Məşhur bar psixoloqundan həyatla bağlı möhtəşəm tövsiyələr: “Bu, bizim ən birinci məsuliyyətimizdir”
Bizi izləyin

Xüsusi

Məşhur bar psixoloqundan həyatla bağlı möhtəşəm tövsiyələr: “Bu, bizim ən birinci məsuliyyətimizdir”

Bar psixoloqu kimi məşhurlaşan türkiyəli psixoloq Fərhad Aydın ötən həftə Bakının qonağı olub.

Fərhad Aydın Publika.az-a verdiyi müsahibəsində artıq xəstələr qəbul etmədiyini, sadəcə səhnələrdə çıxış etdiyini bildirib.

- Fərhad bəy, oxucularımıza özünüzü daha yaxından tanıdın.

- Adanada böyümüşəm, sonra təhsillə əlaqədar Ankaraya köçdüm. Orta Şərq Texniki Universitetinin (ODTÜ) psixologiya fakültəsinin məzunuyam. Məzun olduqdan sonra fərqli şəhərlərdə çalışmışam. Əvvəlcə Qaziantepdə özəl bir məktəbdə işə düzəldim, sonra Düzcədə bir konsultasiya mərkəzinə keçdim, hərbi xidmətə yollandım və hərbi psixoloq işlədim. Bir il də Marmarisdə yaşadım, orada isə uşaq psixoloqu olaraq fəaliyyət göstərdim. Ümumilikdə bir çox yerdə çalışdığım üçün insanlararası münasibətləri müşahidə etmək və böyük təcrübə qazanmaq şansım oldu. Son dörd ildə karyerama natiq kimi davam edirəm, hər hansı konsultasiya mərkəzində işləmirəm, yalnız səhnədə natiqlik edirəm və terapiya ilə məşğul olmuram.

- Özünüzü bar psixoloqu elan etməklə psixologiyaya yeni bir yanaşma gətiribsiniz. Bar psixoloqunun məqsəd və hədəfləri nədir?

- İş həyatında qarşılaşdığım bəzi problemlər nəticəsində qərar verdim ki, müxtəlif üsulları sınamalıyam. Müxtəlif sahibkarlıq təcrübələrinə yiyələndim, bar psixoloqu məni ön plana çıxaran ən məşhur üsullardan biri oldu. Bu metod ilk dəfə 2015-ci ildə Taksimdə bir barda təşəbbüsümlə ortaya çıxıb. Bunu bararxası söhbət kimi də ifadə etmək olar. Müxtəlif aktual psixoloji problemlər və onların həlli istiqamətində çıxışlar edirəm. Psixologiya və psixoterapiyaya dair tabuları qırmağa çalışdım, hələ də çalışıram. Ciddi mövzuları sitkom (situasiya komediyası-red.) dili ilə müzakirəyə çıxardım. Bu, həm də psixologiya mədəniyyətinin formalaşması naminə həyata keçirdiyim bir üsuldur. Son 7 ildə dayanmadan səfər edirəm, 40-dan çox şəhərdə çıxışlarım olub.

- Bar sözü varsa, əlbəttə ki, ağla ilk növbədə içki gəlir. Çıxışlarınızda içkidən istifadə olunurmu? Ümumiyyətlə, terapiya üsullarınızı digərlərindən fərqləndirən xüsusiyyətlər nələrdir?

- Əslində bar bir çox şeylə assosiasiya olunur, burada alkoqol da var. Bar fəlsəfəsi və barmendən ilham aldığımı gizlətmirəm, lakin terapiyada alkoqolun istifadəsi mümkünsüzdür. Alkoqol əsas vasitə deyil və içki ilə bağlı heç bir mesaj vermirəm. Bar psixologiyası hər hansı terapiya məqsədilə yaradılmayıb. Burada əsas məqsəd odur ki, izləyicilərlə aramda bar səmimiyyəti olsun. İzləyicilərimin içkili olub-olmadığı mənə maraqlı deyil. Yeri gəlmişkən, təcrübələrim göstərir ki, məni izləməyə gələnlər çox az içir. Çıxışlarımdan sonra çalışdığım məkanlar irad bildirirlər ki, zal dolu olsa da, içki sifariş edən az olub. Artıq, sadəcə barlarda çıxış etmirəm, tədbirlərim böyük səhnələrdə, hotellərin konfrans zallarında və s. yerlərdə təşkil olunur.

- Əksəriyyətimiz həyatımızın hansısa məqamında ağlımızı itirdiyimizi, hətta dəli olmağa doğru getdiyimizi düşünməyə başlayırıq. Özümüz haqqında belə düşünməyimiz normaldırmı?

- “Dəlilik nədir” kitabının müəllifi Darian Lider deyir ki, “Bir insan niyə dəli olur” sualı yox, “Nə üçün nə dəli olmuruq” tezisi daha önəmlidir. Normal, anormal, dəli, çılğın, anomal və s. kimi anlayışların hər biri fərqlidir. Əslində “dəliyə dönən” insanın vəziyyəti onu narahat etmir, çünki ağlı bunu düşünəcək səviyyədə deyil. “Dəlilik” bizə daha ciddi problemləri xatırladır. Sosial həyatı sorğulamdan yaşayırsınızsa, normaldır. Lakin sizin üçün yaxşı olmayacaq. “Dəli olmamaq” tezisinin qarşımızda qoyduğu sual işarəsi daha böyükdür.

- Bəs psixoloji cəhətdən sağlam olub-olmadığımızı necə müəyyən etmək olar? Hansı məqamda anlamalıyıq ki, psixoloq dəstəyinə ehtiyacımız var?

- Gündəlik həyatınız axsamağa başlayıbsa, ikincisi, sosial əlaqələriniz pozulubsa, üçüncüsü, bu vəziyyət sizi narahat edirsə, psixoloq dəstəyi haqqında düşünməyə dəyər. Bir sıra şikayətləri olan insanın psixoloqa müraciət etməsii sizə asan iş gəlməsin. Şəxsin sağlam olub-olmadığını şəxsi ehtiyaclarını ödəyib-ödəməməsinə, sosial çevrəsi və özü ilə qurduğu əlaqələrdən, iş və ya təhsil həyatına, yuxu və qidalanma rejiminə, həmçinin gün ərzində ruhi dəyişikliklərinə baxaraq müəyyən etmək mümkündür.

- Fərhad bəy, həyatımızı doğru qərarlar üzərində qurmaq, yaxud özümüzü öz xətalarımızdan qorumaq üçün nə məsləhət görə bilərsiniz?

- Fəlsəfi yanaşsaq, doğru qərar olub-olmadığını demək çətindir. Bir insanın bütün həyatı boyu doğru qərar verməsi də inandırıcı görünmür, utopiyadır. Əslində həqiqətlər ağır zəhmət və həyat təcrübəsi bahasına qazanılır. Doğruya gedən yollar xətalardan keçir. Özümüzü səhvlərdən qorumalıyıqmı? Əmin deyiləm... Dünyanı səhvlərimiz üzərində öyrənirik.

Bizdən qərar vermək tələb olunanda, intuisiyamızdan istifadə etməyi unuduruq, analitik düşünürük. Ən birinci ürəyinizin səsini dinləyin, ona yaxından qulaq asın, sonda intuisiyanızı işə salıb duyğularınızla birləşdirin.

- Nə yazıq ki, istər fiziki, istərsə də mənəvi baxımdan həyatın bugünkü ritmi ilə ayaqlaşmaqda çətinlik çəkirik. Zamanın tələbləri ilə başa çıxa bilməyimiz üçün nə məsləhət görə bilərsiniz?

- Hər şeydən əvvəl özünüzə yaxşı baxın, bu, bizim ən birinci məsuliyyətimizdir, sonra sosial münasibətlərdə faydalı olmağa çalışın. Çünki insan sosial varlıqdır, sosial münasibətləriniz və sosial aktivliyiniz nə qədər yaxşıdırsa, bir o qədər qarşılıqlı sabit sosial münasibətlərin yaranmasına gətirib çıxarır. Bunun yolları müxtəlifdir, kimsə yoqa və meditasiya ilə ruhunu sağaldır, digərləri psixoterapiya ilə məşğul olur, bir qrup kitab oxuyur, başqa bir qrup da ağac əkməklə emosional sağlamlığını bərpa etməyə çalışır.

Həyatın ritmi çox sürətlə axır, immunitetimiz, ruhi vəziyyətimiz və beynimiz dövrün axınına qısa bir müddətdə adaptasiya olacaq qədər inkişaf etməyib. Həyat çox sürətlə dəyişir, bu nöqtədə, bəzən heç nə etmədən dayanmağı bacarmaq lazımdır.

- Özümüzə olan inamımızı gücləndirmək üçün nə təklif edə bilərsiniz?

- Özünüzü tanımağı öyrənin. Özünəinam odur ki, insan mənfi və müsbətlərini tanıyır, problemlərini görür və onları həll etmək üçün addım atır, bilir ki, arzu və məqsədləri nədir. “Nəyə və kimə ehtiyacım var” kimi suallara cavab tapmaq üçün bir qədər dərinə enməliyik, baş sındırmalıyıq. Təbii ki, bu da bir anda baş vermir. Oxuduğunuz kitablar, baxdığınız filmlər, dinlədiyiniz seminarlar sizi dəyişməyə, özünəinamınızı artırmağa kömək edir.

- Türkiyədə olduğu kimi, bizdə də qadın və kişi arasında cinsi problemlərlə bağlı məsələlər ya danışılmır, ya da ayıb sayılır. Xəstələriniz bu mövzuda danışmaqda çətinlik çəkirlər?

- İlk seanslarda mövzunu anlamaq və irəliləmək üçün pasient bu barədə açıq danışmağı bacarmalıdır. Müalicənin effektivliyi üçün pasientin səmimi və rahat olması vacibdir. “Ən böyük cinsəl orqan beyindir” şüarı ilə yola çıxırıq. Bunun üçün xəstəyə cinsəl pəhriz təyin edirik, sadəcə toxunuşlara və ünsiyyətə icazə verilir. İlk növbədə çalışırıq ki, cütlüklər duyğularını açıq şəkildə dilə gətirə bilsin və romantik münasibətlər qurulsun. Xroniki stress və mübahisələrin onlara necə təsir etdiyini öyrənirik.

- Uşaqlıq və yetkinlik dövründə yaşadığımız travmalar arasındakı fərqi izah etməyinizi istərdim. Həyatımızda bunlardan hansı daha dərin izlər buraxır?

- Uşaqlıqdan yaxınlarımızın əli ilə məruz qaldığımız travmalar, təbii ki, təbii fəlakətlər nəticəsində başımıza gələn travmalardan daha dərin olur. İnsanın insana vurduğu mənəvi və psixi travmaları sağaltmaq çox vaxt aparır.

Temperament, iradə, yetişdiyimiz mühit, sosial dəstək travmaların öhdəsindən gəlməyə təsir edən əsas amillərdir. Uşaqlığımızın keçdiyi kəndin xatirəsi ilə yetkinlik dövründə yaşadığımız şəhərlərdə yönümüzü tapmağa çalışırıq. Uşaqlıqda qazandığımız qoruma mexanizmlərini böyüyəndə də istifadə edirik. Lakin böyüdükdən sonra bu mexanizmlər həmişə işə yaramır, hansısa məqamda axsamağa başlayır. Bu nöqtədə isə psixoloq yardımına ehtiyac yarana bilər.

Travma odur ki, beyin hər hansı duruma ad qoya və ya ona məna verə bilmir. Beyin ciddi bir təhdid qarşısında qaldığı üçün “error” verməyə başlayır və “qısa qapanma” meydana gəlir. Nəticədə travma özünü depressiv və stress simptomlarla göstərir. Onu da yadda saxlayın ki, hər neqativ hal travma deyil. Travma başımıza gələn anormal hadisələrə verdiyimiz normal reaksiyadır.

- İnsanların qüsurlarını düzəltmək psixoloqların işidirmi?

- Qüsursuz insan yoxdur və psixoloqlar hər kəsi müalicə edə bilməz. Psixoloji seans insanların anlamaqda çətinlik çəkdiyi, aşa və ya anlaya bilmədiyi məsələlərə aydınlıq gətirən xidmət növüdür. Psixoterapiya və kliniki psixologiya isə psixoloji pozğunluqların yaxşılaşdırılması üçün gedilən bir yoldur. Psixoloqlar mühakimə etmir və əxlaq polisi deyil, yaranmış problemi anlamağa çalışır.

- Bakı səfəriniz necə keçdi?

- Bakı səfərim 2020-ci ilin martında olmalı idi. COVİD-19-a görə qapanma elan edildiyi üçün ləğv olundu. İlk dəfə Bakıya gəlirdim, çox həyəcanlı idim, səfər gözəl və yaddaqalan keçdi. Xoş xatirələrlə qayıdıram.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm