Xüsusi
115 ölkəni gəzən azərbaycanlıdan maraqlı açıqlamalar: İki qızını gətirib mənə göstərdi və...
Budəfəki həmsöhbətimiz dünyanın yarısından çoxunu gəzmiş bir insandır. Həm oxuyub, həm işləyib, həm də gəzib. Çox gəzən çox bilər – atalar məsələni əlində bayraq edərək fərqli mədəniyyətlərlə tanış olub. Eyni zamanda fəal diaspor nümayəndəmiz kimi ölkəmizi tanıdıb. Xarici ölkələrdə bir sıra təşkilatların qurulmasında iştirak edib.
Söhbəti çox uzatmadan gəlin, Azərbaycanın modern gənc səyyahı Maqsud Məmmədovla bir qədər də yaxından tanış olaq.
Publika.az">Publika.az Maqsud Məmmədovla müsahibəni təqdim edir.
- Maqsud bəy, bu vaxta qədər dünyanın neçə ölkəsində olmusunuz?
- İndiyə kimi dünyanın 115 ölkəsini ayaqlarımla fəth emişəm (gülür). Bu səfərlərin çox az qismi işimlə bağlı olub, amma onların çox hissəsi təhsillə, gəzmək istəyimlə bağlıdır. Hətta bir qismi öz təşəbbüsüm, istəyimlə reallaşıb. Məndə olan məlumata görə, yaşıdlarım arasında (söhbət azərbaycanlılardan gedir) məndən çox bu qədər ölkə gəzən yoxdur. Hələ uşaqlıqdan coğrafiyanı sevdiyim üçün gəzmək istəmişəm. Fərqli mədəniyyətlərlə tanış olmağa can atmışam. 1999-cu ildən, yəni artıq 23 ildir ki, dünyanı dolaşmaqdayam. Cons Hopkins Universitetində magistr təhsili almışam. London Universitetində dokturanturada oxumuşam. Eyni zamanda Bakı-Hyuston Azərbaycan cəmiyyətinin fəallarından olmuşam.
- 5 dil bilirsiniz, bəs dilini bilmədiyiniz ölkəyə gedəndə nə edirsiniz?
- Maraqlıdır. Yəqin ki, bədən dilimi işə salıram (gülür). Bu, çox asan olur. Hərəkətlərlə, mimikalarla, jestlərlə... Həm də indi texnologiyalar çox inkişaf edib. Əlimizin altında “Google translate” var. O, 2-3 ildir var. Amma mən 1999-cu ildən gəzirəm. Ona qədər ancaq bədən dili ilə ünsiyyət qurmağa çalışmışam.
- Tutaq ki, getmisiniz Tanzaniyaya, yerli qəbilələrdən biri ilə rastlaşırsınız, dili də bilmirsiniz, özünüzü onlara necə təqdim edərdiniz, istəklərinizi necə çatdırardınız?
- Yeri gəlmişkən, mən Tanzaniyada 3 ay yaşamışam. Orada işləmişəm. Məncə, ünsiyyət qurmaq üçün dil çox da önəmli bir faktor deyil. Əsas faktor insanın ünsiyyət enerjisidir. Səmimiyyət və təbəssüm, istiqanlılıq bəzən ünsiyyət qurarkən dildən də önəmli faktora çevrilir. Mən 15 yaşım olanda Azərbaycandan çıxmışam. Demək olar ki, orta məktəb illərindən xaricdəyəm. Son bir aya qədər...
src="/storage/files/upload/b92cc6e0ff2c1289e3be8c6b223fccc2cee0d94d.jpg" style="width: 628px; height: 419.067px;" class="fr-fic fr-dib">
- Bizdə çox vaxt 15 yaşlı uşağı təkbaşına xaricə buraxmırlar. Valideynlərinizi necə razı sala bilmisiniz?
- O baxımdan şanslıyam. Amerika dövlətindən təqaüd qazandım. Daha sonra bunu evdəkilərə dedim. Söylədim ki, heç kəsə problem yaratmadan mən bu təqaüdü qazanmışam. Özü də “high school” idi. Valideynlərimin uşaqlığı sovet dönəminə düşmüşdü. Onlar xaricdə təhsil ala bilməmişdilər. Mən isə belə bir şans qazanmışdım, üstəlik, valideynlərimin də təhsilə həvəsləri böyük idi, ona görə də mənim istəyimə göz yummuşdular. Bir sözlə, 15 yaşımdan Amerikadayam. Bakalavr və magistr təhsili alandan sonra hardasa 10 il Amerikada yaşadım. Ondan sonra İtaliyada 1 il magistr təhsili aldım. Orada oxudum, həm də oxuduğum müddətdə İtaliyanın müxtəlif, maraqlı yerlərini gəzmək fürsətini də əldən vermədim. Bundan başqa, Argentinada və Tanzaniyada işləmişəm. İşləyə-işləyə gəzmək imkanım olanda onu da boşa verməmişəm. Bir həftə bundan öncə isə İngiltərədə fəlsəfə elmləri doktoru ünvanını almışam.
- Təbrik edirəm, nə xoş xəbər...
- Çox sağ olun. Məndə istiqamət siyasi elmlərdir. Bakalavr və magistr təhsilimi daha çox enerji siyasəti üzrə oxumuşam. Doktorluq işim isə millətlərin “branding”i ilə bağlı idi. Post-sovet məkanından dünyada Rusiya, Ukrayna daha çox tanınır. Bəlli bir səviyyədə Qazaxıstan da tanınırdı. Amma geridə qalan ölkələr bir o qədər də tanınmırdı. Ümumiyyətlə, “stan” sonluqlu ölkələr dünyada heç tanınmırdı. Bizim adımızı isə demək olar ki, çox az eşitmişdilər. Mən 100 ölkə gəzəndən sonra düşünməyə başladım ki, dövlətlər niyə özlərini brendləşdirirlər. Yəni, özlərinin tanıtımı üçün ölkələr niyə bu qədər pul xərcləyirlər? Başa düşdüm ki, ölkələri tanıtmaq həm də fərdi şəkildə mümkündür. Özüm də 15 yaşımdan, yəni Azərbaycandan çıxdığım gündən ölkəmi tanıtmaq eşqi ilə yaşamışam. Tədbirlərdə canla-başla iştirak etmişəm. Eyni zamanda təhsillə, mədəniyyətlə bağlı fərqli-fərqli təşkilatların qurucusu olmuşam. Vaşinqtonda Amerika Tələbələri Assosiasiyası yaratmışam. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının yaradıcılarından biriyəm. Bir sözlə, aktiv diaspor fəaliyyətim olub. Hara getmişəmsə, hər zaman Azərbaycan bayrağını yanımda daşımışam. Tədbirlərə milli geyimlərimizlə qatılmışam.
- Çox enerjili, həyata zarafatyana baxan insan təsiri bağışlayırsınız. Bu qədər tükənməz enerjinin, hər şeyə təbəssüm etməyin səbəbi nədir?
- Bütün bunlar həyata daha böyük baxmaqdandır. Yəni, gündəliyə, gündəlik hadisələrə qapanmamaqdandır. Hər kəsin öz problemi var, mənim də, sizin də... Bu, bizim enerjimizi alan əsas nüansdır. Çox gəzdiyim üçün şanslıyam və bu, səni düşünməyə vadar edir, düşünürsən ki, sən 7 milyard insandan birisən. Çindəki adamın da sənin qədər problemi var, Afrikadakının da, Amerikadakının da, İngiltərədəki ən yaxşı maaşlı insanın da... Ona görə də xırda şeylərə fikir verməmək lazımdır. Hər xırda şeylərə, gündəlik problemlərə fikir verməmək enerjimizə də müsbət təsir göstərir. Hər problemə qapanıb qalanda enerjimiz də xərclənir.
src="/storage/files/upload/ef093dc0763073ffa52d2b98ed980c1dc4b331bd.jpg" style="width: 654px; height: 436px;" class="fr-fic fr-dib">
- Bu yaxınlarda Şuşada idiniz. Şuşa təəssüratlarınızı öyrənməzdən əvvəl şəhərin azad olunması xəbərini harada eşitdiyinizi soruşmaq istərdim...
- Şuşanın azad olunması xəbərini xaricdə eşitdim. Türkiyədə idim. Bütün azərbaycanlılar kimi biz də 44 gün ərzində nə yatdıq, nə də yeyib-içdik, 24 saat gözümüz televizorlarda, sosial şəbəkələrdə, tvitlərdə idi. Ən əsası, durmadan ölkə başçısının tvitter səhifəsində “yenilənmə” düyməsini sıxırdıq ki, görəsən, təzə paylaşım varmı?! Noyabrın 8-i səhər saatları idi. Azərbaycan Prezidentinin çıxışını Türkiyə telekanalları da canlı yayımlayırdı. “Haber Global”da, canlı efirdə, hətta birbaşa Azərbaycan dilində yayım verilirdi. Cənab Prezident Şuşanın azad olunduğunu elan etdi. Çox fərqli bir hiss idi...
- Şuşaya ilk səfəriniz idi?
- Bəli, uşaq vaxtı da Şuşada olmamışdım. İxtisasım münaqişə bölgələri ilə əlaqəlidir. Bu vaxta qədər Kot d İvuarda, Cənubi Koreya sərhədində, Afrikanın bir çox münaqişə bölgələrində olmuşam. Həm araşdırmaçı, həm də səyahətçi kimi həmin yerləri gəzmişəm. Hətta müharibə vaxtı Yəməndə də olmuşam. Tam fərqli hissdir. Həmin ərazilərdə özünü üçüncü şəxs kimi hiss edirsən. Neytral olursan. Amma Şuşada belə olmadı, Qarabağ bir növ bizim kimliyimizlə bağlı münaqişə idi. Hissləri anlatmaq çox çətindir. Şuşa haqqında indi söz açılır, orada olarkən yaşadığım hissləri sanki yenidən yaşayıram. Bu vaxta qədər məğlub bir ölkənin təmsilçisi kimi səyahət edirdimsə, bundan sonra qalib bir ölkənin nümayəndəsi kimi səyahətlərimə davam edəcəyəm. Şuşanın azad olunması xəbərini eşidəndə hansı hissləri yaşamışdımsa, Şuşaya ilk dəfə ayaq basanda yenidən məni həmin hisslərin harmoniyası bürüdü. Mən konfliktologiya oxumuşam və bilirəm ki, münaqişələr heç bir tərəfin qazancı olmadan onilliklər, yüzilliklər boyu davam edir. Amma Azərbaycan dövləti 44 gün ərzində işğal altındakı torpaqlarını azad etdi. Bu dövrün şahidi olmaq, o hissləri yaşamağın özü də bir xoşbəxtlikdir. Sözlərlə ifadə etmək çətindir. Həmişə düşünürdüm ki, 115 ölkə gəzmişəm və görəsən nə zamansa öz Qarabağ torpaqlarımızda gəzə biləcəyəmmi?! Bu istəyimin reallaşması 44 günlük müharibəyə qədər mənə çox əlçatmaz görünürdü. Əlçatmaz arzularımız reallaşdı. Məsələn, 2010-cu ildə Feysbukda harada olduğunuzu işarə etmək, “tag” funksiyası yaranmışdı. Həmin funksiya açılandan sonra təxminən 70 ölkədə oldum, amma heç vaxt həmin funksiyadan istifadə etmədim. Hər zaman ürəyimdə deyirdim ki, Qarabağa gedəndə “çekn” edəcəyəm. Amma bunun baş verib-vermədiyini bilmirdim. Şuşaya ayaq basan kimi Feysbukda ilk dəfə “tag” funksiyasından orada istifadə etdim və Şuşada olduğumu işarələdim. Şuşaya getdiyim üçün özümü şanslı hiss edirəm. Çünki hər kəsə getmək nəsib olmur.
src="/storage/files/upload/6f06fcd54354d0f2a337e2c863f71727644a4e52.jpg" style="width: 652px; height: 433.563px;" class="fr-fic fr-dib">
- Şuşadan baxanda Xankəndi ovuc içi kimi görünür. Yuxarıdan aşağıya – Şuşadan Xankəndiyə baxanda hansı hissləri keçirirdiniz?
- Ən qısa zamanda Xankəndidə də suverenliyimizin əldə olunacağını düşünürəm. İnanıram ki, tezliklə, çox qısa bir dönəmdə orada yaxşı inteqrasiya olacaq. Əgər bu gün mən Cıdır düzündəyəmsə, Şuşadayamsa, deməli, Xankəndi çox xırda bir məsələdir. Bizdəki inkişafı görəndən sonra Xankəndidəki ermənilər də düşünəcək ki, Azərbaycanın bir parçası olacaq. Ermənilər aşağıdan yuxarı Şuşaya baxanda onun necə sürətlə inkişaf etdiyini görəcəklər. Xankəndidəki ermənilər də həmin çiçəklənməni görüb düşünəcəklər ki, niyə Azərbaycanın bir hissəsi olmasınlar.
- Neçə dil bilirsiniz və dilləri necə öyrənirsiniz?
- Ümumi götürdükdə dörd yarım deyərdim... 5 dil də demək olar. Hər 5 ili ötürəndən sonra bir dil öyrənirəm. Azərbaycan, türk, ingilis, ispan və çincə bilirəm. Yarım dediyim dil də ruscadır. Ruscam o qədər də yaxşı deyil. Bir müddət ərəbcəni də öyrənməyə başlamışdım. Amma onu davam etdirə bilmədim. 5 ildən bir dil öyrənmək beyin üçün də çox yaxşıdır. Beyni inkişaf etdirir, həm də beyin idmanıdır. Dil öyrənməyə çox həvəsim var. Latın Amerikası mədəniyyəti mənim üçün çox xoşdur. Hər kəs Amerikaya ingilis dili öyrənməyə gedəndə və ya orada oxuyarkən ingilis dili öyrənəndə mən daha çox ispanca öyrənirdim. İspancanı öyrənəndə düşünürdüm ki, nə zamansa Latın Amerikasına gedəcəyəm. Sonradan bu arzularım reallaşdı. Bir neçə ay Argentinada oxumuşam. İndi də çin dili üzərində işləyirəm. Çox asan dildir, yazılışından başqa... Amma qrammatika baxımından ən sadə dillərdən biridir. Zaman formaları yoxdur. Dil öyrəndikcə həm də cəmiyyətin fikirləşmə tərzini öyrənirsən.
- Yəqin ki, xarici pasportlarınızı da tez-tez dəyişirsiniz...
- Bəli, hər 1, 2 ildən bir dəyişirəm.
- Gəzdiyiniz ölkələr, səyahət düşüncələrinizlə bağlı kitablar yazmaq haqda düşünmüsünüzmü?
- Bəli, istəmişəm. Qərblilər bir qədər işlədikdən sonra 2-3 il ara verirlər, gedib gəzirlər. Pasportları da buna imkan verir, güclü pasportlardır. Mən təhsillə bağlı daha çox səyahət etmişəm. Düşünmüşəm ki, gəzdiyim ölkələrin sayı 70-ə çatanda yazmağa başlayaram. Sonra bu ölkələrin sayı 80, 90, 100 oldu (gülür). 100 ölkəni gəzəndən sonra söz vermişdim ki, yazmağa başlayacağam. Artıq başlamışam, qeydlərim var... 100 ölkəni əhatə edən bir kitab yazmağı düşünürəm. Amma məsələnin qoyuluşu fərqli olacaq. Mən gəzdiyim ölkələrin mədəniyyətini necə kəşf etdiyimdən danışmaq istəyirəm. Deməli, “CrossFit” adlı bir idman növü var. Bütün dünyada onun idman salonları var. Şəhərin kənarlarında olur, adətən oraya şəhərin yerli sakinləri gəlir. Bakıda da var... Məsələn, sən turist kimi gedəndə ancaq tarixi, mədəni yerləri görə bilirsən. “CrossFit”də qrup dərsləri olur. Hər ölkəyə gedəndə “CrossFit” idman salonlarına gedirəm. Həmin şəhərlərin müəllimləri, həkimləri, sadə insanları oraya qatılırlar. Bir növ onlarla sosiallaşmağa başlayırsınız. Mən Sidneydən Minskə qədər bunu etmişəm. Çox maraqlıdır. Buradan yola çıxaraq səyahət kitabımı yazmaq istəyirəm. Bu idman ilk dəfə amerikan və rus hərbçilər tərəfindən yaradılıb. Məsələn, post-sovet məkanında “CrossFit”lərdə hamı qışqırır, bağırır, Afrikada da qatılmışam, orada fərqlidir, hamı gülür, danışır... Tam fərqlidir. Eyni standartlara, ölçü vahidinə fərqli mədəniyyətlərin yanaşmasını görürsən. Həmin salonlara getdikcə qeydlərim olurdu. Bəlli suallarım olur, həmin ölkənin müxtəlif təbəqədən olan insanlarına ünvanlayıram və getdiyim yer haqqında məndə müəyyən təsəvvürlər formalaşır. İndi müdafiə işlərim də bitib, yəqin ki, həmin kitabı yazmağa daha çox vaxtım olacaq.
src="/storage/files/upload/4a99426ddd369ed3366dfab5389df33a1ac99ad0.jpg" style="width: 620px; height: 413.728px;" class="fr-fic fr-dib">
- Gəzdiyiniz ölkələrdə sizə evlilik təklifi olubmu?
- Bəli, bir dəfə olub. Deməli, İndoneziyada idik. Səyahət edirdik. Turdan sonra hotelə qayıdırdım. Gördüm ki, qəşəng güllər daşıyırlar. Səbəbini soruşdum. Hotelin meneceri söylədi ki, axşam toydur, dedim ki, mən də toya gələcəyəm. Onların da bizim kimi 300-400 nəfərlik böyük toyları olur. Dedi ki, gələrsən. Mən də otağa qalxıb özümü səliqəyə saldım, toya getdim. Orada mənə çox yaxşı münasibət sərgiləyirdilər. “Xoş gəlmisən” deyirdilər. Yemək, içmək... Sən demə, bəy xarici bir təşkilatda işləyirmiş, bunlar da məni bəyin iş yoldaşı hesab ediblər. Hətta bəy-gəlinlə bağlı sağlıq da demişəm. Orada bir xanım var idi, deyəsən, gəlinin xalası idi. Onun iki qızı var idi, gətirib qızlarını mənlə tanış etdi (gülür). Yəni, məni qızlarından biri ilə evləndirmək fikri var idi (gülür).
src="/storage/files/upload/363f19ccfc0e7c141c488b6073b0cf17539a8f53.jpg" style="width: 649px; height: 432.667px;" class="fr-fic fr-dib">
- Gəzdiyiniz ölkələrdən daha çox nələri toplayırsınız?
- Bir çoxları kimi maqnitlər də toplayıram. Amma daha çox rəsm əsərləri almağı xoşlayıram. Yerli ölkənin rəssamının çəkdiyi rəsmləri... onları çox rahat şəkildə tapmaq mümkündür. Həmin şəhərin təsviri olan rəsm əsərləri mənə daha xoş təsir bağışlayır.
- Ailə ilə gəzmək daha rahatdır, yoxsa tək?
- Təhlükəli mövzulara toxunursunuz (gülür). Hərəsinin öz yeri var. Amma tək gəzərkən daha rahat olursan. Ailə ilə gəzmək isə daha xoşdur, çünki sevdiklərin yanındadır.
- Bəs yemək məsələsini necə həll edirsiniz? Bəzi ölkələr var ki, yeməklərini yemək çətin olur.
- Mənim üçün fərqi yoxdur. Daşdan yumşaq hər şeyi yeyirəm... Ən çox gəzdiyim şəhərlərin küçə yeməklərini sevirəm. Bəzi adamlar həmin yeməkləri fizioloji olaraq götürə bilmir. Bu baxımdan şanslıyam. Sevdiyim yeməklər ölkələrə görə dəyişir. Xaricilərin “street-food” dediyi yeməkləri daha çox xoşlayıram. Hindistanda da küçə yeməkləri yemişəm. Restorandakı yeməklərdən daha dadlı olurlar. Harada oluramsa olum, haranı gəzirəmsə gəzim, əsas məqsədim Azərbaycanı dünyada tanıtmaqdır.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO