Xüsusi
“Biz buna dözməyəcəyik” - Elman Məmmədovla CÜMƏ SÖHBƏTİ
Son günlər Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı separatçı ermənilər yeni təxribatlara əl atırlar. Onlar özlərinin əsgi parçalarını keçmiş Ağdərə, indiki Kəlbəcər rayonu ərazisində ən hündür dirəyə bağlayıb nümayişkəranə şəkildə Azərbaycan əsgərlərini qıcıqlandırmağa başlayıblar. Ən önəmlisi odur ki, bütün bunlar rus sülhməramlıların gözlərinin önündə baş verir. Bundan əvvəl də ermənilər anoloji təxribatlara Xocavənd ərazisində əl atmışdılar.
Bəs separatçıların bu təxribatlarına rəsmi Bakı hansı cavabı verəcək? Azərbaycan 10 noyabr üçtərəfli bəyanatından çıxa bilərmi? Rusiyalı sülhməramlıların missiyasından imtina etmək mümkündürmü?
Publika.az-ın “Cümə söhbəti” rubrikasının budəfəki qonağı, Milli Məclisin deputatı Elman Məmmədovla bu suallara cavab tapmağa çalışmışıq.
Elman Məmmədovun müsahibəsini təqdim edirik:
- Elman müəllim, Qarabağdakı separatçılar indiki Kəlbəcər, keçmiş Ağdərə ərazisindəki kəndlərdən birində özlərinin ən hündür dirəkli “əsgi parçalarını” qaldırdılar. Ümumiyyətlə, bu cür təxribatlar tez-tez baş verir. Erməni təxribatlarının qarşısını isə Rusiya sülhməramlıları almırlar. Bunun qarşısını Bakı necə ala bilər?
- Onsuz da separatçıların əsgi parçası, o murdar “bayraqları” heç zaman endirilməyib. Biz “Xarıbülbül” musiqi festivalına gedəndə Qırmızı bazar ərazisindən keçdik. Orada da bəzi yerlərdə separatçıların əsgi parçasını gördük. Fikrimcə, separatçı qurumun Azərbaycan ərazisindəki mövcudluğuna çox vaxt qalmayıb. Bu, çox çəkməyəcək. Çox çəkməməlidir də... Çünki Azərbaycan dövlətinin ərazisində qeyri-qanuni separatçı qurumun mövcudluğuna mütləq son qoyulmalıdır. Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlətin ərazisində bu cür qeyri-qanuni, cinayətkar, terrorçu, işğalçı, separatçı qurumun mövcudluğu qəbul edilə bilməz. Bu gün həmin separatçı qurum müəyyən səbəblər üzündən Rusiya sülhməramlılarının nəzarəti və himayədarlığı altında hələ ki, fəaliyyət göstərir. Ancaq Azərbaycanın səbri və dözümü sonsuz deyil. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamə sənədinə və 11 yanvar 2021-ci il üçtərəfli razılaşmasına əsasən Azərbaycan ərazisi qeyri-qanuni separatçı qurumdan, qanunsuz silahlı birləşmələrdən tamamilə təmizlənməlidir. Həmin sənədlərə əsasən, bu işi sülhməramlılıq missiyasını öz öhdəsinə götürən vasitəçi dövlət həyata keçirməyə söz verib. Yəni bu məsuliyyət onun üzərinə düşür.
- Bəs Rusiya öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilirmi?
- 10 noyabrda imzalanan üçtərəfli bəyannamənin vaxtının tamam olmasına bir ildən də az zaman qalıb. Ancaq həmin vasitəçi dövlət separatçıları ərazilərimizdən çıxarmaq, onları ləğv edib təmizləmək əvəzinə, bunun tam əksini gerçəkləşdirir. Əksinə, birlikdə əməkdaşlıq edirlər. Birgə fəaliyyət göstərirlər. Təbii ki, Azərbaycan buna dözməyəcək. Azərbaycan bu müddət ərzində də dəfələrlə adıçəkilən məsələ ilə bağlı çox ciddi şəkildə narazılığını bildirib. Son nəticədə separatçılar sülhməramlılar tərəfindən Azərbaycan ərazilərindən çıxarılmasa, ölkəmiz öz qanunlarına əsaslanaraq hüquq və səlahiyyətlərindən istifadə edəcək. Rəsmi Bakı bu məsələdə həm də beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə əsaslanıb anti-terror əməliyyatlarına başlamalıdır və başlayacaq da... Gec-tez ərazilərimizi bu yaramazlardan təmizləyəcəyik, vəssalam.
- Elman müəllim, sülhməramlıların separatçıları bu qədər dəstəkləməsi, onların təxribatlarına göz yumması rəsmi Bakını 10 noyabr bəyanatından çıxmağa təhrik edə bilərmi?
- Mən bu məsələyə dəfələrlə toxunmuşam. Bir vətəndaş kimi siz də, mən də, bütün Azərbaycan vətəndaşları da Rusiya prezidentinə belə bir sualla müraciət edə bilərik ki, hörmətli Vladimir Vladimiroviç Putin, siz razı olarsınızmı, qəbul edə bilərsinizmi, sizin dövlətinizin ərazisində qeyri-qanuni, separatçı qurum mövcud olsun, qeyri-qanuni fəaliyyət göstərsin? Buna necə baxarsınız? Təbii ki, hörmətli Putin “yox” cavabını verəcək. Bəs o zaman buna nəyə görə dözməliyik? Nəyə görə separatizmi qəbul etməliyik? Biz öz ərazimizdə cinayətkar və separatçı qurumun olmasına dözə bilmərik. Rusiya sülhməramlılarının onları himayə edib saxlamasına da göz yummamalıyıq. Çünki sülhməramlılar onları qoruyur, müdafiə edir, fəaliyyətlərinə şərait yaradır. Təbii ki, biz buna dözməyəcəyik. Sülhməramlılardan tələb olunur ki, üzərinə götürdüyü sülhməramlılıq vəzifəsini ədalətlə yerinə yetirsin.
– Prezident İlham Əliyevin Qərb mediasına verdiyi müsahibədə jurnalist Avropadakı bəzi ölkələrin mövqeyini müdafiə edən sual ünvanladı. Soruşuldu ki, Qarabağa “status” veriləcəkmi? Ölkə başçısı o sualın cavabını verdi. Sualım isə ondan ibarətdir ki, ümumiyyətlə, Qərbin Azərbaycana qarşı bu cür ritorikası nədən qaynaqlanır? 44 günlük müharibənin qalib tərəfinin haqları niyə gözardı edilir?
- Təbii ki, bu, həmin dövlətlərin Qarabağ məsələsinə öz prizmalarından yanaşmasının göstəricisidir. Onların baxışlarıdır. Tarixən, həmişə belə olub. Biz bunu 1920, 21 və 22-ci illərdə də gördük. Dağlıq Qarabağ Muxtar Vilayəti Moskvanın qeyri-qanuni istəyi və arzusu ilə yaradıldı. Bunun nəticəsini də XX əsrin sonunda gördük. Nələr baş verdiyinə şahidlik etdik. Həmin jurnalist çox canfəşanlıqla muxtariyyət məsələsinə toxunurdu. Onlar bu kimi məsələlərlə Azərbaycanın daxilində yenə də münaqişə ocağının qalmasını istəyirlər. İndi sayları 30 minə qədər olan erməniyə muxtariyyət verilməsi məsələsini ortaya atıb separatçıları tədricən, yenə də illər ərzində gücləndirib, təzədən Azərbaycanın başına bəla açmaq niyyəti güdürlər. Onların bu istəkləri ona yönəlib ki, Cənubi Qafqaz ərazisində bu münaqişə ocağı sönməsin. Bu münaqişənin mövcud olmasını istəyirlər. Belə olan halda istədikləri vaxt bu münaqişəni körükləyib alovlandırmağa çalışacaqlar. Cənab Prezidentimiz həmin sualın cavabını çox sərrast və cəsarətli şəkildə verdi. Bildirdi ki, siz Azərbaycandan başqa harda istəyirsiniz onlara status verin, muxtariyyət də yaradın. Siz onlara status verin, biz də onu tanıyacağıq. Amma Azərbaycanda bu ola bilməz. İndi ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşulur ki, 20-30 minlik ermənidən ötrü boğazınızı cırıb “status” tələb edirsiniz, özünüzü öldürürsünüz. Rusiyada, Şimali Qafqazda yüz minlərlə erməni kompakt halda yaşayır. Onlara da status verin də... Fransanın Marsel şəhərində 100 minlərlə erməni yaşamaqdadır, onlara niyə status vermirlər, eləcə də ABŞ-da, Kaliforniyada... Əgər onlara canıyananlıq edirsinizsə, öz ölkənizdə status, muxtariyyət, nə istəyirsinizsə, verin, dövlət də yaradın. Azərbaycanın daxili işinə qarışmayın. Biz çoxmillətli ölkəyik. Azərbaycan tolerant respublikadır. Azərbaycanda bütün etnik azlıqların hüquqları qorunur. Hamımız bir qardaş, bir ailə kimi yaşayırıq. Əgər Qarabağdakı 25-30 minlik ermənilər də Azərbaycanda yaşamağı qəbul edirlərsə, qanunlarımıza hörmətlə yanaşacaqlarsa, cənab Prezidentimizin də bəyan etdiyi kimi, qalsınlar, yaşasınlar. Əks təqdirdə bizim ərazimizdə əcnəbi vətəndaşlığı olmayan adamın yaşamasına imkan verməyəcəyik. Bu “status-kvo”, “muxtariyyət” məsələsi də Prezidentimizin təbirincə desək, birdəfəlik cəhənnəmə, gora gedib. Ölüb, daha dirilməyəcək, hər şey qurtarıb.
Tural Turan
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar