Ulu öndərimiz dedi ki, Ağacan, indi mən də boksçu oldum?! – MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Ulu öndərimiz dedi ki, Ağacan, indi mən də boksçu oldum?! – MÜSAHİBƏ

Budəfəki həmsöhbətimiz Azərbaycan boks tarixinin 83 yaşlı mogikanı, SSRİ idman ustası, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyevdir.

Ağacan Abiyev Publika.az-a müsahibəsində geriyə boylanaraq 83 illik ömrünün müəyyən kadrlarına kinolent tezliyi ilə nəzər salıb. Uğurlarından, beynəlxalq arenalardakı nailiyyətlərimizdən danışıb.

- Ağacan müəllim, hazırda pensiyadasınız. Nə iş görürsünüz? Yoxsa ancaq evdə-eşikdə olursunuz?

- Həkimlər deyib ki, evdən bayıra çıxmayın, evdə oturun. Mən də onların dediklərinə əməl edirəm. Yaşım 80-i keçib. Arzu edirəm ki, siz də mənim yaşıma çatasınız. Özümü yaxşı hiss edirəm. Hər şey qaydasındadır. Havaların düzəlməsini gözləyirəm.

- Üzümüzə gələn Olimpiya Oyunlarında boksçularımızın şanslarını necə qiymətləndirirsiniz?

- Uşaqlarımız il boyu məşq edirlər. Hazırlıq prosesi həmişəki kimi öz qaydasındadır. Mənə elə gəlir ki, həmişə olduğu kimi bu dəfə də Olimpiya Oyunlarından bir-iki medal gətirə biləcəklər. Hamısı bacarıqlı uşaqlardır. Nəticələri də pis deyil. Əgər bu dəfə Təşkilat Komitəsi hansısa oyun çıxarmasa, yarışlar keçirilsə, nəticələrimiz də yaxşı olacaq. Çünki hazırlıq prosesi yüksək səviyyədə keçir. Yəni həmişə olduğu kimi bu dəfə də medalsız qalmayacağıq.

- Tokio Olimpiadasında boksdan qızıl medal ümidləriniz varmı? Kimlərə güvənirsiniz?

- Ümidsiz yaşamaqdansa, ölmək yaxşıdır. Ümidimiz böyükdür. Yaxşı uşaqlarımız da var.

- Kimlərin adlarını çəkə bilərsiniz?

- Yox, ad çəkmək düz olmaz... Çünki 4-5 boksçumuz var, birinin adını çəkib o birilərin adlarını çəkməyəndə digərləri həvəsdən düşəcək. Bir sözlə, onların hər birindən yaxşı çıxışlar gözləyirik. Hər birinə ümidimiz böyükdür. Olimpiya medallarının qızıl, gümüş, bürünc olmasının heç bir fərqi yoxdur. Əsas kürsüyə çıxmaqdır. Bütün dünyada idmançılar olimpiadaya yaxşı hazırlaşa bilməyiblər. Çünki pandemiya bir sıra çətinliklər yaradıb.

- Ağacan müəllim, bir neçə il əvvələ qədər bir neçə vəzifə icra edirdiniz. Bütün vəzifələrdən getmisiniz, yoxsa hələ də icra etdiyiniz var?

- Hazırda Boks Federasiyasının birinci vitse-prezidentiyəm.

- Federasiyaya gedib-gəlirsiniz?

- Əlbəttə, gedirik, gəlirik... Mütəmadi görüşlər keçiririk. Hələ ki, xəstə deyiləm. Uşaqlarla görüşə bilirəm. Görüşlər planlaşdırırıq. Eyni zamanda, Beynəlxalq Olimpiya Komitəsinin qərarını gözləyirik. Görək budəfəki Olimpiya Oyunlarını necə keçirəcəklər?! Orada bu məsələyə baxan bir neçə adam var. Bir sözlə, Beynəlxalq Olimpiya Komitəsinin qərarı bizim üçün qanun olacaq.

- Bu günə kimi neçə olimpiya lisenziyası qazana bilmişik?

- Hələ lisenziya görüşləri başlamayıb. İlk olaraq bu yarışlar təşkil olunmalı, keçirilməlidir. Həmin yarışlarda neçə lisenziya qazanacağımız bəlli olacaq. On-on beş gündən sonra yarışlar başlayacaq.

- Pensiyaya çıxandan sonra necə dincəlirsiniz?

- Hamı necə dincəlirsə, mən də elə... Gündəlik işlərimlə məşğul oluram. Qəzet, kitab oxuyuram. Prosesləri izləyirəm. Təzə elmi işlərim var, onlarla məşğulam. Nəvələrlə, nəticələrlə günlərimi keçirirəm. 3 nəticəm var.

- Ailədə sizin yolunuzu davam etdirənlər varmı?

- Boks bizim ailəvi idman növümüzdür. Böyük və kiçik qardaşım boksla məşğul olub.

- Bildiyim qədər universiteti də boksa görə atmısınız...

- Bəli. 1955-ci ildə mən Neft-Kimya İnstitutuna daxil olmuşdum. Neft-mədən fakültəsində təhsil alırdım. Həmin vaxt artıq gənclər arasında boks üzrə çempion da olmuşdum. O zaman həyatımı boksa bağladım. 1957-ci ildə universiteti atıb Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldum. Elə həmin il SSRİ idman ustası adını aldım. O zaman cəmi 20 yaşım vardı.

- Bəs Milli Məclis üçün darıxırsınız?

- Darıxırsınız deyəndə ki, hər şeyin vaxtı, vədəsi var. Mənim getmək vaxtım çatmışdı, ona görə də getdim. Bilirdim ki, mənim də getmək vaxtım gələcək. Yəni bizim yerimizə gənclər gəlməlidir. Bizdən daha yaxşıları orada oturmalıdır. Elə o cür də oldu. Hələ ki, darıxmıram...

- Ağacan müəllim, torpaqlarımız işğaldan azad olundu. Çox güman ki, həmin bölgələrdə də olimpiya idman kompleksləri tikiləcək. Sovet dövründə Qarabağda idman necə inkişaf etmişdi?

- Əvvəla, o torpaqlar həmişə bizim olub. Əzəli Azərbaycan torpaqlarıdır. Sovetlər dövründə Azərbaycanın digər yerlərində idman hansı səviyyədə inkişaf etmişdisə, Qarabağda da vəziyyət o cür idi. Orada da idman yarışları baş tuturdu. Hətta Dağlıq Qarabağın özündə də biz yarışlar keçirmişik. Hesab edirəm ki, bizə bir neçə il vaxt lazımdır ki, həmin bölgələrdə müharibədən əvvəlki dövrdəki vəziyyəti bərpa edək. Bərpa edəcəyik, buna şübhəmiz yoxdur. Çünki gənclərimiz, idmanımız, nümunələrimiz var. Əsas odur ki, başlamaq lazımdır. Çətini başlayana kimidir. Fikrimcə, o dövrdə olduğu kimi biz yenidən Qarabağda idman yarışları keçirəcəyik.

- 44 günlük müharibədə hansı hissləri keçirdiniz?

- 1945-ci ilin 9 may günündə qazanılan qələbədə hansı hissləri keçirmişdimsə, o hissləri keçirdim. O vaxt 9 yaşım vardı. Ortada atlanıb-düşən, qələbəni qeyd edən uşaqlardan biri də mən idim. Budəfəki məntiqi qələbədir. Biz bu savaşda qələbə çalmalı, arzumuza çatmalı idik. Ermənilər də başa düşməlidirlər ki, düz obyekt tapmayıblar. Onlar anlamalıdır ki, yanlış qapını döyüblər. Azərbaycan lazım olarsa, daha artığını da edə bilər.

- Ağacan müəllim, bildiyim qədəri ilə sovet dövründə də Azərbaycan və Ermənistan idmançılarının qarşılaşmaları həmişə prinsipial şəraitdə keçib...

- Bəli, həmişə elə olub. Yadımdadır ki, həmişə futbol oyunları zamanı “Neftçi” ilə “Ararat” görüşəndə 50-60 min adam yığışırdı. Stadionda bir nəfərlik boş yer qalmırdı. Doğrudan da çox maraqlı yarışlar keçirilirdi. Mən də erməni idmançıları ilə qarşılaşmışam və nokautla qalib gəlmişəm. Deməli, 1957-ci il idi. Mənim 20 yaşım vardı. Ən yaxşı qələbəmi erməni idmançısına qarşı döyüşdə əldə etmişəm. Onların məndən 8 yaş böyük bir boksçuları var idi, Qrant Sarkisyan. 28 yaşı olardı, ona nokautla qalib gəldim. O vaxt bir ildən bir Zaqafqaziya-Moldova spartagiyadası keçirilirdi. Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova idmançıları bu yarışlarda güclərini sınayırdılar. Yarışlar hər il bir ölkədə baş tuturdu. Azərbaycan çempionu olduğum üçün məni yığma komandaya götürmüşdülər. Elə ilk döyüşüm bu erməni idmançısı ilə idi. 54 kq çəki dərəcəsində döyüşürdüm. Mən onu nokautla məğlub etdim. Həmin boksçu 1956-cı ildə SSRİ xalqları spartagiyadasında ikinci yeri götürmüşdü. Onu nokautla yerə sərdim. Komanda yarışlarında da 6:4 hesabı ilə ermənilərə qalib gəldik. O vaxt 10 çəki dərəcəsi var idi, sonradan 12 olmuşdu. İkinci görüşüm Gürcüstan idmançısı idi, o da milliyyətcə erməni idi. Ona da qalib gəldim. Moldovalı idmançıya da qalib gəldikdən sonra 20 yaşında bu spartagiyadada çempion adını qazandım. İlk dəfə 20 yaşında SSRİ idman ustası normasını yerinə yetirdim. Həmin turnirdə komanda yarışlarında Moldovanı 10:0, Gürcüstanı isə 7:3 hesabı ilə məğlub etmişdik.

- Olimpiya medalı əldə etmək şansınız olubmu?

- Mən sovet dövründə rinqə çıxmışam. Olimpiya Oyunlarında iştirak etmək üçün SSRİ çempionu olmaq lazım idi. Mən isə cəmi bir dəfə 2-ci yer tutmuşam, SSRİ çempionatında. Ona görə də o vaxt Olimpiya Oyunlarına qatıla bilmədim. Bu arzuma çatmaq qismətim olmadı.

- Ağacan müəllim, aldığınız pensiya sizi qane edirmi?

- Çox gözəl qane edir. Allah həmişə Azərbaycanı var eləsin. Çox razıyam. Ona görə yox ki, mən çempion olmuşam, ona görə ki, mən işləmişəm... Aldığım pensiya mənə də bəs edir, ailəmə də...

- Ulu öndər Heydər Əliyevlə bir neçə dəfə görüşmüsünüz. Hansı maraqlı xatirələriniz var?

- 2000-ci il idi. Bizi Sidneyə, 27-ci Yay Olimpiya Oyunlarına yola salırdı. Yolasalma mərasimində görüşmüşdük. Söz vermişdim ki, biz medalla qayıdacağıq. Elə də oldu. 2 qızıl, bir bürünc medalla döndük. Boksda Vüqar Ələkbərov bürünc medal qazandı. Ulu öndərimiz həmişə idmançılara, boksçulara böyük diqqət və qayğı göstərirdi. Ulu öndərimizin yolasalma mərasimində dediyi sözlər bizim qalib kimi qayıtmağımıza böyük kömək oldu. Biz medallarla qayıtdıq. O zaman belə bir ənənə vardı; qızıl medal qazanan ölkənin rəhbərliyinə Beynəlxalq Olimpiya Komitəsi idmanın inkişafındakı xidmətlərinə görə orden verirdi. Ulu öndərimiz BOK tərəfindən mükafata layiq görülmüşdü. Həmin ordeni ümummilli liderimizin yaxasından mən asdım. Ordeni ulu öndərimizin boynundan asanda zarafatla dedi ki, Ağacan, indi mən də boksçu oldum? – bizimlə zarafat elədi. Mən də qısa cavab verdim ki – cənab prezident, özü də ordenlisindən... Dedi ki, ayağa qalx görüm. Qalxdım, bir-iki boks hərəkəti etdi. Biz idmançılara əsl atalıq qayğısı göstərirdi. Onun qayğısı idmançıları fərəhləndirirdi. Həmin qayğı bu gün də var. Həmin qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün də davam edir. Həmin qayğıya idmançılar öz nəticələri ilə cavab verirlər. Heç bir ölkədə idmana bu cür qayğı və diqqət yoxdur. O dövrdə 7-8 milyonluq ölkəmiz 150-200 milyonluq ölkələrə qarşı mübarizə aparırdı. Nəticələr onlardan da yüksək olurdu. Maşallah, indi 10 milyonu keçmişik. Daha yaxşı nəticələrimiz olacaq. Bizim uşaqlarımız sağlamdırlar. Həm fiziki, həm də əqli cəhətdən... Zehinləri də yaxşıdır. Hər olimpiadada əldə olunan nəticələrimiz də xətti funksiya kimi aşağıdan yuxarıya gedir. Bizim inkişafımızın qaynağı ölkə rəhbərliyinin diqqətindən qaynaqlanır. Elmə də, idmana da, digər sahələrə də eyni dərəcədə böyük diqqət var. Onu da deyim ki, Olimpiya Oyunlarında SSRİ məkanından yeganə 1-ci dərəcəli beynəlxalq hakim var idi, o da mən idim. 2004-cü ildə Afinada keçirilən olimpiadada baş hakim oldum. Afina – “Athens” tərcümədə böyük bülbüllər deməkdir. Mən də Bülbülə balası idim, oradakı olimpiadada baş hakim oldum. “Feyr-pley” mükafatı aldım.

- Tanınmış siyasətçilərdən kimlərlə möhkəm dostluq münasibətləriniz olub? Kimlərlə daha yaxın olmusunuz?

- Bura bax, mən ya dostam, ya da həmin adamı tanımıram... Məndə yaxın, uzaq məsələsi yoxdur. Milli Məclisdəki bütün deputatlarla dostluğum var, olub və olacaq. Çünki biz azərbaycanlıyıq. Məhz buna görə, deputat olduğuna görə yox! Hər bir azərbaycanlı bir-biri ilə dost olmalıdır. Elə dostdur... Dost deyilsə, həmin insanlara xalq demək olmaz. Biz isə xalqıq! Ona görə də bir-birimizə dost deyə bilirik. Deyəcəyik də...

Tural Turan

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm