Əfsanəvi səfir Ginüt: Bütün bu xırdalıqları Bakıda kəşf etdim, düz 45 dəqiqə... - ÖZƏL
Bizi izləyin

Xüsusi

Əfsanəvi səfir Ginüt: Bütün bu xırdalıqları Bakıda kəşf etdim, düz 45 dəqiqə... - ÖZƏL

Azərbaycanın təbliğində, mədəniyyətinin dünyaya tanıdılmasında ən çox xidmətləri olan əcnəbi diplomatlar siyahısında bəlkə də birincisi Jan Pyer Ginütdür (Jean-Pierre Guinhut).

Cənab Ginüt Azərbaycanda çalışdığı illər ərzində nəinki musiqimizi, dilimizi sevib-sevdirib, eləcə də onlarla tələbənin təhsilində əlindən gələni edib.

Publika.az-ın özəl müsahibi 1996-2001-ci illər ərzində Fransanın Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Jan Pyer Ginütdür.

- Cənab Ginüt, peşəkar diplomat olmaqdan əlavə, Şərq mədəniyyətini və ədəbiyyatını da çox sevirsiniz. Bildiyimə görə bu sevgi sizi ərəb, fars, azərbaycan və türk dillərini mükəmməl öyrənməyə vadar etdi...

- Haqlısınız. Bütün karyeram boyu özümü rahat və xoşbəxt hiss etdiyim ən gözəl ölkə Azərbaycan olub. Xüsusən də mənim kimi fars, ərəb və türkşünas üçün bu üç mədəniyyətin kəsişdiyi, İran, Osmanlı, Rus imperiyaları ilə həmsərhəd olan ölkədə yaşamağımı şans saya bilərəm. Söhbətimin bu hissəsinə bütün həssaslığımla davam edəcəm. Bilirəm ki, bu rəngarəngliyə sahib olanadək həm millət, həm də ölkə çox çətin yollardan keçib. Müharibələr, çevrilişlər... Asan deyil. Bütün bu xırdalıqları da Bakıda yaşayanda kəşf etdim. Bunun üçün də taleyimdən çox razıyam.

- Azərbaycanda işlədiyiniz müddətdə musiqimizin, muğamımızın və ədəbiyyatımızın təbliğində əvəzsiz işlər görmüsünüz. Bildiyimə görə səfirliyin iqamətgahında ədəbiyyat, muğam məclisləri təşkil edirdiniz. O vaxtlara qayıdaq?

- Sovet İttifaqı yenicə dağılmışdı. Ölkəniz haqda az məlumatlıydıq. Xoşbəxtlikdən Baninin əsərləri sayəsində Azərbaycan, Bakı haqda müəyyən qədər bilgi əldə etmişdim. Mənim üçün Banin Avropa mədəniyyətinə inteqrasiya etmiş ən yaradıcı yazıçılardandır. “Qafqaz günləri” əsərində belə cümlə var: “Nənəm dedi, uşaqlar, bu xalçanın üstündə gəzməyi sizə qadağan edirəm. Xalçanın üzərində qırmızı və göy naxışlar vardı.” Baninin əsərini oxuyandan sonra Qarabağ, Şirvan xalçalarının mənəvi və maddi dəyərini anladım. Lirik sənət növü ilə isə Parisdə Alim Qasımov vasitəsilə tanış oldum. Hesab edirəm ki, Alim Qasımov müstəqil Azərbaycanın əfsanəvi səfiridir. Parisin məşhur konsert salonlarından birində Alim Qasımov düz 45 dəqiqə çıxış etdi. Bu improvizələr musiqinin azadlığı, bitməyən sonsuz zövq idi. Hamı dərin maraqla onu dinləyirdi. Gəlin, etiraf edək ki, bu möcüzəni, bu sıx mədəni əlaqələri heç bir səfir, diplomat qura bilməzdi.

- 1975-ci ildən bəri Fransanın Şərq ölkələrindəki səfirliklərində müxtəlif vəzifələrdə çalışmısınız. İran İslam Respublikasında səfir işlədiyiniz dövrdə İran-İraq müharibəsi başlamışdı. Başqa hansı tarixi məqamların şahidi olmusunuz?

- Ancaq gözəl mövzulardan danışacam sizə. İran İslam Respublikasının paytaxtı Tehranda xidmətə başlamışdım. Orada yaşadığm dövrdə də bir sıra möcüzələrə şahidlik etdim. Məsələn əfsanəvi Rəşid Behbudovun sənəti ilə yaxından tanış oldum. Qəribəsi odur ki, bu əsrarəngiz səs həm rusca, həm türkcə, həm də farsca eyni dərəcədə möhtəşəmdir. Fars musiqisinin zənginliyindən də mütləq danışmaq lazımdır. Hər dəfə muğam yığıncaqlarına toplaşanda bir-birindən fərqli, sehrli avazlar eşidirdim. İndi düşünəcəksiniz ki, niyə musiqdən daha çox danışıram.

- Əksinə. Bu günlərdə işıqlı mövzulara ehtiyacımız var.

- Bilirsiniz, mənə görə musiqidə dil, coğrafi və zaman sərhədləri yoxdur. Çünki musiqi insanın bütün duyğularını üzə çıxarır. Dünyaya sülh yayır. Odur ki, vəzifədə olduğum illər ərzində həm Tehranda, həm Bakıda, həm də Kabildə ətrafıma musiqisevərləri toplayırdım. Hər üç məmləkətin ən məşhur musiqiçiləri və xanəndələrinin iştirakı ilə muğam gecələri təşkil edirdik. Hətta ətrafımızdakı küsülülər də eyni musiqini və xanəndənin ifasını sevirdi. Demək musiqidən güclü siyasət də yoxdur. Musiqi sayəsində Alim və Mansurov qardaşları kimi əvəzsiz dostlar qazandım. Avropa və Azərbaycan klassik musiqisinin ustad ifaçıları Fərhad Bədəlbəyli və tələbəsi Murad Hüseynovu tanıdım. Özü də tanışlığımız bir zamanlar Rotşild qardaşlarına məxsus mülk olmuş Azərbaycan Dövlət İncəsənət Muzeyində (indiki Milli İncəsənət Muzeyi) baş tutdu. Muzeydə Fransa mədəniyyəti günləri keçirilirdi. Bütün fransızlar pianoçuların ifalarına heyran qalmışdılar.

- Cənab Ginüt, bildiyimə görə hələ o vaxtlar sırf sizin təşəbbüsünüzlə Azərbaycan muğam triosu fəaliyyətə başlamışdı.

- İllər sonra “Şirvan triosu” qrupuna da minnətdarlığımı bildirmək istərdim. 3 gənc musiqiçidən ibarət bu trio səfir kimi çalışdığım illərdə məni və qonaqlarımı musiqi bağçalarına qonaq edirdi. Digər diplomatlarla görüşlərim, xarici ölkələrdən gələn qonaqlarım üçün təşkil etdiyim ziyafətlərim onlarsız keçməzdi. Sonralar “Şirvan triosu”nun Nyu-Yorkda çıxış etməsi üçün təşkilatçılığını etdim. Əfqanıstanda da çalışdığım müddət boyu mənimlə oldular. 25 illik müharibə şəraitindən sonra əfqan xalqı dinclik, musiqi üçün darıxmışdı. “Şirvan triosu” həm Azərbaycanı layiqli təmsil edir, həm də müxtəlif festivallara qatılırdı. Xatırladığım ilk festival İmam Əlinin şərəfinə tikilmiş mavi fosforlu məsciddə baş tutdu. Novruz bayramı qeyd olunurdu. Azərbaycanın triosu da əfqan milli geyimində çıxış edirdi. Bu əfqanlar üçün çox gözəl sürpriz və ömürlük xatirəyə çevrildi. Ümumiyyətlə Əfqanıstana yollanandan sonra da Azərbaycanla aramda olan mənəvi bağ qırılmadı. Fransanın Əfqanıstandakı səlahiyyətli səfiri kimi çalışdığım dövrdə Bakı-Kabil hava reysinin fəaliyyətə başlamasına nail oldum. Bu təşəbbüs ən çox da iş adamları, diplomatların ürəyincə oldu. Artıq ezamiyyətə gedəndə, birbaşa reysdən istifadə edirdilər.

- Cənab Ginüt, yəqin virus həyəcanı sizdən də yan keçməyib.

- Leyla xanım əfəndi, bilirsiniz ki, dünyamız gözəgörünməz düşmənlə mübarizə aparır. İnsanların qəlbinə qorxu və narahatlıq hakim kəsilib. İnanıram ki, musiqi və ümidimiz sayəsində tezliklə qələbə çalacağıq.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm