Xüsusi
İntellektual ərəblər, boşqaba adlarını yazanlar, hədəflərin hamısını vuran qazi - REPORTAJ
- Aşkım, əllərin nə yaman soyuqdur?
- O zaman ürəyimdən yapış... (qəhqəhə)
Paytaxtın Nizami küçəsindəki “Soyuq əllər, isti ürək” bayram yarmarkasının giriş qapısının düz qarşısında məni iki sevgilinin bu dialoqu qarşıladı. Əvvəlcə sarıldılar, sonra bir-birinin soyuq əllərindən tutub isti gələn tərəfə - içəriyə keçdilər.
Axşamın toranı düşməyə başlamışdı.
Əvvəlcə yol verdim, sevgililər keçdi, onların ardınca da mən içəri daxil oldum. İçəridə bizimkilərdən çox ərəblər var idi. Ərəb gənclər bu dəfə gözümə intellektual görünürdülər:
- Madha kuntum tafealun? Limadha taakhart? (Nə edirdin? Niyə gec gəldin?)
- Kunt aqra kitaban... (Kitab oxuyurdum)
Qarşı tərəfimdə də ərəblər idi:
- Keyfə halükə? (Necəsən?)
- Bi xayri şukran (Bu günə şükür).
İşdən reportaja gedərkən hamı “Soyuq əllər, isti ürək”dəki “balık-ekmek”dən danışırdı. Elə düz girişdə idi. Bir növbə var idi ki, gəl görəsən. Qadınlı-kişili, uşaqlı-böyüklü hamı balıq-çörək yemək üçün növbəyə düzülmüşdü. Ən axırıncı sırada dayanan nimdaş geyimli nənədən “balık-ekmek”in qiymətini soruşdum: 3 manat əlli qəpik dedi. Balıqlı çörəyin ətrafa yayılan qoxusunu ciyər dolusu içimə çəkib nimdaş geyimli xalaya gülümsəyərək oradan uzaqlaşdım. “Fri kartof”un 2 manat olduğunu görüb bir qutu sifariş verdim. Burada da növbə var idi. Qızarmış kartofdan birini ağzıma atıb irəliləməyə başladım.
Növbəti köşkün qabağında kimsə yox idi. Bir yetim duruşlu samovar öz oduna tüstüləyirdi. Nə çayından içən var idi, nə də yiyəsini tələsdirən. Bunun da kəkotulu-tünd dəmli qoxusunu ciyərimə çəkib Yeni il ağacının dövrəsinə çatdım.
Şən klounlarla şəkil çəkdirməyə həvəslənən uşaqları, səbrlə və təbəssümlə gözləyən valideynləri görəndə ürəyim açıldı. Yaxınlaşdım:
- Qələbədən sonra yenidən “Soyuq əllər, isti ürək”ə ailəlikcə gəlmək necə hissdir?
- Mən özüm həkim kimi müharibədə iştirak etmişəm. Çox yaxşı hissdir. Uşaqlar da əylənir, biz də. Hava soyuq olsa da, üşüdüyümüzü hiss etmirik. Hər şey ideal şəkildə təşkil olunub. Amma bir az daha geniş olsaydı, daha yaxşı olardı.
Azyaşlı uşaqlardan birinə yaxınlaşıram:
- Adın nədir?
- Aylin (utanır, özünə qısılır)
- Aylin, burada ən çox nəyi xoşladın?
- “Yolka”nı, biy də kyounnayı (klounları deyir).
Bir az aralıda isə 18 yaşlı gənc qız həvəsi ilə gördüklərini telefonun yaddaşına lentə alan və yarmarka ilə bağlı fikirlərini həvəslə rəfiqələrinə danışan yaşlı nənəyə yaxınlaşdım:
- Salam, xanım. Bayram yarmarkası ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Necə təşkil olunub?
- Hər şey əladır. Hər şey yaxşı təşkil olunub. Amma nəsə “Qar qız”la “Şaxta baba”nı “yolka”nın ətrafında görmədim. Qiymətlər də baha deyil, cibimizə münasibdir.
Daha bir uzun növbə özbək aşı satılan köşkdə idi. Qiymətlər qablaşdırmaya görə 3,5-8 manat arasında dəyişirdi. Özbək aşı “quyruğu”nda bizimkilərdən daha çox ərəblər idi.
“Maraş dondurmaları”nın qarşısından isə daha çox valideynlər düz keçirdilər. Əllərindən tutduqları uşaqlar üzlərini turşutsalar da, balacaları “maraş” köşkündə yeniyetmə və tələbələr əvəzləyirdi.
...Deməyə də utanıram, mənimki tirdir. Harda tir köşkü görsəm, oraya can atıram. Amma qiymətlər digər park və xiyabanlardakından bahadır:
- Qardaş, qiymətlər necədir?
- 10 güllə 5 manat...
- Baha deyil?
- Növbəyə baxın...
Susdum. Sakitcə dilləndim: -Yaxşı, verin 10 güllə...
- Neçəsini vurana hədiyyə verirsiniz? sualıma “ondan altısını...” deyə cavab alıram.
İlk güllə hədəfə dəymir. İkinci, üçüncü, dördüncü düz hədəfə...
Səkkizinci güllə hədəfə dəyəndə tirçi özünü saxlaya bilmir:
- Deyəsən, zabitsiniz?
- Xeyr. Nəyə görə zabit?
- Çünki zabitlər bizdə hədiyyə qoymayıb. Hamısını vururlar. (gülümsəyir)
Doqquzuncu və onuncu güllələri hədəfə vura bilmədim. Zarafatla – deyəsən, gözünüz dəydi - dedim. Gülümsədi və 7 gülləyə bu balaca “ayı” düşür dedi.
Elə bu zaman axsayan yarım hərbi geyimli bir nəfər gəldi, yanında da dostları. Tüfəngi ona uzatdım. On gülləni aldı, nişangaha kilidləndi, nəfəsini tutdu və partapart; on güllədən onu da düz hədəfə...
Tirçi mənə “görürsənmi?” baxışları ilə göz vurub gülümsədi. Yaxınlaşıb - deyəsən qazisiniz? deyə soruşdum. Bəli, deyə cavab verdi. Yarmarka necə, xoşunuza gəldimi? - Üz cizgiləri dəyişmədən ona da soyuqqanlılıqla eyni cavabı verdi.
Bir qədər aralıda isə ata oğlu ilə futbol oynayırdı. Mən isə oyunun sonlarına gəlib çıxmışdım. Oğul atanı 6-4 hesabı ilə uddu. Amma ata razılaşmırdı. O, yeniyetmə oğluyla uşaq “hırsı” ilə “dalaşırdı”:
- Fikrim yayınan kimi vurdun qolları.
Oğlu dillənmir, gülümsəyir, arabir sağ əli ilə eynəyini düzəldirdi.
Ata söhbətinə davam edir: -Yoxe, düz hərəkət eləmədin. Birinci qol küncə dəyib əlimin altından keçdi...
Oğlan yenə də səsini çıxarmayınca ata daha da “əsəbiləşdi”:
- Ayə, əsəbləş də, balam. “Nervinni” ol bir az. Hirsini tök, bura istirahətə gəlmişik...
Açığı, atanın bu cür “əsəbi”ndən qorxub onlara yaxınlaşmadan növbəti qələbəliyə doğru addımladım.
Gənclər burada daha hay-küylü idilər. Bir-birinin çiyinlərinə minib boşqablara doğulduqları yerlərin adlarını yazırdılar: “Düyərli, Şəmkir”, “Bankə, Neftçala”, “Zirəli Edik”, “Göygöl yek”... Elə bu vaxt aşağıdan bir nəfər dostlarının çiyninə çıxıb ağ boşqaba qara markerlə nəsə yazmağa hazırlaşan yeniyetməyə dilləndi:
- Yaz ora “Gəncə, ağalilər...”
Elə bu vaxt gənc qızının qoluna girmiş yaşlı bir qadının səsinə hamı gülüşdü:
- Nə cehizlik salat boşqablarıdır, heyf eləyiblər... (gülüş)
Hay-küylü gənclərə yaxınlaşıb “Soyuq əllər, isti ürək” bayram yarmarkası ilə bağlı fikirlərini öyrənməyə çalışdım. Səs-küydən zorla eşitdiyim cavablar bunlar idi:
- “Brat”, hər şey bomba kimidir...
- Əladır ey, əla...
- Şellənirik də özümüzçün, babatdır, qaqulya...
- Yaxşıdır, çox yaxşıdır, maraqlıdır...
- Bəzi şeylərin qiyməti bahadır, amma əyləncəlidir...
Bir il əvvəlki qələbədən sonra yenidən “Soyuq əllər, isti ürək”dəki yaşından asılı olmayaraq təşrif buyuran insanları görəndə adamların yeni ilə qələbə əhval-ruhiyyəsində kökləndiyini, rəngarəngliyə adaptasiya olunduğunu görmək doğrudan da xoş idi.
P.S: Çıxışda mənə yaxınlaşıb gəl sizinlə də şəkil çəkdirək – deyən “ayı” maskalı klounun “toppuş üzündən” soyuq əllərimlə bir çimdik alıb isti kirpiklərimlə göz vurdum. Cavabı isə dodaqlarımı qaçırdı:
- Deyəsən, məşqə tələsirsən...
- Yox, cizgi filminin vaxtıdır, evə gedirəm, südümü içib yatacağam (gülüşdük).
Bir sözlə, əlləriniz soyuqdursa, narahat olmayın, sevdiklərinizin ürəyindən yapışın...
Tural Turan,
Foto: Ceyhun Rəhimov
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO