Xüsusi
Ərini və 68 qohumunu Xocalıda itirən qadın ÜRƏKDAĞLAYAN FAKTLARI AÇDI: Qayınanamın gözü qarşısında...
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd edib: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Bəli, düz 30 il əvvəl bu gün fevralın 25-dən 26-sına keçən gecə Xocalıda sayqırımı, faciə baş verdi. Düz 30 il Azərbaycan ədalət üçün mübarizə apardı. Dünyanın gözü kor, qulağı kar, dili lal oldu, Azərbaycanın haqlı fəryadına. Nəhayət, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu haqq-ədaləti öz gücü hesabına bərpa etdi. Tökülən qanların, günahsız canların qisasını məhz döyüş meydanında aldı. Artıq Azərbaycan torpaqları azaddır. Lakin əsrlər keçsə də, bu faciə və onun izləri dünən kimi yadımızda qalacaq. Bu vəhşilik aktı ilə əlaəqdar hələ deyiləcək çox söz, açılacaq çox sirr var.
Publika.az-ın bugünkü müsahibi Xocalı sakini və Xocalı faciəsinin şahidi Ceyran Əzizovadır.
- Xocalı hadisələrini necə xatırlayırsınız?
- Xocalı faciəsi zamanı 27 yaşım vardı, ailəli və iki uşaq anası idim. 1964-cü ildə Xocalıda anadan olmuşam, orada böyüyüb başa çatmışam. Təhsilimi də Xocalıda almışam. 1992-ci il fevral ayının 13-nə qədər Xocalıda qaldım, lakin hadisələrin ardı-arxası kəsilmədiyi və övladlarım körpə olduğu üçün həyat yoldaşım məni və iki uşağımızı Xocalıdan çıxarıb Ağdama göndərdi. Özü isə döyüşmək üçün Xocalıya qayıtdı. Düşünürdük ki, ara sakitləşəndən sona evimizə qayıdacağıq, amma sakitləşmədi… Dəfələrlə evimiz erməni yaraqlıları tərəfindən mühasirəyə alınmış, silahlardan açılan güllələr pəncərədən içəri tökülürdü. Evin divarları güllə izləri ilə dolu idi. Demək olar ki, onlar bütün silah növlərindən istifadə etməklə dinc əhalini atəşə tuturdular.
- Əsirlikdə olmusunuz?
- Mən özüm əsirlikdə olmamışam. Lakin həyat yoldaşım, qayınanam, bibim qızı, bir çox digər qohumumuz və tanışımız əsir düşüb. Həyat yoldaşım əsirlikdə öldürülüb. Xocalıda demək olar ki, hamı bir-birinə qohum idi. Mənim 68 nəfərə qədər şəhid olmuş qohumum var. Ermənilər müəyyən bir hissə adamı əsirlikdən geri göndərdi. Əsirlikdən öncə qadınları buraxdılar, bu zaman qayınanam da geri qayıdan əsirlərin sırasında idi. Hər tərəfi qan içində idi, işgəncə etmişdilər. Qayınanam gələnə qədər biz heç kimdən xəbər ala bilmirdik, o gəldikdən sonra bir çox sirlərin üstünü açdı. Əmim oğluna verilən işgəncə barədə danışanda dedi ki, onun qollarının üzərinə daş qoyub qırdılar. O, başından da çox ağır zərbələr almışdı. Öz övladlarının da işgəncələrinə və ölümünə şahid olub. Gözünün qarşısında həyat yoldaşıma işgəncə verərək öldürüblər.
- Qətlə yetirilən insanların cənazələrini görmüsünüz? İşgəncə izləri bəlli olurdu?
- Bəli, martın 2-də Ağdam məscidinə 82 nəfərin meyiti gətirilmişdi. Məscidə girib həmin cəsədlərə baxdıq və gördük ki, hamısının əlləri arxadan bağlanmış, başları isə sanki yandırılmışdı. Bədənləri isə əzilmişdi. Biz əsir düşməmişdik deyə bu cənazlərin niyə belə vəziyətdə olduğunu ilk əvvəl anlaya bilmədik. Daha sonra əsirlikdən gələn şəxslər bizə dedilər ki, əsriləri güllələdikdən sonra tankla üstlərindən keçirdilər. Bibim qızı Səidə də əsir düşmüşdü. Səidə mənə dedi ki, həyat yoldaşını güllələdikdən sonra üstündən tankla keçdilər. O da bu hadisənin şahidi olmuşdu. Qaynım, onun 16 yaşlı oğlu, həyat yoldaşım, baldızımın həyat yoldaşı eyni gündə dəfn olunub.
- Deyilənə görə, cəsədləri kütləvi şəkildə dərəyə atıblar. Kütləvi məzarlıqlar barədə məlumatınız var?
- Bu haqda dəqiq məlumatım yoxdur, lakin öldürülən və itkin düşən insan sayını nəzərə alsaq, kütləvi məzarlıqların olması qaçılmazdır. Tanıdığım çox insan var ki, nə ölüsündən, nə də dirisindən xəbər var. Təbii ki, bu insanlar kütləvi formada basdırılıb. Ağdam məscidinə gətirilən 82 cəsədi də Əsgəranda körpünün altına töküblərmiş. Həmin cəsədlər oradan yığılıb gətirilmişdi.
- Biz bilirik ki, 26 fevrala qədər də insanlar Xocalıda sıxışdırılırdı. Bu qədər böyük faciə yaşanacağını gözləyirdiniz?
- Əlbəttə gəzləyirdik. 1988-ci ildə Xocalıda ilk dəfə Şövkət adında bir qadın həyat yoldaşı ilə yoxa çıxdı. Əsgəran Xocalı yolunda tərk edilmiş avtomobil tapıldı. Qapıları açıq formada yolun ortasında qalmışdı. Bu günə qədər onların aqibəti barədə heç bir məlumat yoxdur. Həmin qadın Xankəndindən Xocalıya gəlin köçmüşdü. Daha sonra Tahir adında bir nəfəri maskalı erməni terrorçuları güllələyib öldürdülər. O da Xocalıda tikintinin rəisi idi. 1991-ci il sentyabrın 13-də raket atəşi nəticəsində bacımın yoldaşı dünyasını dəyişdi. Xocalının ilk şəhidi də məhz odur. Atamın əmisi oğlu Habili və xalasını Əsgəranın içində güllələyib öldürdülər. Ondan sonra Xocalı ilə Əsgəranın arasını kəsdilər. Bundan sonra Xocalının Ağdamla və Şuşa ilə əlaqəsi kəsilmişdi. Bizim digər rayonlarla əlaqəmiz sadəcə helikopter ilə mümkün idi.
- Bakıya SOS siqnalı göndərilmişdi?
- Dəfələrlə Bakını burada yaşanan hadisələrlə bağlı məlumatlandırmışdıq. Dəfələrlə kömək üçün müraciət etmişdik. Bizə deyirdilər səbrli olun kömək olunacaq. Kəndin uşaqları meşədə iki erməni tutmuşdu. Onlarda xəritə var idi və həmin xəritədə Xocalıya necə və haradan hücum olunacağı barədə məlumat yer almışdı. Biz artıq bilirdik ki, Xocalıya hücum ediləcək. Mühasirəyə alınmışdıq və oradan heç bir yerə çıxış mümkün deyildi. Silah, zirehli texnika, ərzaq yox idi.
- Siz bildirdiniz ki, faciə olacaq, ona görə 13 gün öncə Xocalıdan ayrılmışdınız. Geriyə qalan 13 gün ərzində Xocalı ilə əlaqə yarada bildinizmi?
- Bəli, əlaqə yaratmışdım. Fevral ayın 12-dən 13-nə keçən gecə ermənilər bizi Xocalıda mühasirəyə aldılar. Hər cür silahdan bizə atəş açdılar. Güllə dəyməməsi üçün uşaqlarla pəncərənin altında dayandıq. Yoldaşım postdan gəldi ki, artıq Xocalının sonudur. Uşaqları və qadınları çıxarmalıyıq ki, biz döyüşə bilək. Fevralın 13-ü aeroporta gətirildik. İki helikopter gəlmişdi. Xəstələri və yaralıları çıxardılar. Biz isə gözləməli olduq. Evimizə qayıdanda yolda ağır tonajlı yük helikopterinin gəldiyini gördük. Yenidən qayıtdıq aeroporta. Helikopterin içində 400-dən 600-ə qədər insan olardı, minə bilmədik. Geri qayıtmaq istəyəndə gördüm ki, pilot oturan tərəfdən qapı açıldı.Bizim indiki deputat Elman Məmmədov və Elburus adında bir oğlan bizə kömək etdilər. Elman müəllim uşaqları götürdü, mən də pilotun qapısından helikopterə minə bildim və oradan da salona keçdik. Beləliklə Xocalıdan çıxdıq. Gəncəyə gəldik, oradan isə Ağdama getdik.
- Xocalıda baş verən faciədən necə xəbər tutdunuz?
- O qədər şaiyə var idi ki, artıq heç kimə inanmırdıq. Fevralın 26-ı idi. Səhər tezdən oyanıb Ağdamın bazarına getdim. Bazarda eşitdim. İnsanlar danışırdı ki, Xocalı dağılıb, gecə faciə yaşanıb. Cəmi 30 nəfər adam qaça bilib. Mənim bütün qohumlarım orada idi. Xəbər məni o qədər sarsıtdı ki, aldığım ərzaqları da bazarda atıb gəldim hərbi qərargahın qarşısına. Gördüm ki, təxmini 15 nəfər ayaqyalın, ev xalatında, dəhşətli bir vəziyyətdə orada dayanıblar. Bizimkiləri soruşdum, heç birini görməmişdilər. Oradan maşına minib Şelli, Güllücə meşəsinə getdik, gözlədik ki, bəlkə kimsə gələr. Gələn olmadı… Atam 5 gün sonra donmuş vəziyyətdə gəldi və o gün dünyasını dəyişdi. Elə ailə var ki, bir nəfər sağ qalıb, elə ailə var ki, tamamilə öldürülüb.
- 30 ildən sonra Azərbaycan ordusu xalqımıza yaşadılan bu faciənin qisasını aldı, torpaqlarımızı yağı düşməndən azad etdi. Bu torpaqlara getmək imkanınız olub?
- Yox, təəssüf ki olmayıb. Ağdamda həyat yoldaşımın qəbri var. Həmin kənd işğaldan azad ediləndə əsgərlərimiz şəklini çəkib göndərmişdilər. Bizə bu ərazilərə getmək barədə təklif olmayıb. Çox istəyərəm gedim həmin torpaqları görüm. Ümid edirəm tez bir zamanda bizə də o torpaqlara getmək, əzizlərimizin məzarını ziyarət etmək qismət olar.
-
Magazin102:19
Aygün Kazımova qeyri-adi saç düzümündə - FOTOLAR
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı