işıqlanır.
- Çoxumuz üçün yoqa sadəcə idman növüdür.
- Doğrudur, bəziləri yoqanı fitneslə qarışdırır. Hətta arıqlamaq, ağrılardan qurtulmaq üçün gələnlər lap çoxdur. Həmişə deyirəm ki, yoqanın yeganə əks təsiri gözəllik və sağlamlıqdır.
- Çox müdrik deyimdir.
- Özünüz düşünün, bir halda ki, qocalıq prosesi ləngiyir, dəri elastikləşir, düşüncələr qar kimi təmizlənir, həyata baxış bucağınız gülümsəyir… İnsana xoşbəxtlik üçün daha nə lazımdır?!
- Həyatdan küskün, problem batağında üzən biri yanınıza gəlir. Onu yer üzünün nirvanasına necə çatdırırsınız?
- Əsas odur ki, mənim köməyimi istədiyinə əmin olsun. Yoqadan möcüzə gözləməsin. Həyatımız da belədir. Gözləntilər, ümidlər insana ziyan vurur. Səhhəti, vərdişləri ilə maraqlanıram və deyirəm ki, sadəcə məşqlərə gəl. İntizam vacibdir. Hər dəfə bədəni ilə daha yaxından tanış olur, fərqinə varır. İnsanın ən zəruri keyfiyyəti fərqindəlikdir. Etiraf edək ki, bəziləri ömür boyu gözü qapalı yaşayır. Bir də çalışıram, hərəkətləri yerinə yetirərkən düzəliş verməyim. Yox bunu yanlış etdin, deməyim. Özü mənə sual ünvanlayanadək gözləyirəm.
- Bu isə mütləq baş verir…
- Təbii… Bir məqam gəlir ki, o öyrənmək istədiyinin fərqinə varır. Həyatın qanunu da budur. Tələbə müəllimini özü tapmaldır. Ondan öyrənmək istədiyini dərk etməlidir. Yoqa trend, dəb deyil. Həyat yoludur. İnam və istək lazımdır.
- Və xoşbəxtlik bizi tapacaq?
- Ruhunuz sakitləşəcək.
- Xoşbəxtsiniz?
- İnsan heç vaxt bütün nəfəsi ilə xoşbəxt olmur. Amma daimi yoqa ilə məşğul olduğum üçün kədərə işıq ucu qoymuram. Bəzən hava dəyişəndə, yaxud digər problemlərə görə üzülə bilərəm. Axı mən də insanam. Amma tutaq ki, başqalarının bir ilə dəf edəcəyi dərdi, kədəri, mən daha tez qovuram. Adi misal çəkim. Əvvəllər tıxacda olanda içimə əsəb dolurdu. Sonra gün ərzində o neqativi hər rastlaşdığım insana bulaşdırırdım. İndi isə tıxaca düşən kimi beynimə mənfi fikir gəlir. Onu elə idarə edirəm ki, müsbət enerjiyə çevrilsin. Yoqada təcrübəniz artdıqca bu problemlər də get-gedə sizin üçün adiləşir və həyatınızdan gen durur. Elə bir məqam yetişir ki, əvvəllər üzüldüyünüz böyük dərdlər gözünüzdə kiçilib əhəmiyyətsizləşir. Çünki bədəniniz çiçəklərlə dolub.
- Bədənimizə güllər əkmək üçün qidamıza da fikir verməliyik…
- Qısa izahat verəcəyəm. Yoqada qida ilə bağlı terminlər var. Yüngül qida, ağır qida, ehtiraslı qida. Yoqlar əsasən yüngül qidaya üstünlük verirlər.
- Qidanın ehtiraslısı maraqlı səslənir.
- Məsələn, kofe ehtiraslı qidadır. Asılılıq yaradır. Ağır qidaya isə dünəndən qalan, tərkibində kimyəvi maddələr olanlar aiddir. Daha çox tərəvəz yeyin. Unutmayın ki, nə yeyirsinizsə, ona çevrilirsiniz.
- Vegetarian olmaq vacibdir?
- Belə qanun yoxdur. Amma dediyim kimi yoqa dünyasına ayaq basandan sonra orqanizminizlə elə doğmalaşırsınız ki, hansı yeməkdən sonra ağırlaşdığınızı, aqressivləşdiyinizi hiss edirsiniz. Ət bədəndə 6 saat ərzində həzm olunur. Orqanizmin bütün enerjisi bu prosesə gedəndə fiziki aktivliyiniz də aşağı düşür. Həyatınız kütləşir. Daim yatmaq istəyirsiniz. Yüngül qidadan sonra isə bədənin ehtiyatda olan enerjisini yaradıcılığa, idmana, insanlara kömək etməyə xərcləyə bilirsiniz. Yoqada əsas qida düzgün nəfəs almaq, su, yuxu və yeməkdir.
- Belə çıxır ki, yanlış nəfəs alırıq?
- Yoqanın birinci vəzifəsi nəfəsi tənzimləməkdir. Öncə diafraqma əzələlərinin fəaliyyəti yaxşılaşır. Ciyər açılır. Əsas məsələ harada nəfəs almaq deyil, necə nəfəs almaqdır.
- Bəs yuxumuzun müddəti?
- Axşam 10-da yatmaq sağlamlığınıza daha gözəl təsir edir. Gün çıxmadan oyanmaq isə təbiətin enerjisini şirə kimi bədəninizə çəkmək deməkdir. Fikir verin ki, bu halda zərərli vərdişlərdən də qurtulursunuz. Yoqa insanın cəmiyyətdəki davranışını tənzimləyir. Bədəni həm fiziki, həm də mənəvi cəhətdən zibilləməməyi öyrədir. Həmçinin həyat enerjisinin düzgün istifadə olunmasını aşılayır. Yəni Günəş və Ay enerjisini birləşdirməyi bacarırıq. Ağlımızın idarəsinə, meditasiyaya nail oluruq.
- Ola bilməz ki, yoqa yer üzündə yaşayan hər kəsə tövsiyə edilsin…
- Niyə ki?! Tənbəl adamlar yoqadan uzaq dursalar yaxşıdır.
- İronik cavab oldu.
- Bilirsiniz ki, hətta yataq şəraitində tərpənmədən də yoqa ilə məşğul olub şəfa tapmaq tam mümkündür? Tarixdə belə insanlar çox olub. Onurğa sütunu zədə alandan sonra yataq xəstəsinə çevriliblər. Yalnız və yalnız şüurun gücü, yoqa təcrübəsi sayəsində yenidən ayağa qalxıblar.
- Bu ki, möcüzədir.
- Bu düşüncələrimizin enerjisinin düzgün yönəldilməsidir. Codi Spenza adlı məşhur yoq var. O, bu haqda çox maraqlı kitab yazıb. Cəmi 4 həftə ərzində şüuru sayəsində yataqdan qalxıb. Ümumiyyətlə, insanın ən güclü aləti ağıldır. Fikrin hansı istiqamətə yönəlibsə, enerjin də ora axır. Niyyətin hara, mənzilin ora. Hər gün, hər dəqiqə pozitiv düşünsəniz, həyatınız da o məcra ilə axacaq. Arzulamağı öyrənin. Hətta diləklərinizi birbaşa kainata göndərin. Tam ürəkdən deyin ki, mən real olaraq bu arzuma çatacağam. Bütün dünya bu arzunuz yolunda səfərbər olacaq.
- Sehrli kəlmələrinizdən bizə də öyrədin.
- Heç vaxt demirəm ki, acından, yorğunluqdan ölürəm. Deyirəm, bir az dincəlməliyəm. Dincəlmək başqadır, ölmək tam başqa. Yaxud soruşurlar, niyə əhvalın yoxdur. Deyirəm əhvalım yaxşıdır, sadəcə enerjimi bərpa etməliyəm. Fikir verin, uşaqlar daim xoşbəxtdir. Çünki, enerjiləri boldur. Meqapolislərdə yaşayan insanlar isə çox vaxt halsız olur. Çünki hətta küçədə yanan işıqlar yuxu müddətinə mane olur.
- Deyirlər, yoqlar mütləq incəsənətdə tapırlar özlərini…
- Baxın, hamımızın enerjisi eynidir. Seksual enerji… Onu toplayıb, hara gəldi sərf etməsək, ən yuxarı çakrada toplanıb mərhəmətə, ali duyğuya çevrilir. İncəsənət də bu duyğudan doğulur.
- Sizdəki təzahür şəkli maraqlıdır mənə…
- Mən daha çox şeir söyləməyi sevirəm. Mahnı oxuyuram. Bir də bağçılıqla məşğulam. Ağac, çiçək əkəndə özümü çox xoşbəxt hiss edirəm.
- Sosial hesablarınızdan izlədiyim qədərilə yoqa həyatınızı səyahətlə rəngləndirib…
- Yoqa ilə tanışlığa qədər həddən artıq işgüzar və boz həyatım vardı. Səfərə çıxmırdım. Şəxsi həyatımı, -özümü ikinci plana atmışdım. Sonra bir gün Hindistana üz tutdum. Və həyatım büsbütün dəyişdi….
(ardı var)
Leyla Sarabi,
Foto: Pərviz Həşimi
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq22 Noyabr 20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?