Xüsusi
Zəfərə aparan 30 illik yol: Qələbəmizi nələr şərtləndirdi? – CÜMƏ SÖHBƏTİ
Bir neçə gün sonra Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin 1-ci ildönümünü – 8 Noyabr Zəfər Gününü qeyd edəcək. Zəfərə aparan yol bir çox mərhələlərdən keçdi. Daha dəqiq desək, 30 il ərzində biz bu şanlı qələbə üçün yol gəldik. Bir sıra maneələri adladıq.
Publika.az-ın budəfəki “Cümə söhbəti”ndə 44 günlük Vətən müharibəsinə gedən yoldan və bu müharibədə Azərbaycanın qələbəsini şərtləndirən amillərdən danışdıq. Həmsöhbətimiz isə Milli Məclisin deputatı Naqif Həmzəyevdir.
Millət vəkili ilə müsahibəni təqdim edirik:
- Naqif müəllim, torpaqlarımızı işğaldan azad etmək üçün niyə 30 il gözləməli olduq?
- 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqları Ermənistan və onların havadarları tərəfindən işğal altında saxlanıldı. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupuna mandat verilsə də, faktiki olaraq bu təşkilat regiona səfərləri ilə yadda qaldı. Təcavüzkar dövlətə qarşı real təzyiq və təsir göstərilmədi. Əksinə, Ermənistanın silahlandırılmasına, işğalçı ölkənin müdafiə sədləri qurmasına göz yumuldu. XX əsrin ən böyük faciəsini - Xocalı soyqırımını törədən Ermənistana qarşı beynəlxalq ictimaiyyət susdu. Onlar Azərbaycanın haqq səsini eşitmədilər.
- Aydındır ki, 30 il ərzində boş oturmadıq, 44 günlük müharibəyə 30 il ərzində hansı işləri görməklə hazırlaşdıq?
- Bəli, bütün bunlara baxmayaraq, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu daxili və xarici siyasət cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildi. Azərbaycan iqtisadiyyatı gücləndi. Azərbaycan Ordusunun qurulması müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirildi. Buna paralel olaraq gənclərimiz milli vətənpərvərlik ruhunda tərbiyə olundu, yetişdirildi. Cənab Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda, ikitərəfli, üçtərəfli görüşlərdə dəfələrlə bildirirdi ki, münaqişənin sülh yolu ilə həll olunmayacağı təqdirdə biz hərb yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Ölkə başçısı vurğulayırdı ki, bu münaqişənin dondurulmasına heç vaxt göz yummayacağıq.
- Üstəlik, 1 milyona yaxın məcburi köçkünün problemləri də vardı...
- Doğrudur, unutmamalıyıq ki, Azərbaycan dövləti uzun illər ərzində 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin problemlərini təkbaşına, heç yerdən kömək almadan həyata keçirib. Onların problemlərinin həlli ilə özü məşğul olub. Faktiki olaraq dünya ictimaiyyəti bu məsələdə də ikili standartlar nümayiş etdirdi. Şükürlər olsun ki, Azərbaycan iqtisadiyyatının inkişafı və gücü sayəsində Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz bu qəbildən olan sosial qrupların bütün problemlərinin həllinə nail oldu. Həmçinin Birinci Qarabağ savaşı zamanı şəhid olmuş şəxslərin ailələrinin sosial qayğısının təşkili, qazilərimizin, müharibə veteranlarımızın problemlərinin həlli ilə bağlı dövlətimiz bir sıra sosial layihələr gerçəkləşdirdi. İstənilən halda bizim tək istəyimiz ərazi bütövlüyünə nail olmaq və işğala son qoyulması idi. Bildiyimiz kimi, 2016-cı ilin Aprel ayında Azərbaycan Ordusu düşmənin hücumunu dəf edərkən Lələtəpə yüksəkliyini azad etdi. Biz qısa müddət ərzində düşmənin qurduğu müdafiə səddini yara bildik. Düşmənin öz ordusu haqqında yaratdığı, uydurduğu mifi sındırdıq. Bu da bütün dünyaya Azərbaycan Ordusunun gücünü sərgilədi. Dörd günlük döyüşlər bu istiqamətdə bir növ qığılcım oldu. Ancaq həmin dövrdə bir sıra güclər və Ermənistanın havadarları bizə öz torpaqlarımızı işğaldan azad etməyə imkan vermədilər. Ermənistan tərəfi də söz verdi ki, məsələ danışıqlar masasında öz həllini tapacaq, Azərbaycan torpaqları qısa zamanda işğaldan azad olunacaq. Ancaq təəssüflər olsun ki, bu proses olduğu kimi qaldı.
- Sonrakı mərhələdə Ermənistanı müharibəyə hansı amillər sürüklədi?
- 2018-ci ildə Ermənistanda baş verən siyasi çevriliş zamanı işğalçı ölkədə yeni hakimiyyət formalaşdı. Yeni hökumətin başında duran şəxs - Nikol Paşinyan ölkəsinin müharibə istəmədiyini, münaqişənin tezliklə həll ediləcəyi sözünü verdi. Təəssüflər olsun ki, Paşinyan öz hakimiyyətini gücləndirdikdən sonra siyasi sələflərinin fikirlərini təkrarlamağa başladı. Ən sonda "Qarabağ Ermənistandır!" - deyərək faktiki olaraq sülh danışıqlarını dayandırdı. Azərbaycan tərəfi onun bəyanatından sonra faktiki olaraq sülh danışıqlarının, ümidlərinin sona çatdığı qənaətinə gəldi. Cənab Prezident İlham Əliyev də həmin ərəfələrdə beynəlxalq forumlardakı çıxışlarında məhz Ermənistanın sülh prosesini əngəllədiyini vurğulayırdı. Ölkə başçısı baş verə biləcək toqquşmanın, müharibənin əsas günahkarının da məhz Ermənistan olacağını bildirirdi. 2020-ci ilin yay aylarında Tovuz hadisələri baş verdi. O zaman biz anladıq ki, Ermənistan nəinki torpaqları sülh yolu ilə qaytarmaq, əksinə, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan yeni yüksəklikləri və əraziləri ələ keçirmək, ölkəmizin beynəlxalq layihələrini öz təsiri altına salmaq, bir növ Azərbaycan iqtisadiyyatını çətin duruma düşürmək istəyir. Doğrudur, həmin dövrdə Azərbaycan Ordusu düşmənin cavabını artıqlaması ilə verdi. Düşmən ağır itkilər verərək geri çəkildi. Ancaq istənilən halda Ermənistan faktiki olaraq öz işğalçılıq mahiyyətini ortaya qoymuş oldu. Bundan sonra avqust ayında erməni diversantları Azərbaycan ərazilərinə keçməyə cəhd göstərdilər. Bu, faktiki olaraq Ermənistanın müharibəyə hazırlaşdığının göstəricisi idi. Yəni düşmən tərəf ölkəmizə qarşı yeni döyüşlərə hazırlaşırdı. 2020-ci il sentyabr ayının 24-də BMT-nin 75 illik yubiley tədbirində cənab Prezident onlayn formatda çıxış edərək faktiki olaraq ermənilərin müharibəyə hazırlaşdıqlarını söylədi. Münaqişənin yenidən alovlanmasında əsas günahkarın Ermənistan olacağını vurğuladı. Eyni zamanda ölkəmizin başçısı dünya ictimaiyyətindən tələb etdi ki, Ermənistanın torpaqlarımızdan çıxması təmin olunsun. Ermənistan, işğalçı ölkə dünya ictimaiyyəti tərəfindən susdurulsun. Dünya ictimaiyyəti ölkə rəhbərinin bu çağırışını eşitsə də, konkret olaraq Ermənistana qarşı hər hansı təsir və ya təzyiq göstərmədi.
- Nəticəsi nə oldu?
- Nəticəni hamımız, eləcə də bütün dünya ictimaiyyəti gördü. Beləliklə, 2020-ci il sentyabr ayının 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı ünvanlanan növbəti təxribatın qarşısının alınması məqsədi ilə Ali Baş Komandan İlham Əliyev əks-hücum əməliyyatları ilə bağlı əmr verdi. Azərbaycan Silahlı Qüvvələri də əks-həmlə hücumlarına start verdi. Daha sonra Azərbaycan Ordusu hücum taktikası həyata keçirərək torpaqlarımızı işğaldan azad etməyə başladı. Həmin ərəfədə xalq Prezident İlham Əliyevin yanında olduğunu dəfələrlə bəyan etdi. Bunu xüsusi vurğulamaq lazımdır. Hələ 27 sentyabrdan öncə Prezident xalqa müraciətində -kim döyüşmək istəyirsə, ordu sıralarına yazıla bilər - ismarışına cavab olaraq hərbi komissarlıqların, çağırış məntəqələrinin önünə axışdılar. 3 gün ərzində 50 mindən çox Azərbaycan gənci ordu sıralarına yazılmaqla müharibəyə hazır olduqlarını bildirmişdi. Beləliklə, xalqın ona inamından, dəstəyindən ruhlanan cənab Prezident İlham Əliyev ordumuzun qələbə çalacağına inanırdı. Elə bu səbəbdən də Xalq-Ordu-Ali Baş Komandan vəhdəti dəmir yumruğa çevrildi. Bu yumruq son nəticədə düşmənin başına ağır zərbə endirdi. 44 günlük Vətən müharibəsini zəfərlə başa vurmağımızın əsas şərti amili də məhz bu dəmir yumruq idi.
- Siyasi partiyaların birliyi, Ali Baş Komandanın yanında olması qələbənin təmin edilməsində nə kimi rol oynadı?
- Bir məqamı da xüsusi qeyd edək ki, müharibəyəqədərki dönəmdə Azərbaycanda yeni bir siyasi yanaşma formalaşmışdı. Azərbaycan Respublikasının Prezident Administrasiyasında yaradılmış siyasi partiyalarla işlə məşğul olan xüsusi şöbə faktiki olaraq ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların dialoq halında fəaliyyət göstərməsinə, ümummilli məsələlərdə bir araya gələrək cənab Prezidentə dəstək verməsinə nail olmuşdu. Həm pandemiya zamanı, həm də ümummilli məsələlərdə 50-yə yaxın siyasi partiya cənab Prezidentə dəstək bəyanatı imzalamışdı. Elə 44 günlük Vətən müharibəsinin gedişində də Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar bir araya gələrək cənab Prezidentlə həmrəylik nümayiş etdirdilər. Müharibəni sonuna qədər aparmaq, sona qədər döyüşməklə bağlı dövlət başçısına hərtərəfli dəstək verdiklərini vurğulamışdılar. Doğrudur, bu bəyanata qoşulmayan və Azərbaycanda özünü "müxalifət" adlandıran partiyalar da var idi. Əslində onların da kimlərə və hansı məqsədlərə xidmət etdikləri bəllidir. Əsas odur ki, aparıcı siyasi qüvvələr 44 günlük Vətən müharibəsində cənab Prezidentlə həmrəylik nümayiş etdirdilər. Xalq, ordu və Ali Baş Komandanla birlikdə oldular. Əldə olunan bu birlik nəticə etibarı ilə ordumuzun qələbə çalmasına şərait yaratdı. Nəticədə biz 44 günlük müharibənin sonunda qələbə qazandıq. Torpaqlarımızı işğaldan azad etdik. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Tural Turan
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI