"Krılovu dilimizə ilk tərcümə edən babam Növrəs olub" - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

"Krılovu dilimizə ilk tərcümə edən babam Növrəs olub" - MÜSAHİBƏ

XIX əsrin tanınmış mütəfəkkiri, istedadlı şairi, şeiriyyatı M.Füzuli ilə müqayisə olunan, mədəniyyt beşiyimiz Şuşanın yetirməsi Mirzə Ələsgər Növrəs haqqında onun kötücəsi, tanınmış tarzən Arslan Növrəsli danışır.

- Arslan bəy, sizin ailənizi, istedadlı Növrəsli qardaşlarını tanımayan yoxdur. Lakin dövrünün tanınmış şair və mütəfəkkiri olan Mirzə Ələsgər Növrəsin soyundan olduğunuzu az adam bilir. Gəlin, həmin tarixə qayıdaq.

- Əlbəttə. Ümumiyyətlə, XIX əsrin əvvəllərində Qarabağda səngimək bilməyən qarşıdurmaların, müharibələrin sayı artırdı. Vəziyyət pisləşdikcə Qarabağ elatı Arazın o tayındakı xanlıqlarda yaşayan qohumlarının yanına üz tuturdu. 1822-ci ildə Qarabağ xanı Mehdiqulu xan ailəsilə birgə İrana köçəndən sonra bu axın daha da sürətlənir. Qafqaz canişini vəziyyəti İmperator I Aleksandra çatdırır. O da əmr edir ki, köç edən elatın qarşısı nəyin bahasına olursa-olsun alınmalıdır. Hətta bir gün Qarabağın nüfuzlu ağsaqqalları köçən ailələrin qarşısını Arazın sahilində kəsib dilə tuturlar. Onların arasında ən dilli-dilavəri əslən Şuşalı olan, Ağdamın Zərgərtəpə sakini Abdin baba olur. İnsanlara üz tutur ki, Vətəninizi qoyub getməyin. 100 yaşlı Abidin babanın müraciətindən sonra köç edənlər el-obalarına dönürlər. İmperator bundan xəbər tutanda, Abdin babaya Ağdamda 12 para kənd hədiyyə edir, onu Bəy tituluna layiq görür. Abidin babamız bu fəxri fərmanı almadan dünyadan köçür. Lakin illər sonra III Pyort bu fəxri fərmanı Mirzə Ələsgər babama Tiflisdə təqdim edir.

- Demək Abidin şair Növrəsin babasıdır.

- Bəli, Abidin bəyin kiçik oğlu Əhməd bəy Şuşada yaşamışdır. Ulu babam Ələsgər də 1836-cı ildə dövrünün say-seçmə zadəganlarından olan Əhməd bəyin ailəsində, Şuşanın Mamayın məhəlləsində doğulub. Ümumiyyətlə, mənbələrdə onun uşaqlıqdan cəld və hazırcavab olduğu bildirilir. İlkin təhsilini mollaxanada almışdı. Quranı əzbər oxumağı hələ gənc yaşlarında öyrənmişdi. Ərəb və fars dillərini mükəmməl öyrənəndən sonra atası Əhməd bəy onu Xankəndidə fəaliyyət göstərən hərbi məktəbə qoyur. Həmin məktəbə yalnız bəyzadə uşaqlarını qəbul edərmişlər. 3 il orada təhsil alandan sonra “yunker” rütbəsini alır. Şuşa məmuriyyətində işlər müdiri-hüquqşünas kimi iş fəaliyyətinə başlayır. Həmin dövrdə o vəzifədə çalışmaq üçün Azərbaycan, rus, ərəb və fars dillərini mükəmməl bilmək tələb olunurdu. Məhz tutduğu vəzifəyə görə gənc Ələsgərin adının önünə Mirzə əlavə olunur. Elə həmin illərdə Şuşanın digər məşhur uləmasının soyundan olan Zəhrabəyimlə ailə qurur. İki qız, iki oğul övladları dünyaya gəlir.

Хуршидбану Натаван — последняя принцесса Карабаха

- İllər sonra qızlarının biri Xurşidbanu Natəvanın oğu ilə ailə qurur.

- Bəli, doğrudur. Natəvanın kiçik oğlu Mirhəsən Mirzə Ələsgərin qızı Fatiməbəyim ilə evlənmişdi. Əslində bu izdivacın da maraqlı tarixi var. Qarabağın iki köklü nəsli birləşmiş oldular. Natəvanın Növrəsə dərin hörməti olduğundan adət -ənənəyə uyğun olaraq gəlib Mirzədən qızını istəyir. Mənbələrdə deyilir ki, təmtəraqlı toy məclisi baş tutur. Xan qızı ilə Növrəs quda olurlar.

- Demək, Xan qızının Növrəsə xüsusi münasibəti, rəğbəti olub.

- Ümumiyyətlə Şuşa tarixən xalqımızın mədəniyyət mərkəzi, sənətin, musiqinin beşiyi sayılıb. Hələ 19-cu əsrdə Şuşada 100-ə yaxın incəsənət nümayəndəsi yaşayıb. Ulu babam Növrəs də onlardan biri olub. Növrəs “Məclisi-üns”, “Məclisi-fəramuşan” ədəbi məclislərinin yaradıcılarından biri, fəal iştirakçısı olub. Onu da deyim ki, o, bu məclislərin ən gənc üzvü idi. Odur ki, Mir Mövsüm Nəvvabın təklifi ilə Mirzə Ələsgərə “növrəs” yəni “yeniyetmə” təxəllüsü verilir. Ondan sonra da əsərlərini “Növrəs” təxəllüsü ilə yazmağa başlayır. Elə bu təxəllüs də bizim ailənin soyadına çevrilib. Qürurla tarixi kökü olan Növrəsli soyadımızı daşıyırıq.

- Arslan bəy, bildiyim qədər tarda ifa etmək bacarığınız da ulu babanızın mirasıdır.

- Doğrudur. Mirzə Ələsgər tarda və sazda çox gözəl, həzin musiqilər ifa edərmiş. Bu, onun bir növ hobbisi sayılırdı. Bundan başqa çox gözəl şahmat oynadığını bilirəm. Bir maraqlı fakt da deyim ki, Krılovu dilimizə ilk tərcümə edən babam Növrəs olub. Nə qədər dil bilsə də, dövrünün qabaqcıl ziyalılarından olsa da, xalqının tarixini, qədim adət-ənənələrini unutmurdu. Daim əsərlərində milli-mənəvi dəyərlərimizi təbliğ edirdi ki, yetişən nəsil əcdadlarını unutmasın.

Cıdır düzündə quraşdırılmış əsas səhnədə Əməkdar artist Qoçaq Əgərov və tarzən Arslan Növrəsli çıxış ediblər. - Sputnik Azərbaycan

- Xarıbülbül Beynəlxalq Folklor Festivalında iştirakınız yəqin ki, sizin üçün ikiqat dəyərli idi. Ata yurdunuzda olmaq, babanızın ruhunu şad etmək böyük şərəfdir.

- Əlbəttə, daim arzusunda idim ki, ulu babalarımın doğulub böyüdüyü, yaşayıb-yaratdığı müqəddəs Şuşaya ayaq basım. Bu zəngin dünyanın havasını duyum, tarixə şahidlik etmiş baba yurdumu ziyarət edim. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival çərçivəsində Cıdır düzündə dostlarla birgə möhtəşəm konsertimiz oldu. Mirzə Ələsgər Növrəsin tarixi Mirzə Həsən qəbiristanlığındakı məzarını ziyarət edib, atama görüntülü zəng etdim. Bu, bizim ailə üçün böyük tarixi an oldu. Babamın məzarı Qasım Bəy Zakirin məzarı ilə yanaşıdır. Bura digər tanınmış ədiblərin də son mənzilidir. Sadəcə, vandalizmə məruz qaldığından araşdırılması gərəkdir. Bizə yaşadılan bu xoşbəxt anlara görə cənab Prezidentimizə, qazilərimizə minnətdarıq, şəhid qardaşlarımızın ruhuna daim duaçıyıq.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm