Koronavirusa yoluxan uşaqlarda hansı kliniki əlamətlər müşahidə olunur?
Bizi izləyin

Xüsusi

Koronavirusa yoluxan uşaqlarda hansı kliniki əlamətlər müşahidə olunur?

Pediatr Aytən Ziyadova bəzi uşaqların koronavirusu daha ağır keçirdiyini deyib.

Publika.az-a müsahibə verən həkim valideynləri diqqətli olmağa səsləyib.

- Mutant virus uşaqlar üçün nə dərəcədə təhlükəlidir?

- Koronavirusun İngiltərədə və digər ölkələrdə aşkarlanan mutagen formasının yoluxuculuğunun daha kəskin olduğu artıq məlumdur. Odur ki, uşaqları qorumaq üçün daha diqqətli olmaq lazımdır. Bu o demək deyil ki, uşaqlar cəmiyyətdən təcrid olunmalıdır. Mümkün qədər uşaqları əl və gigiyenik vərdişlərə yiyələndirmək tövsiyə olunur. Eyni zamanda, onları qapalı məkanlardan uzaq tutmaq vacibdir.

- Hansı uşaqlar daha çox risk altındadır?

- İmmun sistemi zəif olan, fiziki inkişafı zəif və ya xroniki bağırsaq xəstəliyi olan uşaqlar risk qrupunda sayılır.

- Uşaqların müalicəsi ilə böyüklər arasında fərq nədir?

- Antibiotiklərdən uşaqların müalicəsində kor-koranə istifadə olunmamalıdır. Mütəxəssis tərəfindən izlənməsi vacibdir. Böyüklərdən fərqli olaraq uşaqlarda hər bir dərman çəkiyə uyğun hesablanır. İstər antivirallar, istərsə də antibiotiklər analizlərə baxaraq təyin edilməlidir. Kliniki qiymətləndirmə burada olduqca önəmlidir.

- Uşaqların koronavirusa qarşı vaksinasiyası istiqamətində hansı işlər aparılır?

- "Sinovac" və koronavirusa qarşı hazırlanmış digər vaksinlərin uşaqlar üzərində nə dərəcədə təsirli olduğu bilinmir. Uşaqlar və hamilə xanımlar üzərində korona vaksinləri sınaqdan keçirilməyib, odur ki, yaxın aylarda onun uşaqlar üzərində tətbiqindən söhbət gedə bilməz.

Düşünürəm ki, böyüklər arasında vaksinasiya yekunlaşdıqdan sonra cəmiyyətdə kütləvi immunitet formalaşacaq və bu, uşaqların da qorunmasına təsir edəcək.

- Koronavirusa yoluxmuş uşaqlar xəstəliyi necə keçirir? Hər hansı dəyişiklik nəzərə çarpırmı?

- Virusa yoluxan bəzi uşaqlar xəstəliyi həqiqətən də ağır keçirdi. Bu, uşağın immun sistemindən asılıdır. Bir qrup isə adi qrip əlamətləri ilə müşayiət olundu. Bu, uşaqlarda kavasaki deyilən bir xəstəlik deyil. Kavasakiyə bənzər əlamətlərə də rast gəlinir. Buna səpkilərin olması və birləşdirici toxumanın iltihabını misal çəkmək olar. Odur ki, valideynlər xüsusilə diqqətli olmalıdır.

Uşaqları özbaşına antibiotiklərlə müalicə etməyə çalışan valideynlər var. Bu, çox ciddi ağırlaşmalara gətirib çıxarır. Qəti surətdə olmaz. Əgər hər hansı şübhə doğurucu məqam varsa, mütləq mütəxəssisə müraciət etməlidirlər. Həkim analizlər yönündə araşdırma apardıqdan sonra ikincil ağırlaşma halı varsa, bunun qarşısını almaq məqsədilə doğru dozada və doğru dərman seçimi ilə müalicəyə davam etməlidir.

- Məktəblərin açılması uşaqlar arasında yoluxma sayına təsir edəcəkmi?

- Təbii ki, bütün bunlar nəzərə alınaraq məktəblərin açılmasına qərar verilib. Hər bir məktəbin öz həkimi və bunu nəzarətdə saxlayan həkim təşkilatı var. Əgər bir sinifdə yoluxma olarsa, həmin sinif dərhal karantinə alınır və xəstəliyi vaxtında aşkarlamaqla yayılmasının qarşısını almağa çalışırlar.

Yoluxma halları arta bilər, amma buna mane olmaq hər bir valideynin öhdəsinə düşür. Sadəcə müəllim kollektivinin, məktəb direktorlarının və ya həkimin deyil. Valideyn uşaqda kiçik də olsa şübhə doğuran əlamət müşahidə edərsə, onu təcrid etməli və vaxtında həkimə müraciət etməlidir.

- Uşaqlarda kliniki əlamətlər böyüklərdən nə ilə seçilir?

- Uşaqlarda qusma və ishal, halsızlıq, hərarət və səpkilər müşahidə olunarsa, dərhal təcrid olunma rejiminə keçmək lazımdır. Bundan başqa həkimlə məsləhətləşib yaxma analizlər verməlidir. Yaxma analizi ilə birlikdə ümumi qan analizi də istənilə bilər.

- İy və dadbilmə duyğusunun itməsi uşaqlarda da müşahidə olunur?

- Bunu biz ən çox yeniyetmə uşaqlarda müşahidə edirik. Unutmaq lazım deyil ki, iy və dadbilmə duyğusunun ayrı-ayrılıqda itməsi həmçinin dəmir defisitli ciddi anemiyaların göstəricisi ola bilər. Bu, uşaqlarda davamlı başgicəllənmə və əzələ ağrıları ilə müşahidə olunur.

- Valideynlərə əlavə nə tövsiyələr edərdiniz?

- Təşvişə qapılan bir çox valideyn həkim məsləhəti olmadan aptekdən C və D vitamin tərkibli dərmanlar alıb uşaqlara verirlər. Bilməlidirlər ki, bu, uşaqlarda əlavə problemlərə gətirib çıxara bilər. Məsələn, mədənin selikli qişasının deşilməsinə və qanaxmalara yol aça bilər. D vitamininin həddən artıq olması, yəni toksiki dozası əlavə problemlərlə nəticələnə bilər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm