“Şuşa, sən azadsan” filminin rejissoru: "Bu filmə qədər generalımız müsahibə verməmişdi" - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

“Şuşa, sən azadsan” filminin rejissoru: "Bu filmə qədər generalımız müsahibə verməmişdi" - MÜSAHİBƏ

“Post qurulmuşdu. Bir neçə əsgər ocaq qalayıb isinirdi. Onlara yaxınlaşdım. Əsgərlər "Dur!" əmri verib silahı üzərimə tuşladılar”.

Bu sözləri Publika.az-a müsahibəsində “Şuşa, sən azadsan” sənədli filminin rejissoru Cavidan Şərifov bildirib.

- Cavidan bəy, əminəm ki, istedadınız ananızdan mirasdır...

- Həm xaraktercə, həm də zahiri görünüşcə anama çox bənzəyirəm. Hətta uşaqlıq şəkillərimizi yanbayan qoyanda, sanki zaman fərqi ilə eyni simanı görürsünüz. Anamın sənətə sevgisi belə qanıma hopmuşdu. Məktəbdə müəllimlər soruşanda ki, gələcəkdə hansı peşəni seçmək istəyirsən, hər zaman cavabında rejissor deyirdim. Belə də oldu. ADMİU-nun rejissorluq fakültəsini seçdim.

Aktrisa Fərqanə Quliyeva vəfat edib

- Oxucularımızın da nəzərinə çatdırmaq istəyirəm ki, bu günlərdə dünyadan köçən gözəl aktrisamız Fərqanə Quliyevanın övladısınız. Bir az mərhum aktrisamızın sənət yolundan bəhs edərdiniz.

- Anam Fərqanə Quliyeva Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirmişdi. O vaxtlar anamgilin kursu Azərbaycandan həmin təhsil ocağına göndərilən ilk məzunlar olub. Xüsusən vurğulamaq istərdim ki, bu, Ulu öndərimiz Heydər Əliyevin dəstəyi ilə baş tutmuşdu. Anam kinomuzun görkəmli simaları ilə birgə təhsil almışdı. Çox istedadlı aktrisa idi. Atam onunla evlənəndə söz vermişdi ki, əlbəttə peşən üzrə işləməyin üçün bütün imkanları yaradacam. Amma evlənəndən sonra hər vəchlə onu kinodan uzaqlaşdırmğa nail oldu. Səbəbsə təbii ki, qısqanclıq. (gülümsəyir)

Aucune description disponible.

- Amma Fərqanə xanım uzun illər sonra yenidən səhnəyə qayıtdı.

- Bəli. Ekran əsrlərində, seriallarda rol aldı. Amma uzun vaxt itkisi oldu. Mən də hər zaman onun peşəkar dəstəyini hiss etmişəm. Kino sahəsində hamı anamı tanıyırdı. Onun haqqında keçmiş zamanda danışmaq çox ağrılıdır. Amma fəxr edirəm ki, belə bir sənətkarın övladıyam.

- Peşə sevgisini sizə ötürməklə çox şey itirmədi deyə bilərik.

- Uşaqlıqdan kinoya meylli idim. O vaxtlar kinoteatrların sayı az idi. Atam bizi filmlərə aparırdı. Elə maraqla izləyirdim ki, bütün detallara fikir verirdim. Musiqi ilə də məşğul olmuşam. Balaban alətində və xorda ifa etmişəm. Kino isə həyatımın böyük hissəsini tutur. Anamın kurs yoldaşları arasında Cəmil Quliyev, Həmidə Ömərova kimi sənətkarlar olub. Onların həm peşəkar, həm də dostluq münasibətləri hər zaman davam edib. Anam hansı tədbirə gedirdisə, məni də özü ilə aparırdı. Onlarla o qədər ünsiyyətdə olurdum ki, bu auradan kənara çıxmaq istəmirdim.

Aucune description disponible.

- Cavidan bəy, sizi əsasən "Şuşa, sən azadsan" sənədli filminin rejissoru kimi tanıyırıq. Düşünürəm ki, Şanlı Zəfərimizdən bəhs edən ekran əsəri ilə sənət aləmində tanınmaq özü də böyük xoşbəxtlikdir. Rica edirəm, filmin ərsəyə gəlməsi barədə danışın.

- Ümumiyyətlə ondan başlayım ki, Vətənimə çox bağlı insanam. Uzun müddət ölkəmdən kənarda qala bilmirəm. Doğru vurğuladınız. Təbii ki, əsasən bu sənədli film sayəsində daha çox tanındım. Müharibə başlayanda biz cəbhəyanı bölgələrdə çəkilişlər edirdik. Çəkilişi tamamlayıb, Gəncədən Bakıya qayıdırdıq. Maşında mürgüləmişdik. Atəş səsləri bizi yuxudan oyatdı. Rəhbərliyimizə zəng etdik ki, qalıb savaş kadrlarını lentə alaq. Amma həmin vaxt ordumuza mane ola bilərdik. Odur ki Bakı Media Mərkəzinin rəhbərliyi geri qayıtmağımızı tapşırdı. Bir müddət sonra razılıq aldıq. Zaur Mirzəyev, Əli Əliyev və mən ön cəbhəyə yollandıq. Əsas məqsədimiz film deyil, sadəcə müharibə haqda xronika hazırlamaq idi. İşğaldan azad olunan rayonlarımıza növbə ilə səfər edirdik. Son nöqtəmiz Şuşa oldu. Şuşada qəhrəmanlarımızla qarşılaşdıq. Mən özüm də müharibədə iştirak etmək üçün müraciət yollasam da, ehtiyac olmadığını dedilər. Lakin öz peşəmlə səngərə yollanıb borcumu zərrə qədər də olsa yerinə yetirdim. O torpaqlara ayaq basmaq o qədər gözəl, izahsız duyğu idi ki, hələ də təsiri altındayam. Ön cəbhədə əsgər kimi xidmət edirdik. Vəziyyət çətin idi. Hava soyuq, ərzaq az, təbii ki, savaş şəraiti... Tapdığımızı yeyirdik. Pəncərələr sındırılmışdı, dağ havasının şaxtasında güclə isinirdik. Çəkilişlərimizi tamamlayıb geri qayıtdıq. Mərkəzimizin rəhbərliyi kadrları izləyəndən sonra qərar verdi ki, bu mövzuda film hazırlamalıyıq. Halbuki cəbhə bölgəsinə yollananda məqsədimiz tamamilə başqa idi.

Aucune description disponible.

- Nə yaxşı ki, bu qərar təsdiqini tapıb. İstərdik çəkilişlər zamanı başınıza gələn ən maraqlı hadisələri bizimlə bölüşəsiniz.

- Filmdə bir sıra əfsanəvi qəhrəmanlarımız iştirak edib. Xüsusən də cənab general Hikmət Mirzəyevin müsahibəsi bizim üçün böyük qürurdur. Çünki bildiyiniz ki, bu filmdən öncə generalımız heç vaxt müsahibə verməmişdi. Bir dəfə axşam saatları idi. Şuşada qatı duman vardı. "Şuşanın dağları, başı dumanlı" ifadəsi hədər yerə yaranmayıb. Tək gəzişmək istədim ki, ətrafla yaxından tanış olum. Artıq qeyd etmək olar, XTQ öz döyüşçüləri üçün baza qurmuşdu. Bir gün savaş bitmişdi. Axşam vaxtı gəzməyə icazə verilmirdi. Bu, istənilən halda təhlükəli idi. Çünki düşmən tərəfdən istənilən təxribat törədilə bilərdi. Özünüz bilirsiniz ki, onların arasında azərbaycanca səlis danışanlar var. Uzaqdan alov dəydi gözümə. Bir neçə əsgər ocaq qalayıb isinirdi. Post qurmuşdular. Onlara yaxınlaşdım. Bir neçə dəfə "dur" əmri verib silahı üzərimə tuşladılar. Buna tam haqları vardı. Mən özümü təqdim edirəm, bu, onları qane etmir, parol istəyirlər. "Allahu Əkbər" deyirəm. Yenə inanmayıb ,"əllər yuxarı" deyirlər. Sonda onları inandırmağa nail oldum. Xahiş etdim ki, çəkilişimiz üçün rəhbər heyətlə əlaqə saxlamağıma imkan yaratsınlar. Gözlərimi bağlayıb məni harasa apardılar. Görüşüb danışdıq. Kim olduğumu dəqiqləşdirəndən sonra çəkilişlərə başladıq. Orada düşmən cəsədləri gördüm. Anladım ki, bizim igidlərimiz Vətənin azadlığı üçün hansı şücaəti göstəriblər.

Aucune description disponible.

Filmin qəhrəmanları barədə uzun-uzadı danışmağa gərək yoxdur. Çünki onlar öz qələbələri ilə bütün kəlmələri, tərifləri kölgədə qoydular. Xüsusi Təyinatlı Qüvvələrin zabitləri bir neçə dil bilir, olduqca savadlıdılar. Şeir yazırlar, rəsm çəkirlər. Xoşbəxtəm ki, Vətənin bütövlüyü uğrunda canını, sağlamlığını heçə sayan igidləri şəxsən tanımışam, dostlaşmışam və bu gün də adlarını fəxrlə çəkirəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm