Xüsusi
Anasından Xudayarla bağlı ETİRAFLAR: Şəhid olmamışdan bir neçə gün əvvəl... - MÜSAHİBƏ
Dünən onun şəhadətə ucaldığı gün idi. Sabah – yəni 23 oktyabr isə dəfn olunduğu gün. “Vətən yaxşıdır” musiqisi ilə qəlblərə yol tapan igidin anası ilə söhbətləşdik. “Azərbaycan Bayrağı” ordenli Xudayar Yusifzadəni andıq.
Publika.az-ın budəfəki “Cümə söhbəti”nin qonağı 22 yaşlı şəhidimiz Xudayar Yusifzadənin anası Rada xanımdır.
Şəhid anası ilə müsahibəni təqdim edirik:
- Rada xanım, bu bir ildə Xudayarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı hansı işlər görülüb?
- Xudayarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı hələlik hər hansı bir iş görülməyib. Büstünü vaxtilə təhsil aldığı 1 nömrəli musiqi məktəbinə aparıb qoyublar, vəssalam. Adının əbədiləşdirilməsi ilə bağlı mən heç yerə müraciət etməmişəm. Yəqin ki, dövlətimiz bununla bağlı bir iş görəcək.
- Xudayarın şəhid olduğu yerə getmişdiniz. Hansı hissləri keçirdiniz?
- O haqda danışmaq mənə ağırdır, hissləri təsəvvürə gətirmək belə çətindir. Mən bircə şeyə görə özümü qınadım ki, Xudayarın nəşinin açılmasına icazə vermədim. İstəmədim kimsə onun üzünü o vəziyyətdə görsün. Sadəcə olaraq yatmış vəziyyətdə idi. Başqa heç nə olmamışdı. Məlum məsələdir, müharibədir, hər şey ola bilərdi. Bir şeydə özümü qınayıram, təkcə Xudayarın yox, başqa hansısa bir şəhidin də ayaqlarının altından öpmüş olaydım. Çünki onlar o boyda torpaqları əsgər çəkməsinin içərisində yanan, bişən, yorğun ayaqları ilə gedərək azad ediblər. Canlarının, qanlarının bahasına... Şəhid olan uşaqların hər birinə tək mən şəhid anası olaraq yox, elə hər birimiz borcluyuq. İndi təsəvvür edin, mən Xudayarın şəhid olduğu yeri gedib görəndə hansı hissləri keçirdim?! Bunu Xudayarın anası kimi yox, sadə vətəndaş kimi deyirəm.
- Xudayar musiqi məktəbini oxumuşdu. Niyə musiqinin arxasınca getmədi, sərhədçi olmağa qərar verdi?
- Xudayarın atası da musiqiçi idi. Özünün də musiqiyə marağı var idi. Amma Xudayar hərbini daha çox sevirdi. Çünki o, birinci sinifdə Əlifba bayramına gedəndə də hərbi paltar geyinmişdi. Yəni hərbə daha çox marağı var idi. Demək olar ki, musiqiyə hobbi kimi baxırdı. Onda qohum-əqrəba, qonum-qonşu toyunda əlinə mikrofon alıb oxumaq kimi bir xasiyyət yox idi. Heç öz qardaşının toyunda da oxumadı. Amma dostlarının toyunda musiqi ifa edib. Onu mahnı oxumağa heç kim məcbur edə bilməzdi, gərək özünün ürəyindən keçəydi ki, nəsə oxuyaydı... Xudayar belə bir uşaq idi.
- Bəs sonuncu zəngi nə vaxt olub?
- Oktyabrın 18-i zəng eləmişdi. Haçan zəng edibsə, bizə orada döyüş getdiyini hiss etdirməyib, deyib-gülüb. Oğul, biz o döyüşün, yükün ağırlığını hiss eləməmişik. Bəlkə də hiss etsəydim, dözə bilməzdim, amma müharibə haqqında bizə bircə kəlmə də söz demirdi. Heç nədən məlumatımız olmayıb; ağır döyüş gedir, yoxsa başqa nəsə baş verir, hamısından xəbərsiz olmuşuq. Müharibənin ilk günlərində deyirdim ki, ay oğul, deyirlər müharibə başlayıb. Cavab verirdi ki, ay ana, olsun, olmalıdır bu müharibə, biz nə vaxta qədər gözləyəsiydik ki... həmişə danışanda elə danışdı ki, biz müharibənin ağrılarını hiss eləmədik. Ağırlığını görmədik. Tək Xudayar yox, bütün şəhidlərimiz belə olub. Əksər şəhid uşaqlarımız evlə, valideynləri ilə danışanda heç nə bildirməyiblər. Əziyyət çəkdiklərini hiss etdirməyiblər.
- Bu xarakter Xudayarda müharibə vaxtı formalaşmışdı, yoxsa uşaqlıqdan bu cür idi?
- Uşaq vaxtı Xudayar çox şən bir uşaq olub. Xudayar mülki həyatda da işindən danışmağı xoşlamazdı. Nəzarətçi işləyirdi, işdə olanı evə gətirməzdi. Hərbi xidmətdə olarkən əsgərliyin çətinliyini, müharibə vaxtı döyüşlərin ağırlığını bizə bildirməyib. Hətta nənəsi oktyabrın 15-də Füzulidə olarkən onun yanına getmişdi. Güclü atışma gedirmiş. Ermənilər atırmış, bizimkilər də düşməni layiqincə susdururmuş. Onda nənəsini qucaqlayıb. Nənə, qorxmursan ki? – deyib. Anam da deyib ki, yox qorxmuram, sən yanında olanda nənə qorxarmı?! Yəni Xudayar belə bir uşaq idi. Nənəsi hələ də məəttəl qalır ki, Xudayar müharibənin ağırlığını hiss etdirmədi, deyir ki, sanki uşağın andiçmə mərasiminə getmişdim. Müharibənin ağırlığını ön xətdə belə nənəsinə bildirməyib.
- Xatirəsinin hansı formada əbədiləşdirilməsini istərdiniz?
- Xudayarın oxuduğu “Vətən yaxşıdır” mahnısı dünyanın bütün nöqtələrində oxunur, dinlənilir. Malayziyada, Pakistanda... Hətta İran parlamentində belə Xudayarın ifası göstərildi. Xudayarın bütün ifalarını görürük. Bu, qəhrəman ölkənin qəhrəman övladının qəhrəmanlıq salnaməsidir. İstərdim ki, Xudayar Yusifzadəyə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilsin. Həmin adın imtiyazlarını, maddi tərəfini nə düşünürəm, nə də istəyirəm. Ancaq uşağıma həmin adın verilməsini istərdim. Çox adam deyir ki, həmin adın bir sıra imtiyazları var. Pul, maddiyyat mənim üçün heç bir önəm daşımır. Əsas olan uşağımın adının dövlətimiz, Ali Baş Komandanımız tərəfindən əbədiləşdirilməsidir. Onsuz da Xudayar xalqının, Vətəninin qəhrəmanıdır. Prezidentimizin bu adı Xudayar üçün təsdiqləməsi mənim üçün çox böyük önəm daşıyır.
- Xudayar hansı şəraitdə şəhid olub? Hərbçi yoldaşları bu haqda sizə nəsə deyiblər?
- Onlar bir-birlərinə söz deməyə vaxt tapmayıblar. Çünki səhər sübh tezdən ermənilər Zəngilana hücum ediblər. Deməli, oktyabrın 20-i günü ordumuz Zəngilanı azad edib. Həmin gecə məktəb deyilən bir yerdə qalıblar. İndi həmin məktəb Zəngilan Rayon Prokurorluğudur (kövrəlir). Oradan bir az aralı bir küçə var. Həmin küçə demək olar ki, Ağbənd qəsəbəsinin bir qoludur. Amma Zəngilan şəhərinin içərisindədir. Mən ora getdim, həmin yeri ziyarət elədim (doluxsunur). Gecəni orada məktəb deyilən yerdə qalıblar, səhər də hücuma keçiblər. Elə axırıncı çəkilişi də orada ediblər. Sultan adlı bir hərbçi yoldaşı çəkir, Xudayar da danışır. Xudayar orada deyir ki, pis günümüz belə olsun. Çəkiliş də həmin məktəbdə olub. Səhər tezdən yeməklərini yeməmiş durublar, hücum başlayıb. Daha doğrusu, ermənilərin qəfil hücumu baş verir, bizimkilər də hücumun qarşısını almağa gedirlər. Günorta saat 4-ə kimi demək olar ki, uşaqların hamısı döyüşdə olub. Son döyüşündə erməni ilə arası cəmi bircə metr olub. Elə həmin döyüşdə, oktyabrın 21-i günorta saat 4-də şəhadətə ucalıb. Həmin döyüşdə Xudayar özü də neçə erməninin leşini yerə sərib. Bunu onunla döyüşən yoldaşları təsdiqləyib. Oktyabrın 21-i şəhadətə ucaldı, 23-ü isə dəfn olundu.
- Rada xanım, sevdiyi qız var idimi, bu haqda sizə nəsə demişdimi?
- Yox... Bizim bir az başqa cür xasiyyətimiz var... əsgərlikdən gələndə ona dedim ki, istədiyin qız varsa, söylə, elçi gedim. Dedi ki, yox ana, hələ tezdir. Amma həmişə qardaşına zarafatla deyirdi ki, mən səni gözləməyəcəm, bu payız toy edəcəyəm. Bu sözləri deyirdi... Hərbçi yoldaşlarının hamısının bir-birinə son sözü olub. Şəhid olmamışdan bir neçə gün əvvəl son arzusunu deyib. Öz qardaşının oğlunun adını Uğur qoymuşdu. Sonra da demişdi ki, mənə bir şey olsa, bu uşağın adını Xudayar qoyarsınız (kövrəlir).
- Sonradan siz Uğurun adını dəyişdirdiniz?
- Bəli, Xudayarın vəsiyyətinə görə... Çox ağır dərddir, Allah heç kimə belə bir dərdi göstərməsin. Heç bir anaya... Bircə onu bilirəm ki, Xudayargil, bütün şəhidlərimiz elə bir tarix yazıblar ki, Azərbaycanın tarixini dəyişiblər. Azərbaycan oğlunun nəyə qadir olduğunu bütün dünyaya göstəriblər. Yəni biz onlara borcluyuq, bir ana kimi yox, bir vətəndaş kimi mən də borcluyam... Xudayar atasız böyümüşdü, arzuları var idi. Bütün şəhidlərimizin arzuları yarım qaldı. Şəhidlərimizin hamısı çətin şəraitdə böyümüş uşaqlardır. Allah hamısının şəhadətini mübarək eləsin, içi Xudayar qarışıq...
Tural Turan
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...