Aktrisa “Fəryad 2” filmindən danışdı: Vaqif Mustafayev dedi ki...
Bizi izləyin

Xüsusi

Aktrisa “Fəryad 2” filmindən danışdı: Vaqif Mustafayev dedi ki...

“Fəryad 2” filmində sarışın rus qızını canlandıran aktrisa Sevinc Əliyeva bu rolu üçün saçlarını saraltdığını bildirib. Aktrisa qeyd edib ki, kinorejissor Vaqif Mustafayevin lentə aldığı ekran işinin uğurlu olacağına şübhə etmir. Eyni zamanda o, əsl kinonun həyəcanını məhz bu filmdə yaşadığını xüsusi vurğulayıb.

Təəssüratlarını ilk dəfə Publika.az-a danışsa da, aktrisadan spoyler almaq mümkün olmayıb.

Əsl kinonun həyəcanını məhz bu filmdə yaşadım

“Vaqif Mustafayev kino sahəsində işini bilən tək-tük rejissorlardandır. Vaqif müəllimlə danışıb görüşmək ayrı bir zövqdür. Onun kimi peşəkar və korifey bir sənətkarla işləməyi çox arzulayırdım. Görüşdük, danışdıq, dedi ki, bu rolda sizi görürəm, amma xarici görünüşdə bir az problem var, obraz rusdur, siz isə rusa qətiyyən oxşamırsınız. Bu rolu oynamaq üçün xarici görünüşümdə istənilən dəyişikliyi etməyə hazır olduğumu bildirdim. Rolla tanış oldum, o qızın yaşadıqları, xarakteri və tipajı çox xoşuma gəldi. Ümumiyyətlə, dəyişikliyin özü cazibəli gəldi. Beləliklə rol təsdiqləndi, saçlarım sarıya boyandı, qaşlarım da saraldı.

Məndən başqa aktrisaların kastinqi olub. Hər halda hesab edirəm ki, hər bir rejissora aktyor oyunu daha vacibdir, xarici görünüşü dəyişə biliriksə, bu, problem olmamalıdır. Sağ olsun, Vaqif bəy mənə inandı. Onun filmlərinə baxıb böyüyən insanam. Çəkilişlərdən əvvəl həyəcan keçirirdim ki, görən necə olacaq? Məsuliyyət var idi. Sonra gördüm ki, çox rahat rejissordur. Aktyordan nə istədiyini və nə qopartmaq lazım olduğunu bilir, tələbləri qısa və konkret idi. Dedi ki, mənim üçün oynamayın, təbii olun. Biz də bu səmimiyyəti qorumağa çalışdıq. Çəkiliş prosesi daha çox fiziki cəhətdən ağır idi, kaskadyorsuz çalışmaq mənim üçün təcrübə oldu. Aktrisa kimi əsl kinonun həyəcanını məhz bu filmdə yaşadım.

“Fəryad 1” bizim üçün xüsusi bir filmdir. “Fəryad 2” ondan fərqli olaraq daha nikbin ssenari üzərində qurulub. Həm də müasirdir, Gürcüstandan gələn komanda da var. Ağır səhnələr olacaq, amma faciə notları azdır, düşmən tərəfin məğlubiyyətinə daha geniş yer verilib”.

Tamaşaçılar bundan xəbərsiz idi

İllərdir prodüser kimi çalışırdım, sadəcə tamaşaçılar xəbərsiz idi. Reklam sahəsində 10-12 illik təcrübəm var idi. Seriallarda üzləşdiyim bir çox hallar məni sıxırdı, xüsusilə şəraitsizlik, zövqsüzlük. Bu iş belə qurulmalı deyil. Əfsuslar olsun ki, serial sahəsində çalışanların 40-50 faizi peşəkar olmur, sadəcə kimsə kiminsə tanışlığı ilə işə başlayır. Gedib 2 məkan seçməklə prodüser olmaq olmaz, bu, inzibatçının işidir. Prodüser istehsal edəndir. Həmişə deyirdim ki, serial çəksəm, aktyorlar üçün maksimum əlverişli şərait yaradaram. Pandemiyada düşündüm ki, niyə də çəkməyim. Mən, rejissor Elvin Rüstəmzadə və Pərviz Seyidli görüşüb müzakirə apardıq. Pərviz dedi ki, maraqlı bir hekayəm var. Beləlikə “Simurq”un çəkilişlərinə başladıq. “Simurq” məişət mövzusunda olsa da, çox gözəl sevgi hekayəsi var. Biz bu sevgi hekayəsini hind filmləri kimi hay-küylü çəkməmişik, daha səviyyəli yanaşmanı ortaya qoymuşuq. Görüntünün səliqəli alınmasına, estetik görünməsinə də çox çalışdıq. Sosial mediadan serialla bağlı çox gözəl geridönüşlər aldıq, prodüser olaraq ilk böyük layihəmin maraqla izlənməsi məni də, bütün yaradıcı heyəti də sevindirdi.

Azərbaycan qadını çox güclüdür

Heç vaxt məşhurlaşmaq istəyim olmayıb. “Simurq” serialını çəkdim, amma özüm orada rol almadım. Çünki mənlik bir obraz yoxdur. Uğuruna əmin olub işə başlamışam. Serialın büdcəsi çox az olsa da, bilirdim ki, “Simurq” uğurlu alınacaq. Həyat öz axarı ilə gedib, yıxılsam da durub yenidən yoluma davam etmişəm. Bir yerdə durmamalı olduğumu bilirdim, fikirləşirdim ki, seriallardan savayı nə edə bilərəm. Azərbaycan qadını çox güclüdür, bizim cəmiyyətdə öz ayaqları üstündə durub biznesini quran və ya yaradıcı işlərlə məşğul olan kifayət qədər qadın, uğurlu karyera quran həkim, müəllim və alimlərimiz var. Bəli, Azərbaycan Avropa ölkəsi deyil, gender bərabərliyi də o səviyyədə deyil. Azərbaycan qadını həm işə getməli, həm uşağına tərbiyə verməli, həm evini yığışdırmalı, həm də yemək bişirməlidir, öhdəliklərimiz çoxdur. Bu ağırlığa baxmayaraq, işimizin öhdəsindən gələ bilirik.

Özünüzü kimdən və ya nədən qoruyursunuz?

Hamımız istər dost, istərsə də doğmalarımızın xəyanəti ilə üzləşirik. Çətinliklər sözsüz ki, olur, bəzən insanlara inam hissi itir. Təcrübə yığırsan və daha güclü olmağı öyrənirsən. İnsanlardan artıq baş açmağa başlamışam, hər sözə inanmağa meyilliyəm. Hamını özüm kimi bilirəm, amma görürəm ki, yox, hər kəsin daxili dünyası fərqlidir. Başqalarına göstərdiyim xoş, düzgün və səmimi münasibətin qarşılığını çox zaman görə bilmirəm. Sənin düzgün münasibətini hər kəs başa düşmür, faydalanmağa çalışanlar çoxdur. Yaşa dolduqca özümü belə fürsətcil insanlardan qorumağa çalışıram.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm