Xüsusi
Soçidə nələr razılaşdırılacaq: 3000 hektar ərazi, Başkənd, dəhliz və... - DETALLAR AÇILDI/VİDEO
Video əlavə olunub.
xxx
Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü gözlənilir. İndi Qərbin və regionda maraqları olan qütblərin, dövlətlərin gözü Soçidədir. Hər kəs post-müharibə dövründən sonra Azərbaycan və Ermənistan arasındakı münasibətlərin bundan sonrakı taleyinin necə dəyişəcəyi prosesini diqqətlə izləyir.
Bəs 15 dekabrda Brüsseldə keçiriləcək görüş öncəsi bu gün Vladimir Putinin moderatorluğunda baş tutacaq İlham Əliyev-Nikol Paşinyan görüşündən Bakının və İrəvanın gözləntiləri nələrdir?
Publika.az-ın “Cümə söhbəti”ndə politoloq Qabil Hüseynli ilə bu istiqamətdə söhbətləşmişik. Politoloqun fikrincə, bu gün Soçidə bir sıra məqamlar razılaşdırılacaq.
- Qabil müəllim, bu gün baş tutacaq Soçi görüşündən rəsmi Bakının əsas gözləntiləri nələrdir?
- Soçi görüşündən Azərbaycanın əsas gözləntiləri ölkə Prezidenti İlham Əliyevin çıxışlarında özünü göstərib. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz həmişə istəmişik ki, regionda möhkəm sülhün təmin edilməsinə nail olaq. Ərazi bütövlüyümüzün Ermənistan tərəfindən tanınmasını istəyirik. Sərhədlərimizin dəqiq sərhədlərlə tanınmasına çalışırıq. İstəyirik ki, bölgədəki bütün kommunikasiya xətlərinin açılmasına nail olaq. Bunların içərisində Zəngəzur dəhlizinin işə salınması məsələsi də var. Eyni zamanda hələ də işğal altında olan Qazax rayonunun 7, Naxçıvanın 1 kəndinin Azərbaycana qaytarılmasını Ermənistandan tələb edirik. Bundan başqa, 1984-cü ildə Azərbaycanın Qazax rayonundan qoparılmış 3 min hektardan çox əkinəyararlı torpaq sahəsini geri qaytarmağa çalışırıq. Yəni ermənilərin sovet hakimiyyəti illərində Azərbaycandan qopardığı 20 min kvadratkilometrdən çox torpaq sahəsinin heç olmasa, bir hissəsində – yəni son dönəmlərdə ölkəmizdən qoparılan torpaq sahələrində suverenliyimizi bərpa edək.
- Bəs bundan sonrakı mərhələdəki planlarımız, strateji hədəflərimiz nələrdir?
- Bundan sonrakı mərhələdəki strateji hədəflərimiz Ermənistanla böyük sülh müqaviləsini imzalamaqla bölgədə sülhün, əmin-amanlığın birdəfəlik təmin edilməsinə nail olmaqdır. Bu istiqamətdə rəsmi Bakının əsas hədəflərindən biri də Qarabağın dağlıq hissəsində separatçıların hiyləsinə uyaraq yolunu azmış erməni əsilli əhalinin Azərbaycan dövlətçiliyini tanımaq məsələsinə nail olmaqdır. Eyni zamanda guya sülhyaradıcı missiya ilə bölgəyə gəlmiş rusiyalı sülhməramlıların bölgədən çıxarılmasına nail olmağa çalışacağıq. Bir sözlə, Azərbaycanın 1991-ci ildə SSRİ dağıldıqdan sonra hansı sərhədlərlə onun tərkibindən çıxdığı məlumdur. Ölkəmiz həmin sərhədlərlə də Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib. İndi biz bunların hamısını təmin etmək haqqında düşünürük.
- Soçi görüşündə bu dediklərinizin hamısına nail olmaq nə dərəcədə inandırıcıdır?
- Təbii ki, Soçi görüşündə sadaladıqlarımın hamısına nail olmaq demək olar ki, mümkün deyil və ya inandırıcı görünmür. Biz istəyirik ki, əgər Rusiya bu prosesə moderator, vasitəçi kimi qoşulursa, bugünkü Soçi görüşündə ədalətlilik nümayiş etdirilsin. Beynəlxalq hüquq normalarına uyğun şəkildə, beynəlxalq münasibətlərin tələb etdiyi qaydada müzakirə masasındakı məsələlər öz həllini tapsın. Nəhayət, iki ölkə arasında müharibəyə səbəb ola biləcək şərtlər aradan qaldırılsın. Biz bunları istəyirik.
- İrəvanın Soçi görüşündən gözləntiləri nələrdir?
- Ermənistan hələ də destruktiv mövqeyindən əl çəkmir. İrəvan hələ də vurnuxur. Sərhədlərin demarkasiyası və delimitasiyası məsələsini öz xeyrinə dəyişməyə çalışır. Eyni zamanda Azərbaycandan qopardığı torpaqları qoruyub-saxlamaq istəyir. Dövlət sərhədlərini də elə bu cür qəbul etdirməyə səy göstərir. Ermənistan Soçi görüşündə reallıqlara heç cür uyğun olmayan anklavlar məsələsini qaldırmağa çalışacaq. Gədəbəydəki Başkənd kəndinin Ermənistana qaytarılması ilə bağlı İrəvan bir sıra məsələlər irəli sürür. Bu yöndə erməni siyasətçilər çıxışlar edirlər. Hətta İrəvandakı siyasi rəhbərlik Qazaxın 7 kəndi ilə bağlı anklav kəlməsini işlədir. Onlar bunu əsaslandırmaq üçün Rusiyaya gedən yolun həmin kənddən keçdiyini vurğulayırlar. Ermənistan bu yolu Azərbaycanın icazəsi olmadan çəkib. Bunu unutmamalıyıq. Ermənistan Gorus-Qafan yolunun 21 kilometrini Azərbaycana verməyə məcbur qalsa da, Qazaxın 7 kəndinin ərazisindən keçən “Rusiyaya gedən yolu” qoruyub-saxlamağa çalışır. Amma Ermənistanın sülhyaratma prosesində dağıdıcı rol oynayacaq əsas hədəfi Qarabağın dağlıq hissəsindəki erməni separatçıları ilə bağlı bəlli bir “statusun” əldə edilməsidir. İrəvan Soçi görüşündə də bu məsələnin gündəliyə salınmasına cəhd göstərəcək. Ermənistandan bu istiqamətdə vaxtaşırı olaraq cəfəng fikirlər səsləndirilir. İrəvan bu məqsədinə nail olmaq üçün sülhyaratma prosesində tamamilə öz funksiyalarını itirmiş, mövcud olduqları müddət ərzində sülhyaratma prosesinə, bölgədəki iki xalq arasında gərginliyin azaldılması yönündə heç bir qatqısı olmayan ATƏT-in Minsk qrupunu da yenidən dirçəltməyə çalışır. Beləliklə, İrəvan mümkün olmayan, bölgədəki sülhyaratma prosesinə dağıdıcılıq elementlərini gətirəcək məsələləri gündəmə daşımaq niyyətindədir.
- Bəs Soçi görüşü öncəsi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində hər hansı dəyişiklik müşahidə olunurmu?
- İrəvan indi Zəngəzur dəhlizində gömrük postunun yaradılması kimi müddəalarla prosesə əngəl yaradan fikirlər səsləndirir. Rusiyanın bu kimi məsələlərdə necə bir rol oynayacağını da təəssüf ki, tam dəqiqliklə söyləmək mümkün deyil.
- Soçidə razılıq əldə olunmasa, Zəngəzur dəhlizinə qarşılıq olaraq Azərbaycan bu görüşdən sonra Laçın dəhlizini bağlaya bilərmi?
- Mənə elə gəlir ki, bu gün Soçidə nələrisə razılaşdırmaq mümkün olacaq. Ən azından sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı İşçi Komissiyasının yaradılmasına nail olmaq mümkündür. Zənnimcə, kommunikasiyaların açılması məsələsində də müəyyən razılaşdırma prosesinin bünövrəsi qoyula bilər. Çünki bunların hər biri həm Rusiyaya, həm də Ermənistana vacibdir. İrəvanın Zəngəzur dəhlizi məsələsində naz etməsi anlaşılan deyil. Ermənistanın bu dəhliz kartından istifadə edərək bir sıra qeyri-məqbul tələblər irəli sürməsi də prosesə mane olan nüanslardandır. Dəhlizin açılmasında müxtəlif mövqelər ola bilər, amma bu dəhlizin açılması ilk növbədə Ermənistana, daha sonra Rusiyaya hava və su kimi lazımdır. Məsələn, rusiyalı mütəxəssislər, iqtisadçılar hesablayıblar ki, Cənubi Qafqazda kommunikasiyaların dondurulması nəticəsində Rusiya təxminən 200 milyard dollara yaxın pul itirib. Yəni bir cırtdan Ermənistan üçün riskə gedərək bundan sonra da milyardlarla dollar itirmək Rusiyaya lazımdırmı?! Fikrimcə, Kreml bu haqda ciddi düşünməlidir. Bu gün Rusiyanın gələcəyi və Putinin varisi məsələsi ilə bağlı həyəcanlı məqamlar yaşanır. Bunun təfərrüatına getmək istəmirəm. Rusiyadakı demoqrafik problemlərdən və ölkə büdcəsinin zəifləməsi problemlərindən danışarkən bu cür nüanslara diqqət etmək lazımdır. 30 ilə yaxın müddətdə Rusiya Ermənistan üçün boş olan bir avantüranı idarə edir. Bu kimi məqamlara görə Rusiya milyardlarla dolları havaya sovurur. Moskvaya bu lazımdırmı?! Lazım olmamalıdır. Güman edirəm ki, Rusiya öz geostrateji maraqları naminə bölgədə sülhün təmin olunmasına töhfələrini verməlidir. Düşünürəm ki, Rusiya bu töhfələrdən böyük gəlirlər götürəcək.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO