Əgər bu, baş verərsə... - Sərdar Cəlaloğludan Rusiya ilə bağlı SENSASİON MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Əgər bu, baş verərsə... - Sərdar Cəlaloğludan Rusiya ilə bağlı SENSASİON MÜSAHİBƏ

Ukrayna builki “Avroviziya” mahnı müsabiqəsində birinci oldu. Bir çoxları düşünür ki, burada siyasi səbəblər var. Yəni Ukrayna-Rusiya savaşına görə birincilərin təmsilçisi qalib olub.

Bu istiqamətdə suallarımızı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluya ünvanladıq.

Sərdar Cəlaloğlunun Publika.az-a müsahibəni təqdim edirik:

- Sərdar bəy, Ukrayna builki “Avroviziya” mahnı müsabiqəsində birinci oldu. Sizcə, “Avroviziya”nın nəticələrinə siyasi amillər nə dərəcədə təsir göstərir?

- Mahatma Qandinin gözəl bir sözü var, o deyir ki, istənilən məsələni siyasiləşdirməyin, onsuz da istənilən məsələnin siyasi nəticələri var. “Avroviziya”nı siyasiləşdirməyə ehtiyac yoxdur, amma onun müəyyən nəticələrinin bir sıra siyasi konyukturaya məruz qaldığı şəksizdir. “Avroviziya”nın nəticələri təkcə Ukraynanın son yarışda qalib gəlməsinə aid deyil. Eləcə də bundan əvvəl qalib gələnlərə aiddir. Bu baxımdan Ukrayna hazırda Rusiya imperializminə və rus şər qüvvələrinə qarşı vuruşduğu üçün bütün dünya xalqları Ukraynanı dəstəkləyir.

- Bu, nə dərəcədə doğru yanaşmadır?

- Düşünürəm ki, bu, tamamilə düzgün yanaşmadır. Çünki “Avroviziya”da ölkələrin verdiyi səslər simpatiyaya əsaslanır, sənətin dəyərinə yox. Doğrudur, orada sənətkarlar da qiymət verirlər, amma ümumilikdə bütöv qiymət nəzərə alınır. Məsələn, Avroviziyatarixində ilk dəfə olaraq Ukrayna bu qədər – 450 civarında səs alıb. Halbuki ekspertlər bundan aşağı səs gözləyirdilər. Bu da onu göstərir ki, Ukrayna xalqı bu gün dünyanın ən çox simpatiya bəslədiyi xalqlardan biridir.

- Biz son 14 ildə “Avroviziya” mahnı müsabiqəsində bir dəfə birinci, bir dəfə də üçüncü olmuşuq. Orada təmsil olunmaq bizə nə verir?

- Azərbaycan klassik Avropa ölkəsi deyil. “Avroviziya”nın adından da göründüyü kimi, bu müsabiqə Avropanın baxışıdır. Ölkəmiz bu cür beynəlxalq tədbirlərdə iştirak etsə, dünya ailəsinin bir üzvü kimi daha çox yerini möhkəmləndirəcək. “Avroviziya”nı tərk etməyi çıxış yolu olaraq görmürəm.

- Sizcə, bu vaxta kimi bizi “Avroviziya”da təmsil edən hansı sənətçilərin baxışları və özləri milli idi?

- Olub. Məsələn, elə bizim birinclik qazandığımız yarışda Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da qaldırıldı. Başqa yarışlarda bizim iştirakçılarımız Türkiyənin bayrağını qaldıraraq, Türkiyənin şüarlarına yer verdi. Bütün bunlar onu göstərir ki, həmin iştirakçılarımız millidir.

- Facebook” və “İnstagram” Rusiyanın Avroviziyamüsabiqəsindəki musiqisinin bu sosial şəbəkələrdə səsləndirilməsinə, yayımlanmasına qadağa qoyub. Necə düşünürsünüz, bu cür qadağalar olmalıdır?

- Boykot özü bir siyasi mübarizə vasitəsidir. Hətta demokratik mübarizənin özü də siyasi boykotdur. Bu gün Rusiyanın dünyanı təhdid edən, eləcə də keçmiş SSRİ respublikalarının müstəqilliyinə təhlükə yaradan siyasətinə qarşı bu cür boykotları alqışlayıram. Sanksiyaların tətbiq edilməsi də alqışalayiqdir. Düşünürəm ki, gec-tez ruslar da özlərinin dünya-aləmdən təcrid olunduğunu görüb özlərinin neofaşist ideyalarından, imperiya maraqlarından imtina edəcəklər. Ruslar sanki belə bir fikirdədir ki, bu dünyada yaşamaq hüququ yalnız onlara məxsusdur. Düşünürlər ki, dünyanın heç bir xalqı öz dövlətini yarada, öz müstəqil siyasətini apara bilməz. Onlar bütün dünya ölkələrini Rusiyanın maraqlarına tabe etdirmək haqqında düşünürlər. Bu da tamamilə kollektiv şizofreniyanın əlamətidir. Bu baxımdan ruslar bütün dünyanı özlərinə qarşı qaldırıblar. Çünki özləri bütün dünyaya qarşı çıxış edirlər.

- Siz bir neçə il ard-arda “Nobel” mükafatına namizədliyinizi irəli sürürdünüz. Bu il də namizədliyinizi irəli sürmüsünüzmü? İndiyə qədər növbəti mərhələlərə keçə bilməməyinizin səbəbi nədir?

- Bilirsiniz, bu “Nobel” siz başa düşdüyünüz kimi bir o qədər də oyun-oyuncaq deyil. Mən indiyə qədər “Nobel”ə iki dəfə müraciət etmişəm. Onlardan biri “Kosmik dəyişmələr haqqında nəzəriyyə” idi. Onu göndərmişəm. Bu nəzəriyyənin əsasını Yerdə vulkanın, zəlzələnin niyə baş verməsi, Günəşin niyə partlaması, kainatda niyə hər şeyin kiçilməyə doğru getməsi təşkil edir. Bu nəzəriyyəm birinci dəfədən gizli səsverməyə gedib. Amma fizika ilə bağlı “Nobel” mükafatlarının verilməsində belə bir prinsip var ki, nəzəriyyələr praktikada təsdiq ediləndən sonra qiymət alırlar. Çox nadir hallarda birbaşa nəzəriyyələrə “Nobel” veriblər. Açığını deyim ki, bu da konyuktura ilə bağlıdır. Məsələn, “Nobel”in tarixində belə bir iş olub. Bir yəhudi bir nəzəriyyə verib, ona da Nobelmükafatı təqdim olunub. Növbəti il həmin nəzəriyyənin yanlış olduğunu iddia edən başqa bir nəzəriyyənin “Nobel”ə namizədliyi irəli sürülüb. Həmin nəzəriyyəyə də “Nobel” verilib. Beləliklə bir adam bir-birinə əks olan iki nəzəriyyənin müəllifi olduğuna görə iki il ard-arda “Nobel” alıb. Yəni “Nobel”də belə bir konyuktura var.

- Bəs ikinci nəzəriyyəniz nədən bəhs edir?

- İkinci nəzəriyyəm maddənin beşinci halı haqqındadır. Bu da hipotetik, yəni nəzəri bir məsələdir. Mənim Azərbaycanda onu praktikadan keçirmək üçün elə bir laboratoriyam yoxdur. Orada həm də mən kürəvari ildırımın əmələ gəlməsini izah etmişəm. Eləcə də bu vaxta qədər elmdə cavabı tapılmamış bir çox suallara cavab vermişəm. Hazırlaşıram ki, biologiyadan yeni bir nəzəriyyə göndərəm. Bu nəzəriyyəm həyatın əmələ gəlməsi haqqındadır. Çünki bu günə qədər biologiyada həyatın əmələ gəlməsi haqqında hamı tərəfindən qəbul edilmiş və ciddi elmi dayağı olan bir nəzəriyyə yoxdur. Mən tamamilə yeni bir nəzəriyyə irəli sürmüşəm. Açığını deyim ki, bu nəzəriyyənin hər hansı bir tənqidə məruz qalacağı bir tərəf yoxdur. Sadəcə olaraq başım bir qədər siyasətə qarışıb. İndi də müharibə ortaya düşüb. Hazırda kitab üzərində çalışıram. Həmin nəzəriyyə ilə bağlı rəylər də almışam. Sadəcə olaraq həmin nəzəriyyəni Nobel Komitəsinə göndərmək məsələsi qalır. Yəqin ki, əgər yayda vaxtım olarsa, biologiyadan olan bu nəzəriyyəni Nobel Komitəsinə göndərəcəyəm.

- Bəs ümid varmı?

- Bilirsiniz, bu da nəzəriyyədir. Bu nəzəriyyədə həyatın əmələ gəlməsi ilə bağlı elə nüansları tapdığımı əxz etmişəm ki, mənə mütləq şəkildə laboratoriya lazımdır. Orada ilkin olaraq amin turşularının sintezini təbiətdə sübut etməliyəm. Bilirsiniz, mən siyasətlə məşğulam. Elmi laboratoriyam yoxdur. Dövlət və ya hər hansı bir institut bunun praktikası ilə məşğul olmadığına görə burada yenə də nəzəriyyə olacaq. Əgər yəhudilərə ancaq nəzəriyyələrə görə “Nobel” verirlərsə, buna da vermək istəsələr, verə bilərlər. Əks halda gözləməliyik ki, mənim bu nəzəriyyəm əsasında dünyanın hansısa elmi laboratoriyasında praktiki olaraq işlər aparılsın. Sübut olunsa ki, həyatın əmələ gəlməsi belə baş verib, o zaman təbii ki, mən yüz faiz “Nobel” alacağam.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm