Həyatımda ürəkdən sevdiyim bir insan olub, o da... - Vidadi Babanlı ilə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Həyatımda ürəkdən sevdiyim bir insan olub, o da... - Vidadi Babanlı ilə MÜSAHİBƏ

Həyatını ədəbiyyata həsr edən görkəmli qələm ustadı, əldən-ələ gəzən romanları ilə xalqın qəlbində taxt quran Vidadi Babanlı bu günədək "Gəlin", "Bulanıq dünya", "Müqəddəs ocaq", "Vicdan susanda" "Ömürlük əzab", "Həyat bizi sınayır", "İnsaf nənə", “Sabaha ismarıc” kimi əvəzsiz əsərləri ilə oxucularına bütöv bir xəzinə bəxş edib. 95 yaşlı qocaman yazıçımız bu gün də ölkəmizin ədəbi mühitində sözünün sehri, kəlmələrinin kəsəri ilə sevilir.

Publika.az">Publika.az Vidadi Babanlı ilə müsahibəni təqdim edir:

- Vidadi müəllim, bu günlərdə dövlət başçımızın sərəncamına əsasən, "Şərəf" ordeni ilə təltif olundunuz. Mədəniyyət naziri Anar Kərimov evinizdə qonaq oldu və ordeni sizə təqdim etdi. Düşünürəm ki, sənətinə verilən dəyər sənətkar üçün izaholunmaz hissdir.

- Bilirsiniz, Heydər Əliyev ziyalılara qarşı olduqca diqqətli idi. Hətta güman etmədiyimiz məqamlarda özü bizə yaxınlaşıb qayğılarımızla maraqlanırdı. Sevinirəm ki, Ümummili liderin əsasını qoyduğu bu ənənə yaşadılır. Dövlətimiz ziyalılarımıza, ədəbiyyat və incəsənət nümayəndələrinə qayğını, hörməti əsirgəmir. Mədəniyyət naziri Anar Kərimovun evimə qonaq gəlib, mənə "Şöhrət" ordenini özünün təqdim etməsi çox alicənab addım idi. Bu həm də sənətə, mədəniyyətə yüksək dəyərin göstəricisidir.

- Tarix boyu bir çox yaradıcı simalar doğulduqları ölkənin talelərinə təsirindən şikayətləniblər. Necə düşünürsünüz, dünyaya gəldiyiniz coğrafiya, cəmiyyət fərqli olsaydı, daha rahat ömür sürə bilərdiniz?

- Mən Azərbaycana çox bağlıyam. Yəqin buna görədir ki, əsərlərimdə milli ruh güclüdür. Düşünürəm ki, başqa ölkədə yaşasaydım, belə yaza bilməzdim. Ən əsası isə millətimə, xalqıma bağlı insanam. "Vicdan susanda" romanımdan tutmuş ən kiçik həcmli hekayələrimədək hər birində xalqımızın həyatının müəyyən dövrlərini əks etdirmişəm. İstər "Ömürlük əzab", yaxud "Müqəddəs ocaq", "Mənim gizlinlərim" olsun. Hər cümləmdə azərbaycançılıq mövqeyimi bütün dəyərlərdən üstün tutmağa çalışmışam.

src="/storage/files/upload/281558342_1062630404461509_844204942794614494_n.jpg?stp=dst-jpg_s2048x2048&_nc_cat=107&ccb=1-7&_nc_sid=ae9488&_nc_ohc=Os6dJA8YI1EAX9Gt6oR&_nc_ht=scontent.fgyd4-2.fna&oh=03_AVIuC-CLBrEkA2F_RFmmGgA7WHiZ_KEX59UXgArNVSE-LA&oe=62B47313" alt="Aucune description disponible." class="fr-fic fr-dii">

- "Vicdan susanda" romanınız uzun müddət əksər evlərdə masaüstü kitaba çevrilmişdi.

- Mən digər yazıçıların yeni əsərlərini oxumağa həmişə vaxt tapırdım. Mir Cəlalın, Süleyman Rəhimovun, Mehdi Hüseynin, ümumiyyətlə ədəbiyyatımızın digər üzvlərinin yaradıcılığını diqqətdə saxlamışam. Hər dövrün öz yazıçısı var. Həmin dövrün ideologiyası sovet hakimiyyətinə tərif yağdırmaq idi. Dərin duyğulara söykənməyən yaradıcılıq heç vaxt çox yaşaya bilməz. Bəlkə buna görə də bir sıra yazıçıların əsərlərinin ömrü çox qısa oldu. O ki, qaldı "Vicdan susanda" romanıma, bu əsərimin yaşı 50-dən çox olsa da, bu gün də eyni sevgi ilə oxunur. Moskvada 2 il ard-arda 100 min tirajla çap olunmuşdu. O vaxtlar heç rus yazıçıların əsərlərinə bu qədər maraq yox idi.

- Amma son illər bu yöndə durğunluq yaşanır. Kitabı əldən-ələ gəzən yazıçılarımızın sayı kəskin şəkildə azalır. Səbəbini nədə görürsünüz? Xüsusən də çoxları şikayətlənir ki, tarixi zəfərimizi tərənnüm edən keyfiyyətli əsərlər yazılmadı.

- Həyat təcrübəsi, ondan da önəmli, fitri istedad olmalıdır. Bunların boşluğu yaradıcılığa mənfi təsir edir. Həvəslə gəlib əliboş qayıdırlar. Mənimlə birgə yazmağa yeni başlayan imzalar az deyildi. Çox keçmədi ki, sayları azalmağa başladı, yarı yolda qaldılar. Səməd Vurğunun dövründə onlarla şair vardı. İndi kimin adı yad olunur? Səməd Vurğunun! Çünki o, istedadın özü idi. Hər misrası Allah vergisi idi. Tarix boyu, ta keçmişdən bu belə olub.

- Madam ki, tarixi zəfərimizdən danışdıq, Qarabağın işğaldan azad olunması xəbərini necə qarşıladınız?

- Xalqımızın ürəyində böyük dərd idi. Gözəl rayonlarımızı işğaldan azad etdik. Həm torpağı münbit, həm də mədəniyyəti zəngin ərazilərimiz əsl sahiblərinə geri qayıtdı. Çox sevindim. Hətta Prezidentimizə məktub yolladım ki, "Ağsaqqal yazıçı kimi alnınızdan öpürəm. Bizə böyük sevinc nəsib etdiniz!" Bu, həqiqətən çox böyük hadisədir. Bərəkətli torpaqlarımız yenə canlanacaq. Xalqımızın güzəranı daha da yaxşılaşacaq.

- Hər bir yazıçının, ümumiyyətlə yaradıcı insanın həyatında fədakar qadın obrazı mütləq olur. Bəlkə bu haqda danışaq?

- Mənim həyatımda ürəkdən sevdiyim cəmi bir insan olub. O da məktəbdə sinif yoldaşım idi. O qızdan sonra ürəkdən heç kimə vurulmamışam. Bəli, münasibətlərim olub, amma əsl sevgi tək və ilk olur. Səməd Vurğunun ilk məhəbbəti Dürrə xanıma olan sevgisi kimi... Mən özüm də bu məhəbbəti qələmə almışam.

- Bəs yazıçının həyat yoldaşı ilk məhəbbətinin kölgəsində qalmır?Ümumiyyətlə, taleyində hansı funksiyanı daşıyır?

- Yazıçı xanımı olmaq çətindir. Gərək onun nazı ilə oynayasan, hisslərini duyasan. Xanımım həmişə mənə dəstək olub. Əlyazmalarımı makinada çap edirdi. O vaxtlar kompüter yox idi. Bəzən hətta dəfələrlə cümləni, ifadələri dəyişirdim. Hər dəfə yorulmadan yeni vərəq götürüb makinanın arxasına keçirdi.

- Tolstoyun xanımı kimi...

- Əlbəttə. Ədəbiyyat naminə belə fədakarlıq edən qadınlar çox olub və var.

src="/storage/files/upload/280879165_417270780292627_8330093662421102845_n.jpg?stp=dst-jpg_s2048x2048&_nc_cat=108&ccb=1-7&_nc_sid=ae9488&_nc_ohc=dNQ2YWleDBwAX_mrx85&_nc_ht=scontent.fgyd4-2.fna&oh=03_AVLoyy8kI6V0ie3OniwatOhWz1fkmuYuvwLr0ruPVoQ0rQ&oe=62B5C3BE" alt="Aucune description disponible." class="fr-fic fr-dii">

- Əcnəbi yazıçıların əsərlərini oxuyurdunuz? Xüsusən də sovet dövründə xarici yazıçıların əsərləri başqa dünyanın təsviri demək idi.

- Əlbəttə, oxuyurdum. Əsasən fransız ədəbiyyatı ilə maraqlanırdım. Balzak, Hüqo, Mopassanın bütün əsərlərini oxuyurdum. Fərq etmir, fransız, alman, ingilis, amerikalı yazıçıların yaradıcılığına həmişə bələd olmaq istəmişəm. İndiki gənclərdə də məni bu cəhət narahat edir. Mütaliəyə meylli böyümürlər. Birinin təsvir etdiyi hadisələrin, başqasının qurduğu süjet xəttininin gedişatından nələrsə öyrənmək istəmirlər. Mən Tolstoy, Dostoyevski kimi yazıçıların əsərlərindən bəhrələnərək öz dəsti-xəttimi tapmışam. Ona görə mütaliədən qorxmaq lazım deyil.

- İstedadınızdan qorxub, yolunuzu kəsənlər çox olub?

- İrəli getmək üçün heç kimin önündə əyilməmişəm. Qürurum buna heç vaxt imkan verməyib. Bəlkə buna görədir ki, mənə qarşı haqsızlıq çox olub. Bəzilərindən bu gün də incikliyim var. Amma heç nəyə baxmayaraq, sənətimlə məşğul olmuşam. 93 yaşımda "Sabaha ismarıc" kitabımı tamamlamışam. Səhhətim əl verməsə də, diktə etmişəm, ailə üzvlərim yazıya köçürüb. Mən ömrüm boyu sənətlə, sözlə qidalanmışam. Qalmaqaldan, davadan, yaltaq, ikiüzlü adamlardan uzaq durmağa çalışmışam.

- Hər yazıçının yaradıcılığı üçün özünəməxsus münbit şəraiti olur. Hətta bəzən deyirlər ki, xoşbəxt yazıçının, şairin əsəri oxucunun ürəyinə toxuna bilməz.

- Bəzən ideya qəfildən gələ bilər. Xatırlayıram, qeydlər edirdim ki, unutmayım. Adətən gecələr işləyirdim. Bəzən o səssizlikdə sübhə qədər yazırdım. Həmin saatlarda özünlə təkbətək qalırsan. Fikrini yayındıran da olmur. Yazıçının həyat müşahidəsi güclü, gözü iti olmalıdır. İnsanları tanımağı bacarmalıdır. Pisi yaxşıdan ayırd etməlidir. Rastlaşdığın insanların hərəsindən bir cəhəti götürüb ya müsbət, ya da mənfi obraz yarada bilməlisən. Həyat biliyi güclü olmalıdır. Mən "Vicdan susanda" romanını yazanda bir il kimyaçılarla birgə çalışmışdım. Yaxud "Həyat bizi sınayır"ı ərsəyə gətirmək üçün Sumqayıtdakı fəhlə yataqxanalarının birində tərbiyəçi müəllim işləməyə başladım. Əmin olduğum bir şey var ki, həyatı dərindən mənimsəməsən, əsərlərin oxucunun ürəyinə yol tapa bilməyəcək.

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm