Gəncədə 13 min şəhid verən yerli əhaliyə kimlər xəyanət etmişdi? – MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Gəncədə 13 min şəhid verən yerli əhaliyə kimlər xəyanət etmişdi? – MÜSAHİBƏ

Bu gün sovet işğalına qarşı baş qaldırmış Gəncə üsyanından 101 il ötür. 4-5 gün davam edən üsyan nəticəsində sovet ordusunun 900 əsgəri məhv edilmiş, 1200-ü əsir götürülmüş, 6 mini əsgəri isə yaralanmışdı.

Üsyan nəticəsində Gəncə əhalisinə divan tutulmuş, əli silahlı əsgərlərimizdən başqa 13 min dinc Gəncə sakini işğalçı 11-ci ordu tərəfindən məhv edilmişdi.

101 il əvvəlki şərəfli tariximiz olan Gəncə üsyanı ilə bağlı fikirlərini almaq üçün tarix elmləri doktoru, professor, millət vəkili Anar İsgəndərli ilə söhbətləşmişik.

Milli Məclisin deputatı Anar İsgəndərli Publika.az-a müsahibəsində Gəncə üsyanının Azərbaycan tarixindəki rolundan və yerindən danışıb.

- Anar müəllim, cəmi 23 ay ayaqda dura bilmiş Azərbaycan Cümhuriyyəti, onun yenidən bərpası üçün belə bir üsyanın başlanmasına zərurət nədən yaranmışdı?

- 1918-ci ilin mayın 28-də cümhuriyyətimizin elan olunması Azərbaycan xalqının tarixində ən böyük bir hadisə idi. Müsəlman şərqinin ilk cümhuriyyəti Azərbayacan xalqına məxsusdur. Eyni zamanda, bu cümhuriyyət 23 ay ərzində 350 dəfə İLK DƏFƏ sözünə imza atdı. İlk cümhuriyyət, ilk parlament, ilk dəfə Azərbaycan dilinin dövlət dili elan olunması, Azərbaycan Milli Ordusunun yaradılması, Azərbaycan parlamentində ilk fraksiyaların qurulması, Azərbaycan parlamentində dünyanın dünyanın ən demokratik dəyərlərinin müzakirəsi, qanunların qəbul olunması, Paris Sülh Konfransında Azərbaycanın de-fakto tanınması... Bütün bunlar o dövr üçün çox böyük hadisə idi. Çox təssüflər olsun ki, 1920-ci ilin 27 aprelində 23 ay şərəflə yaşayan bir dövlətin istiqlalına son qoyuldu. Yəni, sovet Rusiyası Azərbaycanın müstəqilliyini bitirdi.

- Bəs sovet işğalına əsasən kimlər qarşı idilər?

- Cümhuriyyətin çöküşündən sonra cümhuriyyətin süqutu ilə barışmayan kifayət qədər insanlar var idi. Hökumət və parlament üzvləri, Paris sülh konfransında ölkəmizi təmsil edən Azərbaycan nümayəndə heyəti və digərləri bu işğala qarşı idilər.

- Niyə məhz Gəncə?..

- Cümhuriyyətin Tiflisdən sonra ilk mərkəzi Gəncə olduğu kimi, Gəncədə Azərbaycanın o qüvvələri toplandı ki, onlar bu istilanı, bu süqutu qəbul etmirdilər. Buna görə də 1920-ci ilin mayın 25-də Azərbaycan Milli Qüvvələri və onlara rəhbərlik edən ayrı-ayrı komandanlıqlar bu əraziyə toplaşdılar. Bu üsyanın əsas məqsədi həm cümhuriyyətinin ildönümünün qeyd olunması, həm də sovet Rusiyasına qarşı etiraz bildirmək idi. Gəncə üsyanı Azərbaycan tarixində ən böyük hadisələrdən biridir. Doğrudur, 70 illik sovet dönəminin ilk dövrlərində bu hadisə Gəncə qiyamı kimi xarakterizə olundu. Gəncədə şəhid edilən insanların siyahısı verilmirdi. Ancaq Gəncədə ölən rus əsgərlərinin sayı açıqlanırdı. Onlar qəhrəman kimi göstərilirdi. 70 illik sovet dönəmində də tarix bu şəkildə işıqlandırıldı.

Hər dəfə Azərbaycan məktəblisi elə başa düşürdü ki, hadisənin qəhrəmanı sovet Rusiyasının, 11-ci rus ordusunun əsgəridir. Amma hadisənin günahkarı isə Azərbaycanlı əhalidir, Azərbaycan milli qüvvələridir, ölkəmizin milli demokratik ziyalılarıdır. Hadisələrin məğzi sovet dərsliklərində bu cür göstərilirdi.

- Bəs həqiqətlərin tarix səhnəsindəki öz yeri nə zaman bərpa olundu?

- Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən bu tarixə diqqət yetirildi. Artıq bu real tarixdə hadisənin qəhrəmanı Gəncə qiyamı kimi yox, Gəncə üsyanı kimi xarakterizə olundu. Hərəkatın qəhrəmanları Azərbaycan əsgərləri, onlara komandanlıq edənlər oldu. Gəncə üsyanından sonra Azərbaycanı tərk edən həmin komandanlar öz xatirələrini yazdılar. Rəsmi sənədlərdən məlum olur ki, əsgərlərdən və hərbçilərdən başqa 13 min dinc əhali şəhid edilib. Təbii ki, bir tərəfdən 13 min insan ölürsə, görün nə qədər güclü müqavimət göstərilib. Buna baxmayaraq, düşmən tərəf də kifayət qədər qüvvə itirdi. Mayın 28-də Gəncə şəhəri alındı. Şəhərin alınması ilə bağlı bir cümləni biz xüsusi qeyd edirik.

- O hansı xüsusdur elə?

- Bu, 1804-cü ildəki Gəncə xanlığının Sisianov tərəfindən işğal edilməsi zamanı da baş verdi, Gəncədə yaşayan ermənilər yerli əhaliyə xəyanət etdilər. Onlar rus ordusu tərəfinə keçdilər. Eləcə də azərbaycanlı əhaliyə qarşı ən alçaq hərəkətləri nümayiş etdirdilər. Eynən 1920-ci ildə də ermənilər öz xəyanətlərini təkrarladılar. Yüz illər boyu çörəyini yedikləri azərbaycanlılara qarşı xəyanət etdilər. Ermənilər yenə də xəyanət yolunu seçdilər. Rus ordusuna keçdilər. Yerli əhaliyə silah çevirdilər. Birmənalı olaraq Tiflisdən sonra cümhuriyyətin ilk beşiyi Gəncə idi. Gəncə əhalisi, bütünlükdə Gəncə camaatı istiqlalın nə olduğunu bilirdilər. Onlar azadlıq, müstəqillik şərbətini dadmışdılar. Ona görə də Gəncə əhalisi də 1920-ci ilin mayında son damla qanına qədər düşmənə qarşı mübarizə apardılar. Bu gün Gəncə üsyanını bizim hər birimiz - təkcə tarixçilər yox, bütün ictimaiyyət nümayəndələri ehtiramla yad edirlər. Şəhid olan qəhrəman övladlarımızın ruhlarına dualar oxunur. Birmənalı şəkildə qeyd edirik ki, Azərbaycan tarixində belə hadisələr çox olub. Torpaq, Vətən, millət üçün canından keçən şəhidlərimiz var. Elə keçən ilin 44 günlük müharibəsi də onu göstərdi ki, Azərbaycan xalqı tarix boyu öz ərazisini, öz torpağını qorumaq, Vətəninə sahib olmaq üçün ali məqam olan şəhidlik zirvəsinə qalxıb.

- Sovet dönəminin bu cür üsyanları unutdura bilməməsinin səbəbi nə idi?

- Xalqımızın bu fədakarlığı, mərdliyi heç vaxt tarixdə unudulmayıb. Tarixdən heç vaxt silinməyib. 70 illik sovet dönəmi bu qəhrəmanlığımızın üzərindən xətt çəkmiş olsa da 70 ildən sonra bu hadisələr üzə çıxdı. Bu gün də biz fəxrlə qeyd edirik ki, 1920-ci ilin mayında Gəncə və Gəncə ətrafı əraziləridə sovet Rusiyasına qarşı üsyanlar olub. Bu mənada Gəncə üsyanında şəhid olanların xatirəsini bir daha anırıq. Onların qəhrəmanlıq tarixi bizə imkan verdi ki, həmin şəhidlərin balaları, nəvələri 2020-ci ilin 44 günlük müharibəsində onlar tərəfindən bizə əmanət edilən Azərbaycanın üçrəngli Bayrağını işğaldan azad edilən hər qarış torpağımızda dalğalandırdıq. İndi də o Bayraq ən uca zirvələrdə dalğalanmaqdadır. Bütün bunlar bir daha onu göstərir ki, Gəncə üsyanı şərəfli bir tarixdir. Belə tarixlər unudulmur. Doğrudan da bu gün həm orta, həm də ali məktəblərimizdə Gəncə üsyanına xüsusi önəm verilir. Bu, ibrətli bir tarix olduğuna görə, həmin tarixlə öyünür, fəxr edir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm