Xüsusi
“Media landşaft”ı medianı xilas edəcəkmi? - Bu olmasa, peşəkarlığın hamısı əbəsdir
Xəbər verdiyimiz kimi, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc media sahəsindəki mövcud problemləri özündə əks etdirən “Media landşaft”ı layihəsini hazırlayaraq ölkə rəhbərliyinə təqdim edib. Layihənin detalları barədə Publika.az-a danışan millət vəkili bildirib ki, “Media landşaft”ında medianın hazırkı durumu təhlil edilib, son illərdə Azərbaycan jurnalistikasının zəifləməsinin, onun təsir qüvvəsinin aşağı düşməsinin səbəbləri, problemdən çıxış yolları açıqlanıb.
Z.Oruc janr etibarilə mətbuatın janr xüsusiyyətlərinin xeyli daraldığını əsas problemlərdən biri olaraq təqdim edib. Deputat vurğulayıb ki, zamanında yazılan felyeton, hekayə, tablo, müşahidə və s. kimi müxtəlif janrların hamısı dar mənada bir-birindən müxtəlif mövzuları sanki köçürürmüş kimi eynilik yaradıb.
“Zaman yenidən ciddi janrlara marağı qaytaracaq”
Publika.az-a açıqlama verən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycan jurnalistikasında janr problemlərindən danışıb və bildirib ki, hazırda dəyişikliklər və yeni texnologiyalar nəticəsində medianın da forması dəyişir: “Çox adamlar yazmağa, oxumağa üstünlük vermir, onlar baxmaq və dinləmək istəyirlər. Vaxt azlığı da buna səbəb olur. Bu mənada medianın yeni operativ, dinamik janrları meydana gəlir. Xüsusən də bu, audiovizual media, görüntü ilə müşayiət olunan səsli informasiya və başqalarıdır. Bu baxımdan ola bilsin ki, ənənəvi janrların bəzilərinə maraq azalıb. Amma hesab edirəm ki, bunların kütləvi baş verməsi də düzgün deyil. Zaman yenidən o ciddi janrlara, xüsusilə də bizə çox vacib olan və hazırda mediamızdakı araşdırma janrına bir daha marağı qaytaracaq”.
Zahid Oruc yeni layihəsində dünya təcrübəsini əxz etmək, peşəkarlıq imkanlarını artırmaq və mətbuatın iqtisadi dayanıqlılığını gücləndirməyin vacib olduğunu bildirib. Əlavə edib ki, xüsusi olaraq reklam bazarının yaranması, genişlənməsi və onun tutumlu hissəyə gəlməsi mühümdür. Millət vəkili müxtəlif ölkələrdəki rəqəmlərlə Azərbaycan mediasındakı reklam bazarının maliyyə tutumunu müqayisə edəndə bundan çox da ürək açıqlığı ilə danışmağın mümkün olmadığını qeyd edib.
Rəşad Məcid bu fikirlərə münasibətdə bildirib ki, Prezident İlham Əliyev də həmişə demokratik ölkədə müstəqil medianın olmasını dövlətin gücü hesab edib: “Hiss olunur ki, Zahid Orucda media ilə bağlı narahatlıqlar var. Həm də Zahid Oruc mediaya bələddir, uzun illər KİV ilə sıx təmasda işləyib. Onun təklifləri də maraqlıdır. Biz də arzulayırıq ki, Azərbaycanda ciddi və müstəqil media daha da inkişaf etsin. Cənab Prezident də həmişə müstəqil medianı dövlətin gücü hesab edir. Bu mənada mediamızın inkişafı vacibdir. Əsas problemlərdən biri də reklam bazarının olmaması və medianın iqtisadi asılılıqda olmasıdır. Media iqtisadi cəhətdən güclü olarsa, hadisələrə də obyektiv və qərəzsiz münasibətini ortaya qoya bilər. Güman edirəm ki, medianın iqtisadi inkişafı da yeni yaranmış Medianın İnkişafı Agentliyi, eyni zamanda reklam bazarının inkişafı sayəsində bərqərar oluna bilər”.
“Media iqtisadi cəhətdən kimdənsə və ya hardansa asılı olacaqsa...”
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli də mediadakı əsas problemlərin iqtisadi bazanın zəif olmasından irəli gəldiyini deyib. O əlavə edib ki, ancaq bununla yanaşı peşəkarlıq və medianın fəlsəfəsinə doğru yanaşma da hazırda əsas problem olaraq qalır: “Bunlar ciddi problemlərdir və medianı çox geridə saxlayır. Media fəaliyyətinin özü bir iqtisadi kommersiya fəaliyyətidir. Media orqanı həm də bir kommersiya qurumudur. Əlbəttə ki, kommersiya məqsədləri öndə dayanmır, məsələn, qəzet satışından əldə olunan və reklamdan gələn gəlirlər, qəzetin təsisçisinin vəsaiti və müəyyən ianələr qəzeti yaşadır. Ancaq Azərbaycan gerçəkliyində KİVDF təcrübəsi göstərdi ki, qəzetlərə ildə 50, 100 min manat vəsait ayırmaqla bu problemi həll etməık mümkün deyil. Çünki o alınan vəsait qəzetləri daha çox asılı vəziyyətdə saxlayır”.
Professor bildirib ki, digər tərəfdən Azərbaycanda keyfiyyətli medianı müəyyənləşdirmək lazımdır ki, hansı medianı ayaqda saxlamaq istədiyimiz məlum olsun: “Bu da ciddi məsələlərdəndir. Çünki Türkiyədə olduğu kimi reklam elanları, məlumatları qəzetlər, media qurumları arasında bərabər və ədalətli şəkildə bölünməlidir ki, media qurumları bundan yararlana bilsinlər. Bu problemlərin hamısı kompleks şəkildə öz həllini tapmalıdır. Tapmazsa, iqtisadi cəhətdən kimdənsə və ya hardansa asılı olacaqsa, media qurumu cəmiyyəti yox, pul aldığı mənbəni diqqət mərkəzində saxlayacaq və yalnız onun iradəsi ilə işləyəcək. Bu da təbii ki, geniş mənada ictimai institut olan medianın ümumi konseptual strategiyasına uyğun deyil. Bu baxımdan ölkə mediasının iqtisadi problemləri çox güvənli və etibarlı şəkildə həll olunmalıdır ki, medianın asılılığı azalsın və jurnalistlər özlərini müəyyən dərəcədə güvəndə hiss etsinlər”.
“Media landşaft”ı layihəsində yer alan fikirlərdən biri də Azərbaycan auditoriyasının böyük hissəsinin xarici televiziyalardan asılılığı ilə bağlıdır.
Qulu Məhərrəmli bu asılılığın şərti olduğunu deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan auditoriyasının böyük hissəsi sosial şəbəkələrdən, daha çox isə Yutub kanallarından asılıdır: “Çünki orada gedən materiallara daha çox maraq yaranıb. Yerüstü televiziya kanalları, lisenziya ilə işləyən televiziyalar auditoriyanı kifayət qədər geniş əhatə edə bilmir. Ona görə ki, verilişlərin yayımlanmasında auditoriyanın maraq və zövqləri kifayət qədər nəzərə alınmır. Pandemiyanın ilk vaxtlarında və müharibə gedən aylarda televiziya böyük auditoriya topladı. Çünki burada maraqların üst-üstə düşməsi məsələsi var idi. Müharibə dövründə insanlar həm dövlət büdcəsindən maliyyələşən televiziyaları, həm də rəsmi sayt və qəzetləri izləyirdilər, məlumatı əsasən oradan alırdılar. Deməli, o xətti, dalğanı davam etdirmək lazımdır. Ciddi problemləri biz birgə müzakirə etməliyik. Auditoriyanın marağı ölkədə gedən proseslərə istiqamətlənib. Bu olmayanda insanlar başqa alternativ mənbələrə üz tuturlar”.
Zahid Oruc yeni layihədə həmçinin medianın yeni simalarını yetişdirmək üçün ardıcıl proqramların, təlimlərin və təcrübə mübadilələrinin həyata keçirilməli olduğunu vurğulayıb. Millət vəkili bildirib ki, bu halda 1990-cı illər mətbuatının qaynar mühitinə dönüləcək, kiminsə diktəsi ilə işləmək arxa plana keçəcək, peşəkar maraqlar önə çıxacaq. Məmurlar isə “yalnız arzuladığımı oxuyum” deməyəcəklər.
“Yerləri rahatlaşan kimi jurnalistlərə yuxarıdan aşağı baxmağa başlayırlar”
Buna münasibətdə Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”-“Zerkalo” nəşrlərinin baş redaktoru Elçin Şıxlı deyib ki, hansısa təlimlər keçməklə biz medianı tam düzəldə bilməyəcəyik. Onun sözlərinə görə, təlimlər keçirilməli, peşəkarların səviyyəsi artırılmalıdır, ancaq nə qədər peşəkar olmağından asılı olmayaraq müstəqil şəkildə fikir söyləyib, müstəqil qəzet çap edib, sayt açıb, televiziya və radio verilişi hazırlayıb ictimaiyyətə təqdim etmək imkanımız yoxdursa, media qurumları maddi cəhətdən özlərini təmin edə bilmirlərsə, peşəkarlığın hamısı əbəsdir:
“Yəni burada mühit və şərait yaradılmalıdır ki, ədalətli rəqabət olsun, heç bir oliqarx, məmur mənbəyi məlum olmayan vəsaitlər hesabına hətta tərkibində peşəkarların da olduğu jurnalist komandası yaradıb onlara öz istədiyi kimi yazmağı və yaxud televiziya verilişi hazırlamağı diktə etməsin. Diktə olan yerdə nə qədər peşəkar olsaq da, heç nəyi dəyişə bilməyəcəyik. Peşəkar doğrudan da peşəkardırsa və özünə, peşəsinə hörmət edirsə, bu şəraitdə işləməyəcək, sadəcə olaraq jurnalistikadan uzaqlaşacaq. Belə proses də artıq gedib və biz bunun nəticəsini görürük. İndi insanlar peşəkar media qurumları, platformaları olan radio və televiziyaların, qəzetlərin, peşəkar saytların yazdığı, göstərdiyi informasiyalardan daha çox həqiqəti sosial şəbəkələrdə axtarırlar. Biz ilk olaraq bu problemi həll etməliyik. Sosial şəbəkə sadəcə olaraq bir platforma olmalıdır ki, həmin platformadan həm peşəkar TV və radiolar, həm də qəzet və saytlar istifadə etsin. Problem daha genişdir. Təlimlər keçib peşəkarlığı artırmaqla bu problemi həll etmək olsaydı, biz bunu çoxdan həll etmişdik. Peşəkarlığın artırılması bu problemlərin yalnız bir qismidir”.
Elçin Şıxlı iqtisadi dayanıqlılığı gücləndirməklə yanaşı, mətbuata münasibətin də dəyişməli olduğunu qeyd edib: “İnformasiyaya münasibət dəyişməlidir. Sual vermək istəyən jurnalistə deyirlər ki, sən çox sual verdin. Sual vermək jurnalistin vəzifəsidir, o, cavab almayana qədər suallarını verəcək. Söhbət bundan gedir. Özləri yerləri rahatlaşan kimi jurnalistlərə yuxarıdan aşağı baxmağa başlayırlar. Bu ondan irəli gəlir ki, biz jurnalistlər öz yazdıqlarımızda, fikirlərimizdə tam müstəqil deyilik. Jurnalistin peşəsinə və özünə ictimai hörmət qayıtmayınca, məsələləri həll etmək çətin olacaq. Bunun üçün də iqtisadi dayanıqlılıq və iqtisadi özü-özünü təmin etmək üçün şərait olmalıdır”.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO