Müharibə iştirakçılarına verilən ŞOK SUAL: Erməni qadını... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Müharibə iştirakçılarına verilən ŞOK SUAL: Erməni qadını... - MÜSAHİBƏ

Erməni uşağı gördünmü? Reaksiyan necə oldu?

Erməni qadını görsəydin, zorlayıb öldürərdinmi?

Qazilərimizə bu tip suallar verməklə onların ruhunu bir az da zədələmiş olursunuz.

Bu sözləri Publika.az-a müsahibəsində Hollandiyada yaşayıb fəaliyyət göstərən psixoterapiya və qida terapiyası mütəxəssisi İlkanə Goja bildirib.

- İlkanə xanım, İkinci Qarabağ müharibəsi dönəmində Hollandiyada fəal informasiya mübarizəsi aparanlardan biri də siz oldunuz. Hazırkı fəaliyyətinizlə bağlı bizə məlumat verməyinizi istərdim.

- Müharibə başlayan gündən çox narahat idim. İlkin mərhələdə Hollandiya kimi ermənipərəst ölkədə informasiya müharibəsinin fəal iştirakçısı olmalı idik. İndi isə önümdə qazilərimizin, eləcə də müharibə şəraitindən yenicə çıxmış xalqımızın posttravmatik stress sindromunu aradan qaldırmaq vəzifəsi durur. Ümumiyyətlə, bu sindroma ailədaxili şiddət, qəfil baş vermiş faciələr, fəlakətlər, şəxsin məruz qaldığı zorakılıq, həmçinin müharibələr səbəb olur. İlkin mərhələdə qarşısını almaq mümkün olmadıqda insan psixikasında kök sala bilir. Bu isə sinir pozğunluğu, gərginlik, yuxusuzluq, daimi təlaş, həyəcan, baş ağrısı, daim izləndiyini hiss etmək, sevdiklərindən uzaqlaşıb özünə qapanmaq kimi fəsadlar yaradır. Ağırlıq duyğusu daha da kəskinləşir. Həmçinin həyatdan küskünlük və ətrafla bağını itirmək kimi duyğular yaşaya bilir. Hazırda birgə çalışdığım qazilər də, Hollandiyada yaşayan digər pasiyentlərim də eyni şeyi söyləyirlər. Artıq həyat əvvəlki kimi deyil. İçimdəki mən mən deyiləm. Sınmışam, yorulmuşam, küsmüşəm.

- Halbuki biz günəş xalqı, Şərq insanıyıq. Ruhumuzu sağaltmaq daha asan olmalı deyil?

- Bilirsiniz, bizim mentalitetimizdə, Azərbaycan reallığında istiqanlılıq var. Bu isə bəzən qarşı tərəfə ziyan vura bilir. Post-müharibə dövründə qazilərimizi ziyarət edəndə yeni reallığın fərqinə varmalıyıq. Müharibəyə şahidlik edən insanlara əvvəlki həyatlarına geri dönməyə yardım etmək lazımdır. Yəni stress bitdi, tədricən əvvəlki mənini tapmalıdır. Amma bunu sonsuz səbir və anlayışla etməliyik.

- İlkanə xanım, Hollandiyadan qazilərimizə təmənnasız onlayn terapiyalar keçirsiniz. Çalışdığınız qazilərin əsas şikayəti nədən olur?

- Tutaq ki, evə qonaq gəlir. Əsgərə unutmağa çalışdığı ağır günlər barədə suallar verir.

Neçə erməni öldürdün?

Nələr gördün?

Əsgər yoldaşların yanında şəhid olanda nə hiss etdin?

Erməni uşağı gördünmü? Reaksiyan necə oldu?

Erməni qadını görsəydin, zorlayıb öldürərdinmi?

Bir çoxu gözünün önündə bir anda parçalanmış əsgər yoldaşlarına görə vicdan əzabı çəkir. Mənim ailəm, övladım yoxdur, onun yerinə mən şəhid olmalı idim - deyirlər. Sadaladığım suallar isə onları unutmaq istədikləri məqamın mərkəzinə qaytarır. Bu isə sui-qəsd və daha dərin depressiya hallarına gətirib çıxarır.

- Qazilərimizlə düzgün ünsiyyət qurmağın yollarını bölüşsəniz, hamımıza faydalı olar.

- İlk növbədə mehriban və ehtiyatlı davranmalıyıq. Nəinki qazilərimizə, hətta ailə üzvlərinə, övladlarına da eyni münasibəti göstərmək lazımdır. Çünki onların stressi qazilərimizdən az olmayıb. Pasiyentlər arasında sorğu keçirdim. Onları ən çox nəyin qıcıqlandırdığını soruşdum. Hamısını əsəbləşdirən mövzular eynidir. Neçə düşmən öldürdün? Necə oldu güllə sənin yanından keçdi, sağ qaldın? Bu tip suallar bəlkə də kimin üçünsə adi görünə bilər. Amma yeni reallıqda stabillik tapmaq istəyən qazilərimizə böyük travmadır. Təsəvvür edin, 5 dəqiqə öncə sizinlə danışıb-gülən insan minomyot zərbəsindən sonra parça-parça olur. Sən onun parçalarını axtarmağa başlayırsan. Yaxud da ayağını minalı torpağa basmağınla bədəninin bir hissəsinin havaya uçmağı bir anda baş verir. Bu anları onlara yenidən yaşatmaq böyük fəsadlar törədə bilər. Dünyanın ən məşhur psixiatrı, yazıçı Bessel van der Kolkun seminarlarında iştirak edirdim. Professordan soruşdum ki, qazilərimizlə necə ünsiyyət qurmalıyıq. Cavabı belə oldu: Onlar üçün stabil güzəran və ünsiyyət təmin olunmalıdır. Qazi xəstədirsə, müalicəsi də təmin olunmalıdır. Ailəsinin ağır güzəranının acısını çəkməməlidir.

Aucune description disponible.

Bilirsiniz, Qarabağ müharibəsindən öncə Əfqanıstanda, Suriyada, İraqda müharibə görmüş qazilərlə Hollandiyada terapiyalar aparırdım. Çoxu danışırdı ki, bəzən günlərlə susuz, qidasız qalırdıq. Adi suya möhtac olurduq. İdmançılarımız da təsdiqləyərlər ki, əzələ yaddaşı deyilən anlayış var. Bu yaddaş növü travmatik halları xatırlamaq deməkdir. Məsələn, balaca uşaq velosipeddən yıxılır. Bədəni ağrıdığı üçün tədricən bu zövqdən uzaqlaşır. İllər sonra yenidən velosiped almaq istəsə, əzələ yaddaşı onu arzusundan döndərməyə çalışır. Axı bu, çox qorxulu ola bilər. Qazilərimizdə də həmçinin eyni durum yaşanır. Onların hüceyrə yaddaşlarında yenidən dərinləşdirmək də bu hala bənzəyir. Ona əl uzadan peşəkar mütəxəssis yoxdursa, travması daha da dərinləşə bilər. Odur ki, mənim layihəm "Yaralarımızı birgə sarıyaq" adlanır. Çünki mən də 28 il öncə müharibədə qardaşımı itirmişəm. Birinci Qarabağ müharibəsinə könüllü yollanan 17 yaşlı qardaşım itkin düşüb. Hələ də ondan heç bir xəbərimiz yoxdur. Anamın göz yaşları bu illər ərzində qurumayıb. Bu müddət ərzində hər xəbər, DNT analizi travmamızı daha da dərinləşdirdi. Hər dəfə sanki qardaşımın ağır xəbərini yenidən alıram. Odur ki, bu acının nə olduğunu insan kimi dərindən dərk edirəm. Qazilərimizə yardım etmək istəyirsinizsə, əsəbdən, gərginlikdən uzaq tutun. Evdə harmoniyanı təmin edin. Birgə təmiz havada gəzintiyə çıxın. Onlarla fəxr etdiyinizi deyin. Emosional olduqları zaman kəsiyində anlayış göstərin. Qayğı və nəvazişi əskik etməyin. Qonaq getmək istəyirsinizsə, öncə zəng edib, vaxtının olub-olmadığını soruşun. Bəlkə həmin gün özünü yaxşı hiss etməyəcək, sizin ziyarətiniz gərginliyini artıracaq. Bəzi qazilərdən eşidirəm ki, dəvət olunduğu məkana getmədiyi üçün özünü günahkar hiss edir. Axı bu, təbii haldır. Faciənin, odun içindən çıxan insanlar birdən-birə qonaqlıq süfrələrində sizinlə danışıb-gülə bilməyəcəklər. Bir məqam da var ki, müharibə müddətində əsgərlər də öz aralarında can sirdaş olurlar. Ağrılar, çətinliklər onları bir-birinə möhkəm bağlayır. Bu, yeni doğulan körpənin valideynlərinə olan sevgisinə bənzəyir. Çünki körpə üçün də ana bətnindən ayrılmaq həyatının ilk əzabıdır. Bəzən terapevtlər buna "yas terapiyası" deyir. Mən isə "kədərin işlənməsi terapiyası" adlandırıram. Çünki faciəli durumda içimizdəki şəffaf "mən"i itiririk. Yerində yaralı, zədəli "mən" qalır. Kədərin işlənməsi prosesinin ilkin mərhələsi şokdur, ikinci mərhələdə isə orqanizm baş verənləri rədd etməyə başlayır. Yavaş-yavaş bədən ya donur, ya da bir məkana sığmır, təlaşlanır. Sonra isə baş verənləri çaşqınlıq içində anlayıb əsəbi reaksiya verməyə başlayır. Bura həmçinin şəhid analarının, ailələrinin psixoloji durumunu aid edə bilərik. Sonda isə qəbul etmək pilləsi gəlir. Bu halda pasiyentə həddən artıq qayğı və anlayış tələb olunur. Əlimizdən gəldiyi qədər onlara mənəvi dəstək verməliyik.

- Mənəvi dəstək deyəndə nəyi nəzərdə tutursunuz?

- Onlara sevgimizi göstərməliyik. Müharibədən öncəki reallıqlarına, pozitiv vərdişlərinə geri döndərmək lazımdır. Maraqlarını, sevdikləri məşğuliyyətlərini xatırlatmalıyıq. Doğrudur, hər iki ayağını itirən qaziyə bu sualı vermək etik deyil. Lakin sevdikləri filmlər, proqramlar barədə diskussiya apara bilərsiniz. Müharibə haqda sualları isə ümumiyyətlə verməyin. Ən azı ilkin müddətdə. Özləri istəməsə, bu mövzuya yaxın durmayın. "Hər anında yanındayam, sənə qucaq açmağa hazıram" deyin ki, özlərini güvənli hiss etsinlər. Öz adıma deyə bilərəm ki, qazi qardaşlarım üçün əlimdən gələni etməyə həmişə hazıram. Qazilərimizin, şəhid ailələrinin qarşısında baş əyirəm, əllərindən öpürəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm