YUNESKO-nun ermənipərəst mövqeyində bu ölkənin rolu var... - Deputat
Bizi izləyin

Xüsusi

YUNESKO-nun ermənipərəst mövqeyində bu ölkənin rolu var... - Deputat

YUNESKO “Dağlıq Qarabağ”a müstəqil texniki missiya göndərmək üzərində işləyir. Bu barədə YUNESKO-nun mətbuat xidməti “Armenpress”in sorğusuna cavab olaraq, müharibədən sonra Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərdə erməni tarixi-mədəni irsinin “təhqir olunması”, “məhv edilməsi” hallarının davam etdiyinə dair müraciətə münasibətdə bildirib.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, professor Jalə Əliyeva Publika.az-a müsahibəsində deyib ki, uzun illərdir Azərbaycan ermənilər tərəfindən həm Ermənistanda, həm də işğal altında olan ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin dağıdılması, silinməsi istiqamətində məqsədyönlü iş aparıldığı barədə YUNESKO-ya müraciət edib. Ancaq təşkilat bütün bu müraciətləri qulaq ardına vurub və heç bir tədbir görməyib. İndi isə ermənilərin yalançı hay-küyünə belə tez reaksiya verməsi ikili standartları, özünü tərəfsiz adlanan bir qurumun əslində, nə qədər tərəf tutduğunu açıq şəkildə göstərir.

Jalə Əliyevanın müsahibəsini təqdim edirik:

- Jalə xanım, YUNESKO-nun mümayəndəsi olmayan bir ərazinin adını çəkməklə - yəni “Dağlıq Qarabağ” dedikdə nəyi nəzərdə tutur? Bunu Azərbaycanın suverenliyinə hörmətsizlik, erməni propaqandasına xidmət hesab etmək olarmı?

YUNESKO-nun mətbuat xidmətinin artıq mövcud olmayan bir ərazini, Azərbaycanın ayrılmaz bir parçası olan əraziləri “Dağlıq Qarabağ” olaraq adlandırması özü-özlüyündə bütün normaları aşır. Bu, Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir. Digər həddini aşan bir məsələ isə YUNESKO -nun Ermənistanın xəbər agentliyinin sorğusuna canla-başla, tələsik cavab verməsidir. “Armenpress”in müharibədən sonra Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərdə əgər orada varsa, erməni tarixi-mədəni irsinin “təhqir olunması”, “məhv edilməsi” hallarının davam etdiyinə dair müraciətinə tələm-tələsik münasibət bildirib. Bu, özü-özlüyündə ikili standartların bariz nümunəsidir. Çünki illərdən bəri, Azərbaycan torpaqları erməni tapdağında qaldığı zamanlarda, 1 milyondan çox azərbaycanlının qaçqın-köçkün vəziyyətində yaşadığı bir dövrdə, Azərbaycan torpaqları, kəndləri, rayonları yerlə-yeksan edildiyi günlərdə, bizim o torpaqların üzərində olan maddi-mədəni irsimizin məhv edildiyi, mənəvi dəyərlərimizin təhqir edildiyi zaman nədənsə bütün bunlar YUNESKO, eyni zamanda digər beynəlxalq qurumlar görməzdən gəlirdilər.

- Azərbaycan xalqının bütün mədəni irsini məhv edən Ermənistana qarşı heç bir tədbir görməyən bu qurum indi ermənilərin qondarma iddialarına niyə belə operativ reaksiya verir? YUNESKO indimi ayılıb?

- Azərbaycan bu 30 ildə sadəcə torpaqlarını itirmədi, vətəndaşları qaçqın-köçkün durumuna düşmədi, eyni zamanda bu ərazilərdə qalan mədəni, mənəvi, tarixi, dini irsimizi də yox etməyə çalışdılar və hər şeyi məhv etdilər. Onlar bizim Qarabağda izimizi silməyə çaklışırdılar. Bu zaman YUNESKO harada idi? Gəlin elə bir anlıq Ağdamı nümunə olaraq YUNESKO-nun və onun kimi düşünən bütün beynəlxalq təşkilatların nəzərinə çatdıraq. Bu günlərdə ölkə Prezidenti Ağdama müharibədən sonra üçüncü səfərini gerçəkləşdirdi. Orada bir daha ürək yanğısı ilə bütün yıxılan tikililəri göstərdi və bildirdi ki, çox təəssüflər olsun ki, Ağdamda daş-daş üstdə qalmayıb, bir dənən də olsun sağlam bina yoxdur. Bu, vandalizmin, etnik təmizləmənin bariz nümunəsidir. Bunu illərdən bəri özünü mədəniyyətin, mənəviyyatın keşikçi sayılan bir təşkilat görməli, eşitməli idi.

- YUNESKO nə zamandan siyasi bəyanatlar verməyə başlayıb?

- YUNESKO eyni zamanda tək tərəfli ermənipərəst mövqeyini ictimaiyyətə açıqlayarkən öz əsl missiyasını unutmamalıdır. Unutmamalıdır ki, YUNESKO heç də bir siyasi təşkilat deyil. Buna görə də bu qurum siyasi hadisələri və siyasi mexanizmləri tənzimləmə səlahiyyətlərinə sahib deyil. Yaxşı olardı ki, öz əsl işləri məşğul olsunlar və tərəfsiz fəaliyyət göstərsinlər.

- Düşünürsünüzmü ki, YUNESKO özünü Fransa XİN-in bir departamenti kimi aparır və açıq aydın erməni maraqlarına xidmət etdiyi görünür?

- Təəssüflər olsun ki, həm 30 illik işğal, həm də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana qarşı ikiüzlü siyasət yürüdən, ümumiyyətlə bu münaqişədə işğala məruz qalanın deyil, sadəcə işğal edənin tərəfini tutan ölkələri gördük. Onlar xalqımıza, maddi, mədəni, mənəvi irsimizə qarşı soyqırımı siyasəti həyata keçirən Ermənistanın tərəfində durdular, ikili standartlardan çıxış etdilər. Bu münaqişənin tənzimlənməsi ilə bağlı yaradılan ATƏT-in Minsk qrupundan da eyni addımın şahidi olduq. Yəni Azərbaycana qarşı fərqli, Ermənistana qarşı isə tamam fərqli siyasət həyata keçirildi, işğala məruz qalanı işğalçıdan ayırmadılar. YUNESKO da bu gün həmin siyasəti həyata keçirir. 44 günlük müharibə günlərində də biz Fransa rəhbərliyinin timsalında təəssüflər olsun ki, ədalətin deyil, ədalətsizliyin müdafiə olunduğunun nümunəsini gördük. YUNESKO-nun da mərkəzi qərargahı Fransada yerləşir. Bu da istisna deyil ki, təşkilat da bu gün özünü Fransa dövlətinin mövqeyini nümayiş etdirən bir təşkilat kimi aparır. YUNESKO bu açıqlaması ilə bir daha göstərdi ki, təşkilat erməni maraqlarına və yerləşdiyi ölkənin maraqlarına xidmət göstərir. Bu da ilk növbədə qurumun özünün nüfuzuna, tərəfsizlik və qərəzsizlik missiyasına böyük xələl gətirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm