Oksanadan səmimi ETİRAF: “Pulsuz qalmışdım, evdən çıxmırdım, indi isə... ” - FOTO
Bizi izləyin

Xüsusi

Oksanadan səmimi ETİRAF: “Pulsuz qalmışdım, evdən çıxmırdım, indi isə... ” - FOTO

Hind rəqslərinin mahir ifaçısı kimi məşhurlaşan Oksana Rəsulova əvvəlcə kino və serial sektorunda özünü sınadı, sonra isə özünü aparıcı kimi tamaşaçıları sevdirdi. M Teatrında işə başlayan ulduzun görünür hələ üzə çıxarmadığı çox “cəvahiratı” var.

Aylarla gecə-gündüz demədən “İnstinkt” tamaşası üzərində çalışan Oksana Rəsulova bu barədə Publika.az-ın suallarını cavablandırıb.

Oksana Rəsulova ilə müsahibəni təqdim edirik:

- Səhv etmiriksə, bu yaxınlarda M Teatrında Ziya Ağa ilə yeni tamaşanızın qapalı nümayişi oldu. Sosial mediada paylaşımlarınızdan görürdük ki, bu tamaşaya çox ciddi hazırlaşırdınız. Nümayiş necə keçdi?

- Bəli, bu yaxınlarda qapalı baxış oldu. Üç ay “İnstikt” tamaşası üzərində məşqlər aparılıb. Xalq artisti və M Teatrının rəhbəri Vidadi Həsənov tamaşaya quruluş verib. Ustadım Vidadi müəllim sayəsində tamaşanı ərsəyə gətirdik, qısa müddətdə mənimçün doğma bir insana çevrildi. Vidadi müəllim bu əsəri Frans Kafkanın və Pərviz Seyidlinin “Maraqlı fiqur və Siçan qadın” hekayələri əsasında səhnələşdirib. Sonradan pyesin adını “İnstinkt” qoymağa qərar verdik. Həm qadınların, həm də kişilərin bəyənəcəyi fəlsəfi və psixoloji tamaşadır, həqiqətən gözəl alınıb. Düşünürəm ki, hər kəsin ruhuna toxunacaq.

İzləyicilərin münasibəti çox isti oldu, gözlədiyimdən də yaxşı qarşılandı. Gözəl rəylər eşitdik, həqiqətən çox sevindim. Bu, həyatımda oynadığım ilk tamaşa idi, mənə inandığı üçün Vidadi müəllimə təşəkkür edirəm, onun inamını yerə salmayacam. Ziya Ağa, Etibar İbadullayev, Günay Əhməd və başqaları çox dəstək oldular, mənimlə teatr arasında platforma yaratdılar. Bəlkə də inanmayacaqsınız, teatrda özümü tapdım. Ümumiyyətlə teatrı həmişə çox sevmişəm, valideynlərim kiçik yaşlarımdan məndə ona qarşı məhəbbət aşılayıblar. Əslində Hindistanda 2014-cü ildə Rac Kapur Film Studiyasında 6 ay ərzində mono, ya da ikinəfərlik tamaşalar qururduq. Amma bu, tamamilə fərqli sənət təcrübəsi idi. Üzərimdə böyük məsuliyyət var idi, Ziya sağ olsun, onun mükəmməl oyunu adama ruh verirdi.

- Ssenari sizi nə ilə cəlb etdi?

- Qadın taleyi ilə bağlı heç bir ssenariyə laqeyd qala bilmərəm. Onu xoşbəxtliyə və ya bədbəxtliyə aparan yol, fədakar olmağa sövq edən səbəblər həmişə məni düşündürüb. Vidadi bəy bu mövzuda elə bir mükəmməl əsər səhnələşdirib ki, oynamaya bilməzdim.

- Teatra gəlməklə həyatınızda nəyi dəyişdirmək istəyirsiniz və ya nəyin dəyişəcəyini gözləyirsiniz?

- Teatr çoxdankı arzum idi. Əfsuslar olsun ki, yaradıcılığa teatrdan başlamamışam. İncəsənətə münasibətim dəyişdi, artıq kino, seriallar bir qədər ikinci plana keçdi. Teatrın sehrli bir aləm olduğunu bilirdim, amma dadmamışdım. Onu dadmağın xoşbəxtliyini yaşadım, sanki o yer mənə aid idi, sakitcə gəlişimi gözləyirdi... Məni bura cəlb edən digər əsas səbəb Vidadi müəllimin insanlarla, aktyorlarla ünsiyyəti, onlardakı istedadı tapıb üzə çıxarmaq bacarığıdır. Vidadi müəllim şəraitdən asılı olmayaraq, insanın içindəki istedadı görə bilir və çalışır ki, onun üzərində işləyib cilalasın. Özümü şanslı insan hesab edirəm ki, Vidadi müəllim kimi ustadla yolumuz kəsişib. Onunla ilk dəfə 2017-ci ildə bir serialda çəkilmişik. Mən onun qızı rolunda idim. Amma “M Teatr”da onu daha yaxından tanıdım. Nə yaxşı ki, müstəqil teatrdayam, “Mənim Teatrım”dayam. Bununla qürur duyuram. Vidadi müəllim mənə inandı və çağırdı. “İnstinkt” tamaşası və ordakı rolumla bir-birimizi tamamladıq. Gəlin sualı öz tamaşamdan kiçik bir monoloq ilə bitirim: “Bu sehrli və sirli bir aləmdir, bəlkə də gözəgörünməz ruhun duyğular və hisslər vasitəsiylə ifadəsidir”.

- Sizcə, bu tamaşadakı rolunuz sizin üçün digər teatr səhnələrinə yol açacaqmı?

- Cavab verə bilmərəm, ola da, olmaya da bilər. Əslində bu barədə düşünmürəm, əsas odur ki, səhnəyə gedən yolum M Teatrından başladı.

- Filmlərdə yeni çəkilməyə başladığınız ərəfədə bir çoxu istedadınıza şübhə ilə yanaşırdı. İndi vəziyyət necədir?

- Əsas odur ki, incəsənətdə ağır çəkisi olan insanlar xoş qarşıladı. Xüsusilə mərhum Xalq artisti Fuad Poladovun, həmçinin Xalq artistləri Firəngiz Mütəllimova ilə Həmidə Ömərovanın adını qeyd etməsəm olmaz. Həm dəstək oldular, həm inandılar, həm də motivasiya etdilər, odur ki, başqalarının fikri mənə maraqlı olmadı.

- Uzun müddətdir rəqsdən uzaqlaşmısınız. Səbəblərindən biri ayaq oynaqlarında yaranan problem idi. Hazırda durumunuz necədir?

- Rəqsdən tamamilə uzaqlaşdığımı deməzdim, teatrda məşqlər davam edir. Yeri gəlmişkən, yeni tamaşamızda da bir neçə rəqs var, çox gözəl sürprizlərlə qarşılaşacaqsınız.

- Oğlunuza verə biləcəyiniz ən dəyərli miras nədir?

- Gözəl tərbiyə və Allah sevgisi.

- Aktyorların çox gözəl manipulyator olduğu doğrudurmu?

- Təbii ki, tamaşaçı səhnədəki aktyorun yaşadıqlarını hiss edir, xüsusilə müstəqil teatrlar tamaşaçı ilə sıx ünsiyyət qurmağa imkan verir. Manipulyasiya deməzdim, lakin tamaşaçıya gözəl duyğular yaşatmaq və mesajlar ötürmək aktyorun peşəkarlığından xəbər verir. Aktyor səhnədə inandırıcı oynamalıdır ki, insanlar ondan təsirlənsinlər, duyğulansınlar və ya hardasa özlərini görə bilsinlər, yaxud da dünyaya başqa baxış bucağından baxa bilsinlər.

- Bəlkə də ən qapalı aktrisalardan birisiniz. Sosial mediada başqalarından fərqli olaraq şəxsi həyatınızı gizli saxlamağı necə bacarırsınız?

- Nə qədər ictimai fiqur olsam da, şəxsi həyat mənə aiddir, cəmiyyətə ancaq yaradıcılığımla faydalı olmağa çalışıram. Odur ki, öz adımla ön planda olmaq istəyirəm.

- Gözəllik rutininizdə mütləq olmalıdır?

- Gözəl sima yetərli deyil, həm də gözəl ürək və ruh sahibi olmalısan. İnsanın ən böyük dəyəri gördüyü yaxşı əməlləridir. Ruhun çirkindirsə, siman heç bir işə yaramayacaq. Baxım sirlərinə gəldikdə, sağlam qidalanmaqdan başqa xüsusi nəsə etmirəm.

- Fikirlərimizi təmizləməyin ən yaxşı yolu nədir?

- Özüm-özümlə danışıram, Allahıma sığınıram, ona inanır və təveqqə edirəm. Bəzən elə səhv addımlar atırıq ki, nə edəcəyimizi bilmirik, dostların məsləhətlərinə önəm verən insanam. Əvvəllər bütün qərarları təkbaşına verirdim, indi atamın da, anamın da sözünə qulaq asıram. Artıq özümə başqasının gözündən baxa bilirəm və bir yerdə daha yaxşı nəticəyə gələ bilirik.

- Bəs istirahət üçün ən yaxşı yer haradır?

- Əlbəttə ki, Azərbaycan! Ölkəmizdə dincəlmək üçün çox gözəl yerlər var, turizm sahəsi günü-gündən inkişaf edir. Amma hər yer o qədər bahalıdır ki, Azərbaycanda yetərincə istirahət edə bilmirik. Son vaxtlar istirahət edə bildiyim ən gözəl yer teatrdır. Teatrda həm işləyirəm, həm də istirahət edirəm, ruhum dincəlir. Xarici nəzərdə tutursunuzsa, Bodrumun həm havasını, həm də mənzərəsini çox sevirəm.

- Bu yaxınlarda ən çox bəyəndiyiniz film hansı olub?

- Yerli filmlər arasında “Zəhər Tuluğu”nu, həmçinin Türkiyə istehsalı olan “Bergen” filmində aktyor işini çox bəyəndim, amma operator və rejissor işi haqqında eyni sözü deyə bilməyəcəm.

- Pis əhval-ruhiyyənin öhdəsindən necə gəlirsiniz? Başınızı dik tutub özünüzü irəli getməyə məcbur edirsiniz, ya bir kənara çəkilib depressiyaya düşürsünüz?

- Osmandan sonra ümumiyyətlə depressiya haqqında fikirləşməmişəm. Buna nə vaxtım, nə də haqqım yoxdur. Heç kimə depressiyaya düşməyi arzulamıram. Ana olmazdan əvvəl tək yaşayanda təbii ki, çətinliklər olurdu, o stressi də işimlə doldururdum. İşim bütün gərginliklərin xilas yolu idi. Elə günlər olub ki, 15 gün evdən çıxmamışam, həm pulsuz qalmışam, həm də şəxsi həyatımda problemlər olub. Çox şükür ki, gözəl ailəm və dostlarım yanımdadır, maraqlanır və dəstək olublar.

- Sizin üçün daha vacib olan nədir: qonorar, ekran işinin kommersiya uğuru və ya tənqidçilərin müsbət rəyi?

- Üçündən birini seçməli olsam, ekran işinin kommersiya uğuru deyərdim. Lakin istər kinoda, istərsə də serialda mənim üçün mühüm olan ssenaridir. Heç vaxt qonorarı birinci soruşmamışam, deyirəm ki, ssenarini göndərin. Əgər orda özümü görə bilsəm, ondan sonra digər məsələlər müzakirəyə açıq olur.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm