Azərbaycanlılar səni sevib qəbul etdisə, heç vaxt... - Məşhur gürcü deputatla MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Azərbaycanlılar səni sevib qəbul etdisə, heç vaxt... - Məşhur gürcü deputatla MÜSAHİBƏ

Din insanları bir-birinə düşmən edir, musiqi birləşdirir.

Bu sözləri Publika.az-a özəl müsahibəsində YUNESKO-nun fəxri sülh artisti, Gürcüstan parlamentinin deputatı, Fransanın gürcü əsilli məşhur pianoçu-bəstəkarı Elisso Bolkvadze deyib.

- Əziz Elisso, həm Gürcüstan parlamentinin deputatı, həm də YUNESKO-nun fəxri sülh artistisiniz.

- Ötən ilin dekabr ayından Gürcüstan parlamentinin deputatıyam. Mədəni Komissiya yaratdıq. Bu komitə ölkənin mədəni siyasətini aparır. Xüsusən də beynəlxalq diplomatiyaya çox önəm veririk. Gürcüstanda xidmətdə olan xarici ölkələrin səfirləri ilə sıx əlaqələrimiz var. YUNESKO-nun rəhbərliyi altında 9-cu Batumi Beynəlxalq Festivalını keçirəcəyik. Gürcüstanla bir çox əcnəbi ölkələrin xarici münasibətlərinin 30 illiyini mədəni müstəvidə qeyd edəcəyik. Əsas məqsədimiz xarici əlaqələrimizi möhkəmləndirməkdir. Bundan başqa, Gürcüstanda musiqi təhsilinin mükəmməlləşdirilməsi üçün bir sıra proqramlar hazırlamışıq. Ən böyük istəyimiz mövcud vəziyyəti stabilləşdirməkdir. Odur ki, həm Mədəniyyət, həm də Təhsil Nazirliyimizlə sıx əməkdaşlıq edirik. Həmçinin azyaşlı və gənc musiqiçilər üçün əcnəbi münsiflərdən ibarət olan müsabiqələr də təşkil edəcəyik.

- Yüzlərlə istedadlı gəncə dəstək olursunuz.

- Gürcüstanın istedadlı uşaqlarına kömək edirəm, Avropanın pəncərələrini üzlərinə açmağa çalışıram. İmkan olduqca Parisdə konsertlər və festivallar təşkil edib gənc musiqiçiləri gətirirəm. Gürcü qanım patriotluqla dolub-daşır. Bu dəyər mənə atamdan keçib. Həmişə deyərdi ki, vətənini, ölkəni sözdə sevmə, əməldə sev. Ölkən üçün konkret addımlar at.

src="/storage/files/upload/a287c0e705b8a1c5c72bb3184855eae645e98979.jpg" style="width: 841px; height: 518.938px;" class="fr-fic fr-dib">

- Təbii ki, vətəni hüdudlarından kənarda sevmək insanı ikiqat doğmalaşdırır. Amma qürbət çox vaxt istək yox, son şans olur.

- Sovet hakimiyyətinin süqutu Gürcüstan üçün çox ağrılı günlər idi. Həmin vaxtlar müharibə dövrünə təsadüf edirdi. Savaşlar hər mənada dağıdıcı qüvvəyə malik olur. Nəinki şəhərlər, insan həyatları, eləcə də mədəniyyət, istedad uçqun altında qalır. Həyatından müharibə keçən insanlar özlərini sıfırdan toplayırlar. Bu taleyə məhkumdurlar. YUNESKO-nun fəxri sülh artisti olmağım da əbəs yerə deyil. Savaş şərdir, qalib tərəf olmur. Hər kəs günahkardır, hər kəs məsumdur və bu ağrıların içərisində hər kəs bədbəxtdir. İnanıram, ümid edirəm ki, qüsursuz musiqi dünyası savaşları susdura bilər. İnsanların ürəyini bir-birinə yaxınlaşdırar. Bütün dünyada səbəbi bəlli olmayan münaqişlələrdən ən çox zərər görən sadə insanlar və günahsız körpələr olur. Tbilisidə böyümüşəm. 21-22 yaşımda Gürcüstan taleyinin ən zülmət günləri başladı. Ölkədən çıxmaq qadağan olundu, şəhər blokadada idi. Viza verilmirdi. Xalqımızın ən çətin günləri başlamışdı. Elektriksiz, qazsız qalmışdıq. Sənət insanları, ədəbi mühit bu çarəsizliyin içində günbəgün solurdu. Biznesmenlər kimi ailələrini təmin etmək imkanları da yox idi. Çoxları bu yoxsuzluğa dözməyib dünyadan köçdülər. Düşünürəm ki, bu keçid dövrünü ən çətin yaşayan xalq gürcülərdir.

- Bir az da eşqdən danışaq. Sevgi şəhəri Paris sizə ilk görüşdən qucaq açdı?

- İlk baxışdan yumşaq şəhər deyil. Tez qucaq açmır. Amma eyni zamanda hər kəsin şəhəridir. Bu günədək mənə ilham verən, yaradıcılığa ruhlandıran sonsuz enerjisini əsirgəmir. Parisə heyranam. Bu şəhər sanki sonsuzdur. Heç yerdə bitmir, heç vaxt yorulmur. Küçələri ilə gəzmək də insana sakitlik gətirir. Bir də əsas kolorit qatan saysız mədəniyyətlərin burada cəm olmasıdır.

- Həmçinin biz azərbaycanlıların...

- Baxmayaraq ki, iki qonşu ölkədə yaşamışıq, azərbaycanlıları Parisdə yaxından tanımışam. Azərbaycanlılar səni sevib qəbul etdisə, heç vaxt xəyanət etməz, yarı yolda qoymaz. Vicdanlı insanlarsınız. Doğrudur, hər bir xalqın yaxşıları da, pisləri də olur. Amma bu xarakter sizin canınıza çöküb. Güvəniləcək insanlarsınız. Sevməyəndə isə sadəcə qəbul etmirsiniz. Bu qədər həqiqi və dürüstsünüz. Madam Mehriban Əliyevanı da çox sevirəm. Azərbaycan mədəniyyəti, musiqisi adına çox iş görür. Yeni epoxa yazır. Bu, digər xalqlar üçün də nümunəvi addımdır.

- İnsanın musiqi zövqü xarakterinə təsir edir?

- Belə bir deyim var ki, zövqlər haqda mübahisə etməzlər. Bu, yanlış fikirdir. Elə əsas mübahisə mövzusu insan zövqüdür. Vulqar musiqini dinləmək insanın davranışlarına, seçimlərinə də təsir edir. Zövqü də digər bacarıqlar kimi inkişaf etdirmək lazımdır. Bu həm də intellekt məsələsidir. Hər dəqiqə, hər saniyə mükəmməlliyə doğru addımlamaq lazımdır. Qalaktikamız yerində durmur, biz də onunla ayaqlaşmalıyıq. Doğrudur, son əsrlərdə zaman da sürətlənib. İnsan bu tələskənlik dünyasında kəpənək kimi uçur. Bəzən bu ritmin olmadığı sakit bir köşəyə çəkilmək istəyirsən. Zaman anlayışını unutmaq istəyirsən. Tarixdən tanıdığımız dahilər də zamanla bağlarını qoparmış, öz saatı ilə yaşayan insanlar olublar. Hətta bu dərin yaradıcı prosesə bəzən sinirlərimiz tab gətirmir.

src="/storage/files/upload/bdc5537721b67746d855e53c68ee31c7b1f56fd1.jpg" style="width: 840px; height: 473.708px;" class="fr-fic fr-dib">

- Dünyanın dərdlərini çiyninizə çökdürən bəstəkar varmı?

- Şubert... Nostalji oyadır məndə. Çox qəribə hallara düşürəm, yatmış reflekslərimi oyadır. Çox ağır emosiya sahəsinə düşürəm bir anda. Ravelin də yaradıcılığı məndə kədər doğurur. Amma bu iki bəstəkarın əsərlərinə toxunmaq bütün acılara dəyər.

- Modern musiqi anlayışını necə qavrayırsınız?

- Bu musiqi janrı olmadan dünyanın inkişaf yolundan danışmaq olmaz. Bilmirəm, neçə il, neçə əsr yaşayacaq, amma aktualdır. Bir məqam da var ki, zamana, dövrə görə dəyərlər də dəyişir. Musiqi isə bilavasitə bu anlayışla əlaqədardır.

- Sizcə, parlaq individuallığa qovuşmağın yaşı var?

- Bütün insanlar sevmək və sevilmək üçün dünyaya gəlib. İstənilən dövrün əsas tələbi budur. İnsan ömür boyu özünü ətrafına düzgün təqdim etməyin yollarını axtarır. Bu isə çox böyük əmək və təmkin tələb edir. Yetər ki, ürəkdən istəyək. Tez, ya gec həm mənəvi, həm də intellektual individuallığımızın fərqinə varırıq. Həmin məqamda artıq paxıllıq hissi də olmur ki, qarşımdakı məndən bacarıqsızdır, amma mənim yerimi tutub. Bunun üçün sadəcə zaman lazımdır.

- Bəs zaman üzərindən səyahət mümkündür?

- Bu yaxınlarda Veronada idim. İlahi, sanki XVI əsrə səyahət edirdim. Zaman anlayışını tam unutdum. Modern həyat, texnologiya, su kimi axıb gedən həyatı bir anda orta əsrləri əvəz etdi. Bu baxımdan mümkündür. Mədəniyyətlər qorunduqca, gələcəyə ötürüldükcə, bu səyahət mümkün olacaq.

- Keçmişdə nələrisə dəyişmək mümkündür?

- Keçmişi dəyişmək mümkün deyil. Keçmişdə buraxdığınız səhvləri də, acıları da, sizə yaşamağa imkan verməyən məqamları da unudun. Həm də axı bu yanlışların qarşısını almaq da doğru olmaz. Biz keçmişdən gəlirik, bizi keçmişimiz yaradır. Gələcəyə köklənin ki, həmin acılar mümkün qədər az yaşansın.

- Gələcəyin piki isə ölümdür.

- Bir vaxtlar içimdə çox qəribə ölüm xofu var idi. Hətta uzun müddət psixoterapevt dəstəyi də aldım. Bir gün mənə dedi ki, niyə gələcəyini düşünüb indiki zamanını zibilliyə atırsan? Bu dəqiqəni, bu anını yaşamalısan. Yalnız o halda gələcək haqda qorxulara dalmağa da vaxtın qalmayacaq. Sizə bir sirr açım. Ölümdən hamımız qorxuruq. Amma bu qorxunu sevgi ilə əvəzləmək lazımdır. Əsl harmoniyanı da o anda tapırsan. Depressiv olmayın.

- Amma pandemiya şəraitində pozitivliyimizi qorumaq mümkün deyil.

- Bugünədək müxtəlif vəzifələrdə çalışsam da, hazırda işlədiyim sahə fərqli və çox məsuliyyətlidir. Sən hər kəsin səsini eşidib, fəal və vaxtında problemi həll etməyə çalışmalısan. Amma bu o demək deyil ki, yaradıcılığımdan uzaq qalacam. Konsertlərimə də hazırlıq gedir. Çünki həyatım musiqi üzərində qurulub. Xüsusən də YUNESKO-nun fəxri sülh artistiyəm. Bu adımı ucaltmaqdan başqa yolum yoxdur. Hər gün parlamentdə müxtəlif görüşlər, tədbirlər keçiririk. Gün ərzində çox yorulsam da, sənətimə vaxt ayırmalıyam. Həm də pandemiya özü ilə birgə yeni reallıq gətirdi. İnsanlar xəstələnir, həyatını itirir. Doğmaları ilə görüşdən məhrum olur. Əvvəllər önəm vermədiyimiz şeylərin indi dərin mənasına varırıq. Dərk edirik ki, əslində çox zənginik, sadəcə fərqinə varmamışıq. Xüsusən də musiqi və incəsənət. Bu dəyərlər hər bir xalqı, dövləti gücləndirən amillərdir. Xüsusən də bu günlərdə xalqımın bir parçası olmaqdan, inkişafı üçün zərrə qədər də olsa iş görməkdən qürur duyuram. Qadınlar mütləq güclü olmalıdırlar.

- Planetin himnini bəstələmək istərdinizmi?

- İnanın, çox istərdim. Amma bu himni artıq Bethoven yazıb. Ondan gözəl bəstələmək isə qeyri-mümkündür. Paradoksal bir məqam var. Din insanları bir-birinə düşmən edir, musiqi birləşdirir. Bu himni aktuallaşdırıb insanlara bir amal uğrunda yaşadıqlarını xatırlatmaq lazımdır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm