Hipnozla bağlı İNANILMAZ FAKTLAR - Rus mütəxəssis maraqlı detalları açdı (MÜSAHİBƏ)
Bizi izləyin

Xüsusi

Hipnozla bağlı İNANILMAZ FAKTLAR - Rus mütəxəssis maraqlı detalları açdı (MÜSAHİBƏ)

Hipnoz zamanı bədənimizdə, şüurumuzda hansı proseslər baş verir?

Narkotik aludəçiliyini hipnoz vasitəsilə müalicə etmək mümkündürmü?

Reinkarnasiya nədir?

Publika.az-ın bu və digər suallarını Rusiyanın tanınmış hipnoz mütəxəssisi, psixoloq Anton Kvitçastıy cavablayıb.

- Doktor, gəlin, əlifbanın ilk hərfindən başlayaq. Hipnoterapiya zamanı vücudumuzda hansı proseslər baş verir?

- Ümumiyyətlə, trans vəziyyət bütün bədənə müsbət təsir edir, sanki ruhumuzu yeniləyir. Əsəb, gərginlik və stressdən qurtulmağa kömək edir. İnsan özünə daha çox güvənməyə başlayır. Hipnoz hətta yuxunu tənzimləyir, psixoloji səbəblərdən yaranmış xəstəliklərin müalicəsində çox faydalıdır. Bu tip müalicələrin köməyi ilə baş ağrısı, kəkələmə, əsəbi gərginlik, ürəkdöyünmə, bulimiya, iştahsızlıq, yuxusuzluq, aybaşı pozğunluğu, panik atak və onlarla digər xəstəliklərdən qurtulmaq mümkündür. Hətta xəstəlik psixoloji olmayan səbəblərdən qaynaqlanırsa, bəzi hallarda bu ağrı sindromlarını azaltmaq, bəzən isə kökündən sağaltmaq mümkündür.

- Günümüzün bəlası narkotik aludəçiliyini hipnozla yüngülləşdirmək mümkündür?

- Əlbəttə, digər terapiya növlərilə yanaşı, mütəmadi hipnoz seansları spirtli içki və narkotik kimi zərərli vərdişlərdən xilas olmağa kömək edir. Hətta kleptomaniya, internet aludəçiliyi kimi psixoloji sarsıntıların qarşısını alır.

- Amma hipnoz təkcə müalicəvi məqsədlərdə gerçəkləşdirilmir. Məsələn, mən hər zaman bu sehirli aləmə düşmək istəmişəm...

- Doğrudur. İstər idman sahəsində, istərsə də yaradıcılıq uğurlarının əldə olunmasında hipnoz əvəzsizdir. Bu üsulla uzun illər öncə unudulmuş hadisələri yenidən xatırlaya bilərsiniz. Güclü trans məqamında ikən insan ən dərin duyğulara baş vurur. Həmin anda hətta orqazm da baş verir.

- Hipnozda ikən başımıza gələ biləcək ən fantastik hadisə hansıdır?

- Özünüz də vurğuladınız. Nağıllar aləminə səfər edib səmada uça, heyvanlarla söhbət edə bilərsiniz. Hətta cildinizi dəyişməyiniz də mümkündür. Hipnoz ehtiyac duyulan anda bədəninizin ağrıyan nöqtəsini iflic edə bilir. Sizə bir məqam haqda danışacam. Bəzi hallarda cərrahlar kimyəvi müdaxilə etmədən, hipnoz vasitəsilə ən ağır əməliyyatları yerinə yetiriblər. Təhlükəli doğuşlar baş tutub. Bu faktı sübut edən sənədlər var.

- Bəs hipnoz bizə bacarmadığımız qabiliyyəti qazandıra bilərmi?

- Buna bənzər təcrübən olmayıbsa, əlinə fırça alıb rəsm çəkə bilməyəcəksən. Təbii ki, hamımızın həyatında primitiv rəsm təcrübəsi olub. Fırçalarla, rəngli qələmlərlə cızma-qara etməyən uşaq yoxdur. Amma razılaşaq ki, ciddi yaradıcılıq tamamilə başqa mövzudur. Öncə istedadınız olmalıdır, bu istedadı istənilən şəkildə bacarığa çevirmək vacibdir. Yoxsa hipnoz sizdən nə Pikasso, nə də Dali yarada bilər.

- Tutaq ki, daha çox xarici dil öyrənmək istəyirəm. Bunu hipnoz vasitəsilə edə bilərəm?

- Hipnoz sizi nəhəng bacarıqlarınızla tanış edir. Amma gəlin etiraf edək ki, istedadımız, potensialımız hüdudsuz deyil. Bəli, bacarığınız daxilində təsəvvür etmək istəmədiyiniz şeyləri hipnozla əldə etmək məcburiyyətində deyilsiniz. Həmçinin hipnozu gerçəkləşdirən peşəkar pasiyentə əvvəldən duymadığı hissləri təlqin etməməlidir. Yaxud bir incə məqam da var ki, xəstəlik, sindrom sırf psixoloji xarakter daşımırsa, həkim müalicəsi ilə paralel aparılmalıdır. Yoxsa nəticəni görməyəcəksiniz.

- Amma bir məqam da var ki, emosional durumumuz əhvalımıza, sağalma müddətimizə təsirsiz ötüşmür.

- Doğrudur. Xüsusən də insan orqanizminə, şüuraltına hopmuş yaşamaq, sağalmaq, ölüm qorxusu instinkti bu məqamda işimizə yarayır. Təbii ki, pozitiv duyğulara köklənmək istənilən halda öz faydasını göstərir. Hipnoz müddətində bu duyğuları insana aşılamaq, orqanizmdə zəruri hormonların miqdarını artırmaq, zərərli bakteriyalardan təmizləmək mümkündür. Bu isə sübhəsiz, sağlamlığa müsbət təsir göstərir. Hətta dünya səhiyyəsi tarixində periodik olaraq hipnoz vasitəsilə xərçəngdən qurtulan xəstələr də var.

- Reinkarnasiya, keçmiş həyatdakı kimliyimizlə bağlı məlumat verməyinizi istərdim. Ümumiyyətlə, ruhumuzun bizdən öncə başqa bədənlərdə yaşaması hipotizi nə dərəcədə real ola bilər?

- Bugünədək keçmiş həyatı ilə bağlı gerçək məlumatlar verən sonsuz sayda insan var. Hətta bəzən 2-5 yaş arası uşaqlar bundan öncəki ailələri, yaşadıqları şəhər, yaxud kənd haqda məlumat verirlər. Övladları və həyat yoldaşlarını təsvir edirlər. Lakin bu durum uzağı 8 yaşadək davam edir. Həmin müddətdən sonra unudulur. Yaxud parapsixologiyada “ksenoqlossiya” anlayışı mövcuddur. İnsan öncə heç vaxt eşitmədiyi, öyrənmədiyi dildə sərbəst danışmağa başlayır. Adətən bu hal yatanda, yaxud trans halında baş verir. Amma bu faktla bağlı konkret elmi sübutlar yoxdur. Sadalananların heç birini reinkarnasiya sübutu kimi qeydə almaq doğru deyil. 3 yaşlı uşağın iddiaları bəzən onun xəyal gücündən ziyadə bir şey deyil.

- Bəs niyə bu məlumatı həmyaşıdları deyil, məhz həmin uşaq verir?

- Bəlkə yaşamaq istədiyi reallığı uydurur. Bəlkə də bilmədiyimiz digər məqamlar var. Hər halda elmi, tibbi dəqiq sübut yoxdur. Hətta Virciniya Universitetinin professoru, psixiatr Yan Stivensonun maraqlı təcrübəsi olub. Stivenson həmkarları ilə birgə mütəxəssis qrupu yaradıb keçmiş həyatına dair xatirəsi olan 2 mindən çox insanı ətrafına toplayır. Araşdırmalardan sonra konkret nəticə əldə olunmasa da, bu faktı əhəmiyyətsiz saymaq da doğru olmaz. Çünki insan orqanizmi, şüuru var olmayan, tam mənasız xatirələrindən yararlanıb dünyanın rəsmini çəkə bilmərik. Axı insanın bu düyaya hardan gəlib hara getdiyi haqda da məlumatlı deyilik. Bəzən hipnozdan sonra “keçmiş həyatıma qayıtdım” deyən insanlar dini inanclarından, yaxud qəbul etdikləri dünyanın alt-üst olacağından ehtiyat edib seansları öz istəkləri ilə dayandırırlar. Həm də unutmayaq ki, duyğularımız kimi orqanlarımızın da imkanları hüdudsuz deyil. İstənilən halda dünyamız elmi nailiyyətlərdən də, çağdaş dövrün texnoloji yeniliklərindən də daha geniş və mürəkkəbdir.

(ardı var)

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm