Bakı buna ciddi hazırlaşır: Sülhməramlılarla birgə anti-terror əməliyyatı?
Bizi izləyin

Xüsusi

Bakı buna ciddi hazırlaşır: Sülhməramlılarla birgə anti-terror əməliyyatı?

Bakı buna ciddi hazırlaşır: Sülhməramlılarla birgə anti-terror əməliyyatı?

Son günlər rusiyalı sülhməramlıların nəzarət etdiyi Qarabağın dağlıq hissəsində ermənilərin təxribatları ard-arda sıralanır. Sülhməramlılar isə öz missiyalarının öhdəsindən demək olar ki, gələ bilmirlər. Azərbaycan tərəfi separatçılara və qanunsuz erməni terrorçu birləşmələrinə hələlik xəbərdarlıqlarını edir. Hətta bəzi ekspertlər düşünürlər ki, baş verən erməni təxribatları fonunda Azərbaycan Ordusu Qarabağda anti-terror əməliyyatları keçirə bilər.

İndiki halda bu mümkündürmü? Ümumiyyətlə, sülhməramlılarla birgə anti-terror əməliyyatı keçirmək ehtimalı nə dərəcədə realdır?

Politoloq Cümşüd Nuriyev Publika.az-a müsahibəsində deyib ki, hazırda erməniləri Azərbaycanla üz-üzə qoymağa çalışırlar.

- Cümşüd müəllim, son günlər Qarabağda erməni separatçılarının təxribatları ara vermir. Bir çoxları düşünür ki, anti-terror əməliyyatlarının qoxusu gəlir. Azərbaycan sülhməramlıların nəzarətindəki ərazilərdə anti-terror əməliyyatları keçirəcəkmi?

- Əslində, buna qərar verən Ali Baş Komandan, daha sonra Müdafiə Nazirliyidir. Yəni, güc strukturları ilk olaraq buna qərar verməlidirlər. Hadisələrin gedişi onu deməyə əsas verir ki, anti-terror əməliyyatlarını həyata keçirmək üçün Azərbaycanı təhrik edirlər. Amma mən inanmıram ki, indiki şəraitdə Azərbaycan anti-terror əməliyyatları variantından yararlansın. Bu nüansı uğurlu saymıram. Bunun da səbəbi var. Onsuz da Rusiya ilə Ukrayna arasında müharibə gedir. Beləliklə, biz Qarabağın dağlıq hissəsində separatçı, terrorçu ermənilərə qarşı anti-terror əməliyyatları keçirmək üçün rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərə girməliyik. Bu da müəyyən gözlənilməz nəticələrə gətirib çıxara bilər.

- Ukrayna-Rusiya müharibəsi Qarabağda anti-terror əməliyyatlarının yetişdiyini deməyə imkan verirmi?

- Birincisi, Rusiya Ukraynada müharibəni siyasi cəhətdən uduzub. İkincisi, iqtisadi cəhətdən də Rusiya orada yenilgiyə məruz qalıb. Hərbi cəhətdən uduzduğunu hələ ki, demək çətindir. Amma Rusiya bu yenilgini kompensasiya etməlidir. Bundan ötrü ermənilərin əlinə bir şans düşüb. Onlar bir tərəfdən elan edirlər ki, Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırıq, digər tərəfdən Ermənistan hakimiyyətində olan müəyyən qüvvələr, daha çox revanşistlər Rusiya ilə Azərbaycanı üz-üzə gətirmək istəyirlər. Azərbaycan indiki şəraitdə buna getməməlidir. Hələlik çox şükür ki, biz itki verməmişik. Buna baxmayaraq, analizlər nəticəsində danışıqların getdiyini artıq görürəm. Bu mənim şəxsi qərarımdır, bəlkə də səhv edirəm. Ona görə bu qənaətə gəlmişəm ki, Azərbaycan Prezidentinin Türkiyəyə səfəri təsadüfi xarakter daşımır. Doğrudur, planlaşdırılmamış bir səfər idi.

src="/storage/files/upload/56dfc5963cba96a2a1830088891b6bd83e927e06.jpg" style="width: 446px; height: 334.5px;" class="fr-fic fr-dib">

- Söhbət hansı formatlı danışıqlardan gedir?

- Bundan öncə də Ərdoğan Putinlə danışıqlar aparmışdı. Ola bilsin ki, Azərbaycan mövcud məsələlərlə bağlı başqa bir metod seçsin. Yəni, Qarabağın dağlıq hissəsində anti-terror əməliyyatları aparmasın. Amma onu deyə bilərəm ki, Azərbaycan çox uğurlu bir siyasət yürüdür. Xüsusən də 26 fevral tarixindən sonra Şuşada hər gün azan verilir. Koroğlu uvertürası səsləndirilir, Azərbaycanın dövlət himninin çalındığını eşidirik. Azərbaycan bununla bəyan edir ki, bu torpaqlar Azərbaycan dövlətinin ərazisidir. Yəni, siz istəsəniz də, istəməsəniz də bu, belədir və siz bu reallığı qəbul etməlisiniz. Bura bir müsəlman torpağıdır və biz Vətən uğrunda şəhidlər verdiyimizi artıq sübut etmişik. Koroğlu uvertürasının səsləndirilməsi isə artıq bir çağırışdır. Yəni, Azərbaycan istənilən vaxt Qarabağdakı silahlı terror birləşmələrini əzməyə hazırdır; ya gəlin, qanunlara tabe olun, ya da alternativ addımlar atıla bilər. Necə ki, Bakıda Azərbaycan qanunlarına tabe olan minlərlə erməni yaşayır, siz də bizim vətəndaşlarımız kimi Azərbaycan qanunlarına tabe olaraq yaşayın. Çağırışın mahiyyəti bundan ibarətdir. Bunun arxasında ideoloji məqsəd dayanır. Hər kim seçibsə, çox uğurlu bir seçimdir. İndi bizi təxribata çəkirlər. İnanmıram ki, Azərbaycan bu təxribata getsin. Ona görə də anti-terror əməliyyatlarının keçirilməsini demək bir qədər qeyri-ciddi olar.

- Bəs, Azərbaycan mövcud risklər fonunda rusiyalı sülhməramlılarla birgə Qarabağda erməni təxribatçı dəstələrinə qarşı anti-terror əməliyyatı keçirə bilərmi?

- Buna da inanmıram. Çünki Birləşmiş Millətlər Təşkilatının altıncı və yeddinci fəslində göstərilir ki, sülhməramlılar ancaq sülh yaratmaqla məşğuldurlar. Onlar isə il yarım ərzində sülh yaratmaqdan başqa hər işlə məşğul olublar. Nəzarət etdikləri ərazilərdə ev tikirlər, evlənirlər. Hətta müvəqqəti yerləşdikləri ərazilərə erməni daşıyırlar. Səhiyyə, təhsil işləri görürlər. Biz onların sülhyaratma işindən başqa hər şeylə məşğul olduqlarını görürük. Ona görə də rusiyalı sülhməramlılarla birgə anti-terror əməliyyatları keçirmək qeyri-mümkündür. Onların ali baş komandanları olan Vladimir Putinin də imzaladığı üçtərəfli bəyanata əməl etmirlər. Çünki 10 noyabr 2020-ci il, 26 noyabr 2021-ci il, həmin ilin dekabrında Brüsseldə imzalanmış bəyannamələrin hər üçündə Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət göstərən erməni silahlı qüvvələrinin çıxarılmasından danışılır. Amma görünən odur ki, sülhməramlılar ermənilərlə birlikdə hətta Azərbaycan Ordusunun daşıdığı yüklərin qarşısını almağı bacarırlar. Deməli, burada Rusiyanın hazırladığı başqa bir təxribat var. Atalar sözü var, gözü çıxan qardaşdan dərs götürülməlidir. Biz Ukraynadan dərs almalıyıq. Məncə, sülhməramlılarla birgə anti-terror əməliyyatları keçirmək məsələsi alınmayacaq. Çünki Rusiyanın imperiya ambisiyaları çox böyükdür. Onların nəfsi çox itidir.

- Azərbaycan Müdafiə Nazirliyinin sonuncu açıqlamasında da göstərilir ki, təxribatçı dəstələrə, Qarabağdakı terrorçu ermənilərin “mövqelərinə” çox ciddi zərbələr endirilir. Bu, nəyə işarədir?

- Mən erməni mediasından oxudum ki, guya Xocalının Pirlər kəndindən erməniləri köçürürlər. Ermənilər mülki əhalinin düz yanından Azərbaycan Ordusunun üzbəüz mövqelərinə atəş açıblar. Azərbaycan həmin nöqtələri müəyyənləşdirib və terrorçuların atəş açdığı nöqtələri vurur. Terrorçular gedib mülki əhalinin içinə girməsinlər. İndi həmin kəndin “köçməsi” o deməkdir ki, artıq bu cür erməni təxribatlarından rusiyalı sülhməramlılar da bezib. Azərbaycan istər-istəməz bu addımı atmaqla həm revanşistlərə, həm də Ermənistan rəhbərliyinə - rəsmi İrəvana öz mövqeyini bildirdi. Hə, bunun arxası gələ bilər. Ermənilər Hadrutda komando briqadalarının yaradılmasından əməlli-başlı havalanıblar. Erməni mediası yazır ki, azərbaycanlıları qızışdırmayın, əgər bu dəfə başlasalar, komandolar gəlsələr, qarşılarında nə qədər ruslar dayansa da, orada bir nəfər də toxumluq erməni saxlamayacaqlar. Bu qorxu onları bürüyüb. Onlar təkcə Şuşada səsləndirilən azandan qorxuya düşürlər. Görün, indi ordumuz əməliyyat keçirsə, nə olar. Müdafiə Nazirliyinin indiki mövqeyi alqışlanasıdır.

- Bəs, Antalya Diplomatik Forumunda Azərbaycan-Ermənistan münasibətlərinin bundan sonrakı inkişafı ilə bağlı hər hansı qərar qəbul oluna bilərmi?

- Ola bilər ki, sülh sazişi imzalanmasa da, hər hansı bir memorandum qəbul olunsun. Çünki Türkiyə tərəfi də bu məsələdə olduqca maraqlıdır. Zəngəzur dəhlizinin açılması, sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı hansısa bir memorandum imzalana bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm