Tarixi izdiham: Şuşada nə zaman belə anşlaq olub? - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Tarixi izdiham: Şuşada nə zaman belə anşlaq olub? - MÜSAHİBƏ

Sabah tarixdə ilk dəfə olaraq Şuşada Zəfər qurultayı olacaq. Böyük izdiham yaşanacağı gözlənilir. 500-ə qədər qonaq dəvət edilib. 30 illik işğal dövründən sonra Şuşa aprelin 22-də bütün dünyaya qapılarını açacaq. Dünya Azərbaycanlılarının V qurultayına ev sahibliyi edəcək.

Bəs Şuşanın 270 illik tarixində bu qədər izdihamlı tədbirlər olubmu? V qurultaydakı qədər izdihama Şuşa nə vaxt ev sahibliyi edib?

Şair-publisist, Şuşa Şəhər İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Kərim Kərimli Publika.az-a müsahibəsində bu suallara aydınlıq gətirib.

Müsahibəni təqdim edirik:

- Kərim bəy, tarixdə ilk dəfə olaraq sabah Şuşada Zəfər qurultayı olacaq. Böyük izdiham yaşanacağı gözlənilir. 500-ə qədər qonaq dəvət edilib. Sizcə, Şuşanın 270 illik tarixində bu qədər izdihamlı tədbirlər olubmu?

- Pənahəli xandan üzübəri Şuşanın tarixində kütləvi tədbirlər, müharibə səhnələri, qalanın tikintisində, şəhərin müdafiəsində iştirak edənlərin sayı baxımından insanların izdihamı müxtəlif dövrlərdə lap çox olub. Qaladaxili müəyyən tədbirlər keçirilib. Özü də həmin tədbirlər izdihamlılığı ilə yadda qalıb. Bunlar aydın məsələdir. XX əsrin əvvəllərində ermənilərin Şuşaya qarşı müharibə aparması, Qarabağda müstəqil Azərbaycan Ordusu ilə Nuru Paşanın qoşunlarının ermənilərə qarşı döyüşü, həmin döyüşlərdə qoşunlarımız Şuşanı, Əsgəranı və başqa yerləri işğaldan azad eləyəndən sonra toplaşmalarını nümunə kimi göstərmək olar. Bundan başqa, sovet hökuməti Şuşanı işğal edəndən sonra Şuşa məscidinin qarşısında Nəriman Nərimanovun iştirakı ilə böyük toplantı keçirilib. 1800-cü illərdən üzübəri Şuşada həmişə Aşura məclisləri gerçəkləşib. Həmin dini mərasimlərdə Şəbeh çıxarmalarda da kütləvilik olub. Amma Şuşa işğaldan azad ediləndən sonra ən önəmli təmtəraq məncə, elə Zəfər qurultayıdır. Güman edirəm ki, Zəfər qurultayı qədər belə bir izdiham Şuşanın tarixində yoxdur. Ən azından yadıma düşmür. Bu qurultay da bir daha sübut edir ki, Şuşa bundan sonra təkcə Azərbaycanın, Türk dünyasının deyil, ümumiyyətlə, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Bu cür böyük və möhtəşəm, təmtəraqlı tədbirlərin keçirildiyi bir mərkəzə dönəcək.

- 1982-ci ildə Vaqifin məqbərəsinin açılışındakı izdiham barədə nələri deyə bilərsiniz? Özü də qarlı-çovğunlu hava idi. Buna baxmayaraq xeyli insan Şuşaya toplaşmışdı...

- 1982-ci ilin yanvar ayında Şuşada Molla Pənah Vaqifin movzoleyinin açılışı oldu. O zaman Şuşada məqbərənin açılışını Heydər Əliyev eləmişdi. Xeyli insan həmin vaxt Şuşada bir araya gəlmişdi. Həmin vaxt Şuşada güclü qar yağırdı. Buna baxmayaraq, ölkənin hər yerindən şairlər, yazıçılar açılışa qatılmışdılar. Mən həmin vaxt tələbə idim və orada olmamışam. Amma həmin ilin yayında, 29 iyulda Şuşada yenidən poeziya bayramı keçirildi. Yenə də Heydər Əliyev poeziya bayramında iştirak eləmək üçün Şuşaya gəlmişdi. Poeziya bayramının açılışını şəxsən özü elədi. Digər obyektlərin də açılışı olmuşdu. O zaman mən həmin tədbirdə iştirak etmişdim. Həmin tədbirlərdə kütləvilik olduqca çox idi. Amma həmin dövrdə Şuşadakı kütləviliklərdə iştirak edənlər o zamankı Azərbaycan SSR-nın vətəndaşları idi. daha çox əhali həmin tədbirlərə qatılırdı. Budəfəki tədbir – Zəfər qurultayı isə dünyanın müxtəlif ölkələrindən gəlmiş azərbaycanlıların iştirakı ilə keçirilir. Verilən rəsmi məlumatlara görə 400 nəfərlik rəsmi nümayəndə Dünya Azərbaycanlılarının V qurultayının iştirakçısıdır. Hələ mən öz ölkəmizdən nə qədər adamın iştirak edəcəyini bilmirəm. Ola bilsin ki, ölkə daxilindən də həmin qurultaya xeyli insan qatılacaq. Belə olan halda, qurultay iştirakçılarının sayı 400-dən çox edir. Budəfəki qurultay olduqca genişmiqyaslı, böyük bir tədbirdir.

- Müharibədən əvvəlki dönəmdə Şuşadakı tədbirlərdəki izdihamla bağlı fikirlərinizi almaq istərdik. O dövrdə də Şuşanın gəlib-gedəni çox olub...

- Müharibədən əvvəl, dinc vaxtı Şuşada Vaqif poeziya günlərindən başqa bir çox tədbirlər keçirilirdi. Sovet dövründə Azərbaycanın Aran rayonlarında pambıqçılıq və üzümçülük geniş yayılmışdı. Oktyabr, noyabr aylarında şagirdləri bu prosesə cəlb edirdilər. Amma Şuşada bu şeylər yox idi. Şəhərdə ancaq tikinti işləri aparılırdı. O da çox az idi. Şuşa SSRİ-nin termini ilə desək, ümumittifaq kurort və sanatoriya zonası, turist bazası idi. Ona görə də orada çoxsaylı mədəni tədbirlər keçirilirdi. Yerli və respublika səviyyəsində bir sıra tədbirlər gerçəkləşdirilirdi. Respublika səviyyəsində keçirilən tədbirlərdən biri də Vaqif poeziya günləri idi. Vaqifin Şuşadakı məşhur məqbərəsi ucaldılana qədər böyük şairin Vaqif küçəsində bir büstü var idi, oranı ziyarət edirdilər. Orada bir divar tikilmişdi və onun qarşısında Vaqifin büstü qoyulmuşdu. Ora həm də Vaqifin qətlə yetirildiyi yerdir. Şairlər Vaqifin həmin büstü önündə toplaşırdı. Orada müxtəlif şeirlər oxuyurdular, bir sıra müzakirələr aparılırdı. Çıxışlar olurdu. 1982-ci ilin yanvarında Cıdır düzünün ətəyində Vaqifin böyük məqbərəsi tikilmişdi. Əsl sənət nümunəsi hesab ediləsi abidə idi. Həm də həmin məqbərənin içərisində Vaqifin muzeyi açılmışdı. Düz məzarının yanında idi. 1982-ci ildən etibarən Vaqif poeziya günləri orada keçirilirdi. Xaricdən, SSRİ-nin müxtəlif bölgələrindən qonaqlar olanda tədbir Cıdır düzündə davam edirdi. Vaqifin məzarı önündə onun xatirəsi yad edildikdən, müəyyən poeziya çıxışları olduqdan sonra iştirakçılar bir qədər yuxarıya qalxırdılar. Cıdır düzünün qarşısında düzəldilmiş səhnənin önündə poeziya bayramı davam edirdi. Bu tədbir həm də gözəl konsertlə müşayiət olunurdu. Əhali dairəvi şəkildə toplanırdı. Vaqif poeziya günlərinə həm Şuşadan və ətraf yaşayış məntəqələrindən, həm də ölkənin müxtəlif yerlərindən şair və yazıçılar dəvət olunurdu. Alimlər, Yazıçılar Birliyinin üzvləri burada iştirak edirdilər. Bu tədbirlərdə sıravi tamaşaçı kimi hamının iştirak imkanı var idi, amma şeir oxumaq, çıxış etmək heç də hamıya müyəssər olmurdu.

- Bəs işğal dövründə ermənilərin Cıdır düzündə keçirdikləri “tədbirlərdə” izdihamlar yaşanırdımı? İndiki qədər izdihamlı olurdumu?

- İşğal dövründə erməni vandallarının Şuşada keçirdikləri “tədbirləri” də izdihamlı saymaq olmazdı. Birincisi, xaricdən gələn həmin “nümayəndələr” də - ifadəmə görə üzr istəyirəm – yoldan ötənlər idi. Çünki rəsmi, dövlət nümayəndələri deyildilər. Azərbaycan Respublikasının icazəsi olmadan sərhədi keçirdilər. Bu da dələduzların hərəkəti idi. Rəsmi dövlət nümayəndələri həmin “tədbirlərə” qatılmırdılar. İkincisi, oradakı tədbirlərdə iştirak edənlər işğalçılar, terrorçular və separatçılar idi. Özləri çalıb özləri də oynayırdılar. Özlərindən başqa heç kim olmurdu. Oradakı “yerli” əhalinin də həmin tədbirlərdə ürək açıqlığı ilə iştirak etməsi hiss edilmirdi. Onlar bilirdilər ki, gec-tez bu şəhərin əzəli sahibləri gələcəklər. Cıdır düzündə “yallı” getmələrinin gec-tez Azərbaycan Ordusunun onların burnundan gətirəcəyini yaxşı bilirdilər. Ona görə həmin dövrdəki “şənlik” kadrlarına baxın. Heç birinin üz-gözündə sevinc, gülüş yoxdur. Yalandan bədənlərini, əzalarını oynadırdılar. Amma üz-gözlərindən sevinc, fərəh, xoşbəxtlik duyulmurdu. Amma bu gün Şuşada keçirilən tədbirlərə baxın. Müqayisə göz önündədir.

- Sizcə, Şuşa gələcəkdə daha böyük tədbirlərə ev sahibi eləyə biləcəkmi? Növbəti illərdə daha böyük tədbirlərin Şuşada keçiriləcəyini görə biləcəyikmi?

- İndi Şuşada böyük tikinti-quraşdırma işləri gedir. Bu işlər gələcəkdə Şuşada daha böyük tədbirlərin keçirilməsinə imkan verəcək. Çünki böyük otellər tikilir. Yəqin ki, gələcəkdə Şuşada idman-konsert müəssisələri də inşa olunacaq. Kino-teatrlar, turist bazaları, sanatoriyalar... Böyük tədbirlərin keçirilməsi həm də Şəhərin ölçüsündən asılıdır. Şuşa balaca şəhərdir. Ərazisinə görə Şuşa çox balacadır. Amma ola bilər ki, şəhərdən kənarda uyğun yerlər tapılıb nəsə tikilə bilər. Əlbəttə, mən Şuşa şəhərinin ətrafındakı tarixi yerlərə toxunulmasının əleyhinəyəm. Məsələn, Topxana meşəsinin... İstəmərəm ki, orada hər hansı tikinti işləri aparılsın. Allahın, təbiətin yaratdığı gözəl mənzərələri pozmaq olmaz. Şuşada bəzi yerlər var ki, o qədər də tarixi əhəmiyyət daşımır. Onlardan bəzilərini mən də bilirəm. Yəqin ki, gələcəkdə həmin hissələrdə müəyyən tikintilər aparılacaq. Güman edirəm ki, yaxın vaxtlarda Şuşa sizin sualda qoyduğunuz mərhələyə qalxacaq. Daha böyük, dünya miqyaslı tədbirlər burada da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm