Məşhur aktrisa ağır depressiya yaşadı: “İçimdəki fırtınaları heç kim görmür”
Bizi izləyin

Xüsusi

Məşhur aktrisa ağır depressiya yaşadı: “İçimdəki fırtınaları heç kim görmür”

“Xəzər” TV-də yayımlanan “13-cü mənzil” serialında ilk dəfə dramatik obrazda tamaşaçı qarşısına çıxan aktrisa Xəyalə Quliyeva layihə barədə təəssüratlarını bölüşüb.

Ulduz Publika.az-a müsahibəsində serialın eyni kişiyə aşiq olan 3 rəfiqənin bir-birinə düşmən kəsilməsindən bəhs etdiyini deyib.

- Xəyalə xanım, səhv etmirəmsə, ilk dəfədir belə ciddi obrazda çəkilirsiniz. Komediya layihələrində qazandığınız minlərlə tamaşaçı sevgisini itirməyə qorxmadınız ki? Ümumiyyətlə, hansı reaksiyalarla qarşılaşırsınız?

- Bəli, ilk dəfədir ki, belə ciddi orbazda rol alıram. Tamaşaçı sevgisini niyə itirim ki? Məni komik rollarımla seviblər, ümid edirəm ki, dramda da eyni dərəcədə sevərlər. İtirməkdən qorxmuram, ümumiyyətlə, tamaşaçımı itirməyimə səbəb olan bir rol deyil.

- Günay Əhməd və Uzel Kərimova necə tərəf müqabilidir?

- Üçümüz də həm həyatda, həm də rollarda tamamilə fərqli xarakterlərə malik insanlarıq. Kastinqi edən şəxs çox uğurlu və düzgün seçim edib. Hər kəs öz obrazının öhdəsindən çox yaxşı gəlir.

- 3 qadının eyni anda bir adama aşiq olması kişinin “fəlakətidir”, ya “uğuru”?

- Bu, məsələyə kimin baxmağından asılıdır. Əgər kişinin gözü ilə baxsaq, 3 qadının eyni adama aşiq olması onun uğurudur. Yox, qadınlar tərəfdən baxsaq, sözsüz ki, kişinin fəlakətidir. Bu 3 qadın birləşib kişinin başına nə oyunlar aça bilər. Layihədə də bu göstərilir.

- Sizcə, niyə qadın özünü onu sevməyən kişinin yolunda fəda edir?

- Bu, dəyişməyən bir qaydadır. Türklərdə belə bir söz var, “Kaçan kovalanır”, yaxud da “Təsir əks təsirə bərabərdir”. Kişi qaçdıqca bəzən qadın da onu tutmağa çalışır. İnanın ki, kişi qaçmasa, qadın özünü onun yolunda fəda etməz.

- Çəkildiyiniz hansı layihəni rejissor işinə, ssenarisinə və ya aktyor oyununa görə xarici seriallarla müqayisə etmək olar?

- Bizim serialları xarici layihələrlə müqayisə etmək olmaz. Çünki hər şey fərqlidir, biz bəzən xarici film və seriallardakı hansısa ideyanı təkrarlayırıq, amma bizdə onu qəbul etmirlər. Mental dəyərlər bu mənada ön plana çıxır, bizə yaraşmaz, bizə olmaz kimi rəylər səsləndirilir. Odur ki, bir çox çərçivələri gözləmək məcburiyyətində qalırıq. Bu çərçivələr imkan vermir ki, yerli işləri xarici rejissorların çəkdiyi hər hansı ekran işi ilə müqayisə edək. Çox təmas, yaxınlıq olmaz, istər geyimlərdə, istərsə də məkanlarda mentaliteti gözləmək məcburiyyətindəyik.

- 3 rəfiqənin həyat hekayəsindən bəhs edən bu serialın tərəflərindən nümunə götürməyə dəyər?

- Həyatda kimsə xoşbəxtdirsə, sevgilisindən və ya həyat yoldaşından küsübsə, rəfiqələri “Düz edirsən, ayrıl” kimi sözlərlə ayrılmağa sövq qedir. Belə məsələlərdə hər rəfiqənin dediyinə inanmaq olmaz, rəfiqələrin sözlərinə görə ailə dağıtmazlar. Nə bilirsən ki, o rəfiqənin içində nə gizlənib... Bəlkə özü bədbəxtdir deyə, sənin də səadətinə əngəl olmaq arzusundadır. Qadın çalışmalıdır ki, ailəsini və evini kiminsə sözü ilə dağıtmasın. Xanımların “13-cü mənzil” serialından çıxardığı bir nəticə ola bilər: Rəfiqələrin hər sözünə arxalanmayın!

- Belə situasiyalara düşməmək üçün xanımlarımıza nə tövsiyə edərdiniz?

- Situasiyalar hər kəsdə müxtəlifdir. Bağışlanılan və bağışlanılmayan vəziyyətlər var. Ən azından rəfiqələrlə birləşib kişinin başına oyun açmağı tövsiyə etməzdim.

- “13-cü mənzil” serialında canlandırdığınız rolunuzdan razısınız? Xalidədə nəyi dəyişməyə çalışardınız?

- Xalidə obrazı ilə Xəyalənin heç bir uyğunluğu yoxdur, həyatda heç bir halda Xalidə kimi davranmazdım. Hərdən hirslənirəm ki, Xalidə niyə belə davranır. Rejissor deyir ki, o sən deyilsən, Xalidədir. Xalidənin qərarlarını qəbul edə bilmirəm.

- Sizcə, tamaşaçını güldürə, yoxsa ağlada bilmək daha ciddi işdir?

- Ağlatmaq asandır. Çünki bizim tamaşaçılar həssasdırlar, məsələn, sosial verilişlərdə kimsə yaxınını tapanda və ya itirəndə hamı ona qoşulub ağlayır. Həqiqətən də ürəyi yanan xalqıq, hamının dərdinə şərik olur, ağlayır və dərman olmağa çalışırıq. Amma kiminsə üzünü güldürmək çətindir, xüsusilə problemləri və dərdləri olan insanları. Güldürə biləndə sevinirik ki, kiminsə üzündə az da olsa, gülüş yarada bildik, ovqatını xoş etdik.

- Xəyalə xanım, pandemiya həyatınızda nələri dəyişdi? Hər kəs bu bəladan özünə bir dərs çıxardığını deyir. Sizdə necə oldu?

- Əslində, məni çox böyük bir depressiyaya saldı. Hər yay tətilə getməliyik ki, növbəti mövsümə yeni enerji ilə başlayaq. İstirahətə gedə bilmədik, yeni enerji toplamadıq, köhnə ilin yorğunluğu ilə yeni layihələrə start verdik. Bu, çox təsir etdi. Müharibə yaşadıq, əlbəttə ki, qələbə çaldıq və sevindik. Amma nə qədər şəhid verdik... Müharibə görüntüləri mənə təsir etdi, çox sarsılmışdım. Daha sonra anam dünyasını dəyişdi, ruhsal durumum daha da pisləşdi. Ümumiyyətlə, pandemiya müddətində sözün əsl mənasında sıxıntılarım çox oldu. Dostlarım sağ olsun ki, yeni layihələrə dəvət etdilər, çəkilişlərdə başım işlərə qarışdı. Evdə olanda özümə qapanırdım. Bəzən kənardan baxıb deyirlər ki, nə yaxşı deyib-gülə bilir, dərdini, bəlasını nə tez unutdu. İnanın ki, elə deyil, hələ də stress dərmanları atıram, zaman-zaman halım pisləşir, təcili yardım gəlir. İnsanın içindəki fırtınaları heç kim görmür. Üzdə görünən deyil, biz məcburuq ki, efirdə tamaşaçı üçün gülüb, danışaq, oynayaq.

- Pandemiyanın film sektoruna təsiri nə oldu?

- Bir il filmlər çəkilmədi, çəkildiyim filmin qalasından sonra pandemiya başladı və kinoteatrlarda nümayiş oluna bilmədi. Bir çox filmlər çəkildi, amma baxılmadı, həm də yeniləri çəkilmədi. Bütün bunlar ciddi maliyyədir, pul qoyan şirkətlər pulunu ala bilmədi. Həyatın normal vəziyyətə qayıdacağını və kinoteatrların açılacağını gözləyirik ki, film yenidən ekranlarda nümayiş olunsun.

Üstəlik, aktyorlar işsiz qaldı, yaxşı ki, televiziya tamaşaları və seriallar var, heç olmasa onlar bizi işsiz qalmağa qoymur. Film sektorunda çalışanlar çox böyük böhran yaşadı.

- Hər kəs səbirsizliklə müharibə mövzusunda layihələrin reallaşmasını gözləyir. Sizcə, yaxın gələcəkdə savaş serialının, filmlərin çəkilməsinə başlanacaqmı? Onlara maraq hansı çərçivədə olacaq?

- Bu mövzuda layihələrin olması çox gözəldir. Bu vaxta qədər “Fəryad” filmi başda olmaqla, bir çox müharibə filmləri çəkilib, orada məğlubiyyət ağrısı var idi. Çox yaxşı olardı ki, ürək ağrısı ilə deyil, qürur hissi ilə baxa biləcəyimiz filmlər çəkilsin, qələbə ruhu öz əksini tapsın.

- Xəyalə xanım, müsahibə üçün təşəkkür edirəm, sizə də, dünyanın özünə də pandemiyasız və stressiz bir yay arzu edirəm.

- Minnətdaram, arzularımız qarşılıqlıdır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm