Faşist ordusunun törətdiyi vəhşilikləri paylaşanda çoxu məndən incidi - Fransada yaşayan azərbaycanlı ilə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Faşist ordusunun törətdiyi vəhşilikləri paylaşanda çoxu məndən incidi - Fransada yaşayan azərbaycanlı ilə MÜSAHİBƏ

Liliya Stepanovanın məhəbbət, kədər, möcüzə dolu həyat hekayəsini yayımlayandan sonra Fransada yaşayan yeganə qızı Yulya ilə də həmsöhbət olduq.

Publika.az-ın izləyiciləri isə Liliyanın gündəliyini buradan oxuya bilərlər.

- Əziz Yulya, ananızın əsrlər sonra da istiliyini itirməyəcək gündəliyini mənimlə bölüşdüyünüz üçün təşəkkür edirəm. Bir az onun haqqında danışın lütfən...

- Əslində mən sizə sonsuz təşəkkür borcluyam. Ailəmizin dəyərli tarixçəsinə maraq göstərməyiniz məni çox duyğulandırdı. Gündəlikdə valideynlərinin qəhrəmanlıq dastanını nəql edən anam Liliya Stepanovadır. Anam danışardı ki, valideynləri son nəfəslərinədək Azərbaycanı doğma vətənləri hesab ediblər. Başqa cür ola da bilməzdi. Çünki Azərbaycanda doğulmuşdular, böyümüşdülər, sevmişdilər, ailə olmağı, insan olmağı öyrənmişdilər. Anam ötən il dünyasını dəyişdi, amma valideynlərinin doğma hekayəsini Vətənində də yaymaq istəyirdi. Onun son arzusunu yerinə yetirdiyiniz üçün sağ olun. Demək, Mələk heç kimi yarı yolda qoymur.

- Mən bunu böyük zövqlə etdim, əzizim. Oxuyaraq özüm də insanlıq dərsi aldım. Nənənizlə babanızın evini xatırlayırsınız?

- Əlbəttə. Nənəmgilin Montin adlanan ərazidə evləri vardı. Bağçalarında çoxlu güllər əkmişdi. Mən də o güllərlə birgə böyümüşəm. 3-cü sinifə qədər Bakıda yaşamışam. Sonra isə ailəmiz Rusiyaya köçdü. Məktəbi bitirəndən sonra ali təhsil almaq üçün Fransaya köçdüm. Həyatımın son 25 ilini Fransada yaşayıram. Lakin buna baxmayaraq özümüzü azərbaycanlı hesab edirik. Azərbaycan mənim əbədi vətənimdir.

- Bu 25 il ərzində vətənimizə gəlmisiniz?

- Təəssüf ki, yox. Burada psixoloq ixtisası üzrə təhsil alandan sonra fransızla ailə qurdum. Övladlarım da fransız sayılır. Bu müddət ərzində yetkinlik yaşına çatmalarını gözlədim ki, mənim ölkəmə gələndə daha dərin təəssüratları formalaşsın. Paradoksal məqam var. Biz yarı rus, yarı alman olsaq da, həmişə fəxrlə “azərbaycanlıyam” demişik. İstəyirəm ki, Azərbaycanın, xalqımın gözəlliyini, rəngarəng mədəniyyətini müdrik beyinlə dərk etsinlər. Əminəm ki, Bakı da bizim bir parçamızı xatirinə yazıb. Nənəm, babam, atamla anamın tanışlıq məqamı doğma şəhərimin yadındadır. Övladlarımı anamın gündəliyində bəhs etdiyi Opera və Balet Teatrına da aparacam. (kövrəlir)

Bütün gözəl xatirələrimiz Bakıdan ibarətdir. Hətta valideynlərimin bir-birinə yenicə aşiq olduqları dövr, Müslüm Maqomayevin mahnılarının müşayiəti ilə rəqsləri də sanki dünən baş verib. Elə bilirəm ki, Bakıya gələndə həmin gözəl günlər də məni qarşılayacaq. Anamın ölümündən sonra atam tək qaldı. Hazırda Rusiyada yaşayır. Amma biz hamımız rus yox qafqazlıyıq, bakılıyıq. Atam ancaq Azərbaycan və türk televiziya kanallarını izləyir. Mənim cəmi bir müqəddəs bayrağım var. O da Vətənim Azərbaycanın bayrağıdır. Bütün beynəlxalq tədbirlərə bayrağımı qürurla aparıram.

- Fransada yaşayan dostlarım bütün tədbirlərimizə qatıldığınızı deyiblər mənə...

- Mənim ən təbii borcumdur. Bizim evdə ancaq milli mətbəximizin yeməkləri bişir. Xüsusi qeyd etmək istəyirəm ki, fransızlar dolmamızı, qutabımızı, paxlavamızı çox sevirlər. Qonaqlarım gələndə, bişirdiyim yeməklərin, şirniyyatların tarixini danışıram. Hətta gəlməzdən öncə deyirlər ki, milli yeməklərinizi hazırlayacaqsan eləmi? Deyirəm, mütləq. Bəzi tanışlarım düşünür ki, borşdan başqa heç nə hazırlaya bilmirəm. Evə girib, süfrədəki plovu, dolmanı görəndə heyrətlənirlər. Çox gülməli durum ortaya çıxır. Ümumiyyətlə Fransaya gəldiyim gündən Azərbaycanın təbliğatı ilə məşğulam. Bununla fəxr edirəm.

- Əziz Yulya, ananızın gündəliyini bir sıra fransız bloqunda yayımlamaq istəsəniz də fikrinizdən daşınmısınız. Səbəb nə idi?

- Bildiyiniz kimi nənəm alman idi. Bu gün Avropanın müxtəlif ölkələrində yaşayan alman qohumlarımız var. Özü də çoxu yaşlı insanlardır. Mən gündəliyi paylaşanda narahat oldular. Bu, faşist ordusunun törətdiyi vəhşiliklərdən doğan utanc hissidir. Çoxunun halı pisləşdi, məndən incidilər. Onları ahıl yaşda üzməmək üçün fikrimdən döndüm. Anam 10 il ağır xəstəliklə mübarizədən sonra vəfat etdi. Çox qorxurdu ki, həyat hekayəsini yazıya çevirmədən dünyadan köçər. Şükür edirəm ki, son arzusu yerinə yetdi. Bunun üçün sizə və Mələyimizə minnətdaram.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm