Xüsusi
“Karvan”ın rəhbəri SİRLƏRİ AÇDI: Hər şey oğurlandı, əlimizdə heç nə qalmadı...
2 gün əvvəl hər kəsin qəlbi “Karvan”la döyünürdü. Feysbuk gündəliyinin əsas mövzusu da 30 ildən sonra Heydər Əliyev Sarayının səhnəsində çıxış edən əfsanəvi “Karvan” qrupunun konserti barədə yazılan status, paylaşılan foto və videolar oldu. Əlbəttə ki, 30 ilin həsrəti bir günlə silinməz, amma dəqiqdir ki, bu musiqili gecə hələ uzun müddət yaddaşlardan silinməyəcək. Ona ümid edirik ki, bu, qrupun son konserti olmayacaq. Ən azından illərin yoxluğunu bir konsertlə bağışlamaq olmaz...
Bu əlamətdar gündə iştirak edə bilməsəm də, şadam ki, qrupun musiqi rəhbəri, tanınmış aranjimançı Firuz İsmayılovla söhbət etməyə və təəssüratlarını öyrənməyə nail oldum. Uzun müddətdir Türkiyədə yaşayan musiqiçi Ajda Pekkan və Sezen Aksu kimi sənətçilərlə çalışıb.
Qrupun orijinal səs yazıları 90-cı illərdə oğurlanmışdı
- Firuz bəy, gəlin, keçmişə qayıdaq. Qrupun yarandığı ilk günləri necə xatırlayırsınız?
- Qrupa sonradan qatılmışam, onda “Karvan” kifayət qədər tanınırdı. İlk üzvləri biz deyildik, televiziya və radiodan mahnılarını dinləyir və çox bəyənirdim. O zamanlar Polad Bülbüloğlunun “Aşıqlar” orkestrinin 15 illik pianoçusu idim. Sonra Siyavuş Kərimi vasitəsilə Mikayıl Vəkilovla tanış olduq və beləcə dostluğumuz başladı. Sevinc Kərimovayla daha əvvəl tanış idik, müzakirələrdən sonra bu dostluğumuz yaradıcı bir əməkdaşlığa çevrildi. Mikayıl çox gözəl bəstələr yazırdı, Sevinc xanımdan təklif gəldi ki, qrupa daxil ol, “Karvan”ı yenidən yaradaq.
Beynəlxalq səviyyəli qrup yaratmaq istəyirdiksə, mütləq ən müasir musiqi alətləri və aparatları almalı idik ki, ortaya keyfiyyətli işlər çıxara bilək. Təəssüf ki, bunlar o dövrdə sovetlər birliyi ölkələrində tapılmır, ya da çətinliklə tapılırdı. Mikayıl söz verdi ki, musiqi alətlərini tapıb gətirəcək. Düzünü desəm, əvvəlcə çox inanmadım, amma bir yolunu tapıb 3 sintezator, elektrik nağara aparatları, hətta bir neçə kompüter alıb gətirmişdi. Dərhal aranjimanları etməyə başladım, çox qısa müddətdə tamamlandı. Qrupun 30 ildir dinlənilən mahnılarının çoxu 1 həftədə ərsəyə gəldi. Mahnıları insanlar bu günə qədər sevir və dinləyir. Yeni versiyaları çıxdığı zaman yenə mənim etdiyim aranjimanların melodiyaları istifadə edilir. Yeni nəsil aranjimançılar onları olduğu kimi istifadə etməyə üstünlük verirlər və bu məni hədsiz sevindirir. Melodiyalarının yaşadığını görmək gözəl duyğudur.
Qrupun ilk musiqiçilərindən Gülağa Cəbrayılov bizimlə çalışmağa davam etdi. Mikayılla məsləhətləşəndən sonra Sərxan Sərxanın bas gitaristi Gennadi Yuqayı da qrupa dəvət etməyə qərar verdik. Təbii ki, peşman olmadıq, çox peşəkar bir musiqiçi idi. Gennadinin gözləri çox yaxşı görmürdü, gəncliyində çox ağır əməliyyat keçirmişdi. Notları görmürdü, bütün mahnıları əvvəlcə dinləyib əzbərləyər, sonra çalardı. Böyük bir istedaddır, onunla işləmək başqa bir zövq verirdi, onun üçün çox darıxıram, belə musiqiçilər çox azdır.
src="/storage/files/upload/f0ce1e68863a786eafd1d2153092d163088f0510.jpg" style="width: 592px; height: 444px;" class="fr-fic fr-dib">
Eyni zamanda Yevgeni Baxtin rusdilli olmasına baxmayaraq, mahnıları əzbərləyib çox yüksək səviyyədə ifa edirdi. Amerikada faciəvi şəkildə dünyasını dəyişən dostumuz Sevil Hacıyeva da çox dəyərli musiqiçi idi. O da bizimlə canla-başla çalışırdı, Allah ona rəhmət eləsin. Amerikaya köçdükdən sonra onun sözlərini mən ifa etməyə başladım. “Tufanla oynama”nı Yevgeni Baxtinlə birgə oxumuşduq. Xana Qalsanova əslində rəqqas idi, peşəkar ifaçı deyildi, amma bir mahnıda dəstəyimlə onun ifasına yer vermişdik. Vizual olaraq çox rəngli göründüyü üçün ifasını qəbul etmişdik, insanlar da sevirdi.
- Peşəkar musiqiçinin öz dünyası, fəlsəfə və qaydaları olur. Bu mənada qrupdakı musiqiçilər bir-biri ilə necə yola gedirdi? Ən çox kim mübahisə edirdi?
- Mənim, Mikayılın və Sevinc xanımın avtoriteti müzakirə olunmaz idi. Aramızda ən gənc İlqar idi, entuziazm dolu bir insan olduğu üçün emosional, həyəcanverici təkliflər irəli sürərdi. Bəzilərini qəbul edər, bəzilərini isə etməzdik. Bu zaman xırda mübahisələr çıxa bilərdi, amma böyük mübahisələrimiz heç vaxt olmayıb, çox gözəl keçinirdik, konsertlərdə deyib-gülüb əylənirdik. Xoşbəxt idik!
- Bəs dağılmasını zəruri edən səbəblər nə oldu?
- Müharibə başlamışdı, maddi vəziyyət ağır idi, konsertlər keçirilmirdi. Azərbaycanın bütün musiqiçiləri kimi axşamlar restoranlarda ifa edirdim ki, pul qazanım.
Mikayıl bəy və Sevinc xanım Türkiyəyə köçdükdən 5 il sonra onlardan yenidən başqa bir təklif gəldi. Türkiyəyə getdim, Mikayılın yeni bəstəsini aranjiman etdik, isveçrəli qaradərili qadın müğənni üçün birgə bir sinql hazırladıq. Həmçinin Türkiyənin aranjimançıları ilə və yerli ulduzlarla tanışmaq imkanımız olmuşdu. Əlbəttə ki, Türkiyədə qısa müddət ərzində iş tapmaq və musiqi bazarına girmək asan olmadı. Demək olar ki, bütün yerlər “dolu idi”. Özümə yeni bir yol açmalı və peşəkarlığımı hər kəsə sübut etməli idim ki, populyar musiqi bazarına qoşula bilim.
Çox şükür ki, bir müddət sonra məşhur müğənnilərlə işləməyə başladım. Təbii, Türkiyə musiqisi Azərbaycan musiqisinə bənzəmir. Bizim musiqimiz daha zəngindir, musiqinin quruluşu daha harmonikdir. Bəsit deyil! Bəziləri üçün çətin ola bilər, amma musiqiçilər bizim nəğmələri anlayır, sevir və sayğı duyurlar. Türkiyə musiqisi fərqlidir, ona ayaq uydurmaq lazım idi. Sezen Aksudan tutmuş Ajda Pekkana qədər bir çox məşhurun konsert proqramlarında çıxış etmişəm.
Bir sıra fərqli qruplarla da işləmişəm. Onlardan biri “Beatles Alaturka” layihəsi idi. “Beatles” qrupunun mahnılarını yeni versiyada və türk musiqi alətlərində ifa edirdik. Mahnıların aranjimanlarını Tina Törnerin dünya şöhrətli aranjimançısı Erdal Kızılçayla birgə işləmişdik. “Beatles”dan Pol Makkartni mahnıları çox bəyənmiş və 2002-ci ildə bizi Liverpulda keçirilən kraliça Elizabetin yubiley tədbirinə dəvət etmişdi.
- Əfsanəvi “Karvan” qrupu illər sonra yenidən böyük səhnədə konsert verdi.
- Qrupun orijinal səs yazıları 90-cı illərdə oğurlanmışdı, əlimizdə heç nə qalmamışdı. Köhnə kasetlərdən internetə köçürülən və səs keyfiyyəti çox aşağı olan yazılar var idi. Səs keyfiyyəti zəif olsa da, uzun illər insanlar bu mahnıları dinləməkdən yorulmadı. Mahnıların orijinal versiyaları üçün çox darıxmışdım. Pandemiyada boş vaxt tapıb özümü təkrarlamağa və 30 il əvvəlki aranjimanların eynisini etməyə çalışdım. Yeni musiqi alətləri və yeni aranjimanda deyil, retrospektiv kimi işlədim. Kompüterdən 89 və 90-cı illərdə istifadə olunmuş bütün alətlərin virtual versiyasını tapdım və bütün melodiyaları yenidən yaratdım. Onda konsert ideyası yox idi, bütün bunları özüm üçün hazırlamışdım. Gəncliyimlə üz-üzə gəlmək və o zaman gördüyüm işləri nəzərdən keçirmək istədim. Həsrət dolu səyahət idi...
Qısa müddət sonra Sevinc xanım zəng vurub belə bir konsert keçirmək istədiyini dedi. Yeri gəlmişkən, bu illər ərzində “Karvan” qrupu və konsertlə bağlı bir neçə dəfə təklif gəlmişdi. Amma hamısı sözdə deyilirdi, bir müddət sonra təklif edən insanlar yoxa çıxırdı. Təşkilatçılar peşəkar deyildi, reallaşdırmaq üçün maliyyə dəstəyi lazım idi. Sevinc Kərimovadan başqa kimsə bu layihəni həyata keçirə və altından qalxa bilməzdi. Sevinc xanımla anlaşdıq və işlər yavaş-yavaş irəliləməyə başladı. Bir neçə əlaqə quruldu, Qazaxıstandan işıq, kompüter qrafikası və s. gətirildi. Yeni ifaçılar tapıldı, Yevgeni Baxtin yaşla əlaqədar gələ bilmədi, uzun zamandır ki, səhnəyə çıxıb mahnı oxumur. Eldar Qasımov və Emiliya Yaqubova uğurlu seçim oldu.
src="/storage/files/upload/defba4cc1699aac8ca83027a0b34b156f908a37c.jpg" style="width: 597px; height: 597px;" class="fr-fic fr-dib">
Yəqin ki, indi kiminsə sandığındadır
- Səs lentlərini kim oğurlamışdı, hadisə necə baş vermişdi?
- Kimin oğurladığını bilmirik, o illərdə kasetlərimiz Lenin sarayında saxlanılırdı, qarışıq və ağır dövr idi. Mühafizə xidməti yaxşı işləmirdi. Bir gecənin içində kasetlər yox oldu, əlbəttə ki, axtarıb araşdırdıq, amma nəticə vermədi. Yəqin ki, indi kiminsə sandığındadır. Niyə oğurlandığı başqa bir sualdır, “Karvan”ın uğurlarını gözü götürməyənlər ola bilər.
- Qrupun yeni mahnı yazdırması gözlənilir?
- Mikayıldan asılıdır, mənim də ağlıma hansı ideya gəlsə, edə bilərəm. Konkret bir planımız olmasa da, yeniliklər ola bilər. Yaradıcılıq belədir, nə vaxt və hardan əsəcəyini bilmirsən. İlham gözlənilmədən gəlir və beləliklə yeni bir mahnı yaranır.
- Bildiyim qədər Azərbaycanda ilk klip “Karvan” qrupunun olub.
- Bəli, bu, ölkəmizdə bir ilk idi. Klipin rejissoru Sevinc xanım olub. Əlində çox məhdud cihaz və alətlər olmasına baxmayaraq, bunu bacarmışdı. “Karvan”ın bu qədər sevilməsinin səbəbi sadəcə kompozisiyalar deyil, bir payı da kliplərə bağlıdır. Xalqımız ordakı rəngarəngliyi çox bəyənmişdi.
- 30 il qəlblərdə yaşamaq böyük bir uğurdur.
- Bu uğurun ən böyük səbəbkarı təbii ki, Mikayıl Vəkilovun bəstələridir. Mahnıların ərsəyə gəlməsində mənim və digər üzvlərin də payı var. “Azərbaycan” və “Sarı güllər”in nəqarəti, həm də “Xatirə” və “Polismen” də mənə aiddir. Səmimi və duyğu dolu idik, gözəl melodiyalarımız var idi. Rəhmətlik Malik Fərruxun yazdığı sözlər dillər əzbəri idi.
Təhlükəsizlik xidmətindən gəlib yoxlama aparmışdılar ki, burda nə baş verir?
- Qrup Azərbaycan musiqi mədəniyyətinə hansı yeniliyi gətirdi?
- Azərbaycanda tamaşaçılar ilk dəfə “Karvan”ın konsertində yerlərindən qalxaraq mahnıları bizimlə birlikdə əzbərdən oxumağa başladılar. O vaxta qədər Azərbaycanda heç kim konsertdə ayağa durub mahnı oxumazdı. Dinləyib sonda sadəcə alqışlamaqla kifayətlənərdi. Hətta bir dəfə küçədə keçirilən konsertimizdə təhlükəsizlik xidmətindən gəlib yoxlama aparmışdılar ki, burda nə baş verir, insanlar bu qədər bayraqlarla küçələrdə niyə gəzir. Konserti izləyib gördülər ki, sadəcə sevgi dolu mahnı oxumaqla məşğuluq.
src="/storage/files/upload/445024c0b7042d229fe5a368a6b47396bfac99cc.jpg" style="width: 675px; height: 499.5px;" class="fr-fic fr-dib">
- Firuz bəy, musiqi karyerasına başlama hekayənizi də eşitmək istərdik.
- Musiqiyə marağım çox erkən yaşlarda başlayıb, bilirsiniz ki, o dövrdə Azərbaycanda demək olar ki, hər evdə piano var idi. Bu ənənəni başqa ölkələrdə görə bilmərsiniz, piano çox önəmli musiqi alətidir. İnsanlar əsasən gitara, saz və ya bağlama istifadə edir. Amma bunlar musiqiçinin üfüqlərini və yaradıcılıq imkanlarını genişlədən alətlər deyil, piano isə həm harmoniya, həm akkordlar, həm də melodiya baxımdan olduqca geniş imkanlara malikdir.
4 yaşımda evdə köhnə bir masanın üzərinə qələmlə piano dillərini çəkər və özümü ifa edirmiş kimi göstərərdim. Bunu görən rəhmətlik babam mənə Belarus markası piano almışdı. Beləliklə musiqiyə yazıldım, hamı kimi “Cücələrim”dən başladım. Daha sonra Asəf Zeynallı adına məktəbə yazıldım, sonra hərbi xidmətə yollandım, qayıtdıqdan sonra Polad Bülbüloğlunun orkestrində işə düzəldim. Boş zamanlarımızda Bayıl qəsəbəsindəki mədəniyyət evində “Abşeron” ansamblı ilə rok, ya da xalq mahnılarını müasir rimtlərdə ifa edirdik.
- Türkiyədə kimlə işləməkdən zövq alırsınız?
- Fatih Erkoç dünya səviyyəsində usta bir musiqiçidir, eyni zamanda multiinstrumentalistdir. Caz trombonistdir, eyni zamanda ud, gitara, kamança və piano ifa edə bilir. Ən önəmlisi, güclü səsə malikdir. Bir çox ölkələrin musiqi mədəniyyətinə hakimdir.
- Azərbaycan səhnəsindən kimlə çalışmaq istərdiniz?
- 2005-ci ildə Brilliant xanımın albomu üzərində birgə çalışmışıq. Albomun prodüseri və aranjimançısı mən idim, mahnıları da mən seçmişdim, həm türk, həm də Azərbaycan dilində çıxmışdı. Türkiyədə yaşadığım üçün bizim sənətçilərlə işləmək imkanım çox olmayıb, amma təkliflərə təbii ki, açığam. Onu da deyim ki, seçiciyəm. Gənc müğənnilərdən Azad Şabanovu sevirəm, çox təmiz və gözəl səsi var. Emiliya Yaqubova isə beynəlxalq standartlara cavab verir.
src="/storage/files/upload/69d5f3d57c616f6d324d8e3a91fec32c4f96f0bc.jpg" style="width: 767px; height: 255.667px;" class="fr-fic fr-dib">
- Sonluğu vətən həsrəti ilə bağlayaq. Darıxırsınız?
- Əlbəttə ki, çox darıxıram, indi videogörüntü ilə danışa bilirik, əvvəllər belə imkanlardan məhrum idik. Odur ki, o illərdə qürbət yaşayanlar üçün vəziyyət daha çətin idi. İstanbulda olsam da, qəlbim Azərbaycanla döyünür. İstanbulda yaşamaq öz seçimim deyil, məcburiyyətdir. Bütün musiqi bazarı: radio və TV kanalları, studiyalar orda cəmlənib. Mənə qalsa, Bakıda sakit bir yerə çəkilib yaradıcılıqla məşğul olmağı seçərdim. Hazırda iş tempi buna icazə vermir, bəlkə gələcəkdə təqaüdə çıxdıqdan sonra Bakıya qayıda bilərəm...
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı