İsmayıl Saryalın nəvəsi: "Atatürkün görüşdüyü hər kəsin adı EFİRDƏN DEYİLİRDİ" - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

İsmayıl Saryalın nəvəsi: "Atatürkün görüşdüyü hər kəsin adı EFİRDƏN DEYİLİRDİ" - MÜSAHİBƏ

Babamla nənəm danışardı ki, Atatürkün baxışları nəinki qarşısındakının gözlərini, divarı da dəlib keçirdi.

Bu sözləri Publika.az-a özəl müsahibəsində İsmayıl Saryalın nəvəsi Nilgün Saryal bildirib.

- Nilgün Saryal kimdir?

- Ankarada dünyaya gəlmişəm. Bir qızım var. İxtisasca mexanika mühəndisiyəm. Ata tərəfim azərbaycanlıdır. Babam İsmayıl Saryal əslən gəncəli olub. Avropaya təhsil almağa göndərilən 100 cümhuriyyət tələbəsindən biri seçilib. Almaniyada oxuyub. Orada nənəmlə tanış olub, evlənib Azərbaycana gəliblər. 1929-cu ilədək burada yaşayırlar. Elə həmin dövrdə Stalin repressiyası başlayır. Babam ali təhsil ocağında çalışırdı. Hər zaman tələbələrinə deyərmiş ki, bizi assimilyasiyaya uğratmaq istəyirlər. Heç olmasa evdə, öz aranızda ana dilimizdə danışın. Həmin dövr üçün heç də təəccüblü olmayan məqam tələbələrdən biri casus çıxır. Babam barədə gizli məlumatlar ötürür. Beləcə, babam ailəsilə İrana qaçmaq məcburiyyətində qalır. O vaxt atam körpə imiş. İrandan isə Türkiyəyə gəlirlər. Şəfiqə Qaspıralı bizim ikitərfli qohumumuzdur. Onun evinə pənah gətirirlər.

- Babanızın ailəsinə Atatürk də dəstək verib, düzdürmü?

- Bəli. Çox şükür ki, burada onları gözəl həyat qarşılayır. Həmin dövrdə Türkiyədə savaşdan çıxmış intellektual gənclərin sayı az idi. Odur ki, Mustafa Kamal Azərbaycandan gedən gənc ziyalıların güzəranı, işi ilə özü şəxsən maraqlanırdı. İsmayıl babam Türkiyədə sakit, qorxusuz ömür sürdü. Amma vətəni Azərbaycanın həsrəti ilə gözlərini əbədi yumdu.

- Bu sözləri deyərkən səsiniz titrədi...

- Çünki ürəyimizdə çox böyük nisgil var idi. Babam hər axşam bizi başına yığıb Vətənindən bəhs edərdi. Azərbaycanda baş verən hər bir yenilikdən xəbərdar idilər. Biz Azərbaycanı qəlbimizdə, evimizdə yaşadırdıq. Anam Anadolu türkü idi. O da atamın, babamın söhbətlərini maraqla, ürək yanğısı ilə dinləyirdi.

- ...İllər sonra babanız sizin cisminizdə Vətəninə qayıtdı.

- 80 il sonra İsmayıl babamın vəsiyyətini yerinə yetirdim. 10 il öncə onun doğma yurduna gəldim. Burada qohumlarımızı tapdım. Artıq biz də böyük və mehriban ailəyik. Bu sevinci yaşamağı hər kəsə arzulayıram. Onları tapmağım üç ildən çox vaxt aldı, amma istəyimə qovuşdum. Mən hələ də Vətənimə hər səfərimdə babamın, atamın cismi ilə gəlirəm. Bu, həm tərif edilməz ağrı, həm də sevincdir. Özünə davamlı suallar verirsən: Mən niyə ata yurduma indi qovuşa bildim? Yaxşı böyüyə bilmədim bu torpaqlarda, bəs niyə gəlib-getmək imkanım olmadı? Hər dəfə bu mövzudan bəhs edəndə kövrəlirəm. Dünyanın bir çox yerində olmuşam, yaşamışam, çalışmışam. Amma yalnız Azərbaycana gələndə dedim ki, mən bu torpağa aidəm. Burada özüməm. Qəribədir, süfrə açmağımız, bişirdiyiniz yeməklər belə eynidir. Hərdən azərbaycanlı qohumlarım deyir ki, sən burada böyüməmisən, yaşamamısan, amma ən azı bizim qədər buralısan. Çünki qanım, canımdır Azərbaycan. Təyyarədən yerə enən kimi bir ovuc torpaq götürüb öpürəm. Türkiyəyə qayıdanda həm evimə getməyin xoşbəxtliyi, həm də ata vətənimdən ayrılmağın hüznünü yaşayıram. Uçuş vaxtı o qədər göz yaşı tökürəm ki, hamı mənə baxır.

- Dediniz nənənizlə babanız Almaniyada tanış olmuşdular.

- Bəli, babam Berlində təhsil alanda orada alman qızı ilə tanış olub, evlənir. Sonra Azərbaycana köçürlər. Baxmayaraq ki, nənəm alman idi, Azərbaycanı çox sevmişdi. Oraya bağlı xatirələrini böyük sevgi ilə anırdı. Əsl adı Yelena olsa da, Gəncədə qohumlar onu Leyla deyə çağırarmışlar. Türkiyə onların evi, ocağı olmuşdu. Hər il Ankarada Atatürkün də iştirak etdiyi təntənəli ziyafətlərə qatılarmışlar. Onların libaslarından bəzi aksesuarları hələ də saxlayırıq.

- Bildiyimiz qədər Atatürklə xatirələri də az olmayıb.

- Danışırdılar ki, Mustafa Kamal Paşanın baxışları nəinki qarşısındakının gözlərini, divarı də dəlib keçirdi. Hər il Cümhuriyyət bayramında gənc ziyalılarla görüşərmiş. Bu görüşlər daha sonra radio ilə yayımlanırmış. Görüntü olmadığı üçün Atatürkün görüşdüyü hər kəsin adı efirdən deyilirmiş. Hər dəfə "Mustafa Kamal Paşa İsmayıl Saryalla görüşdü" cümləsi səslənəndə nənəm və babam qürurla radionu dinləyərmişlər.

- Saryal soyadının mənbəyi barədə danışmağınızı istərdik.

- Saryal Gəncədə dağ adıdır. Yüzillər boyu məşhur olub bu ərazi. Fəqət 10 ildir Gəncəyə səfərlərim zamanı o dağı tapa bilmirdim. Xoşbəxtlikdən bu il çox yaxın dostumuz Saryal dağının yerləşdiyi ərazini tapdı. Mən də Yaylaq Festivalı günlərində oraya səfər etdim. Bu, mənim bir növ soyköküm ilə görüşüm idi.

- Nilgün xanım, sosial hesablarınızdakı paylaşımlarınıızı izləyirik. 44 günlük müharibə sizi də mənən, ruhən çox dəyişdi.

- Mən 44 gün ərzində gecəni yatmadım. Göz yaşlarım qurumadı. Yemədən-içmədən savaşı izləyirdim. Oğullarımız şəhid olduqca, kədərim daha çox artsa da, geri alınan hər ərazimizi xəritədə işarələyib qürurlanırdım. Bəli, biz müharibəni heç vaxt istəməmişik. İsmayıl babam məhz buna görə doğma evindən, ocağından didərgin düşüb. Amma bu tarixi ədalətsizliyə göz yuma bilməzdik. Heydər Əliyevin tarixi kəlamı var: "Azərbaycan Türkiyə iki dövlət, bir millətdir". Mən bu fikrin nə qədər doğru olduğunu İkinci Qarabağ savaşında hiss etdim. Bütün türk dostlarım, qohumlarım müharibənin gedişatı ilə maraqlanırdı. Can yandırırdılar. Şuşa işğaldan azad olunanda sevincimdən rəqs etmişdim. Atam o vaxt xəstə yatağında idi. Bu gözəl xəbəri ona verəndə dedi ki, məni yerimdən qaldır. Qolundan yapışıb qaldırdım. Azərbaycan və Türkiyənin bayrağını çiynimizə dolayıb, dedi şəklimizi çək. Bu bizim birgə son fotomuz idi. Atam dünyasını dəyişəndə onu itirməyin ağrısı ilə bərabər qəlbimdə bir sevinc vardı: nə yaxşı Zəfər xəbərini alıb sonra dünyadan köçdü.

- Ruhu şad olsun. Son günlər xalqımız yenə şəhid xəbərlərinə oyanır. Bu haqda sizinlə az söhbətləşməmişik. Nə qədər üzüldüyünüzü bilirəm...

- Bu torpaqlar, bu vətən bizimdir. Erməni nə qədər təxribata əl atsa da, Zəfər bizimdir. Çünki biz haqqın tərəfindəyik. Amma gənc balalarımız şəhid olur. Buna ağlamamaq, üzülməmək mümkün deyil. Mən şəhidlərimizin ailələrinə başsağlığı verirəm. O anaları bağrıma basıram. Biz mərd xalqıq, qadına, kişiyə hörməti bilən millətik. Allah yar və yardımçımız olsun.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm