11 mayda məktəblər açılacaq - Fransada yaşayan azərbaycanlı alimlə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

11 mayda məktəblər açılacaq - Fransada yaşayan azərbaycanlı alimlə MÜSAHİBƏ

Dünyanın koronavirus təhlükəsi ilə mübarizə apardığı bu günlərdə vətənə geri dönə bilməyən tələbələrimizin durumu ikiqat həssasdır. Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova ilə Fransada yaşayan tələbələrimizin hazırkı vəziyyətindən və başlatdığı yardım kampaniyasından danışdıq.

Publika.az-ın müsahibi Fransada yaşayıb fəaliyyət göstərən gənc alim, Azərbaycan elmi diasporunun təşəbbüskarı Günel Səfərovadır.

- Günel xanım, Fransadan koronavirusla bağlı ümidli xəbərlər gözləməyə dəyər?

- Təbii ki, müəyyən mənada durğunluq yaşanır. Əvvəllər xəstəxanalarda qeydə alınanların və dünyasını dəyişənlərin sayı getdikcə artırdı. İndi isə rəqəmlər 1000-dən aşağıdır. Əslində bu özü də kədərli haldır, lakin artıq işıq ucu görünür. Səbəb isə yəqin ki, gücləndirilmiş özünütəcrid rejimidir. Bildiyiniz kimi, iznsiz küçəyə çıxanları yüksək məbləğdə cərimə, bəzi hallarda isə həbs cəzası gözləyir. Amma xüsusi peyvənd və ya müalicə metodu yoxdur. Laboratoriyada çalışan mütəxəssis tanışımın da dediyi kimi may ayının sonunadək konkret nəticə əldə etmək ehtimalı var. Bir də hər kəs ümidini Avropa İttifaqının başlatdığı tibbi sınaq araşdırmasına bağlayıb. Bu sınaq 3000-dən çox Avropa sakini üzərində gerçəkləşdirilir ki, onun da 800 nəfəri fransızdır. Araşdırma çərçivəsində xəstələr üzərində bir neçə müalicə üsulu sınanacaq. Ümid edirik, onlar bir nəticə əldə edə biləcəklər. İstənilən halda güman olunur ki, 11 may tarixindən bir sıra yaş həddindən olan siniflər açılacaq. Əslində virusdan tam qorunmağın yolu maksimum dərəcədə özünütəcrid şəraitində qalmaqdır. Lakin həyat davam edir. Hələlik belə bir fərziyyələr var ki, karantin müddətindən sonra da koronavirusa yoluxanlar ya ev şəraitində özünü təcrid edərək müalicə olunacaq, yaxud da xəstələr üçün nəzərdə tutulan xüsusi hotellərdə qalacaqlar. Amma hələlik konkret dövlət proqramı hazırlanmayıb.

- Yaratdığınız elmi diaspor təşkilatı ölkəmizin nəinki Fransada, eləcə də bütün dünyada ciddi şəkildə təbliğinə təkan verir. Həmçinin bu çətin günlərdə Fransada oxuyan tələbələrimizə dəstəyinizi əsirgəmirsiniz. Bu haqda danışın, lütfən.

- Hələ elmi işimi yazmağa başlayanda, Fransada yaşayıb çalışan elmi işçiləri, tələbələri bir yerə toplamaq qərarına gəldim. Ümumiyyətlə Fransada fəaliyyət göstərən güclü xarici təşkilat və assosiasiyaların rəhbərləri xüsusi pozisiyası, söz gücü olan insanlardır. Bunu hər yerdə deyirəm ki, elmin qarşısında hər şey öz gücünü itirir. Biz də ötən il bir yerə toplaşdıq. Çox qürur duyduğum həmvətənlərimizlə tanış olduq. Gördüm ki, hamı bu məsələyə pozitiv yanaşır. Aprel ayında hüquqi məsələləri də həll edib, rəsmi olaraq qeydiyyatdan keçdik. Əslində maliyyə tapandan sonra bir neçə doktorantın aylıq maddi ehtiyaclarını ödəməyi nəzərdə tutmuşduq. Lakin mövcud durum daha aktual məsələləri göz önünə gətirdi. Təşkilatımızın iki üzvü Elmar bəy və Şəbnəm xanımın təşəbbüsü ilə hazırda karantin dövründə ağır maddi durumda olan tələbələrimizin minimal xərclərini ödəməyi qarşımıza məqsəd qoyduq. Getdikcə müraciət edən tələbələrin sayı artmağa başladı. Bu isə bizim maddi imkanlarımızı aşan məbləğdir. Bir sıra dövlət qurumlarına müraciət etdik. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yardımını əsirgəmədi. YUNESKO yanındakı nümayəndəliyimizin əməkdaşları öz hesablarından maddi dəstək göstərdilər. Lap çətin durumda olan tələbələrimizə ərzaq pulu verildi. Lakin hələ də tələbələrimizin güzəranı naminə böyük məbləğə ehtiyac duyuruq.

- Bu yardım Fransanın konkret ərazisində yaşayan tələbələrimizə şamil olunur?

- Xeyr. Fransanın istənilən şəhərlərindən olan tələbələrlə telefon əlaqəsi saxlayırıq. Hətta mən ilk dəfə bu təşəbbüsə başlayanda, maddi yardımdan öncə mənəvi dəstək barədə düşünmüşdüm. Yataqxanada yaşayanlar var. Gün ərzində 9, 13, 20 kvm ölçülü otaqlarda qalmaq məcburiyyətindədirlər. Bu isə insanın əhvalına çox mənfi təsir edir. Bəzən evə dəvət edirdim ki, darıxmasınlar. Getdikcə məlum oldu ki, hər iki yöndən köməyə ehtiyacları var. Doğrudur, əhalinin yaşayış səviyyəsini nəzərə alıb, yardım göstərən qurumlar var. Lakin Fransa hökuməti özü də son hadisələrə hazırlıqlı deyildi. Odur ki, sənədlər, maddi yardım mövzusunda çaşqınlıq yarandı. Təbii ki, ailəsi ilə birgə Fransada yaşayan tələbələrin durumu daha ürəkaçandır. Həmçinin onu da deyim ki, bir sıra tələbə assosiasiyası ehtiyacı olanlara ərzaqlardan ibarət sovqat paylayırdı. Əsas tələb həmin birliyin saytına daxil olub, qeydiyyatdan keçmək idi. Sadəcə prosedurdan xəbərdar olmaq lazım idi. Ən azı bu məlumatları tələbələrə yollamağa başladım. Bir də başlıca narahatlığımız onların sağlıq durumudur. Belə ki, bir neçə tələbəmiz koronavirusa yüngül şəkildə yoluxdu. Lakin qürurlarından heç kimə bildirmədilər. Şükür ki, mətinliklə, həkim yardımı və türkəçarələrlə sağaldılar. Bəzilərinin digər problemləri də üzə çıxmağa başladı. Çoxu burada yarım günlük sistemdə çalışırdı, dərsdən sonra dayəlik edirdi. İndi bütün iş yerləri bağlanıb. Artıq valideynlər evdə övladlarına baxırlar. Bir sıra çətinliklər var. Düşünürəm ki, sınandığımız bu günlərdə birlik nümayiş etdirib, vətənimizin gələcəyi olan tələbələrimizi qorumaq üçün əlimizdən gələni etməliyik.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm