Larvik şəhər merinin müavini: Bu, Azərbaycanla yeni münasibətlərə yelkən açacaq - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Larvik şəhər merinin müavini: Bu, Azərbaycanla yeni münasibətlərə yelkən açacaq - MÜSAHİBƏ

Dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə Ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə, eləcə də ölkələrimiz arasında mədəni münasibətlərin inkişafına həsr olunmuş “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi alimin vətəni Larvik şəhərində də təşkil olunub.

Şəhərin merinin müavini Rune Hoiseth Publika.az-la bu barədə fikirlərini bölüşüb.

- Cənab Hoiset, özünüzü azərbaycanlı oxucularımıza təqdm etməyinizi istərdim.

- 62 yaşım var. 30 ildən çoxdur ki, siyasi fəaliyyətlə məşğulam. Uzun müddət Norveçin Lardal və Larvik şəhərlərinin meri vəzifəsində çalışmışam. Bu müddət ərzində yorulmadan müxtəlif vəzifələri icra etmişəm. Təbii ki, mədəni müxtəlifliyə sayğı və vicdan həmişə yol yoldaşım olub.

- Larvik şəhəri gözəl təbiətin, sıx meşələrin, Farris mineral suyunun və təbii ki, Tur Heyerdalın vətənidir. Elə Tur Heyerdalın izi ilə sərgisi də burada keçirilməyi təsadüf deyildi.

- Təbii ki, həm şəhərimizlə, həm də bu sərgidə iştirak etməyimlə qürur duyuram. Bildiyiniz kimi, Tur Heyerdal tək Azərbaycanda deyil, bir sıra digər ölkələrdə də arxeoloji qazıntılar aparıb, dünya tarixi üçün dəyərli faktlar üzə çıxarmışdı. Düşünürəm ki, belə tədbirlərin keçirilməsi Azərbaycanla ölkəmiz arasında yeni münasibətlərə yelkən açacaq. Tur Heyerdal Larvik şəhərində doğulub, lakin dünyanın ən kosmopolit vətəndaşlarındandır. Onun həmvətəni olmaq mənim üçün fəxrdir.

- Bəzi insanlar özlərindən sonra dünya üçün çox qiymətli miras qoyurlar. Tur Heyerdal Norveçdə yaşayan minlərlə əcnəbi gənc üçün ilham mənbəyidir. Bu barədə nə düşünürsünüz?

- Həqiqətən bunun şahidi olmaq məni sevindirir. Xüsusən də səfirliklərin xidmətini yüksək dəyərləndirirəm. Larvik şəhərinin meriyası daim tolerant və multikultural addımları dəstəkləyib və bu, heç vaxt dəyişməyəcək. Çünki dünya xalqları ilə mədəni körpülər quran insanları hər yerdə sevgi ilə qarşılayırlar. Bilirəm ki, Tur Heyerdal azərbaycanlıların çox sevdiyi insanlardandır. Elə bu özü də bir nümunədir.

- Doğrudur. Bu günlərdə Şəki şəhərimizin Kiş kəndində oldum. Orada Heyerdalın şəhərinə abidə ucaldılıb. Uşaqdan böyüyə hər kəs haqqında doğma insan kimi danışır.

- Bilmirdim. Bunu sizdən eşitmək çox xoş oldu. Bəlkə yaxın müddətdə ölkənizə səfər edib, gözümlə görərəm. Çünki Azərbaycanı zəngin ənənələrə, mədəniyyətə sahib ölkə kimi tanıyıram.

- Əminəm ki, Şəkiyə səfəriniz zamanı bu gözəl şəhərimizi Larviklə qardaşlaşdırmaq istəyəcəksiniz.

- Əlbəttə artıq bir-birimiz haqqında daha geniş məlumata sahibik. Bu barədə mütləq düşünüb, münasibətlərimizi daha da möhkəmləndirməliyik. Bilirsiniz, dünyamız günbəgün mürəkkəbləşir. İnsanlar bir-birindən uzaqlaşır. Ümumiyyətlə, planetimizi hər kəsin birgə yaşaya biləcəyi gözəl ev şəklinə gətirməliyik.

- Yəqin razılaşarsınız ki, “CAN” təşkilatı bu yolda əlindən gələni edir.

- Fikrimcə, bu səyyar sərgi əsl mədəni körpüdür. Pandemiya bitəndən sonra imkanlarımız daha da genişlənəcək. Əminəm ki, ikiqat artıq işlər görə biləcəyik. Çünki sərgidə sırf Azərbaycan və Norveç deyil, Qazaxıstan, Türkiyə, Özbəkistan, Türkmənistan kimi ölkələr haqqında da maraqlı məqamlara rast gəldim. Həmçinin Tur Heyerdalın Heydər Əliyevlə olan möhkəm dostluğu barədə məlumat əldə etdim.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm