XTQ gizirinin yarım qalan arzuları: Ona görə nişanlanmırdı ki... - FOTO/VİDEO
Bizi izləyin

Xüsusi

XTQ gizirinin yarım qalan arzuları: Ona görə nişanlanmırdı ki... - FOTO/VİDEO

Video əlavə olunub.

***

Şəhidlik ömür payını gələcək nəsillərin xoşbəxtliyinə qurban verməkdir. Bu gün biz bu qurbanların hesabına vətənimizin xoşbəxt gələcəyi haqqında xəyallar qurub qürurlanırıq. Xoşbəxtliyini və gəncliyini vətən torpağının bütövlüyü uğrunda düşünmədən fəda edən qəhrəmanlarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri Əlövsət İbrahimovdur.

Murov dağının fatehlərindən olan şəhid haqqında xatirələrini qardaşı Bəhram İbrahimov Publika.az-a danışıb. Şəhidin vüqarını fəxrlə dilə gətirən qardaşı bildirib ki, Əlövsət kimi daxilində yüksək vətənpərvərlik, cəsurluq və ali dəyərləri qoruyan qəhrəmanlarımız olduqca heç bir düşmən Azərbaycan Ordusunun qarşısında dayana bilməz. Maraqlı məqam odur ki, İkinci Qarabağ müharibəsində bu ailədən 3 qəhrəman oğul iştirak edib.

“Ailədə 5 qardaşıq. Böyük qardaşım Bəxtiyar İbrahimov 1992-ci ildə, Əlövsət 1995-ci ildə, İftixar isə 1998-ci ildə Şamaxı rayonunda anadan olub. Qarabağ döyüşlərində 3 qardaşım iştirak edib. Əlövsət XTQ giziri idi, Bəxtiyar və İftixar isə müddətdən artıq hərbi qulluqçulardır.

Məktəbi bitirdikdən sonra Əlövsət mənimlə birlikdə bir müddət fəhləlik edib. Daha sonra o, Cəlilabad rayonunda hərbi hissədə qulluq edib. Hərbiyə böyük həvəsi var idi, əsgərlikdən qayıtdıqdan sonra dedi ki, xidmətimi davam etdirməyə qərar vermişəm. Bu yolu özü seçmişdi və yaxşı bilirdi ki, vətəni sevmək hər an ölümə hazır olmaq deməkdir. Amma bu reallıq arzularına əngəl ola bilmədi. Böyük amallar uğrunda canından keçməyə və özünü şüurlu şəkildə qurban verməyə hazır adam idi. Təhlükəli yollara ayaq basmaq və qalib gəlmək onun həyat prinsipi idi. Odur ki, ailəmiz onun bu qərarını hörmətlə qarşıladı.

Əlövsət işindən danışmazdı, amma çox qonaqpərvər idi, Şamaxıya gələndə bütün qohum-əqrəbaya baş çəkərdi. Gülərüz insan idi deyə hər kəsin diqqətini çəkərdi. O qədər müsbət auralı insan idi ki, heç deməzdin bu adamın hansısa problemi var. Getdiyi məclislərin ən sevilən şən qonağı olardı. Öz işığından hər kəsə pay ötürərdi. Sonuncu dəfə sentyabrın 25-i danışmışdıq. Oğlumun necə olduğunu soruşdu və söz verdi ki, gələn kimi əmisi ona velosiped hədiyyə edəcək. İndi onun şəhadəti ilə barışmaq tək ailəmiz üçün deyil, bütün qohumlarımız üçün ağırdır.

Müharibə başlamazdan bir neçə həftə əvvəl görüşmüşdük. Müddətdən artıq hərbidə qulluq edən digər qardaşlarım da bir günlük məzuniyyətə gəlmişdi. Ailəlikcə süfrə arxasında əyləşdik, deyib güldük. Növbəti dəfə sentyabrın 18-də gəldi, fəxri fərmanlarını da gətirmişdi ki, itib batmasın. Aldığı mükafatlar onu daha da ruhlandırırdı, ən böyük arzusu o idi ki, Türkiyədə hərbi təlimlərə qatılsın və layiqli hərbçi kimi özünü təsdiqləsin. Gizir rütbəsini də təzə almışdı”.

“Vətən uğrunda” medalına layiq görülən şəhidin qardaşının sözlərinə görə, Əlövsət Murov fatehlərindən olub. Bəhram İbrahimov əlavə edib ki, vətən uğrunda şəhid olan qəhrəmanların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anıb onları özünə örnək bilməlidir:

“Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Əlövsət həmişə deyərdi ki, şəhid verməyən xalqın mənliyi olmaz. “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz” qardaşımın həyat şüarı idi.

Bəlkə də şəhid olacağını bilirdi, ona görə evlənməyə tələsmirdi. Anam deyirdi ki, ay oğlum, gəl sənin üçün elçi gedib, nişan aparaq. Qardaşım razı olmurdu, gülüb deyirdi ki, birdən müharibə olar, istəmirəm ki, nişanlım gözüyaşlı qalsın. Amma dəfnindən sonra bilmişik ki, sevdiyi qız olub.

O, silahdaşları ilə birlikdə Murov yüksəkliklərinin və bir çox postların alınmasında iştirak edib. Kəlbəcər istiqamətində şəhidlik zirvəsinə yüksəlib. İgid oğlan idi. Dəfndə iştirak etmək üçün Bəxtiyarla İftixar Şamaxıya gəldi, sonra ikisi də yenidən müharibəyə qayıtdı. Əlövsət şəhid olandan sonra digər qardaşlarımın ikisi də müharibənin ön cəbhələrində döyüşməyə davam edib. Bəxtiyar erməni terror qruplaşmasının zərərsizləşdirilməsində və erməni əsirlərinin alınmasında fəal iştirak edib”.

Aytən Məftun,

Səsləndirdi: Sevinc Xanqızı,

Video: Ramazan Vəlizadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm