Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini möhkəmlədir - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini möhkəmlədir - MÜSAHİBƏ

Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini möhkəmlədir - MÜSAHİBƏ

Son günlər Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya işləri ilə bağlı müəyyən narahatlıqlar yaranır. Ermənistan adi sərhəd problemlərini böyüdərək üzv olduğu hərbi bloku - KTMT-ni də bu məsələyə qatmaq istədi.

Amma KTMT də İrəvanın bu arzusunu suya düşürdü. Ermənistan bu cür "həmlələrlə" nəyə nail olmaq istəyir?

Suallarımızı bu dəfə deputat Azər Badamov cavablandırıb.

Azər Badamov Publika.az-a müsahibəsində söyləyib ki, sərhəd məsələləri Azərbaycanın haqq işidir:

- Azər müəllim, sərhəddə gərginlik, narahatlıq yaratmaqla İrəvan nəyə nail olmağa çalışır?

- Ermənistan torpaqlarımızı işğal etdiyi 30 ilə yaxın bir dövürdə Azərbaycan torpaqlarından öz ata malı kimi istifadə ediblər. Onlar kefləri istədikləri kimi Azərbaycanın ərazilərində tikinti işlərini aparıblar, demək olar ki, öz xəyallarında ölkəmizin ərazilərinin dərinliyində özləri üçün sərhəd fikirləşiblər. 27 sentyabrda başlayaraq 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz ermənilərin bütün xam xəyallarını puça çıxartdı. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. İndi də dövlət sərhədinin möhkəmləndirilməsi işləri aparırıq. Hər bir ölkənin müstəqilliyi sərhəddən başlayır. Ermənistanın müstəqilliyi olmadığına görə onlar üçün nə sərhəd anlamı, nə də sərhədini qoruyan sərhəd qoşunları var. Azərbaycan BMT-də tanınmış sərhədləri çərçivəsində sovet dövründə mövcud coğrafi xəritələrlərlə sərhədlərini möhkəmlədir. Ermənilər ölkəmizin dərinliyində öz xəyali sərhədləri yaratdığından biz də onları əsil dövlət sərhədinə qədər qovuruq. Ermənilər bunu ölkəsinə hərbi müdaxilə kimi işıqlandırmaqla məsələni beynəlmiləşdirmək istəyirlər. Rusiyaya, KTMT-yə müraciət ediblər. Onlar da görürlər ki, burda heç bir hərbi müdaxilədən söhbət getmir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini möhkəmlədir. Bu, ölkəmizin daxili və haqq işidir. Heç kim də haqq işimizə müdaxilə etməz.

- Azərbaycan Qarabağdakı qanunsuz erməni hərbçi birləşmələrinə, terrorçu qruplara qarşı anti-terror əməliyyatlarına başlaya bilərmi?

- Azərbaycan Qarabağdakı qanunsuz erməni hərbiçilərə qarşı anti-terror əməliyyatlarını hər zaman keçirə bilər. Qarabağdan erməni hərbi hərbi birləşmələrinin çıxarılması 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın IV bəndində qeyd olunub. Erməni hərbi birləşmələri rus sülhməramlılarının bölgəyə gəlişi ilə paralel olaraq ölkəmizdən çıxarılmalı idi. Amma çox təəssüf ki, bu baş vermədi. Ölkəmiz bütün məsələlərə səbirlə yanaşır və maksimum çalışır ki, bütün problemlər həllini tapsın. Lakin haradasa terror təhlükəsi yaranan kimi dərhal anti- terror əməliyyatı keçirir və təhlükəsizlik təmin olunur. Ordumuz iki dəfə belə anti-terror əməliyyatı keçirib. Bir dəfə Xocəvənd rayonu ərazisində keçən ilin dekabrında anti-terror əməliyatını keçirərək terroristləri zərərsizləşdirmişdik. İkinci dəfə isə dünən Kəlbəcər rayonu ərazisində təxribat törətmək istəyən iki erməni hərbi qrupunu müəyyənləşdirərək zərərsizləşdirib və onlardan 6 nəfəri həbs olunub. Bundan sonra da ölkəmizin ərazisi daxilində ermənilərin hər hansı bir terror və diversiya cəhdləri müəyyən olunarsa, dərhal zərərsizləşdiriləcək və çox ciddi tədbir görüləcəkdir. Qanunsuz erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılmasına gəldikdə isə yenə qeyd etmək istəyirəm ki, bu, labüddür. Bunun alternativi yoxdur. Sadəcə məsələni yoluna qoyulması üçün zamana ehtiyac var.

- Ermənistan Zəngəzur dəhlizinin açılmasını hər vəchlə yubatmağa çalışır. Ermənistan bu dəhlizin açılması ilə hansı qazancları əldə edə bilər?

- Zəngəzur dəhlizinin açılması üçtərəfli bəyanatlarla təsdiq olunub və dəhliz açılacaqdır. Zəngəzur dəhlizinin açılışı ilə əlaqdar baş nazirlərinin birinci müavinləri çərçivəsidə ekspert komissiyaları işləyir və məsələnin detallarını razılaşdırırlar. Bu istiqamətdə işlər dayanmayıb, əksinə davam edir. Azərbayacan öz üzərinə düşən bütün işləri sürətlə icra edir. Sərhədə qədər olan kommunikasiyalarımız yenidən qururlur. Gecikməsinin səbəbi isə Ermənistandakı siyasi böhrandır. 20 iyunda Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkiyə qədər seçkinin nəticələrinə təsiri olmasın deyə biz də Zəngəzur dəhlizinin açılması ilə bağlı qarşı tərəfə təzyiq göstərmirik. Amma seçki bitəndən sonra Zəngəzur dəhlizinin açılması prosesi sürətlənəcəkdir. Bütün bu yubanmaların keçirilən seçki ilə əlaqəli olduğunu düşünürəm. Bu dəhlizin açılması ilk növbədə Ermənistanın özü üçün hava, su kimi lazımdır. Zəngəzur dəhlizi Ermənistanın blokadadan çıxması üçün yeganə yoludur. Zəngəzur dəhlizi Ermənistanın dünyaya qapılarını açır. Ölkələrimiz arasındakı kommunikasiyalar açılacaq və üçtərəfli bəyanatda nəzərdə tutulmuş bu bəndi də tezliklə icra olunacaq. Həm də Zəngəzur dəhlizin açılmasına Rusiya zəmant verir.

- Operativ Qərargah vətəndaşlar üçün tıbbi maska məhdudiyyətini götürdü. Toyların keçirilməsinə, ticarət mərkəzlərinin açılmasına icazə verdi. Bu qərara münasibətinizi öyrənmək istərdik...

- Münasibətim çox müsbətdir. Biz pandemiyaya qalib gəlməyimizin bir addımındayıq. Son günlərdə COVID-19 infeksiyasına yoluxmaların dinamikasında olan azalmalar da bunu deməyimizə imkan verir. 31 maydan başlayaraq bir sıra yumşalmalar ediləcək. Bir çox ictimai yerlərin fəaliyyətləri bərpa olunur. Təbii ki, biz yaddan çıxartmamalıyıq ki, pandemiya davam edir. Biz müəyyən olunmuş qaydalara riayət etməliyik. Tibbi maskanın qapalı məkanlarda taxılmasının vacibliyini yaddan çıxartmamalıyıq. Həm də vaksinləşməni sürətləndirməliyik. Dünya praktikasından da görürük ki, əhalisinin çox hissəsi peyvənd olunan ölkələr ənənəvi həyata qayıdırlar. Ona görə də hamımız tezliklıə vaksinasiya olunmalıyıq ki, normal həyatımıza qayıda bilək.

- Vaksinasiya ilə bağlı Azərbaycan dövləti öz vətəndaşı üçün hansı işləri gördü? Görülən işlər Sizi qane edirmi?

- Bu gün dünyada çox ölkə var ki, hələ də vaksini ala bilməyiblər. Azərbaycan vaksinlərin dünyada ədalətli bölüşdürlməsi ilə əlaqdar beynəlxalq təşkilatlarda da öz fikrini açıqlayıb. Dünyada istehsal olunan vaksinlərin çox hissəsi inkişaf etmiş ölkələri tərəfindən idxal olunub. Ölkəmiz də həmin ölkələrlə bir yerdə vaksinləri ölkəmizə gətirib və yanvarda vaksinləşməyə başlamaqla regionda bu sahədə birinci yerdədir. Ölkəmiz kifayət qədər vaksin ehtiyatı yaradıb. Bu gün vaksinləşmə ilə bağlı hər hansı bir problem yoxdur. Bu o deməkdir ki, dövlətimiz üçün vətəndaşın sağlamlığı birinci yerdə dayanır. Hər şey insanlar üçün edilir.

- 28 May Respublika Günü münasibəti ilə dünyanın aparıcı ölkələri Azərbaycan Prezidentinə təbrik məktubları ünvanlayır. Bu gün Azərbaycanın, onun liderinin regiondakı və dünyadakı mövqeyi, imici, beynəlxalq aləmdəki siyasi çəkisi qaneedicidirmi?

- Bu gün dövlət müstəqilliyimizin 103-cü ili tamam olur. AXC dövlətçilk tariximizin şanlı və şərəfli səhifəsidir. Respublika Günü münasibətilə dünyanın hər bir yanından ölkə başçısının ünvanına təbrik məktubları gəlir. Birinci onu qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev dünyanın çox nadir liderlərindəndir ki, demək olar ki, hamı tərəfindən təbrik olunur və ölkəmizə olan müsbət münasibətlərini bildirirlər. Bu o deməkdir ki, ölkəmizin dünya ölkələri üçün əhəmiyyəti çoxdur. Bunu ilk növbədə Prezident İlham Əliyevin şəxsi nüfuzu ilə əlaqələndirərdim. Dövlət başçımızın yürütdüyü balanslı beynəlxalq siyasət, dövlət başçıları ilə dost münasibətlərin formalaşdırlması bacarığı, sülhə və əminamanlığa xidmət edən humanitar siyasətimiz Azərbaycanı dünyanın nüfuzlu və hörmətli ölkəsinə çevirib. Fürsətdən istifadə edərək xalqımızı Respublika Günü münasibətilə təbrik edir, dövlət müstəqilliyimizin sarsılmaz və əbədi olamağını arzulayıram!

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm