Xüsusi
Gülyanaq, Nəzakət Teymurova tələbə kimi mənim qarşımda oturub - CÜMƏ SÖHBƏTİ
Bu il “Cümə söhbəti” rubrikamızda daha çox siyasi, ictimai, sosial hadisələrə yer ayırdıq. İlin son gününün “Cümə söhbəti”ni isə tam fərqli sahəyə - incəsənətə həsr etdik.
2021-ci ilin son “Cümə söhbəti”nin qonağı Əməkdar artist Nuriyyə Hüseynovadır.
O, Publika.az-ın “Cümə söhbəti”nə müsahibəsində builki uğurlarından və 2022-ci ildəki planlarından danışıb.
- Nuriyyə xanım, 2021-ci il sizin üçün nələrlə yadda qaldı? Həyatınızda, yaradıcılığınızda hansı önəmli hadisələr oldu?
- 2021-ci ildə bir çox tədbirlərim oldu. Zəfərimizin ildönümü ilə bağlı bir neçə tədbir keçirdim. Şəhidlərimizin ildönümünə həsr edilmişdi. Təbii ki, bu, həm də kədərli notlarla yadda qaldı. Bunlara sevinc demək olmaz. Amma hər birimizin üzərinə düşən vəzifədir, borcdur ki, biz şəhidlərimizi ildönümlərində, doğum günlərində deyil, hər zaman, hər an, hər dəqiqə yad etməliyik. Şəxsən bu, mənim üçün müqəddəs bir amaldır. Bu cür tədbirlər keçirmək, orada iştirak etmək mənim üçün hər zaman qürurdur. Canım sağ olduğu müddətdə bu istiqamətdə hər şeyi edəcəyəm. Çünki biz şəhidlərimizə bir ömür borcluyuq. Eyni zamanda bu il cənab Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olundum.
- Deyəsən, bu il Vyanaya da getmişdiniz...
- Bəli. Vyanada keçirilən “Nizami Gəncəvi-880” konsertinə dəvət almışdım. Orada çox yüksək səviyyədə keçirilən konsert yaddaqalan idi. Bu günlərdə rəhbəri olduğum “Qorqud” folklor ansamblı ilə Muğam Mərkəzində həm Nizami Gəncəvi, həm də Aşıq Ələsgərlə bağlı 2 böyük tədbir reallaşdırdım. Bilirsiniz ki, “Qorqud” ansamblı vaxtilə “İrs” adını daşıyırdı. Sonradan adı dəyişdi. Bu ansambl da Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərir. Eyni zamanda Heydər Əliyev Sarayında Nizami Gəncəviyə həsr olunmuş tədbirdə iştirak etdim. Bu il gözəl anlarımız çox oldu. Ən əsası, xəstəliklərdən, pandemiyadan dolayı canımız sağdır. Şükürlər olsun, ayaqdayıq.
- Bəs, 2022-ci il üçün planlarınız nələrdir?
- Allahın köməkliyi ilə 2022-ci ildə səfərlərim gözlənilir. Ölkə daxilində də bir sıra layihələr həyata keçirəcəyəm. Çünki 1992-ci ildən keçən ilə qədər müəllimlik fəaliyyətinə daha çox üstünlük vermişdim. Çoxlu sayda tələbələr yetişdirmişəm. Onların arasında məşhurları da var. Şou aləmində olan ulduzlardan Elton, Ramal, Rəsul Əfəndiyev, milli ifaçılardan Zabitə... Gülyanaq Məmmədova, Nəzakət Teymurova da tələbə kimi mənim qarşımda oturublar. Baxmayaraq ki, biz eyni yaşdayıq. Yəni Əməkdar artist, Xalq artisti olan bir sıra tələbələrim var. Belə tələbələrin sayını itirmişəm. Keçən ildən qərar verdim ki, bundan sonrakı həyatımı və yaradıcılığımı tələbə yetişdirməyə deyil, yalnız səhnə fəaliyyətinə həsr edəcəyəm.
- Niyə belə qərara gəldiniz?
- Çünki səhnə mənim məsləyimdir, mənim yerimdir. Ancaq səhnədə olarkən sənin fəaliyyətin üzə çıxır. Bu istiqamətdə böyük işlərə imza atmağı düşünürəm. Mənim qızım Çilənay Hüseynova da “Qorqud” ansamblında fəaliyyət göstərir. Əslində, bizim fəaliyyətimiz təkcə Azərbaycan folkloru deyil, bütün türk dünyasının folklorunu araşdırmaq, həmin folklor musiqilərini üzə çıxarmaqdır. Həmin ansamblla yeni bir layihəm də var; Bütün türk dünyasının folklor musiqisindən ibarət bir konsert təşkil etməyi düşünürəm. Həmin konsertlə həm də türk dünyasına çıxış əldə etməyi nəzərdə tuturuq. Burada da böyük bir konsert proqramı ilə çıxış etməyi fikirləşirik. Bunların hamısını Allah izn verərsə, edəcəyəm. Qızımla birgə gerçəkləşdirəcəyimiz layihədə həm Azərbaycan klassik muğam-bəstəkar əsərləri, həm də Azərbaycanda klassik estrada sintezi yer alacaq. Ana-bala, ikimiz musiqimizdə bir yenilik etmək istəyirik.
- Türk dünyasından da ödül aldınızmı?
- Bəli. TÜRKSOY-un ödülünü aldım. Sayı o qədər çoxdur ki, unuduram. Türk dünyasına xidmət mükafatı idi. Onların da tədbiri Vyanada keçirildi. Həm TÜRKSOY-un, həm də Vyana mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanmış bir tədbir idi. Bu il mənə verilən bir mükafat da var, MTV-nin təsisçisi olduğu mükafatdır. Bir də “Global Star Awards-2021” mükafatı ilə təltif edildim. Bu yaxınlarda təqdimatı da oldu. Yəni irili-xırdalı çox şeylər oldu, mənim üçün önəmli nüans can sağlığıdır.
- Xaricdə keçirilən konsertlərlə bağlı ətraflı məlumat vermədiniz...
- Onlar haqqında hələ danışa bilmərəm. Çünki pandemiyadan da öncə bizim Avropada, türk dünyasında, Macarıstanda o qədər gözəl işlərimiz var idi ki. Amma heç biri baş tutmadı. Çünki pandemiya oldu. Vyanadan qayıtmayana qədər oradakı tədbir və konsert haqqında heç kimə heç nə bildirmirdim. Sadəcə deyirdim ki, səfərim var. Mən səfərə gedirəm, işimi görürəm, nailiyyətimi qazanıram, ondan sonra açıqlama verirəm. Əvvəlcədən baş tutmamış bir tədbir haqqında danışmağı sevmirəm. Qısa ipucu verdim ki, türk dünyasının folklor musiqiləri ilə bağlı böyük bir konsert planlaşdırırıq. Eyni zamanda macarların da soykökü türklərə dayanır, onlar bununla fəxr edirlər. İki ildən bir Macarıstanda hun türklərinin qurultayı keçirilir. Biz də hər dəfə orada iştirak edirik. Orada böyük bir folklorşünas var. Onun çox böyük musiqiləri var. Həmin folklorşünasa həsr olunmuş bir tədbir keçirəcəyik.
- Pedaqoji fəaliyyətinizi tam şəkildə dondurmaq fikrindəsiniz?
- Müəllimlik gözəl sənətdir. Tələbələr yetişdirirsən. Bəlkə də mən yetərincə tələbələr yetişdirmişəm, Azərbaycanın muğam sənətinə, şou aləminə yetərincə tələbələrimi təqdim etmişəm. Hazırda Bülbül adına musiqi məktəbində də tələbələrim var. Onlara dərs keçirəm. Amma bundan sonrakı ömrümü müəllimliyə yox, səhnə fəaliyyətimə, səhnə yaradıcılığıma həsr edəcəyəm. İnstitutda dərs deyirəm. Artıq xətir üçün xəstə yatmaq zamanı deyil. Hamıdan birinci yaşıdlarım içərisində müəllimlik statusu qazanmışam. Xanəndələr arasında müəllimliyi moda salmışam. Çünki mən müəllim kimi çalışanda indiki müəllim işləyənlərin hamısı tələbə idi. Baxmayaraq ki, onlar mənim yaşıdlarımdır. Amma mən bu cür statuslara onlardan daha əvvəl nail olmuşam. Çünki vaxtında oxuyub, vaxtında məktəbi bitirmişəm. Konservatoriyanı bitirəndə mənim 24 yaşım var idi. Elə həmin vaxtdan Asəf Zeynallı adına musiqi kollecində müəllim işləməyə başladım. 2001-ci ildən İncəsənət Universitetində işləyirdim. Keçən ildən buraxdım. Çünki yoruldum. Bülbül adına məktəbdə pedaqoji fəaliyyət mənim üçün yetərlidir. Həftədə 2 dəfə orada işləyirəm. Qalan vaxtımı yalnız yaradıcılığıma sərf edirəm.
- Qızınızdan ifaçı olaraq razısınızmı?
- Öncə onu deyim ki, qızım mənim yanımda böyüyüb. O, Bülbül adına musiqi məktəbində oxuyub. Onun musiqi savadı var. Bülbül adına musiqi məktəbi Azərbaycan musiqisini dünyada təbliğ edə biləcək insanlar yetişdirib. Qızım həm də Bakı Musiqi Akademiyasını bitirib. Onun yetərincə musiqi savadı var. Həmişə mənim yanımda olub. Hər zaman qulağı Azərbaycan klassik muğamlarını, xalq musiqisini eşidib. Mən onun böyük istedadını, sənətinə olan sevgisini görməsəm, qızıma deyərəm ki, çəkil kənara, başqa işlə məşğul ol. Hər zaman özümə də tənqidi yanaşmışam. Amma qızımın gözəl bəstələri var. Üstəlik, çox gözəl səs tembri var. Azərbaycanda heç kimə bənzəməyən səs tembridir, tam fərqli ifa tərzi var. Düşünürəm ki, səhnə yeniliyi sevir. Ondan tam razıyam. Qızıma uğurlar arzulayıram.
Tural Turan
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi