Xüsusi
Növbəti bir neçə ilimiz karantin şəraitində keçə bilərmi? - HƏKİMDƏN XƏBƏRDARLIQ
Pediatr Elşən Tağıyevin sözlərinə görə, valideynlər uşaqların peyvəndlənmə prosesinin başlanmasına görə narahat olmamalıdır. Həkim bildirib ki, peyvəndin əks təsirləri çox azdır və nadir hallarda ortaya çıxa bilər. Pediatr xatırladıb ki, 19-cu əsrdə də insanlar təbii çiçək xəstəliyinə qarşı peyvənd vurdurmaq istəmirdilər, səbəb kimi göstərirdilər ki, peyvənddən sonra inəyə çevriləcəklər. Odur ki, həkim valideynləri vaksinlə bağlı yayılmış əsassız şayiələrə inanmamağa çağırıb. Üstəlik, vaksinasiyadan yayınma pandemiyanın bir neçə il uzanmasına gətirib çıxa bilər.
Publika.az tanınmış pediatrla müsahibəni təqdim edir:
- Səhiyyə Nazirliyi Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndinin vurulacağı barədə xəbər yaydı. Doktor, bu yaşlı uşaqların vaksin olunması nə üçün vacibdir?
- Sərt karantin tədbirləri olmadan, tam qapanmaya getmədən koronavirusun növbəti - dördüncü dalğasını nəzarət altına almaq mümkün oldu. Təbii ki, Səhiyyə Nazirliyi və TƏBİB-in vaxtında gördüyü tədbirlər, səhiyyə işçilərinin fədakarlığı bu işdə böyük rol oynadı. Dördüncü dalğanın özəlliyi ondan ibarət idi ki, "delta" standart koronavirus ştammlarından daha sürətlə yayılırdı, daha çox yoluxuculuq qabiliyyətinə malik idi. Bu xəstəlikdən ölüm faizi az olsa da, yoluxuculuq qabiliyyəti daha yüksək idi və infeksiya daha çox gənclər və uşaqlar arasında yayılmışdı. Bu dalğanı ona görə sərt karantin tədbirlərinə gedilmədən nəzarətə götürmək mümkün oldu ki, peyvəndlənmə işləri vaxtında həyata keçirildi. Peyvəndləmənin intensivliyini artırdıq və xəstəliyin yayılma qabiliyyəti azalmağa başladı.
Uşaqlar xəstəliyin yayılmasında əsas rol oynadığı üçün artıq 12-15 yaşlı yeniyetmələrin də peyvəndlənməsi zərurəti ortaya çıxdı. Bu yaşda olanların peyvəndlənməsi ona görə gecikirdi ki, peyvəndin uşaqlar üçün təhlükəsizliyi və effektiv dozası haqqında kifayət qədər məlumat və araşdırmalar yox idi. Artıq bu barədə aparılan tədqiqatlar başa çatıb. Peyvəndin 12-15 yaşlı yeniyetmələrdə təhlükəsizliyi və effektiv immunitet yaratdığı müəyyən olunduqdan sonra vaksin vurulması qərarı verildi. Səhiyyə Nazirliyi və TƏBİB də müvafiq olaraq bu yaşda yeniyetmələrin peyvənd olunması haqqında qərar qəbul edib. Lakin burada çatışmayan cəhət odur ki, peyvəndlənmə yalnız bir mərkəzdə - Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir. Əgər peyvənd olunmaq istəyən yeniyetmələrin sayı çox olarsa, bu da sıxlığın və lazımsız növbələrin yaranmasına səbəb olacaq. Odur ki, peyvəndləmə yalnız bir mərkəzdə deyil, bir neçə mərkəzdə həyata keçirilməlidir.
- Vaksinin əks təsirlərindən narahat olan valideynlərə nə tövsiyə edərdiniz? Ehtimal olunan riskləri minimuma endirmək üçün nə edilməlidir?
- İstənilən peyvəndlərdə əlavə təsirləri ola bilər. Nəinki peyvəndin, istənilən dərman preparatının əlavə təsirlərinin olması mümkündür. "Pfizer" mRNT tərkibli peyvənd olduğu üçün onda əlavə təsirlərə "Sinovac" və digər peyvəndlərə nisbətən daha sıx rast gəlinə bilər. Lakin bu, peyvənddən imtina etməyə əsas vermir. Çünki əlavə təsirlərə peyvənddən sonrakı 1-2 gün ərzində rast gəlinir və çox qısa müddətdə bu əlamətlər keçib gedir. Odur ki, peyvəndin əlavə təsirlərini bəhanə edərək ondan yayınmaq heç bir halda düzgün deyil.
- Hər kəsin müalicəsi onun orqanizminə, çəkisinə, yaşına və xəstəliklərinə bağlı olaraq aparılır, müəyyən dərmanlar təyin olunur. Bu halda hər kəsə eyni doza peyvənd vurulması tibbi və elmi baxımdan nə dərəcədə düzgündür?
- Ümumiyyətlə, tək dərman deyil, digər dərman preparatları da 12 yaşdan yuxarı yeniyetmələrə artıq böyüklərə olduğu dozada təyin olunur. Peyvənd uşaqlara da elə dozada vurulmalıdır ki, effektiv antitel titri yarana bilsin və xəstəlikdən qoruya biləcək miqdarda olsun. Müəyyən olunub ki, 2 doza böyüklər və uşaqlar üçün eynidir. Buna görə də 12 yaşdan yuxarı yeniyetmələrə və böyüklərə iki doza peyvənd vurulması tövsiyə olunur.
- Peyvənddən sonra yeniyetmənin vəziyyəti necə dəyişə bilər? Hansı simptomlar normal sayılır və hansılar narahatlığa səbəb olur?
- Peyvəndlərə əks göstərişlər çox məhdud saydadır və çox zaman allergik reaksiyası olan insanlar allergiyanı səbəb gətirərək peyvənddən imtina edir. Allergik reaksiyalar heç bir halda peyvənd üçün əks göstəriş deyil. Bu insanlar peyvənd olunmalıdır.
Xroniki xəstəlikləri olan insanlar da peyvənddən imtina etməyə çalışırlar. Bilməlidirlər ki, xroniki xəstəliyi olanlar ilk növbədə peyvənd olunmalıdır, bu, onlar üçün daha vacibdir. Çünki belə insanlar koronavirus infeksiyasını daha ağır keçirirlər.
- Hansı hallarda peyvənd vurula bilməz və ya fərdi qaydalara uyğun aparılır?
- Peyvənddən yalnız hər hansı komponentinə anafilaktik reaksiya olduğu hallarda əks göstərişlər var. Bundan başqa, kəskin infeksiyalar, yüksək hərarət, ishal varsa, bu halda peyvənd vurula bilməz. Qalan digər hallarda peyvənd vurulmalıdır. Ayrı-ayrı şəxslərdə əks göstərişlər mümkündür. Bu, həkim tərəfindən müəyyən edilir. Əgər doğrudan da peyvəndin vurulması hər hansı risk yaradırsa, o halda peyvənd vurulmaya bilər.
- COVID-19 peyvəndi qrip peyvəndini də əvəz edə bilərmi?
- COVID-19 əleyhinə peyvənd heç bir halda qrip peyvəndini əvəz edə bilməz. Koronavirus əleyhinə peyvənd olunan insanlar, xüsusilə risk qrupuna daxil olanlar istəyərsə, mövsümi qrip əleyhinə qrip peyvəndi də vurdura bilərlər.
- Valideynlərin çoxu uşaqlarının peyvənd olunmasına razı olmazsa, nə baş verə bilər?
- Bir daha valideynlərə müraciət edib demək istəyirəm ki, peyvəndlənmə haqqında yayılan şayiələrin heç bir əsası yoxdur. İlk dəfə 19-cu əsrdə çiçək xəstəliyinə qarşı peyvənd kəşf edildikdən sonra İngiltərədə insanlar peyvənddən kütləvi sürətdə imtina edirdilər. Peyvənd vurulan insanların inəyə çevriləcəyini deyirdilər. Lakin peyvəndlənmə uğurla aparıldı, təbii çiçək xəstəliyi aradan qaldırıldı və heç bir insan inəyə çevrilmədi. Koronavirus əleyhinə yayılan şayiələrin heç bir əsası yoxdur, bəzən kifayət qədər ciddi insanlar və həkimlər tərəfindən də bu şayiələr yayılır. COVID-19 infeksiyasından qurtulmağımızın yeganə yolu peyvəndləmədir, əgər peyvənd effektiv olarsa, qısa müddət – 6, ya 1 il ərzində bu bəladan qurtula bilərik. Əks halda növbəti bir neçə ilimiz qapanmalar və karantin şəraitində keçəcək, normal həyata dönməyimizin yeganə yolu yalnız peyvəndləmədir. Hamınızı peyvənd olunmağa çağırıram, övladlarınızın da peyvənd olunmasına etiraz etməyin.
- Elşən doktor, hazırda dünyanın qabaqcıl ölkələrində yeni dalğaların yaranmasının və virusun yayılmasının qarşısının alınması üçün vaksinin üçüncü dozasının vurulmasına başlanılıb. Aparılan araşdırmalar göstərir ki, üçüncü və gücləndirici doza immuniteti 2-ci doza ilə müqayisədə 3-5 dəfə artırır. Üçüncü dozanın vurulmasına başlanarsa, bu, uşaqlara da tətbiq edilə bilər?
- Bu, Azərbaycanda birmənalı olaraq həll olunmayıb. Bu barədə hələ ki, rəsmi tövsiyə yoxdur. Odur ki, hazırda uşaqlara COVID-19 əleyhinə peyvəndin sadəcə 2 dozasından danışa bilərik. Lakin gələcəkdə böyüklərə 3-cü doza peyvənd kütləvi sürətdə tətbiq olunarsa, onda uşaqlara da 3-cü doza peyvəndin vurulması gündəmə gələ və müzakirə oluna bilər. Bütövlükdə isə hesab edirəm ki, gələcəkdə qrip peyvəndi kimi, COVID-19 əleyhinə peyvəndin də mövsümi olaraq ildə 1 və ya 2 dəfə vurulması aktual olacaq.
Aytən Məftun
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək