İsraildə yaşayan azərbaycanlı xərçəngə necə qalib gəldi? - "Şişin ürəyimin başında böyüməsi simvolik idi"
Bizi izləyin

Xüsusi

İsraildə yaşayan azərbaycanlı xərçəngə necə qalib gəldi? - "Şişin ürəyimin başında böyüməsi simvolik idi"

Kama Kamila "The X Factor Israel" yarışmasında iştirakından sonra özünə xas çıxışı ilə ölkəmizdə, o cümlədən İsraildə səs-küyə səbəb olmuşdu.

Bakı şəhərində anadan olan Kamila deyir ki, Azərbaycanın musiqi irsinə dərin kök salmış görkəmli musiqiçi ailəsində böyüyüb. 5 yaşından klassik pianoçu kimi təhsil alan sənətçi 13 yaşında anası ilə birlikdə İsrailə köç edib. O vaxtdan onun motivasiyası və arzusu atası və yeni vətəni arasında əlaqə yaratmaq olub. Elə buna görə də yaradıcılığının böyük bir hissəsini Azərbaycana həsr edib.

Publika.az ifaçı ilə müsahibəni təqdim edir.

- Gəlin, musiqiçi olmaq xəyalınızdan, xüsusən mistik şaman musiqisinə sevginizin necə başladığından danışaq.

- Musiqiçi olmaq mənim arzum deyil, taleyim idi. Çünki musiqiçi ailəsində dünyaya gəlmişəm. Peşə özü məni seçdi, daha doğrusu, başqa bir variantım yox idi. Hələ ana bətnində olarkən klassik musiqilər dinləmişəm. Anam musiqi müəllimi idi, 6 nömrəli musiqi məktəbində, həm də Bakı peşə ixtisas təhsil müəssisəsində dərs deyirdi. Evdə həmişə deyirdilər ki, onun şəxsi tələbələri ilə 2 saatlıq fasiləsində dünyaya gəlmişəm. Müəllim və şagirdlərin səhərdən axşama qədər musiqi ilə məşğul olduğu bir atmosferdə doğulmuşam.

Mənim üçün şaman musiqisi Azərbaycan muğamlarıdır. Bu, bizim çox dərin köklərimizdən və Azərbaycan musiqisinin tarixindən danışan ən dəyərli musiqidir. Azərbaycan dünyanın ən zəngin və ən dadlı musiqisi və mətbəxi ilə məşhurdur. Hesab edirəm ki, bu iki məqam Azərbaycanın milli-mədəni həyatında mühüm yer tutur.

Muğam Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına böyük təsir göstərib. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, muğamlarımızın yeri xüsusidir. Xalqın ən dərin kökləri bu musiqidə birləşib. Azərbaycan muğamı ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Uzaq dövrlərə gedib çıxan köklərimiz bu gün sahib olduğumuz çox böyük bir dəyərdir. Bu, bizi biz edən xüsusiyyətimizdir. Əgər köklərimizi unutsaq, bizdən geriyə heç nə qalmayacaq.

- Sizi şaman adlandırmaq olar? Ümumiyyətlə, şaman musiqisi həyatınıza nələr qatıb?

- Şamanizm milli dua musiqisidir. O bizə köklərimizi unutmağa imkan vermir. Lakin şaman olduğumu hesab etmirəm, sadəcə vokal dərsi verən müəlliməm. Bu, çox vacibdir, vokal dərslərində tək ifaçılığın qaydalarını tədris etmirəm, həm də daxili səsinizi eşitməyə kömək edirəm. Daxili səsimiz fasiləsiz olaraq bizimlə danışır, arzularımızı və xəyallarımızı pıçıldayır. İntuisiyamız əslində daxili uğultumuzdur. Bu, vokalda əsas prinsiplərimdir. İnsanlara öz daxili səsi ilə tanış olmağı, onu dinləməyi və ona qulaq asmağı öyrədirəm.

- Nə zamandan bəri İsraildə yaşayırsınız?

- 30 ildir ki, İsraildə yaşayıram, bura 90-cı illərdə 13 yaşım olanda köçmüşük.

- Üslubunuz unikal və fərqlidir. Dinləyiciləriniz musiqidəki şaman ruhunuzu anlayıb qiymətləndirə bilirmi?

- Mənim üçün də gözlənilməzdir ki, konsertlərdə dinləyicilərim bütün ifalarıma ruhən qoşulurlar. Onlar bunu dini təcrübə, dini ritual adlandırır. Dəfələrlə bu barədə mesajlar almışam, deyirlər ki, bu konsertlərdə mənəvi yüksəliş hiss edirlər. Bu isə onun sayəsində baş verir ki, öz kompozisiyalarımı oxuyanda ruhumun ayrılmaz parçası olan muğam musiqisi də mənimlə birlikdə oxuyur. Muğam mənim üçün Azərbaycanın milli duasıdır.

- Azərbaycanda yaşadığınız illəri necə xatırlayırsınız, bura gəlib konsert vermək fikriniz varmı?

- Bakıda konsert vermək çoxdan planda var və bunun üçün sponsorla prodüser axtarıram. Odur ki, kimsə müsahibəmizi oxuyursa və məni Bakıya dəvət etmək fikri varsa, ona ürəkdən minnətdar olaram.

Uşaqlığım Bakıda çox yaddaqalan keçib, bütün günlərimi 6 nömrəli musiqi məktəbində və Bakı peşə liseyində keçirirdim. Anam dərs dediyi üçün demək olar ki, orda yaşayırdım. Pianonun başında oturub çörəklə qara ikra və yağ yeyirdim, Fəvvarələr meydanını xatırlayıram. Köhnə Bakı - İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı ən sevdiyim yerlər idi. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Quş baxışından Bakını seyr etmək üçün anamla tez-tez Qız qalasına qalxardıq. Xəzər isə ayrı bir aləmdir, üzməyi bu dənizdə öyrənmişəm, havadakı neft qoxusu üçün ürəyim gedir...

- İsrail və Azərbaycan xanımlarının tərbiyə üsulu haqqında nə deyə bilərsiniz?

- Oxşarlıq olduğunu hesab etmirəm. İsrailli qadınların tərbiyə üsulu çox sərt qaydalara köklənir və bu, xoşuma gəlir. Azərbaycanlıların isə çox istiqanlı və musiqi kimi mülayim olduğu yadıma gəlir, onlara heyranam.

- Döş xərçənginə qalib gəlməyiniz və bu ağır xəstəlikdən sağalmağınız münasibətilə sizi təbrik edir, uzun və dolğun ömür arzulayıram. Bu çətin günlərdən necə keçdiniz? Gücü kimdən və ya nədən aldınız?

- Yaşadıqlarım və nostalgiyam qarşısında xərçəngin düz ürəyimin başında böyüməsi çox simvolik idi. Yaxınlarımı Bakıda qoyub gəlmişdik, atam Bakıda yaşayır, 90-cı illərdə ailəm iki parçaya bölünmüşdü. Mən, bacım və anam İsrailə köçdük, atamla bütün musiqiçi nəslimiz Bakıda qaldı. İllərlə bunun əziyyətini çəkmişəm, darıxmışam... Ürəyim iki yerə bölünmüşdü. Böyük bir boşluq yaranmışdı, odur ki, şişin düz ürəyimin başında inkişaf etməsi təsadüf deyil, ağrılarımın "meyvəsidir".

Hazırda özümü yaxşı hiss edirəm, sağalmışam. İkinci albomdakı kompozisiyaları müalicənin və əməliyyatların ortasında yazmışdım. Sözsüz ki, məni ruhdan düşməyə qoymayan və sağaldan "My baby cancer" albomumdakı mahnılarım oldu.

- Yəqin ki, burda həyatla ölümün mübarizəsindən danışılır. Düşünürəm ki, bu albomu xüsusilə xərçəng xəstələri dinləməlidir, onlar üçün gözəl motivasiya olar.

- Albom mənim mənəvi yüksəlişimdən danışır. Əslində əmin idim ki, yaşamayacam. Həm də bir iz qoymadan getmək istəmirdim və beləliklə mahnılar yazmağa başladım. Bu mahnıların yazılması artıq ondan xəbər verirdi ki, hər şey yaxşı olacaq. Albom öz küllərindən doğulan simurq quşundan danışır.

- 44 günlük müharibədə Azərbaycanın Ermənistan üzərindəki qələbəsini də çox dərin həssaslıqla yaşamısınız.

- Bu, asan sual deyil. Bakıya heyranam, siyasi mövzulara toxunmaq istəmirəm. Bu müharibədə Azərbaycanın qəhrəman oğullarının şəhid olması ürəyimi parçalayır. Fəxr edirəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, eyni zamanda bu müharibədə humanist və ağıllı davrandı. Azərbaycan müqəddəs dəyərlərə həmişə sadiq qalıb, bilirik ki, müharibə də ədalətli aparılmalıdır. Bir sözlə, Azərbaycan xalqı güclü, istiqanlı və ağıllı xalqdır. Azərbaycala fəxr edirəm.

- Yaradıcılığınızda hansı mövzular üstünlük təşkil edir?

- Çox ciddi bir hadisə baş verməlidir ki, masa arxasına keçib musiqi bəstələyim. Heç vaxt qadın və kişi sevgisi haqqında mahnı yazmıram, dünyada 80-90 mahnının əksəriyyəti sevgidəndir. "O gəlmədi", "Zəng vurmadı", "Mən tənhayam", "Məni atıb getdin", "Mənimlə oyun oynadın" kimi bir dənə də mahnım yoxdur. Albomlarımın heç birində sevgi ayrılığı və ya xəyal qırıqlığı mövzusunda bir mahnı da yoxdur. Çoxu uşaq ikən Azərbaycanı tərk edib İsrailə köçməyimizdən danışır. Bu, məndə ağır travma qoymuşdu. Buna baxmayaraq, Xəzər dənizi mənimlə hələ də danışır, onun dalğalarını hələ də eşidirəm. Sevimli şəhərimin qoxusu və dadı hələ də damağımdadır. Torpağım üçün burnumun ucu göynəyir. Yeri gəlmişkən, ilk albomum ana və torpaq adlanır, İsrail miqrasiyasının bizi necə qucaq açdığı əks olunub. Azərbaycanın çox rəngli və açıq mentaliteti ilə İsrailin çox qapalı mentaliteti məndə bir-biri ilə görüşür və bəzən mübarizə aparır. Həm də xərçəngdən yazmışam. Öləcəyimi düşünürdüm, amma sağ qaldım və ikinci dəfə dünyaya gəldim. Xəstəxanada sevimli nənəmin ürəyinin son döyüntülərini eşidirdim, bu döyüntülər bəstəyə çevrildi. Anamın ürək ritmlərini da mahnıya çevirmişəm, mənə elə gəlir ki, onun bətnində olarkən artıq şüursuz şəkildə hansısa melodiyaları yazırdım.

- Çıxışlarınızda sanki transa daxil olur və görünməz qüvvələrə qarşı mübarizə aparırsınız.

- Düzgün diaqnozdur. İstənilən yaxşı musiqiçi konsertlərdə transa düşür. Oxuyanda fiziki varlığın ötəsinə keçirik və daha ruhani oluruq. Sadəcə biz deyil, dinləyicilərimiz də eyni ruh halına düşür. Transa düşməyən müğənninin izləyicisi olmaq istəməzdim. Yaxşı musiqiçi dinləyicilərini də özü ilə birlikdə başqa bir dünyaya apara bilir. Musiqinin gücü də bundadır: bir neçə saatlıq olsa da, şəxsi problemlərdən bir qədər uzaqlaşmaq və öz daxili mənimizə qovuşmaq. Bu isə musiqi mədəniyyəti sayəsində mümkün olur.

- Yaxşı, bəs kimə və ya nəyə təslim olmaq istəmirsiniz?

- Qorxularıma! Hər kəsin qorxuları var, bəziləri yoxsulluqdan, bəziləri təklikdən, bəziləri qaranlıqdan və ya hündürlükdən qorxur. Mən isə auditoriyamı məyus etməkdən və ya sözün hər iki mənasında qaranlıqda qalmaqdan qorxuram. Dünyanın adiləşməsi də məni narahat edir, mədəniyyətə, muzeylərə getməyə, mühazirələr dinləməyə ehtiyacım var. Həyatın monoton və quru tərəflərinə nifrət edirəm. Və böyük ehtimal, ətrafımdakıların mənə olan güvənini itirməkdən qorxuram.

- Cavablarınızın fəlsəfəsinə qapılmaq çox xoş idi. Arzu edirəm ki, tezliklə doğma Bakınıza qovuşasınız.

- Təşəkkür edirəm, bir gün mütləq.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm