Xüsusi
Şuşada sanki atamın səsini yenidən eşitdim - Müsahibə - FOTO
6.3.14.Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;
Son günlər Azərbaycan gündəmini məşğul edən əsas məsələlərdən biri də Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi idi. Bəli, söhbət məhz qədim mədəniyyət beşiyimiz sayılan Şuşada keçirilən möhtəşəm qurultaydan gedir. O qurultay ki, səsi-sədası dünyanın dörd bir yanına yayıldı. Dünyanın hər tərəfindən Şuşaya üz tutmuş soydaşlarımızın üzündən qürur, fəxarət oxunurdu. Diasporumuz hələ gənc olsa da, onun fəaliyyət istiqaməti yaranmış yeni reallıqlara uyğun istiqamətləndirilir.
Ölkəmizin diaspor fəaliyyəti ilə əlaqədar həmyerlimiz, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının koordinatorlarından biri, həkim, tərcüməçi, aktivist İlkanə Qoca ilə müsahibə etdik.
Publika.az sözügedən müsahibəni təqdim edir:
- Azərbaycan diasporunun fəaliyyətini İkinci Qarabağ müharibəsi öncəsi və sonrası necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, diasporumuzun İkinci Qarabağ müharibəsindən öncə fəaliyyəti kifayət qədər deyildi və hər kəs təkbaşına nəsə etməyə çalışırdı. Daha çox mədəni və bayram tədbirlərinin keçirilməsi üstünlük təşkil edirdi. 2002-ci ildən ölkədən xaricdə yaşayıram və bir çox layihələr, tədbirlər keçirmişəm. Məsələn, Cənubi Afrika Respublikasında (CAR) dövlətçilik məktəbində bir proqram tərkibində iştirak etmişəm və strateji dəyişikliklər proqramını hazırlamışıq. Həmin proqramda mən Azərbaycanda icmanın inkişafı ilə əlaqədar maketdən istifadə etmişəm. Saatlı və Sabirabadda 35 min nəfər məcburi köçkünlərlə işlədiyimə görə də inkişaf proqramı ilə əlaqədar təcrübəm var idi. Qızıl Xaç Cəmiyyəti bu təcrübə proqramını inkişaf proqramına çevirməyi məndən xahiş etdi və biz bunu yaratdıq. Nəticə isə çox gözəl alındı. Həmin dövrdə CAR-da da bir sıra problemlər var idi və universitetdən xahiş etdilər ki, kömək üçün işçi qrupu yaradılsın. Hazırladığımız təqdimat sayəsində məni də işçi qrupuna dəvət etdilər və mən həmin qrupda da Azərbaycan həqiqətləri barədə danışdım. Orada Azərbaycanın illərdir işğala məruz qaldığını heç kəs bilmirdi. Lakin çalışdım ki, görüşdüyüm hər kəsə Qarabağ həqiqətləri barədə danışım. Yəni bu, işlərimdən sadəcə biridir. Burada olduğu kimi, səyahət etdiyim hər yerdə Azərbaycan həqiqətlərini ictimaiyyətin diqqətinə çatdırmağa çalışmışam. Harada olmasından asılı olmayaraq haqq səsimizi çatdırmağa çalışan hər kəs diaspor fəaliyyəti ilə məşğuldur. Mən bunu bu cür qəbul edirəm. Qeyd etdiyim kimi, Vətən müharibəsindən öncə diaspor fəaliyyətimiz pərakəndə idi. Lakin Qarabağ müharibəsi zamanı bunun tam əksi oldu. Xaricdə yaşayan azərbaycanlılar bir-birilə əlaqə yaratmağa və birlikdə hərəkət etməyə çalışırdılar. Ermənilər məktəblərdə uşaqlarımızı təqib edirdilər. Azərbaycanlıların hər biri isə hər an onların təhdidlərinə məruz qalırdı. Həmin dövrdə yaşadıqlarımızla əlaqədar holland dilində məqalə yazdım, lakin heç bir yer yayımlamaq istəmədi. Mən də həmin məqaləni ingilis dilində Amerikada çap etdirdim. Yəni bütün maneələrə baxmayaraq, icma birləşdi və mütəşəkkil şəkildə möhtəşəm bir iş ortaya qoydu. Bəzən günlərlə işlərimizi kənara atıb sosial şəbəkələrdə fəaliyyətimizi davam etdirirdik. Mənim həyat yoldaşım hollanddır, lakin o da müharibə dövründə bütün işlərini kənara atıb mənimlə parlamentdə siyasilərlə görüşlərə gedir, sosial şəbəkələrdə dəstək verirdi. Robertin (həyat yoldaşı) iş yoldaşları müharibə bitdikdən sonra bizə ağ qızılgül dəstələri göndərdi ki, bu da Niderland adətlərində dərdinizə şərikəm deməkdir. Onlar sosial şəbəkələrdə də həmçinin bizə aktiv şəkildə dəstək oldular. Bunun üçün mən onlara çox minnətdaram.
- Niderlanddakı soydaşlarımızın fəaliyyəti nə ilə fərqlənirdi?
- Bizdə həqiqətən birlik yüksək səviyyədə idi. Bəzən elə olurdu ki, parlament üzvləri ermənilərin tərəfini saxlayırdı. Bu zaman mütəşəkkil şəkildə eyni anda hər kəs sosial şəbəkələrdə həmin parlamentariyə cavab yazırdı. Əlbəttə ki, ermənilər də cavab verirdilər. Lakin biz heç vaxt bu məsələdə onlardan geri qalmadıq, əksinə, onları üstələdik. Utrext şəhərində erməni həkim var, adı Qor Xaçinyandır. Bu şəxs əynində işlədiyi xəstəxananın forması ilə azərbaycanlıları açıq şəkildə təhqir etmişdi. Biz də buna görə xəstəxanaya yığdıq və şikayət etdik ki, bu, qanunlara ziddir. Çünki burada yaşayan azərbaycanlılar artıq bu xəstəxanaya gəlməyə çəkinəcəklər. Sözügedən erməni həkim də təcili tibbi yardımda işləyir. Bəlkə bizə bu kinlə bilərəkdən zərər verdi?! Dayanmadım, Səhiyyə Nazirliyinə də şikayət etdim və az qala onun sertifikasiyasını əlindən alırdılar. Axırda xəstəxananın baş həkimi mənə şəxsən zəng vurdu və bildirdi ki, biz Xaçinyanın bir də bu cür sözlər deməyəcəyindən sizi əmin edirik. Bu cür halları çox saymaq olar.
- Dünya Azərbaycanlılarının V Qurultayını necə dəyərləndirirsiniz?
- Mənim üçün bu, tarixi gün idi. Çünki bu qurultay məhz Şuşada keçirilirdi. Biz bunu həqiqətən dəyərləndirməliyik. Allah şəhidlərimizə rəhmət eləsin! Ən son 91-92-ci illərdə Şuşada olmuşam. Dağı qalxarkən keçirdiyim hissləri yenidən keçirmək, Daşaltı kəndinə baxmaq sanki əsrlərdir yatmış xatirələrimi yenidən oyatdı. Bunlar sözlə ifadə edilə bilən hisslər deyil. Cıdır düzünə çatanda atam yadıma düşdü. Çünki uşaq vaxtı biz bura gələndə atam hər dəfə məni “ay qız, daşdan ehtiyatlı ol, yıxılarsan” - deyə tənbeh edirdi. Sanki atamın səsini yenidən eşitdim. (Ağlayır...)
- Artıq üçüncü nəsil diaspor nümayəndələri yetişir. Diaspor işi bu cür şəxslərlə necə qurulmalıdır?
- Cənab Prezident də qeyd etdi ki, Azərbaycan dilinin təbliği və yayılması çox önəmli məsələdir. Fikrimcə, həqiqətən də dil amili çox önəmlidir. Yeni gələn nəsil diaspor məsələlərində yetişdirilməlidir. Biz son 30 ildə diaspor quruculuğumuzda strategiyalardan az istifadə etmişik. Bu da yəqin ki, təcrübəsizliyimizdən irəli gəlib. Bir də məsələlərə bir qədər fərqli yanaşmaq lazımdır. Məsələn, mənim italyan rəfiqələrim var. Onların övladları şənbə və bazar günləri italyan bağçasına gedirlər. İtaliya dövləti hər bir şəhərdə italyan bağçalarına dəstək verir. Yəni mütləq şəkildə dövlət dəstəyi olmalıdır.
- Sizcə, diasporun post-müharibə dövründəki fəaliyyəti necə olacaq?
- Maraqlı sualdır. Cənab Prezident də bununla bağlı Qurultayda danışıb. Diasporun fəaliyyət istiqaməti yeni reallıqlar fonunda daha fərqli olmalıdır. Məsələn, mən hollandlardan misal gətirə bilərəm. Onlar məsələnin məğzinin çox sadə izah olunmasını istəyən xalqdır. Yəni yaşadığımız ölkələrdəki xalqların xarakterik xüsusiyyətlərini düzgün dəyərləndirməli və buna uyğun addımlar atmalıyıq. Bir sözlə, hər bir mədəniyyətin nəbzini tutmaq lazımdır.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.
src="/storage/files/upload/9b405e53c7fc71bdd611f3f5da9bcaf7eb3f8000.jpg" style="width: 431px; height: 431px;" class="fr-fic fr-dib">
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”