Xüsusi
Bu qurtuluşun adı Şuşaya birinci ayaq basan əsgərin ağzından çıxan ilk söz olmalıdır - MÜSAHİBƏ
İlham Əliyevə siyasət və tarix elmi daha doğru qiymət verəcək.
Bu sözləri Publika.az-a müsahibəsində şair-yazıçı Aqşin Yenisey deyib.
Yazıçı ilə müsahibəni təqdim edirik.
- Tovuz hadisələrindən sonra müharibənin dərin mahiyyəti və zəruriliyi barədə geniş müsahibə vermişdiniz. Bu fikirlərdən qısa müddət sonra cəbhədə döyüşlər başladı. Aqşin bəy, döyüşlərin belə tezliklə başlayacağını gözləyirdiniz? Maraqlıdır, indiki situasiyanı yetişdirən səbəb nə oldu?
- Müharibə haqqında yazdığım və danışdığım bütün fikirlər tarixə və ədəbiyyata əsaslanır. O tarixə və ədəbiyyata ki, Homerdən tutmuş Kutzeeyə, “İsgəndərnamə”dən “Əli və Nino”ya qədər müharibə və onun xatirələrindən bəhs olunur; reallığın soyuq başla mənəvi irsə çevrilməsindən. Müharibəni ədalətsizlik adlandırmaq məqsədli və maaşlı düşüncədir, zəiflər üçün sui-qəsdçi düşüncədir. Bismark tarixi “dəmir və qan”ın qarışığı kimi görürdü. Tarix ədalətli müharibələrin fərəhi ilə süslənib. Bir hekayəmdə də yazmışam, müharibə insanın ölümdən deyil, ölümün insandan qorxduğu yeganə gerçəklidir. Dostoyevski yazırdı ki, sülh zamanı insanlar mənəviyyatsızlaşır. Ədalətli müharibə mənəvi üsyandır. Tarixdə olduğu kimi, sənətdə, ədəbiyyatda da sülh fasilələri olur, bu zaman humanitar fikirlər gələcəyi həmişə bir ehtimal kimi nəzərdən keçirir. Qarabağ probleminə gəlincə, Azərbaycan ərazilərini fürsət yarandıqca işğal etmək bir erməni strategiyası kimi nəzərdən keçirilməlidir. Buna, sadəcə, ötəri siyasi münaqişə kimi yanaşmaq milli cahilliyimiz olardı. Potyomkindən, Qriboyedovdan üzü bu yana iki əsrdən çoxdur ki, ermənilər hansı yollardan istifadə etmələrinə baxmayaraq, hissə-hissə Azərbaycan torpaqlarına yerləşirlər. Zəngəzurdan sonra Şuşaya soxuldular, Tovuzu da işğal etsəydilər arxasınca Gəncəyə cumacaqdılar, Gəncədən sonra Kürdəmirə... Axırda biz məşhur karikaturadakı təhkimli rus kəndlisi kimi Bakıda tək ayaq üstə yaşayacaq qədər bir vətənə sahib olacaqdıq. Ermənilərin bu işğal strategiyasını və bu strategiyaya cibxərcliyi müqabilində xidmət edən milli humanist ünsürləri bütün cəbhələrdə darmadağın etməyincə, təhlükə tarixi aktuallığını qoruyacaq.
- Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaəti, müharibədə döyüşmək yanğısı sadəcə itirilmiş torpaqların qaytarılması ilə bağlıdır, yoxsa qisas ehtirasını alovlandıran digər bir amil ermənilərin 90-cı illərdə Azərbaycanda törətdiyi vəhşiliklərdir...
- Məncə, təhqir amili ən güclüsüdür. Tarixə baxsaq, adətən, müharibələr təhqiri həzm edə bilməmək xırsından doğub. Troyalı Paris Sparta kralı Menelayın arvadı Yelenanı qaçırıb yunanları təhqir etməsəydi “müharibələrin atası” olan “Troya müharibəsi” də olmayacaqdı və Homer, yəqin ki, güldən-çiçəkdən yazacaqdı. Birinci Qarabağ savaşından sonra ermənilər bütün cəbhələrdə bizi açıq şəkildə təhqir etməklə məşğul idilər. Bizi “sülh dilənən qeyrətsiz xalq” adlandırırdılar. Təhqir amilini Prezidentin öz çıxışlarında da tez-tez vurğulaması təsadüfi deyil. Bizim millətdə kin, qisas, intiqam hissi rudimentar şəkildədir. Yəni, tarixi əhəmiyyətini itirib. Adətən ər-arvad boşanmalarında və qohumlararası münasibətlərdə özünü göstərir. Biz qisas hissi ilə yaşasaydıq, ölkəmizin xəritədəki şəkli indi başqa cür olardı. Məncə, bizim İkinci Qarabağ savaşındakı döyüşkənliyimizin başlıca səbəbi otuz ildir özümüzdən qat-qat zəif bir düşmən tərəfindən qəsdən təhqir olunmağımızdır. Azərbaycanlı çox şeyi bağışlayar, amma təhqiri heç vaxt! Uyğun nümunə olmasa da deyim ki, Hitleri qucağından yetişdirən duyğu da alman xalqının Birinci Dünya müharibəsində məğlub yox, təhqir olunması idi. Çünki bu müharibə 1871-ci ildə fransızları məğlub etdikdən sonra I Vilhelmin alman imperatoru kimi tac qoyduğu Versay Sarayında almanların alçaldıcı sülhə məcbur edilməsi ilə bitmişdi.
- Düşmən hansı halda mərhəmətə layiqdir?
- Sizə müharibə mərhəməti ilə bağlı bir əhvalat danışım. Türkiyədə məşhur əhvalatdır. Çanaqqala savaşında komandanlıq edən fransız general Bridjes bir qolunu və bir ayağını Çanaqqalada qoyub Fransaya qayıtdıqdan sonra müharibə xatirələrindən danışanda fransızlara deyir ki, türk kimi mərd bir millətlə vuruşduğunuz üçün hər zaman qürur duya bilərsiniz. Buna səbəb olan hadisə isə belədir. Çanaqqalada döyüşlərin biri bitdikdən və meyitləri götürmək üçün atəşkəs elan olunduqdan sonra Bridjes öz əsgərləri ilə döyüş meydanında gəzirmiş. Bu vaxt fransız general görür ki, bir türk əsgəri yerdə uzanmış fransız əsgərinin yarasını sarıyır. Bridjes türk əsgərdən soruşur: “niyə öldürmək istədiyin əsgərə kömək edirsən?” Türk əsgəri generalın tərcüməçisinə deyir ki, bu fransız yaralananda cibindən yaşlı bir qadının şəkli düşdü: “Nəsə dedi, başa düşmədim, yəqin ki, anasının şəklidir. Mənim heç kimim yoxdur, istədim ki, o, xilas olub anasının yanına qayıtsın”. Müharibə yalnız siyasi, iqtisadi məqsədlər uğrunda baş verəndə və hər iki tərəf müharibəyə layiq mənəviyyat sahibi olduqda düşmən xalqlar deyil, düşmən əsgərlər də bir-birinə mərhəmət göstərir, hətta sonradan dost olurlar. Amma ermənilərin bizə nifrəti dini-etnik nifrətdir. Kölənin əfəndiyə nifrətidir, nə bilim, acın toxa kinidir, erməni-türk münasibətləri bir az da sinfi mübarizəyə oxşayır. Sanki, işlədib pullarını verməmişik. Ermənilər azərbaycanlı, türk qadınlarının qarnındakı körpəni da öz düşmənləri kimi görürlər. Bu, düşmənçilik deyil, psixi pozğunluqdur, yamyamlıqdır. Ermənilərə mərhəmət yalnız hərbi-siyasi müstəvidə müzakirə olunmalıdır. Cəmiyyəti, xalqı, xüsusilə sənət, ədəbiyyat adamlarını bu işə qatmaq olmaz. Çünki biz həqiqətən şair xalqıq və poetik, fəlsəfi təfəkkürümüz dramatik yox, lirikdir. Füzulidən Məcnun olar, əsgər yox. Proseslər göstərdi ki, bu illər ərzində sülh anlayışını yanlış anlamışıq. Bu gün hər bir sülhpərvər azərbaycanlı qondarma “Böyük Ermənistan” ideyasına xidmət edir. Cibinə pul basıb onu belə təlimatlandırıblar. Bundan sonra Azərbaycanda sülh və mərhəmət məsələsi ilə əsgər məşğul olmalıdır.
- Müharibə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yekunlaşandan sonra hər şey normallaşacaq deyə bilərikmi, çünki erməni xislətinin uzun illər boyu dəyişmədiyinin şahidiyik. Ümumiyyətlə, birgə yaşayış məsələsinin həllini necə görürsünüz? Sizcə, ermənilərlə birgə yaşayış mümkün olacaqmı?
- XIX əsrin axırlarında Avropada gücə çevrilmə uğrunda mübarizə gedəndə Bismark İtaliya haqqında belə bir söz demişdi: “İtaliyanın dişləri yoxdur, amma böyük iştahası var”. Bu sözü tarixin bütün dövrlərindəki ermənilərə aid etmək olar. Dişləri olmasa da, iştahaları həmişə böyük olub. Gəlin düşünək, ermənilər çoxdan ailə tərbiyəsinin bir atributuna çevirdikləri türk düşmənçiliyindən əl çəkəcəklərmi? İndiki halda məlum olur ki, son yüz ildə dünyada baş verən mədəni inkişafın bütün istiqamətləri ermənilərdən yan keçib. Onlar hələ də XVIII, XIX əsrin xalqı olaraq qalıblar və heç də dəyişənə oxşamırlar. Bütün hallarda çalışmaq lazımdır ki, ermənilərlə bağlı bizim düşüncə və məişətimizdə heç nə əvvəlki kimi olmasın. Mənə elə gəlir ki, ermənilər İkinci Qarabağ savaşında məğlub olandan sonra tədricən Ermənistandan köçüb gedəcəklər. Çünki onlarda vətən və dövlət duyğusu qondarmadır. Onlardakı dövlətçilik duyğusunun müəllifi vaxtilə ABŞ, Fransa, İngiltərə idi, indi isə Rusiyadır. Ermənistan “özgə qapıları”nda qurulmuş bir dövlətdir. Ermənilərin adı tarixdə ilk dəfə miladdan əvvəl VI əsrdə Persiya şahı Daranın kitabələrində çəkilir. Hind-Avropa mənşəli dil qrupuna mənsub olmalarına baxmayaraq, özlərini Asiya kökənli dildə danışan urartuların “oğulları” hesab edirlər. Yəni, bu xalqın sabit milli şüuru yoxdur. Ona görə də ermənilər haqqında heç bir proqnoz vermək mümkün deyil. Sabah durub iddia edə bilərlər ki, biz xristian türkləriyik.
- Ermənilər Şuşanın işğalıyla nəticələnmiş əməliyyata “Dağlarda toy” adını qoymuşdu. Aqşin bəy, Azərbaycan Ordusunun Şuşanın işğaldan azad edilməsi uğrunda aparacağı əməliyyata yaraşan ən layiqli ad təklifini sizdən eşitmək maraqlı olardı.
- Bu haqqı özümdə görmürəm. Bu qurtuluşun adı Şuşaya ilk ayaq basan əsgərin ağzından çıxan ilk söz olmalıdır. O möhtəşəm duyğunu kim yaşayacaqsa, qoy adı da o qoysun.
- Ermənistanın cəbhəyə qadınları və uşaqları cəlb etdiyini təsdiqləyən real faktlar var. Baş nazir Paşinyanın həyat yoldaşı Anna Akopyanın Azərbaycana qarşı vuruşmaq üçün qadınlardan ibarət dəstə topladığına dair xəbərlər yayılıb. Sizcə, bununla nəyə nail olmaq istəyirlər?
- Ermənilərin dünyada məşhur yazıq obrazı var. Hələ 1920-ci ildə, səssiz kino zamanında, yəni Çarli Çaplinin vaxtında ABŞ-a köçmüş ermənilər “Satılmış ruhlar” adlı bir film çəkib, guya, osmanlıların onlara necə zülm etdiklərini dünyada təbliğ edirdilər. Türk yazar Murad Belge “Ermənilər ədəbiyyatda” kitabında Ermənistanda görüşdüyü “ermənilərin dostu” olan alman millət vəkili Diter Sperlinqin sözləri ilə erməniləri belə təsvir edir: “Sayları çox az olan bir millətdirlər, bu da adamda avtomatik simpatiya hissi oyadır. Başlarına gələn müsibətlər o simpatiyanı daha da gücləndirir. Bu müsibətlər ucbatından da dünyaya səpələniblər, eynən yəhudilər kimi”. Bir alman deputatın erməniləri yəhudilərə tay tutduğunu oxuyanda bu yazıqlıq obrazının onların işinə nə qədər yaradığına heyrət etmişdim. İndi arvadlı-uşaqlı, guya, silaha sarılmaqla özlərindən vətənpərvər və yazıq, köməyə ehtiyacı olan bir xalq obrazı yaratmaq istəyirlər. Digər yandan da Gəncədə, Bərdədə dinc əhalini bombalayırlar. Ermənilər həm qan, həm də gen baxımından qaraçıların bir başqa növüdürlər. Qaraçılar üçün vətən yoxdur, bütün dünya onların vətənidir, qaraçılar belə düşünürlər. Ermənilər bütün köçəri xalqlardan fərqli olaraq coğrafiyanın deyil, tarixin köçəri xalqıdırlar, harada yaşayırlarsa, hesab edirlər ki, ora ermənilərin tarixi vətənidir. Tarix boyu ölkədən-ölkəyə, qitədən-qitəyə qovulmalarının səbəbi də bu axmaq düşüncələri olub.
- Azərbaycan Ordusunun inamlı qələbəsində Prezident İlham Əliyevin dünyanın nüfuzlu media qurumlarına müsahibələri, xalqımızın haqq səsini dünyaya çatdırmasını necə dəyərləndirirsiniz?
- Belə bir söz var ki, müharibədə qələbə müharibədən əvvəl qazanılır. Azərbaycən əsgərinin gücünə güvənməklə yanaşı, İlham Əliyev həm də göstərdi ki, siyasət Azərbaycanda çoxlarının qandığı kimi populist çıxışlardan ibarət dünyanın ən asan işi deyil. Xalq birdən-birə tarixdən güc alan bir sərkərdə gördü meydanda. Prezident indiki duruşu, fəaliyyəti ilə gələcəkdə də Azərbaycanı idarə etmək istəyənlər üçün bir məktəb olduğunu təsdiqlədi. Bu hadisələr həm də onu göstərdi ki, Prezidentə bu illər ərzində opponentlik edənlərin heç birinin dünyada baş verən proseslərdən xəbəri yox imiş. Prosesləri qabaqlayan deyil, arxasınca sürünən fikirlərdən başqa heç nə deyə bilmirlər. Şühhə yoxdur ki, İlham Əliyevə siyasət və tarix elmi daha doğru qiymət verəcək.
- Son sualımda yenə sizin “Müharibə mədəniyyətin başlanğıcıdır” fikrinizə istinad etmək istəyirəm. Müharibə yeni mədəniyyətin başlanğıcıdırsa, Azərbaycanın bu müharibəni qələbə ilə bitirməsi nəyin başlanğıcı və nəyin sonu olacaq?
- Bu sualınıza filosof Müşfiq Şükürovun müharibə haqqında paylaşdığı fikirlərlə cavab vermək istəyirəm. Filosof deyir, “müharibə həyatın qanla təmizlənməsi, yenilənməsidir. Bütövlükdə ekzistensiya əvvəlki süniliyindən, gərəksiz mürəkkəbliyindən azad olaraq yenidən dizayn olunur, daha təməl meyarlar üzərində. Ona görə də hər şey dəyişməkdə, yenilənməkdə, fikrimcə, xalisləşməkdədir. Əvvəlki “intellektuallıq” yerini yeni ağıla verdiyi kimi, zarafatlar da rəngini və dadını dəyişir, yenilənir”. Məncə də, çox şey kökündən və yaxşılığa doğru dəyişəcək. Ən başlıcası, azərbaycanlının dünyaya baxışı dəyişəcək. Biz bu günlərdə gördük ki, sən demə, insan haqları deyilən şey haqqa ehtiyacı olan insanlar üçün deyilmiş. “Söz və fikir azadlığı” balaca deyil, böyük padşahlara tutuquşuluq etmək üçün icad olubmuş. Bizə, az qala, əmr olunan neoliberal dəyərlər, əslində, geoliberal dəyərlər imiş, orientalizmin yeni, daha mütəşəkkil müstəmləkəçilik şərtləri imiş: bizdən ona görə azad seçki tələb edirmişlər ki, onların istədikləri meymunu seçək; söz və fikir azadlığı dedikləri cəfəngiyyat özlərinin eşitmək istədikləri sözlərin və fikirlərin azadlığı imiş. Bizim sözümüzün və fikrimizin azadlığı cinayət imiş. Bu savaş həm də bizi “azad kölələr” olmaqdan xilas etdi. Bayaq I Vilhelmin adını çəkdim. 1871-ci ildə Prussiya Fransanı məğlub etdikdən sonra almanların ruhunda və düşüncələrində “Daha böyük bir Almaniya” ideyası doğmuşdu.
Aytən Məftun
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?