PEDİATR Britaniya ştammının təhlükəsindən danışdı: Son bir ildə müəyyən etdik ki...
Bizi izləyin

Xüsusi

PEDİATR Britaniya ştammının təhlükəsindən danışdı: Son bir ildə müəyyən etdik ki...

Pediatr Elşən Tağıyev bildirib ki, uşaq orqanizmi COVID-19-u yügül keçirsə də, infeksiyanın sonrakı dönəmində post-koronavirus sindromu onlar üçün kifayət qədər təhlükəli ola bilər və yetərincə ölüm faizinə malikdir.

Pediatrın Publika.az-a müsahibəsini təqdim edirik:

- Doktor, Britaniya ştammının uşaqlar üçün təhlükəli olduğu deyilir. Bu, sadəcə yoluxuculuq baxımdan təhlükəlidir, ya ağırlaşmalara da səbəb ola bilər?

- Biz əvvəl elə düşünürdük ki, uşaq orqanizmi koronavirusa qarşı həssas deyil və yaxud da uşaqlar bu xəstəliyi yüngül keçirirlər. Lakin Britaniya ştammı olmadan da son ildə müəyyən etdik ki, koronavirusu hətta heç bir simptomsuz keçirən uşaqlar infeksiyadan 4-6 həftə sonra sepsisə bənzər bir mənzərə, çox yüksək hərarət, qaraciyər, ürək, ağciyər və digər orqanların zədələnməsi ilə keçən qeyri-spesifik problemlərlə xəstəxanaya daxil olurlar. Azərbaycanda da yetərli sayda uşaq post-koronavirus sindromundan stasionar müalicə alıb.

Odur ki, COVID-19-un uşaq orqanizmi üçün tamamilə təhlükəsiz olduğunu deyə bilmərik. Son bir il göstərdi ki, infeksiyanın özü birbaşa uşaq orqanizmi üçün təhlükəsiz olsa da, infeksiyanın sonrakı dönəmində post-koronavirus sindromu uşaq orqanizmi üçün kifayət qədər təhlükəlidir və yetərincə ölüm faizinə malikdir. Bu, Britaniya ştammı deyil, standart SARS-2-nin digər ştammlarına aiddir.

SARS-2-nin Britaniya ştammı əslində yeni deyil, ötən ilin aprel ayında İngiltərədə müəyyən edilmişdi. Koronavirusun tac hissəsində mutasiyaya uğrayan zülalın hesabına virus daha asanlıqla hüceyrəyə yapışır və onun içərisinə daxil bilir. London İmperial Kollecinin mütəxəssisləri müəyyən ediblər ki, bu səbəbdən artıq uşaqlar da infeksiyaya böyüklər qədər həssasdır. İngiltərəli alimlər bu qənaətə gəlib ki, bu ştamma uşaq orqanizmi də həssasdır.

Britaniya ştammının ölümcül olmasına gəldikdə, keçən ilin dekabrı və 2021-ci ilin yanvar ayları arasında Bristol Universitetində aparılan tədqiqatlarda sübut olunub ki, mutant virusun ölüm faizi digər standart ştammlara nisbətən 30 faiz çoxdur. Standart SARS-2 ştammlarında ölüm göstəricisi ölkələrdən asılı olaraq 2-3% arasında dəyişir. Uşaqlar üçün ölümcül olduğu sübut olunmayıb, lakin birmənalı olaraq qəbul olunub ki, Britaniya ştammının ümumi göstəriciləri daha yüksəkdir. London İmperial Kollecinin mütəxəssislərinin apardığı tədqiqatlara görə, Britaniya ştammının yoluxuculuq qabiliyyəti digər ştammlara nisbətən 30-50% yüksəkdir. Uşaqlar üçün daha təhlükəli və ölümcül olması isə sübut olunmayıb.

- Azərbaycanda koronavirusa və Britaniya ştammına yoluxan uşaqlar arasında artım müşahidə olunurmu?

- Cavab vermək çətindir, ona görə ki, ilk vaxtlar testlərdən az sayda uşaqlar keçirdi. Son zamanlarda qrip əlamətləri, temperaturu olan uşaqlar arasında daha çox test aparılmağa başlanıb. Statistik məlumatlar olmasa da, şəxsi təcrübəmdən deyə bilərəm ki, uşaqlar arasında yoluxma hallarının sayı artmaqdadır.

- Uşaqlarda kliniki əlamətlər nə ilə seçilir?

- Uşaqlarda koronavirus əsasən simptomsuz və yüngül keçir. Virusa yoluxan və stasionar müalicə alan uşaqlar hazırda demək olar ki, yoxdur, barmaqla sayılacaq qədərdir. Azərbaycanda uşaqlar arasında birbaşa koronavirus səbəbindən ölüm halları bildiyim qədər müəyyən olunmayıb. Lakin yuxarıda dediyim kimi, post-koronavirus sindromu ilə xəstəxanaya müraciət edən uşaqların sayı kifayət qədər çoxdur.

- Uşaqlara koronavirus peyvəndlərinin vurulmaması kütləvi immunitetin yaranmasına mane ola bilərmi və COVID-19 peyvəndləri uşaqlar üçün nə zaman aktuallaşacaq?

- Subyektiv fikrim bundan ibarətdir ki, Azərbaycanda vaksinasiya işləri ləng gedir. Gündəlik təxminən 15 min peyvənd aparılır. Bu tempdə aparılan peyvənd kütləvi immunitetin yaranmasına səbəb ola bilməz. Hesab edirəm ki, kütləvi immunitetin yaranması üçün vaksinasiyanı sürətləndirməliyik.

Uşaqlar xəstəliyi yüngül keçirir, sadəcə xəstəliyin yayılmasında daha çox rol oynayırlar. Odur ki, uşaqların peyvənd olunmaması müəyyən mənada kütləvi immunitetin yaranmasını ləngidə bilər. Bu problem tədricən aradan qalxacaq. Düşünürəm ki, yaxın aylarda uşaqların da peyvəndlənməsi məsələsi gündəmə gələcək.

- Pandemiya və karantin stressi uşaqlarda immunitetin aşağı düşməsinə səbəb olubmu?

- Pandemiya ili ərzində yuxarı tənəffüs yolları infeksion xəstəliklərin kəskin sürətdə azalmasını müşahidə etmişik. Göy öskürək, qızılca, suçiçəyi kimi xəstəliklərin yayılma tempi kifayət qədər sürətlidir. Pandemiya dövründə demək olar ki, bu infeksion xəstəliklər tamamilə aradan çıxdı. Mədə-bağırsaq infeksiyası, rotovirus və digər infeksiyalara da rast gəlmə tezliyi azalıb. Əslində, pandemiya ilə əlaqədar həyata keçirilən karantin tədbirləri bu mənada faydalı oldu.

Bununla birlikdə, əhalinin açıq havada az olması, günəş işığına az məruz qalması və məhdudlaşdırıcı tədbirlərin yaratdığı stress immun sisteminin zəifləməsinə səbəb ola bilər. Tək uşaqlarda deyil, həm də böyüklərdə D vitamini çatışmazlığına rast gəlirik.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm