Rafael İsgəndərov: İnsanlar var ki, həyatda biz aktyorlardan qat-qat yaxşı rola girir
Bizi izləyin

Xüsusi

Rafael İsgəndərov: İnsanlar var ki, həyatda biz aktyorlardan qat-qat yaxşı rola girir

“Bu şəhərdə” komandasının aktyoru Rafael İsgəndərov bu gün 49 yaşını qeyd edir. Təmtəraqlı doğum günü şənliklərini sevməyən ulduz əlamətdar hadisəni iftar süfrəsi arxasında bir neçə yaxın dostu ilə birlikdə keçirəcək.

Aktyor 49 illik həyat fəlsəfəsi barədə fikirlərini Publika.az-la bölüşüb.

- Rafel bəy, təvəllüdünüzü bilməsəydiniz, özünüzə neçə yaş verərdiniz?

- Üzeyir Hacıbəyov 50 yaşına çatandan sonra deyib ki, Məşədi İbadı 50 yaşında qoca kimi təqdim etməklə səhv etmişəm. Mən də bu fikirdəyəm ki, 50 yaş qoca sayılmır. Özümü hələ qoca hiss etmirəm, özümə 42 yaş verərdim.

- Yaşa dolmaq sizi kədərləndirir?

- Kədərlənəsi hal yoxdur, “naborod qızışıyoruz” (Gülürük). Doğum günlərində çox insan düşünür ki, yaş üstünə bir yaş da gəldi. Kədərlənməyə dəyməz, Alllah 100 il ömür yazıbsa, onun 49 ilini başa vurmuşuq.

- İllərdir ki, tamaşaçılara gülüş bəxş edirsiniz, sizə baxanda həm gülürük, həm də əylənirik. Bəs öz həyatınızın hər gününü maraqlı edə bilmisiniz?

- Hər günüm maraqlı olmasa da, mənalı bir ömür yaşamışam. İşimiz çətindir, eyni zaman əyləncəlidir. Pandemiya səbəbiylə darıxdırıcı və çətin günlərimiz oldu. Ümid edirəm ki, bu günlər də keçər, tezliklə hər şey əvvəlki qaydasına düşər. Həyat tərzim çox aktivdir, həm idmanla məşğul oluram, həm futbol oynayıram, həm balıq tuturam, həm də imkan olduqca səyahət edirəm. Yaxşı ki, oxşar hobbilərim olan qiymətli dostlarım var. Bütün bunlar məni darıxmağa qoymur.

- Pandemiya sizin maddi durumunuza necə təsir etdi?

- Çətinliklər olur, şükürlər olsun ki, Allah-Təala bizi özündən başqa heç kəsə möhtac etmir.

- Maşallah olsun ki, çox gənc qalmısınız. Sizi nə belə gənc və gümrah saxlayıb?

- Həyat tərzi insan sağlamlığı ilə birbaşa əlaqəlidir. İdman və dieta mütləq olmalıdır, hərəkətsiz həyat tərzi məndən çox uzaqdır.

- Layiq olduğunuz ömür yolunu gedirsiniz?

- Dində də deyilir ki, hər kəs layiq olduğu ömrü yaşayır. Allah-Təala da hamıya çəkə biləcəyi dərdi verir, şikayətim yoxdur.

- Qəlbinizin hansı ağrısı ilə vidalaşa bilmirsiniz?

- Qarabağ hamımızın böyük bir ağrısı idi. Şükürlər olsun ki, torpaqlarımız qaytarıldı, şəhidlərin, qazilərin və əsgərlərin qanı bahasına! Hazırda məni pandemiyadan savayı ciddi narahat edən bir problem yoxdur.

- Bəs ən çətin həyat imtahanınız nə olub?

- Bunlar bir deyil, iki deyil... Həyat başdan başa imtahandır.

- Haqqınızda film çəkilsəydi,adı nə olardı?

- Həyatım haqqında nə kitab yazılmasını, nə də film çəkilməsini istəməzdim. Belə bir təklif gəlsə, qəbul etməzdim.

- Həyat təcrübəniz xeyirlə şərin mübarizəsindən nələri öyrənib?

- Hələ də təəccübləndiyim məqamlar olur, insanlarda da yanılıram. Deyirlər ki, aktyorlar çox yaxşı psixoloqlardır. Bəli, müəyyən nüansları tuta bilirsən, amma ilk tanışlıqdan insanın kimliyini müəyyənləşdirmək mümkün deyil. İnsanlar var ki, həyatda biz aktyorlardan qat-qat yaxşı rola girir. Biz səhnədə aktyoruq, onların isə həyatı yalandan ibarətdir. İnanıın ki, oyunlarına görə, onlara Oskar düşür.

- “Bu şəhərdə” komandası olaraq yüzlərlə müxtəlif qadın obrazlarını canlandırmısınız. Qadınları çözə bilmisiniz, yoxsa hələ də kəşf edilməmiş tərəflərimiz qalıb?

- Çətin sualdır... Qadınlar dəniz və okeanlarda batan gəmilərdə gizlənmiş bir xəzinədir!

- Bu xəzinəni araşdırmaq maraqlı, ya darıxdırıcı prosesdir?

- Darıxdırıcı deməzdim, sənətimlə əlaqədar olaraq araşdırmalarımız həmişə davam edir. Qadın psixologiyasından hali olmaq gözəl olsa da, dərinliklərinə qədər çözmək əlimizdə deyil.

- Artıq yutub kanalınızda “Qayınananın vəsiyyəti” adlı serial başlayıb. Necə qarşılanır?

- Yazılan rəylərdən görürür ki, yüksək qiymətləndirilir, yaxşı qarşılanır. Kaş biz bu layihələri pandemiyadan əvvəlki dövrlərdə də çəkərdik ki, əlavə gəlirimiz olardı. Çünki başqa bir biznesimiz yoxdur, biznesim sənətimdir. Yutub da biznesin bir növüdür.

- Konsertlər üçün darıxırsınız?

- Ümumiyyətlə, səhnə üçün çox darıxıram. Dram və kino aktyoru fakültəsini bitirsəm də, Coşqunun da, mənim də başladığımız yer səhnədir.

- Bu günü necə yaddaqalan etmək fikriniz var?

- Ümumiyyətlə, doğum günlərimi heç vaxt təmtəraqlı keçirtməmişəm. 35, 45 yaşımda da ən yaxın dostlarımla süfrə ətarfında yığışmışıq. Pandemiya ilə əlaqədar restorana toplaşmaq çətindir, sadəcə 3-4 nəfərlik dostlarla iftar süfrəsinə dəvət olunmuşam.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm