Rusiya özünü belə aparsa, Azərbaycan anti-terror əməliyyatlarına başlayacaq - ŞOK DETALLAR
Bizi izləyin

Xüsusi

Rusiya özünü belə aparsa, Azərbaycan anti-terror əməliyyatlarına başlayacaq - ŞOK DETALLAR

Artıq 3 gündür ki, Ermənistanda 20 iyunda baş tutacaq növbədənkənar parlament seçkiləri üçün təbliğat və təşviqat kampaniyası başlayıb. Bir sıra təşkilatların apardığı sorğulara görə, keçmiş prezident Robert Koçaryanın şansı nisbi də olsa, artıb. Hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın isə reytinqi bir qədər aşağı düşüb.

Hətta Paşinyanın komandasından bir neçə yüksək vəzifəli şəxsin keçmiş prezidentin tərəfinə keçdiyi məlumdur. Qafan bələdiyyəsinin sədri Gevorq Parsyan da Koçaryanın düşərgəsinə gedərək onu müdafiə edən bəyanatla çıxış edib.

Bütün baş verənlərin nə ilə nəticələnəcəyi Azərbaycanda da diqqətlə izlənilir. Nələrin baş verəcəyi isə 20 iyundan sonra bəlli olacaq.

Ermənistandakı xaotik durum və onun gələcəkdəki mümkün nəticələri ilə bağlı fikirlərini öyrənmək üçün Milli Məclisin deputatı Elman Məmmədovla söhbətləşdik. Millət vəkili Publika.az-a müsahibəsində münasibətlərin gərginləşəcəyi təqdirdə Azərbaycanın ata biləcəyi addımlardan danışdı.

Müsahibəni təqdim edirik:

- Robert Koçaryanın şansı Nikol Paşinyana nisbətdə artmağa başlayıb. Koçaryanın gəlişi Azərbaycan, xüsusən də ermənilərin özləri üçün nə deməkdir?

- Robert Koçaryan kimi cəlladın, faşistin, Azərbaycan xalqına qarşı soyqırımı törətmiş, əli günahsız insanların qanına batmış, belə deyək, çox qəddar birinin yenidən hakimiyyətə gəlməsi təkcə Azərbaycan üçün yox, eyni zamanda erməni xalqının, Ermənistanın özü üçün də fəlakət olacaq. Yəni, erməni xalqı, əgər xalq deyilən bir şey varsa, Koçaryanın hakimiyyətdə olduğu dövrü, onun fəaliyyətini götür-qoy etməlidir və bundan nəticə çıxarmalıdır. Erməni xalqı kimə səs verdiyini anlamalıdır. Robert Koçaryan öz hakimiyyəti dövründə bütün Ermənistanın, erməni xalqının, oraya xaricdən gələn dilənçi paylarının talanı ilə məşğul oldu. Öz var-dövlətini artırdı. Biznes imperiyasını gücləndirdi. Onun hakimiyyəti dövründə Ermənistanın daxili və xarici siyasəti, hərbi, iqtisadi, sosial sahələri bütün istiqamətlərdə tənəzzülə uğradı. Erməni xalqı bütün bunları analiz və götür-qoy etməlidir.

- Erməni xalqı başqa nələri götür-qoy etməlidir? Ümumiyyətlə, Koçaryanın yenidən hakimiyyətə gəlişi Ermənistan və Azərbaycan arasında müharibəyə səbəb ola bilərmi?

- Erməni xalqı nəticə çıxarmalıdır ki, təkcə Robert Koçaryan yox, son 30 il ərzində Ermənistana rəhbərlik edən bütün dövlət başçıları həmin dövləti nə günə salıblar. Özlərini 30 il əvvəl müstəqillik qazanmış bütün MDB məkanındakı dövlətlərlə müqayisə etsinlər. Ermənistan bütün göstəricilərdə ən axırıncı sıradadır. Görün, Ermənistana rəhbərlik edənlər ölkəni hansı vəziyyətə gətirib çıxarıblar? Götür-qoy edib nəticə çıxarmalıdırlar ki, Koçaryana səs verib onu növbəti dəfə rəhbərliyə gətirmək erməni xalqının faciəsini, fəlakətini daha da artıracaq. Bu, ildırımsürətli fəlakəti daha da gücləndirəcək. Bəli, müharibə təhlükəsi də ola bilər. Koçaryanın hakimiyyətə gələcəyi təqdirdə cürbəcür, başqa variantlar da mümkündür. Məsələyə obyektiv yanaşsaq görərik ki, erməni xalqının iradəsindən çox şey asılı deyil. Bütövlükdə Ermənistan Rusiyadan və müəyyən mənada da Qərbdən asılı dövlətdir.

- Paşinyan hakimiyyətindəki qopmalar, Koçaryanın tərəfinə keçmələr nəyin işartılarıdır?

- Əgər Koçaryan hakimiyyətə gələrsə və Nikol Paşinyanın komandasında müəyyən qopmalar varsa, bu, artıq Rusiyanın Ermənistandakı çox ciddi fəaliyyətlərindən xəbər verir. Çünki Koçaryan və Rusiya dövlət başçısının münasibətləri hamıya məlumdur. Bu münasibətlər gizlin deyil. Robert Koçaryan namizədliyini irəli sürməmişdən əvvəl Rusiyaya getdi. Orada bir sıra məsləhətləşmələr apardı. Bütün bunlar da hamıya məlumdur. Mən səlahiyyətə sahib olmasam da, bir vətəndaş kimi münasibətimi bildirirəm ki, Rusiya bu məsələdə Koçaryan kimi quldura dəstək verməkdə məqsədlidir. Moskva Azərbaycanla Ermənistan arasındakı konfliktin əbədi qalmasına çalışır. Münaqişə ocağının yenidən alovlanmasını istəyir. Eyni zamanda, regionda yenidən güclənmək üçün Koçaryan kimilərindən istifadə etmək niyyətindədir. Koçaryana dəstək verilməsi elə-belə deyil...

- Ermənistan bu günə qədər 10 noyabr razılaşmasının bir sıra bəndlərinə, o cümlədən 4-cü bəndinə əməl etmək istəmir. Zəngəzur dəhlizi açılmasa, Azərbaycan hərəkətə keçib özü bu bəndlərin icrasını gerçəkləşdirə və bunun üçün gücdən istifadə edə bilərmi?

- Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli sazişin 4-cü bəndinə bu günə qədər əməl etməyib. Təkcə o bəndə yox, digərlərinə də... Ermənistan Rusiya ilə birlikdə Azərbaycan ərazisindəki qeyri-qanuni hərbi birləşmələrin, Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasına da əməl etməyib. Ermənistan qoşunlarının müəyyən qruplaşmaları bu gün də Azərbaycan ərazisində qalmaqdadır. Bundan başqa, Azərbaycan ərazisində 1991-ci ildə yaradılan və heç kim tərəfindən tanınmayan qondarma separatçı və cinayətkar qurum bu gün də ərazilərimizdə "fəaliyyətini" davam etdirir. Həmin quruma məxsus qanunsuz hərbi birləşmələr də "ordu" adı ilə Azərbaycanda mövcuddur. Rusiya öz öhdəsinə götürmüşdü ki, bunların qarşısını alacaq. Həmin qanunsuz hərbi birləşmələri Azərbaycan ərazilərindən təmizləmələri ilə bağlı Rusiyanın öhdəliyi var. Ancaq təəssüf ki, Rusiya sülhməramlıları onlarla çox yaxından əməkdaşlıq edirlər. Onların mövcudluğuna şərait yaradırlar. Separatçı tör-töküntülərin təminatı və müdafiəsi ilə məşğul olurlar. Bu da 10 noyabr 2020 və 11 yanvar 2021-ci il razılaşmalarının həm Ermənistan, həm də Rusiya tərəfindən birbaşa pozulmasıdır.

- Bəs bunun qarşısını almaq üçün rəsmi Bakı nə edə bilər?

- Bunun üçün bir sıra variantlar ola bilər. Azərbaycan müstəqil dövlət kimi öz ərazisində anti-terror əməliyyatları keçirmək haqqına və hüququna malidir. Rusiya özünü belə aparırsa, Azərbaycan başlamalıdır, buna başlayacaq və gedəcək... Digər tərəfdən, əgər şərtlərə əməl etməməyə görə heç kimə heç nə demirlərsə, Azərbaycan da Laçın dəhlizini bağlaya bilər. Əgər Zəngəzur dəhlizi açılmırsa, Azərbaycan da Laçın dəhlizini bağlayacaq. Biz də Rusiya qoşunlarını Laçın dəhlizindən çıxarıb oraya öz sərhədçilərimizi, öz qoşunlarımızı yerləşdirəcəyik. Beləliklə, Azərbaycandakı dığaların Ermənistanla, bizim ərazilərimizdəki qeyri-qanuni birləşmələrin təminatı, əlaqəsi ora ilə kəsiləcək. Azərbaycanın əlində bunları etmək üçün rıçaqlar çoxdur. Onlar Azərbaycanı buna təhrik və məcbur etməsinlər. Rusiya dövləti bu missiyanı öz öhdəsinə götürübsə, ədalətli qaydada ona riayət etməlidir. Ermənistan cırtdan, məğlub olunmuş bir dövlətdir. Ermənistan bundan sonra heç bir qələt edə bilməz. Biz Ermənistanı darmadağın edib diz çökdürmüşük. Ermənistana ağu, zəhər verənlər, şirnikləşdirənlər, İrəvana ümid verənlər aranı qatır. Bununla Cənubi Qafqazda əbədi qalaraq həmin konfliktdən öz rıçaqları, təzyiq vasitələri kimi istifadə etmək niyyətindədirlər.

- Sərhədçilərimiz, hərbçilərimiz sərhədləri pozan erməni silahlılarını güllə atmadan çıxarırlar. Gəldikləri yerə qədər qovurlar. Dünən bir erməni hərbçi yolu azıb Azərbaycan tərəfinə keçmişdi və o, günahı olmadığı üçün geri qaytarıldı.

- Hamımız yaxşı xatırlayırıq, 7 il əvvəl bizim 3 qardaşımız, soydaşımız Kəlbəcərə öz doğmalarının qəbirlərini ziyarətə getmişdi. Onlardan biri öldürüldü, digər ikisi isə neçə il erməni əsirliyində saxlanıldı. Onların günahları yox idi, terrorçu, diversant deyildilər. Onlar silahsız, mülki şəxslər idilər. Azərbaycan tərəfi isə sərhəddi pozan bir nəfəri günahsız olduğu sübuta yetiriləndən sonra geri qaytardı. Əvvəlcə güman olundu ki, o, diversiya qrupunun üzvüdür. Sonra araşdırma aparıldı. Sorğu-sualdan sonra məlum oldu ki, bu şəxs həqiqətən də dumanda azaraq sərhədlərimizə daxil olub. Azərbaycan sülhpərvərlik, insansevərlik nümayiş etdirərək onu Ermənistana qaytardı. İndi Azərbaycana qarşı şər-böhtan kampaniyası aparan Fransa və digər dövlətlər danışsınlar, desinlər ki, Azərbaycan, çox sağ ol! Deyirlərmi? Demirlər. Bundan sonra da deməyəcəklər. Azərbaycan bütün sahələrdə özünün sülhsevər və insanpərvər, humanist olduğunu sübuta yetirib. Ancaq biz bunun qarşılığını ermənilərdən görmürük.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm